Təlim prosesində vasitələr kompleksinə aid olan imkan daşıyıcılarının mühüm elementlərindən biri də məsələ və onun sistemidir. Bu element təlim sistemində ona görə vasitə sayılır ki, o şagirdin bilik, bacarıq və vərdişlər sisteminin əldə olunmasına səbəb olan əqli fəaliyyətin, o cümlədən onun tərkiblərinin idarə edilməsində "alət” funksiyasını yerinə yetirir.
M.A.Danilov təlim prosesində məsələləri irəli sürməyin mühüm hesab etdiyi aşağıdakı qaydalarını göstərmişdir:
1. Şagirdlər qarşısında qoyulan idraki məsələ konkret məzmundan irəli gəlməlidir ki, biliklərin sistemi və elmin məntiqi pozulmasın;
2. Şagirdlərin qarşısında məsələ qoyarkən onların hazırki inkişaf səviyyəsi və hazırlığı nəzərə alınmalıdır ki, bu, işin görülməsi üçün real şərait yaratmış olsun;
3. Öz növbəsində məsələlərin məzmununda əqlin, təxəyyülün, yaradıcılıq proseslərinin inkişafı üçün zəruri məlumat olmalıdır, yoxsa öyrənmə şagirdlərin inkişafını irəlilədə bilməz;
4. Məsələnin həllinə yönəldilən konkret əməliyyatın aparılması üçün şagirdlərdə rəğbət oyatmaq (fəaliyyət üçün müsbət bir motiv yaratmaq) lazımdır;
5. Əvvəlcə müəllimlə əməkdaşlıq şəraitində sinifdə aparılan kollektiv işlə məsələ həll etməyi şagirdlərə öyrətmək, onları lazımi üsullarla silahlandırmaq, tədricən müstəqil, fərdi işlərə və məsələlərin müstəqil həllinə keçmək lazımdır .
Məsələlərin tipologiyası və sistemi praktik baxımdan o qədər də səmərəli şəkildə işlənilməmişdir.
Y.M.Kolyaqin, Q.L.Lukankin və başqaları məsələnin komponentlərinin onu həll etməli olan subyekt üçün məchul olması əsasında təsnif edilməsi mülahizəsi ilə çıxış edərək aşağıdakı tipologiyanı təqdim etmişlər:
1.Standart məsələlər;
2. Öyrədici məsələlər;
3. Axtarış məsələləri;
4. Problemli məsələlər.
Bu istiqamətdə xeyli nümunələr göstərmək olar. Biz təlim sisteminin vasitələri kompleksinə daxil edilən məsələlərin aşağıdakı kimi təsnifatını məqbul sayırıq:
1. Başlıca olaraq yeni biliyin əldə olunmasına tələbatı formalaşdıran, təlim prosesinin qarşısında qoyulmuş məqsədin şagirdin idrak tələbatının təminolunma obyektinə çevrilməsinə xidmət edən məsələlər.
2. Başlıca olaraq yeni biliyin, naməlumun əldə olunmasına xidmət edən məsələlər, hansı ki, bunları aşağıdakı iki yarımqrupda birləşdirmək olar:
a) məzmununa və ya şagirdin qarşısında qoyuluşuna görə problemli idrak məsələləri;
b) məzmununa görə problemli, şagird qarşısında qoyuluşuna və həmçinin şərh olunmasına görə qeyri-problemli idrak məsələləri.
3. Biliyin möhkəmləndirilməsinə, bacarıq və vərdişlərin yaradıcılıq təcrübəsinin inkişaf etdirilməsinə xidmət edən məsələlər.
Bu qrupa aşağıdakılar aid edilir:
- nümunə üzrə, tiplər üzrə çevrilmiş məsələlər;
- dəyişdirilmiş situasiyalara tətbiq olunan, yaradıcılıq təcrübəsinin inkişafına xidmət edən məsələlər.
4. Əldə olunmuş nəticələrin müəyyənləşdirilməsinə, özü-özünü qiymətləndirmək keyfiyyətlərinin formalaşmasına istiqamətlənən məsələlər.
Təlim prosesinə məsələnin daxil edilməsini şərtləndirən amillər sırasında müəllimin pedaqoji ustalığı xüsusi yer tutur.
Məsələlərin həlli prosesində belə bir sxem gözlənilir:
1) şagird tərəfindən müstəqil (və ya müəllimin iştirakı ilə) şərtin və tələbin dərk olunması, məsələnin ayrı-ayrı elementlərinin mənimsənilməsi və işlənilməsi, yaddaşın mürəkkəb sistemində lazımi məlumatların axtarılması, məsələnin komponentlərinin əlaqələndirilməsi üçün keçmiş təcrübənin və biliklərin bərpası işi həyata keçirilir.
2) şagird tərəfindən məqsədə yönəldilən sınaqlar, məsələnin məlum tipə aidetmə cəhdləri, mövcud şəraitdə daha çox münasib olan həll metodunun seçilməsi, həll planının axtarılması və onun təhlili müstəqil şəkildə və ya müəllimin yaxından iştirakı ilə həyata keçirilir;
3) həll planının həyata keçirilməsi üsullarının seçilməsi və nəticənin qeyd olunması işi yerinə yetirilir;
4) nəticə təhlil edilir, həllin daha da təkmilləşdirilməsi yolu axtarılır (araşdırılır), yeni biliklər və təcrübə sistemləşdirilir.