Xüsusi nümunəli attestatların verilməsi məsələsinə aydınlıq gətirilib
Qızıl və gümüş nişanlarla bağlı sənədləşmə yekunlaşır
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi tam orta təhsil səviyyəsini qızıl və ya gümüş medalla təltif olunmaqla başa vuran məzunlara tam orta təhsil haqqında xüsusi nümunəli attestatların verilməsi məsələsinə aydınlıq gətirib.
AzTehsil.com - n əldə etdiyi məlumata görə Dövlət Agentliyindən bildirilib ki, qızıl və gümüş nişanlarla bağlı daxil olan təqdimatların təhlili və müvafiq sənədləşmə işləri yekunlaşmaq üzrədir.
Namizədliklərin irəli sürülməsi proseduru
Bildirilib ki, təhsilalanların qızıl və ya gümüş nişanla təltifi üçün namizədliyinin verilməsi məsələsinə sinif rəhbərinin təqdimatı əsasında məktəbin pedaqoji şurasında baxılır və müvafiq qərar qəbul edilir. Daha sonra yerli təhsili idarəetmə orqanları tərəfindən Elm və Təhsil Nazirliyinə təqdim edilir.
Təltif meyarları açıqlanıb
“Ümumtəhsil məktəbində təhsil aldığı müddətdə təhsildə xüsusi nəticələri ilə bərabər nümunəvi davranışı ilə fərqlənən tam orta təhsil səviyyəsinin məzunlarının namizədliyi qızıl və ya gümüş nişanla təltif olunmaq üçün təqdim edilir. Respublika fənn olimpiadalarının yekun mərhələsində, rayon (şəhər), ölkə və beynəlxalq səviyyəli bilik yarışlarında, müsabiqə və layihələrdə mükafata layiq görülmə də təhsilalanın qızıl və ya gümüş nişanla təltifi üçün namizədliyinin verilməsi zamanı nəzərə alınır”.
Xaricdə təhsil almaq istəyən şagirdlər üçün alternativ imkan
Qeyd edilib ki, xarici ölkələrdə təhsil almaq niyyətində olan şagirdlər yerli təhsili idarəetmə orqanlarına müraciət edərək, müvəqqəti attestat almaqla müvafiq prosedurlardan keçə bilərlər.
“Məsələ ilə bağlı yerli təhsili idarəetmə orqanlarına məlumat verilib”, - məlumatda qeyd olunub.
Qeyd edək ki, xüsusi nümunəli attestatların layiq görüldüyü şagirdlərin əksəriyyətinin xaricdə təhsil almaq hüququ qazandığı bildirilir. Məktəblərə isə həmin sənədin verilmədiyi qeyd olunur.