Aztəhsil.az xəbər verir ki, Qarabağ Universitetinin Pedaqoji fakültəsinin kimya laboratoriyasının müdiri Səxavət Dadaşov ABŞ-ın Florida ştatında keçirilən və öz sahəsində dünyanın nüfuzlu elmi tədbirlərindən biri hesab olunan "ICACC 2026" (Advanced Ceramics and Composites üzrə 50-ci Beynəlxalq Konfrans və Sərgi) konfransında iştirak edib.
Amerika Keramika Cəmiyyətinin (ACerS) təşkilatçılığı ilə baş tutan "Qızıl Yubiley" tədbirində S.Dadaşov bir poster və bir məruzə ilə çıxış edərək elmi tədqiqatlarının nəticələrini təqdim edib.
Konfrans çərçivəsində Səxavət Dadaşov dünyanın müxtəlif ölkələrindən gələn gənc tədqiqatçılarla birlikdə NASA-nın (Milli Aeronavtika və Kosmik Fəza Administrasiyası) ən mühüm kosmik-elmi mərkəzlərindən biri olan Kennedi Kosmik Mərkəzinə (Kennedy Space Center) təşkil edilən xüsusi turda da iştirak edib.
Qeyd edək ki, Səxavət Dadaşov bu mötəbər tədbirdə iştirak etmək hüququnu xüsusi qrant proqramlarının qalibi olaraq qazanıb. O, Avropa Keramika Cəmiyyəti (European Ceramic Society - ECerS) tərəfindən təqdim edilən “2026 ECerS International Ceramist Student Exchange Program” çərçivəsində Avropa üzrə seçilmiş 30 qalibdən biri olub.
Bundan əlavə, gənc tədqiqatçı Amerika Keramika Cəmiyyətinin mühəndislik keramikası bölməsi (Engineering Ceramics Division) tərəfindən təşkil edilən “Student and Young Professionals Registration Waiver Program” müsabiqəsinin də qalibi seçilib.