AzTehsil.com


Pedoqojitəcrübə
19 may 2016
10 372


Təlim yolu: qavrama → anlama → möhkəmlətmə → tətbiqetmə.



Təlim yolu: qavrama → anlama → möhkəmlətmə → tətbiqetmə.Təlim prosesinin elmi-nəzəri əsasları
Təlim prosesinin nəzəri (metodoloji) əsasını fəlsəfənin idrak nəzəriyyəsi təşkil edir. İdrak dünyanın insan şüurunda əks olunmasının mürəkkəb pro­sesidir. Dünyanın dərk olunması hissi idrakdan - duyğu və qavrayışlardan başlayır. Bu yolla əldə olunan faktiki materiallar məntiqi idrak pilləsində mücərrəd təfəkkürdə təhlil olunur, ümumiləşdirilir və nəticə çıxarılır. Çıxarılan nəticə praktikada yoxlanılır. Bütün qanunauyğunluqlar bu yolla öyrənilir və bu əsasda elm qanunları müəyyən edilir. Elmi idrakın pillələrini sxematik olaraq belə göstərmək olar:
İdrak yolu: canlı müşahidə → mücərrəd təfəkkür → praktika.
Təlim prosesi də idrak fəaliyyətinin bir növüdür. O, idrakın digər növləri (elm, incəsənət, oyun, əmək) ilə birlikdə ətraf aləmin dərk olunmasına kömək edir. Şagirdin (tələbənin) öyrənmə yolu bir çox cəhətdən idrak yoluna əsaslanır. Bunu sxematik olaraq belə ifadə etmək olar:
Təlim yolu: qavrama → anlama → möhkəmlətmə → tətbiqetmə.
Göründüyü kimi, şagirdin (tələbənin) öyrənmə yolu idrak yoluna müvafiqdir: qavrama idrak yolundakı canlı müşahidə ilə, anlama - mücərrəd təfəkkürlə, tətbiqetmə isə praktika ilə bağlıdır. Lakin öyrənmə prosesi elmi idrak prosesi ilə eyni deyildir. Öyrənmə prosesi öz məqsədi, təşkili qaydası, müddəti, praktikanın rolu, möhkəmlətmə ehtiyacı, müəllimin rəhbərliyinin zəruriliyi ilə elmi idrak prosesindən fərqlənir.
Təlim prosesində müəllim şagirdlərin idrak fəaliyyətini təşkil edərkən bu xüsusiyyətləri nəzərə almalı, onun tədricən elmi idraka yaxınlaşması üçün şərait yaratmalıdır. Təlim elə təşkil edilməlidir ki, şagird (tələbə) müşahidələr aparsın, faktlar toplasın, onları mücərrəd təfəkkürdə təhlil etsin, fikri əməliyyatlar aparsın, problemləri həll etsin, nəzəri biliklərini həyata və çalışmalara tətbiq etsin, müstəqil, yaradıcı düşünmək və işləmək bacarıqlarına yiyələnsin. Bir sözlə, təlim prosesində canlı müşahidə, mücərrəd təfəkkür və praktikanın vəhdəti təmin edilməlidir.
Öyrənmə prosesinin təbii-elmi və psixoloji əsasları. Öyrənmə prosesinin təbii-elmi əsasını ali sinir fəaliyyəti haqqında təlim təşkil edir (İ.M.Seçenov, İ.P.Pavlov). Bu təlimə görə, beynin işinin əsasında refleks, yəni orqanizmin müxtəlif qıcıqlara (əşyalara, sözlərə) cavab reaksiyası durur. Belə cavab reaksiyaları şərtsiz (anadangəlmə) və şərti (həyatda qazanılma) reflekslərdən ibarətdir. Bizim həyati təcrübələrimiz, adətlərimiz məhz şərti reflekslərdən ibarətdir.
Ali sinir fəaliyyətinin bir çox qanunauyğunluqları - baş beyin qabığında oyanma və ləngimə proseslərinin qarşılıqlı əlaqəsi, I və II siqnal sistemlərinin vəhdəti, sinir proseslərinin sistemi (dinamik stereotip), beynin nəzarətedici və tənzimləyici funksiyası haqqında biliklər təlim-tərbiyə prosesini düzgün təşkil etməyə, mənimsəmənin səmərəsini yüksəltməyə kömək göstərir. İ.M.Seçenova görə, mənimsəmə başqalarının təcrübəsinin insanın öz şəxsi göstəriciləri ilə qovuşmasıdır. Bu o deməkdir ki, şagirdin şəxsi təcrübəsindən keçməyən, həmin təcrübəyə istinad etməyən məlumat tam mənimsənilə bilməz.
Təlim prosesində fizioloji qanunauyğunluqlarla yanaşı, müəyyən psixoloji qanunauyğunluqlar da özünü göstərir.
Biliklərin mənimsənilməsi prosesini yaxşı başa düşmək üçün onun daxili mexanizmini, quruluşunu (tərkib hissələrini), başqa sözlə, psixoloji xarakteristikasını bilmək lazımdır. Təlimdə şagirdin öyrənmə yolu qavrama, anlama, möhkəmlətmə və tətbiqetmə proseslərindən keçir. Qavrama təlim prosesində əşya və hadisələr haqqında, onların əlamət və xüsusiyyətləri ilə bağlı şagirdlərin məlumat əldə etməsidir. Qavrama həm bilavasitə (müşahidə yolu ilə), həm də bilavasitə (müəllimin danışığı və kitabla) ola bilər. Təlim prosesində hər iki qavrama növü vəhdətdə tətbiq edilməlidir. Qavramanın səmərəli olması üçün şagirdlərin həyat təcrübələrinə (müşahidələrinə, mövcud təsəvvürlərinə) istinad etmək lazımdır.
Anlama mənimsəmənin əsas şərtidir. O, təfəkkürlə müşayiət olunur. Anlayışın dolğun və tam formalaşması üçün şagirdləri təfəkkür əməliyyatları aparmağa (təhlil-tərkib, müqayisə, ümumiləşdirmə, nəticə çıxarmaq və s.) geniş cəlb etmək vacibdir. Bu halda təlim materialı daha yaxşı dərk olunur.
Möhkəmlətmə mənimsəmənin zəruri ünsürlərindən biridir. O, qazanılmış biliklərin hafizədə uzun müddət saxlanması və daha da dərinləşməsini təmin edir. Əks halda keçilən biliklər unudular, təlim səmərəsiz bir işə çevrilər. Möhkəmləndirmənin səmərəsi üçün mexaniki və məntiqi yaddasaxlamanı uzlaşdırmaq, uzun müddətə yaddasaxlama ustanovkası yaratmaq, keçilən və yeni biliyi əlaqələndirmək, təkrarla tətbiqetməni uzlaşdırmaq, şagirdlərin fəallıq və müstəqilliyini artırmaq lazımdır.
Tətbiqetmə təlimin çox mühüm ünsürü olub, nəzəri biliyi həyata, çalışmalara tətbiq etmək bacarıqları aşılamağa kömək edir. Tətbiqetmə sayəsində şagird bilikləri şüurlu və möhkəm mənimsəyir; biliyə inamı və marağı artır; nəzəri biliklər onun üçün həyati məna kəsb edir; zəruri bacarıq və vərdişlər formalaşır. Bu mənada "tətbiqetmə biliyin anasıdır" fikrinə haqq qazandırmaq lazım gəlir.
Mənimsəmənin ünsürləri vəhdətdə həyata keçirilməlidir; öyrənmə zamanı bu ünsürlər bir-birinə nüfuz etməlidir: qavrama prosesində ilkin anlamanı təmin etmək, anlama prosesində qavrama və möhkəmlətmə vəzifələrini, tətbiqetmə zamanı isə anlama vəzifəsini həyata keçirmək səmərəli nəticə verir.
Məktəb təcrübəsində mənimsəmə ünsürlərinin qarşılıqlı əlaqəsinə laqeydlik halları müşahidə olunur. Bəzən müəllim yeni biliyi şərh edir və ya kitabdan oxutdurur (qavrama mərhələsi), anlama üçün isə xüsusi iş aparmır, birdən-birə möhkəmlətməyə keçir. Bu da təlimdə əzbərçiliyə, formalizmə gətirib çıxarır: şagird yaxşı dərk etmədiyi məsələləri mexaniki yadda saxlamağa çalışır. Şagirdlər biliyi yaxşı anlamadıqlarından onu tətbiq etməkdə çətinlik çəkirlər. Bunun qarşısını almaq üçün mənimsəmə ünsürlərini əlaqələndirmək vacibdir.
Təlim prosesinin mahiyyətini dərk etmək üçün ona fəaliyyət nəzəriyyəsi baxımından yanaşmaq lazım gəlir. Psixoloqlar təlimi fəaliyyət kimi səciyyələndirirlər. Fəaliyyət insanın öz tələbatını ödəməyə yönəlmiş fəallığıdır. Təlim fəaliyyəti şagirdin müəllim tərəfindən istiqamətləndirilən fəal, müstəqil fəaliyyətidir. O, mürəkkəb quruluşa malikdir. Onun dörd başlıca komponenti ayırd edilir: təlimin məqsədi və vəzifələri, təlim əməliyyatları, özünənəzarət və özünüqiymətləndirmə. Bunlar bir-biri ilə şərtlənən müəyyən sistem təşkil edir.




Загрузка...