AzTehsil.com


Pedoqojitəcrübə
16 may 2016
8 213


Təhsil islahatı metodik kabinetlərin işinin təkmilləşdirilməsini tələb edir I I hissə Metodbirləşmələr



 Təhsil islahatı metodik kabinetlərin işinin təkmilləşdirilməsini tələb edir   I I hissə Metodbirləşmələr  Təhsil islahatı metodik kabinetlərin işinin təkmilləşdirilməsini tələb edir   II hissə  Metodbirləşmələr. Məktəbdə müəllimlərlə aparılan kollektiv metodik iş əsasən metodbirləşmələrdə mərkəzləşir. Metodbirləşmələr məktəbin struktur bölməsidir və müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsində daha çox yayılmış, özünü doğrultmuş metodik işin kollektiv formalarından biridir. Metodbirləşmələrin təşkili formaları (məktəbdaxili, məktəblərarası və rayon metodbirləşmələri), onların işinin məzmunu pedaqoji və metodik ədəbiyyatda müəyyən qədər işıqlandırılmışdır. Metodik kabinetin əməkdaşları və məktəb rəhbərlərinə kömək məqsədilə metodbirləşmələrin işinin məzmunu və təşkilinin bəzi cəhətlərinə toxunmaq istərdik.
Əsasnaməyə uyğun olaraq, rayon (şəhər) təhsil şöbələrinin metodik kabinetlərinin vəzifələrindən biri də məktəb və metodbirləşmə rəhbərlərini təlimatlandırmaq, məktəbdə aparılan metodik işin məzmunu, forma və üsullarına dair onların diqqətini pedaqoji texnologiyaların tətbiqinə yönəltməkdir. Ona görə də metodbirləşmələrin hesabatlılıq prinsipi əsasında fəaliyyətini təmin etmək, onlara məsləhətlər vermək, əməli kömək göstərmək, fəaliyyətini tənzimləmək baxımından metodik kabinetlərin əməkdaşları metodbirləşmə rəhbərlərinin yaxın köməkçisinə çevrilməlidir. Hər dərs ilinin əvvəlində metodik kabinetin əməkdaşları yerlərə metodbirləşmələrdə müzakirə edilən məsələlərə dair istiqamətverici tövsiyələr hazırlayıb göndərməli və onların işinin planlaşdırılmasında yaxından iştirak etməlidirlər.
Metodbirləşmələrin əsas məqsədi gənc müəllimlərə pedaqoji ustalığını  artırmaqda, təcrübəli müəllimlərə öz peşəkarlıq səviyyəsini yüksəltməkdə,  yeni pedaqoji texnologiyaları və təlimin  müasir metodlarını praktik işdə tətbiq etməkdə  kömək göstərməkdir.
Məktəbdə metodbirləşmələrin işi necə təşkil olunmalıdır? Bu suala cavab vermək o halda mümkündür ki, metodik kabinetlərdə hər bir təhsil müəssisəsinin hazırda hansı təlim-tərbiyə vəzifələrini həll etdiyi, hansı problem üzərində işlədiyi, qarşıda duran problemlərin hansı qüvvə və bacarıqla həll edildiyi barədə dəqiq məlumat olsun. Müşahidələr göstərir ki, son illərdə dərsin müasir tələblər səviyyəsində təşkili, onun səmərəliliyinin artırılması, şagirdlərin bilik səviyyəsinin öyrənilməsi, kollektiv şəkildə əyani vəsait və didaktik materialların hazırlanması, yeni pedaqoji texnologiyaların tətbiqi və qabaqcıl pedaqoji təcrübənin öyrənilməsi sahəsində metodbirləşmələrdə məqsədyönlü iş aparılır. Lakin bəzi hallarda metodik kabinetlər bu təcrübədən vaxtında xəbər tutmurlar. Metodbirləşmələrin işinin səmərəli olması üçün ilk növbədə hər bir müəllimin potensial imkanını, nəzəri və metodik hazırlığını, onun qüvvətli və zəif cəhətlərini öyrənmək vacibdir. Müəllimin dərsini müşahidə etmək, müxtəlif tədbirlərdə məruzə və mühazirələrini dinləmək, gündəlik dərs planı ilə tanış olmaq yolu ilə onun hansı məsələlər üzrə metodik köməyə ehtiyacını müəyyənləşdirmək olar.
Metodbirləşmələrdə müzakirə edilən məsələlərin əhatə dairəsi genişdir. Onların iş sisteminə təlim-tərbiyə işlərinin səviyyəsinin və şagirdlərin bilik keyfiyyətinin yüksəldilməsinə dair tədbirlərin hazırlanıb keçirilməsi, pedaqogika və psixologiyanın aktual problemlərinin, şagirdlərin mənəvi və estetik tərbiyəsi üzrə məsələlərin müzakirəsi, müəllimlərin elmi-pedaqoji ədəbiyyat sahəsində yeniliklər ilə tanış edilməsi, proqramın nisbətən çətin mövzuları üzrə dərslərin planlaşdırılması, daha təcrübəli müəllimlərin "açıq dərs"lərinin təşkili, əyani və didaktik materialların hazırlanması, biliklərin mənimsənilməsinin monitorinqi, Təhsil Nazirliyinin və yerli idarəetmə orqanlarının tədris prosesi ilə bağlı  metodik tövsiyə və göstərişlərinin öyrənilməsi və s. daxildir. Bütün bu məsələlərin yerinə yetirilməsi metodbirləşmələrin işinin elmi əsaslar üzrə planlaşdırılmasını tələb edir. İş planı metodbirləşmələrin əsas fəaliyyət sənədidir. Ona görə də metodbirləşmələrin işini planlaşdırarkən məktəbdə təlim prosesinin təşkilinə dair ümumi tələbləri, planlaşdırılan dövr üçün nəzərdə tutulmuş tədbirləri, müəllimlərə konkret kömək göstərmək zərurətindən irəli gələn tələbləri və rayon (şəhər) təhsil şöbəsinin (idarəsinin) metodik kabinetlərinin tövsiyələrini nəzərə almaq lazımdır. Respublikamızın qabaqcıl metodik kabinetləri dərs ilinin əvvəlində fəaliyyət planı ilə bağlı müvafiq tövsiyələr hazırlayıb yerlərə göndərir. Metodbirləşmələrin iş planı onlardan istifadə edilərək tərtib olunur.
Rayon (şəhər) təhsil şöbələrinin (idarələrinin) metodik kabinetlərinin və qabaqcıl məktəblərin iş təcrübəsi əsasında metodbirləşmələrin illik iş planının aşağıdakı formada tərtib edilməsi tövsiyə olunur:
  • metodbirləşmələrin tərkibi, müəllimlər haqqında məlumat, onların iş keyfiyyətinin qısa səciyyəsi; metodbirləşmələrin ötən ildəki fəaliyyətinin yekunu və yeni dərs ilində qarşıda duran vəzifələr;
  • tədrisin keyfiyyətinin yaxşılaşdırılmasına yönəldilmiş təşkilati-pedaqoji tədbirlər;
  • metodbirləşmə iclaslarında müzakirə ediləcək məsələlər, məruzə mövzuları, tematik planlaşdırmalar, "açıq dərs"lər və dərslərdə qarşılıqlı iştirak, onların keçirilməsi və müzakirəsi üzrə metodik işləmələr qrafiki;
  • pedaqoji mühazirə üçün məruzələrin, sinifdənxaric və məktəbdənkənar tədbirlərin planlaşdırılması;
  • fənlərin tədrisi vəziyyəti və şagirdlərin bilik səviyyəsinin monitorinqi;
  • gənc müəllimlərlə işdə hamilik, stajkeçmə;
  • əyani vəsait və didaktik materialların hazırlanması;
  • normativ sənədlərin öyrənilməsi;
  • yaradıcı, novator, interaktiv təlim metodlarından istifadə edən müəllimlərin iş təcrübəsinin öyrənilməsi, ümumiləşdirilməsi və tətbiqi;
  • şəxsi təhsilini artırmaq üzrə müəllimlərin hesabatı.
Tədris ilinin sonunda metodbirləşmələrin fəaliyyətini aşağıdakı ardıcıllıqla təhlil etmək olar:
  • metodbirləşmələrin qarşısına qoyulmuş vəzifələrin yerinə yetirilməsi;
  • hansı nəticələr əldə edilmişdir;
  • imtahanların nəticəsi;
  • olimpiadaların nəticəsi;
  • ali məktəblərə qəbulun nəticəsi;
  • tədris proqramlarının yerinə yetirilməsi;
  • şagirdlərin tərbiyəlilik səviyyəsi;
  • test yoxlamaları üzrə məktəb monitorinqinin nəticəsi;
Əldə edilən bu nəticələr hansı məsələlərin həllinə kömək etmişdir?
  • kadr potensialının yaxşılaşdırılmasına (müəllimlərin hazırlığı, ixtisaslarının artırılması və s.);
  • metodik səviyyənin yüksəlməsinə (yeni proqramlar, dərsliklər, dərs vəsaitlərinə dair işin təşkili, təcrübə mübadiləsinin aparılması, yeni texnologiyalardan istifadə, şəxsi təhsilini artırmaq üzrə işin yekunu və s.);
  • normativ-hüquqi sənədlərin öyrənilməsinə (qərar, əmr, sərəncam, əsasnamə və təlimatlar və s.) .
Hər il metodbirləşmələrin qarşısında elə vəzifələr durmalıdır ki, onlar  metodik problemləri həll edə bilsinlər. Məsələn, tutaq ki, bütün pedaqoji kollektiv təlim prosesində şagirdlərinin idrak fəaliyyətinin inkişafı üzərində işləyir. Deməli, hər bir metodbirləşmənin vəzifəsi bu olmalıdır.
Metodbirləşmələrə rəhbərliyin ən yaxşı formaları kimi metodistlərin, məktəb direktoru və ya onun müavinlərindən birinin məşğələlərdə iştirakı, elmi əsaslı və inandırıcı tövsiyələri, əsaslandırıcı nəticə çıxarıb işi qiymətləndirməsi ola bilər. Ona görə də məktəb rəhbərləri metodbirləşmə məşğələlərində müzakirə edilən məsələlərlə əvvəlcədən tanış olmalı, hazırlanmış materiallara dair müvafiq tövsiyələrini verməlidir.
Gənc müəllimlərlə işin təşkili. Gənc müəllimlərlə işin təşkili, onlara metodik və metodoloji kömək göstərilməsi metodik kabinetlərin ən başlıca vəzifələrindən və prioritet istiqamətlərindən biri olmalıdır.
Gənc müəllim ali təhsil müəssisəsini bitirib məktəbə gəlir. O, şagirdlərlə işləməyə hazırdırmı? Əlbəttə, hazır deyildir. Hələlik onda pedaqoji üslub, şagirdlərlə işləmək vərdişi formalaşmamışdır. Ona görə də ilk gündən başlayaraq metodik kabinetin əməkdaşları, məktəb rəhbərləri gənc müəllimlə əməkdaşlıq etməli, gündəlik dərs planının tərtibi, işin formalarının seçilməsi, təlimin yeni metodlarının tətbiqi, gənc müəllim üçün çox çətin olan şagirdlərlə ünsiyyət və əməkdaşlığın yaradılması və digər məsələlərdə ona yaxından kömək etməlidirlər. Əgər gənc müəllimin yanında müdrik, təcrübəli müəllim (hami) olmasa, o, dəyərli mütəxəssis kimi yetişə bilməz. Məşhur pedaqoq və psixoloq M.M.Rubinşteyn əsərlərinin birində qeyd edirdi ki, "pedaqoq sözün dar mənasında təhsil müəssisəsində deyil, praktik həyatda yaranır". Ona görə də gənc müəllim həmişə özündən yaşlıların, təcrübəli hamilərin, metodistlərin, metodbirləşmə rəhbərlərinin, müəllim yoldaşlarının, sinif rəhbərinin və psixoloqun müntəzəm olaraq köməyini hiss etməlidir. Gənc müəllimin pedaqoji kollektivə uyğunlaşması üçün onunla müntəzəm olaraq seminar və treninqlərin keçirilməsi çox vacibdir.
Məktəb təcrübəsində gənc müəllimlərlə aparılan metodik işin fərdi formalarına daha çox üstünlük verilir. Onlardan ən başlıcası məktəb rəhbərlərinin gənc müəllimlərlə apardığı fərdi söhbətlərdir. Bu söhbətdə məktəbin rəhbərliyi gənc müəllimin hansı məsələləri öyrənməyə daha çox ehtiyacı olduğunu müəyyənləşdirə bilər. Məsələn, tutaq ki, gənc müəllimlərdən birinə VII-VIII siniflərdə Azərbaycan dili və ədəbiyyat fənninin tədrisi tapşırılmışdır. Bununla əlaqədar şagirdlərin hazırlıq səviyyəsini aydınlaşdırmaq üçün müəllim keçən ilin sinif jurnalları, şagirdlərin şəxsi işləri ilə tanış olmalı, həmin siniflərdə dərs demiş müəllimlər, sinif rəhbərləri, uşaq yaradıcılıq birliyinin rəhbəri, sinif valideyn komitəsinin sədrləri ilə görüşərək söhbət aparmalıdır. Bundan əlavə, məktəb rəhbərinin tapşırığı əsasında təcrübəli müəllimlərdən biri müxtəlif məsələlər, məsələn, dərsə necə hazırlaşmaq, dərsə verilən didaktik tələblər, tədris prosesində təlimin fəal metodlarından istifadə, şagirdlərin biliyinin qiymətləndirilməsi, ev tapşırıqlarının seçilməsi və s. barədə ona məsləhət verə bilər.
Təcrübəli məktəb rəhbərləri dərs ilinin ilk günlərində yeni işə başlayan gənc müəllimə cədvəldə dərs salınmasını məqsədəmüvafiq hesab etmirlər. İlk günlərdə məktəbin direktoru, yaxud təlim-tərbiyə işləri üzrə direktor müavininin gənc müəllimi öz dərslərinə aparmağı tövsiyə edirlər. Bu zaman gənc müəllim dərsin təşkili, dərsdə təlimin yeni metodlarının tətbiqi, şagirdlərin fəaliyyətinin qiymətləndirilməsini əyani surətdə görür, öz dərslərini keçməyə psixoloji cəhətdən hazır olur. Gənc müəllimi ilk dərslərə hərtərəfli hazırlaşdırmaq, onda öz qüvvə və bacarığına inam yaratmaq, onu ruhlandırmaq təkcə metodistlərin və məktəb rəhbərlərinin vəzifəsi deyil, eyni zamanda bütün pedaqoji kollektivin, ilk növbədə hər fənn üzrə metodbirləşmə rəhbərinin də əsas vəzifəsi olmalıdır.
Gənc müəllimlərlə aparılan fərdi metodik iş bununla məhdudlaşa bilməz. Məktəb direktorunun gənc müəllimlə ilk söhbəti problemi həll etmir. Gənc müəllimə təlim-tərbiyə prosesində kömək göstərmək, onu işləməyə öyrətmək, onun vaxtaşırı təcrübəli müəllimlərin dərslərində iştirakını təmin etmək sistem halını almalıdır. Gənc müəllimlərin peşəkarlıq səviyyəsini yalnız bu yolla artırmaq mümkündür.  Müşahidələr göstərir ki, bəzi məktəb rəhbərləri ilk günlərdən gənc müəllimlərin dərslərində ya tez-tez iştirak edir,  yeni şəraitə, pedaqoji kollektivə uyğunlaşmasına imkan vermir, ya da onun dərslərində ümumiyyətlə iştirak etmir. Hər iki hal məqbul sayılmır.
Bəs məktəb rəhbərləri gənc müəllimin dərsində nə vaxt iştirak etməlidirlər? Məsələ ilə bağlı pedaqoji və metodik ədəbiyyatda vahid fikir yoxdur. T.İ.Qorskaya "Məktəbdə təlim-tərbiyə prosesinin təşkili" adlı kitabında gənc müəllimin ilk dərsində məktəb rəhbərlərinin iştirakını məqsədəmüvafiq hesab etmir. Onun fikrincə, gənc müəllimə imkan verilməlidir ki, şagirdləri tanısın, yeni şəraitə uyğunlaşsın, sinifdə öz yerini tapsın. İlk dərsinin necə keçməsi haqqında məktəb rəhbərlərinin gənc müəllimlə söhbəti kifayətdir. Müəllimdən soruşmaq olar: dərs necə keçdi? Şagirdlər dərsdə keçilən materialı tam mənimsədilərmi? Dərsdə şagirdlərin fəaliyyəti necə təşkil olunmuşdu? Kim daha intensiv işləmişdir - müəllim, yoxsa şagirdlər? Dərsin təşkili, onun quruluşu,  pedaqoji texnologiyaların tətbiqinə necə yer verildi? Müəllim-şagird əməkdaşlığı necə quruldu? Dərsdə hansı cəhətlər uğurlu olmuşdur?
Məktəb rəhbərlərinin gənc müəllimlə söhbəti elə məzmunda olmalıdır ki, o, ruhdan düşməsin, onda öz qüvvəsinə inam yaransın. Dərsin nəticəsi ilə əlaqədar müəllimlə söhbət edərkən təkliflər yazdırmağa tələsmək lazım deyildir. Yaxşı olar ki, ona dərsin təşkili metodikasına dair bir neçə metodik vəsait oxumaq tövsiyə edilsin. Bu, gənc müəllimdə elmi-pedaqoji və metodik ədəbiyyata həvəs yaratmaq baxımından da faydalı olar. Gənc müəllimlərə metodik köməyin ən səmərəli formalarından biri "açıq dərs"lərin təşkili və dərslərdə qarşılıqlı iştirakdır.
"Açıq dərs"lər bir tərəfdən öyrədici xarakter daşıyırsa, digər tərəfdən qabaqcıl müəllimlərin iş təcrübəsinin öyrənilib yayılmasına xidmət edir. Dərsin təşkili, qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi ən mürəkkəb və daim təkmilləşdirilməsi tələb olunan prosesdir. Yaxşı təşkil olunmuş "açıq dərs"in çox böyük faydası vardır. "Açıq dərs"lərin aparılması yüksək peşəkarlığı ilə seçilən yaradıcı müəllimlərə tapşırılmalıdır ki, dərsdə təlimin ən səmərəli metod və üsullarından istifadə edilsin, çünki pedaqoji yaradıcılıq son dərəcə mürəkkəb bir təzahürdür.  Burada müəllimdən hədsiz dərəcədə məharət tələb olunur. B.P.Strezikozin qeyd edir ki, "... müəllimin "açıq dərs"ə hazırlaşmasından sui-istifadə etmək olmaz. Əks-təqdirdə müəllim öz pedaqoji fikrinə görə deyil, məktəb rəhbərlərinin və metodistlərin verdikləri çoxlu miqdarda, bəzən bir-birinə əks olan məsləhətlərə əməl etməli olur ki, nəticədə dərs adilərinə nisbətən xeyli pis keçir". Ona görə də dərsin strukturunun və mərhələlərinin  seçilməsində müəllimə bir qədər sərbəstlik verilməlidir, çünki dərs müəllimin yaradıcılığının məhsuludur.
Məktəb təcrübəsində "açıq dərs"lərin təşkilinin iki forması mövcuddur.
  • Müəllim müstəqil surətdə dərsin tipini və quruluşunu seçir və özü planlaşdırdığı formada dərsi keçir. Bu dərslər adətən qabaqcıl müəllimlərin iş təcrübəsini öyrənmək məqsədi daşıyır;
  • Müəllimin "açıq dərs" üçün hazırladığı plan həmin fənn üzrə metodbirləşmədə müzakirə edilir, təklif və qeydlər əsasında dərsin planını yenidən işləyir və onun əsasında "açıq dərs"i keçir. Belə dərslər təlimin metodlarının tətbiqində müəllimə kömək göstərir.
Müəllimlərin pedaqoji ustalığının yüksəldilməsi üçün metodbirləşmələrin təşkil etdiyi qarşılıqlı qaydada dərslərdə iştirakın da mühüm əhəmiyyəti vardır. Yenicə fəaliyyətə başlayan müəllimlər daha təcrübəli yoldaşlarından dərslərə hazırlaşmağın forması ilə tanış olur, dərsin hər bir mərhələsində tətbiq edilən təlimin yeni metodlarının əməli surətdə necə reallaşdırıldığını görürlər. Lakin dərslərdə qarşılıqlı surətdə iştirak yalnız yeni fəaliyyətə başlayan pedaqoqların öyrədilməsi ilə məhdudlaşmamalıdır. Hər bir müəllim həmkarının dərslərində iştirak etməklə ondan nə isə faydalı, öz dərslərində istifadə edə biləcək bir şey götürə bilər.
Beləliklə, yuxarıda qeyd edilənləri ümumiləşdirsək, deyə bilərik ki, ilk müstəqil dərslər, birinci pedaqoji fəaliyyət ili gənc müəllimlərin pedaqoji ustalığa yiyələnməsində mühüm mərhələdir. Burada ilk səhvlər və məyusluq labüddür. Gənc müəllimin pedaqoji prosesdəki səhvlərini görmək, onun təkrar olunmasının və dərinləşməsinin qarşısını vaxtında almaq, təcrübədə özünü doğrultmüş metodik priyomlara yiyələnməkdə onlarla əməkdaşlıq etmək, onlara kömək göstərmək məktəb rəhbərlərinin və metodik kabinet əməkdaşlarının ümdə vəzifəsi olmalıdır.
Qabaqcıl pedaqoji təcrübənin öyrənilməsi, ümumiləşdirilməsi və yayılması. Ən yaxşı məktəb və müəllimlərin iş təcrübəsinin öyrənilməsi, qabaqcıl müəllim-pedaqoqların nailiyyətləri əsasında təlim-tərbiyə prosesinin təkmilləşdirilməsi təhsili idarəetmə orqanlarının, xüsusilə rayon (şəhər) təhsil şöbələrinin (idarələrinin) metodik kabinetlərinin həmişə diqqət mərkəzində durmalıdır. Bu məsələ ölkəmizdə təhsil sahəsində köklü islahatların, xüsusilə məzmun islahatlarının həyata keçirildiyi bir vaxtda xüsusi aktuallıq və əhəmiyyət kəsb edir. Müşahidələr və müvafiq sənədlərin təhlili göstərir ki, qabaqcıl pedaqoji təcrübə anlayışı ilə bağlı vahid fikir yoxdur. Əslində qabaqcıl təcrübə geniş mənada müəllimin peşəkarlığı, onun  ustalığı mənasında başa düşülməlidir. Belə müəllimlərin iş təcrübəsinin tətbiqi hələlik pedaqoji ustalığa yiyələnməmiş, gənc müəllimlər üçün daha faydalı və qiymətlidir. Ona görə də yaradıcı axtarışı, yeniliyi, orijinallığı, novatorluğu ilə seçilən təcrübənin öyrənilməsi, təhlili, ümumiləşdirilməsi və tətbiqi ilk planda durmalıdır.
Qabaqcıl pedaqoji təcrübə necə öyrənilməlidir? Bu işdə ilk addım təcrübənin aşkar edilməsidir. Metodik kabinetin, təhsil şöbəsinin əməkdaşları və məktəb rəhbərləri təcrübəsi öyrəniləcək müəllimin təcrübəsinin öyrənilməyə layiq olub-olmamasını yalnız onun dərslərində və sinifdənkənar tədbirlərində iştirak etdikdən sonra müəyyənləşdirə bilərlər. Sonrakı mərhələ bir neçə meyar əsasında təcrübənin qiymətləndirilməsi ola bilər. Qiymətləndirmədə aşağıdakılar nəzərə alınır:
  • təlim-tərbiyə prosesinin effektliliyi, müsbət nəticələrin əldə edilməsi;
  • həmin nəticələrin əldə edilməsi üçün müəllimin səmərəli metodlardan istifadə etməsi;
  • bu təcrübənin yayılmasının digər müəllimlər üçün əhəmiyyətliliyi;
  • həmin təcrübədə orijinallıq, yaradıcılıq, novatorluq elementlərinin olması.
Əgər metodik kabinetin əməkdaşları və məktəb rəhbərləri təcrübəni qiymətləndirib onun maraq doğurduğu nəticəsinə gəlirlərsə, sonrakı mərhələyə kifayət qədər inanılmış faktlar əsasında təcrübəni təfərrüatı ilə öyrənməyə başlaya bilərlər.
Müşahidələr göstərir ki, qabaqcıl təcrübənin öyrənilməsi və ümumiləşdirilməsi sahəsində çatışmazlıq və problemlər mövcuddur. Qabaqcıl təcrübəyə dair materiallar heç də həmişə məktəb pedaqoji şuralarında, metodbirləşmə yığıncaqlarında müzakirə edilmir. Bəzi metodik kabinetlərin qabaqcıl iş təcrübəsinə dair hazırladıqları materiallarda çox zaman təsvirçiliyə, sözçülüyə daha çox yer verilir, bu təcrübənin elmi-praktik əhəmiyyəti açılmır. Bəzi hallarda isə təcrübəsi öyrənilmiş məktəb və müəllimlərlə sonradan işin davam etdirilməsi unudulur, pedaqoji mühazirələrdə, ixtisasartırma kurslarında onların çıxışları təşkil edilmir. Ona görə də təcrübənin obyektində müəllimin bütün iş sistemi, yaxud onun fəaliyyətinin ayrı-ayrı istiqamətləri, təlim və tərbiyə prosesində səmərəli metodlardan istifadə edilməsi dayanmalıdır. Müəllimin iş sistemini öyrənərkən  ilk növbədə onun pedaqoji fəaliyyəti ilə dərindən tanış olmaq lazımdır. Tanışlıq zamanı aşağıdakı göstəricilərə diqqət yetirilməsi vacibdir:
  • müəllimin  peşə ustalığı, elmi-nəzəri və metodik hazırlığı ilə tanışlıq;
  • pedaqoji nailiyyətləri, interaktiv, fəal təlim metodlarını və yeni pedaqoji texnologiyaları səylə öyrənib öz işində tətbiq etməsi;
  • dərslərə və sinifdənkənar tədbirlərə hazırlaşması və onların keçirilməsi (gündəlik dərs planı, əlavə ədəbiyyatlardan istifadə edilməsi, materialın seçilməsi və düzgün paylanması, metodların seçilməsinin məqsədəuyğunluğu);
  • işə yaradıcı münasibəti, təşəbbüskarlığı, yenilikçilik xüsusiyyətıəri;
  • bir və bir neçə mövzu üzrə silsilə dərslərin dinlənməsi;
  • sinifdənxaric tədbirlərdə iştirak, valideyn və ictimaiyyətlə işin təşkili təcrübəsinin öyrənilməsi;
  • şagirdlərin bilik, bacarıq və vərdişlərinin keyfiyyətinin və onların tərbiyəlilik səviyyəsinin təhlili və qiymətləndirilməsi;
  • rayon (şəhər) və respublika səviyyəli pedaqoji müsabiqələrdə iştirak etməsi;
  • fənn metodbirləşməsinin işində fəal iştirakı, faydalı təklif və mülahizələr irəli sürməsi;
  • müvafiq fənnə dair metodik tövsiyələrin, fənn proqramlarının və dərsliklərin hazırlanmasında iştirakı və pedaqoji təkliflərlə mətbuatda çıxış etməsi.
Bu göstəricilərin sayını artırmaq da olar. Özlüyündə bu faktlar "çiydir", onları sistemə salmaq, müəllimin nailiyyətini açmaq, təhlil etmək lazımdır. Faktların təhlili sonrakı mərhələdə - təcrübənin ümumiləşdirilməsi mərhələsində aparılır. Ümumiləşdirmə prosesində ayrı-ayrı fakt və hadisələrin təhlili əsasında nəticələr çıxarılır. Qabaqcıl təcrübənin təhlili və ümumiləşdirilməsinin əsas məqsədi müvafiq qaydalar əsasında  müəllimin müsbət nəticələrə necə nail olmasını müəyyənləşdirməkdir. Qabaqcıl pedaqoji təcrübənin təhlili və ümumiləşdirilməsi müxtəlif elmi səviyyələrdə aparılmalı, empirik nəticədən başlayaraq pedaqoji hadisələrin dərin və qarşılıqlı əlaqələrinin açılmasına imkan yaradan ciddi tədqiqaçılıqla  başa çatmalıdır.
Məktəb təcrübəsində müəllimlərin qabaqcıl təcrübəsi ilə tanış olmağın müxtəlif formalarından istifadə edilir. Bunlara pedaqoji mühazirələr, elmi-praktik konfranslar, seminarlar, qabaqcıl təcrübəyə dair sərgilər, müəllimlərin məruzələrindən ibarət məcmuələrin, albomların nəşri və s. daxildir.
Qabaqcıl pedaqoji təcrübənin yayılması və tətbiqinin ən səmərəli formalarından biri qabaqcıl təcrübə (istinad) məktəbləridir. Hazırda dayaq məntəqələrində qabaqcıl pedaqoji təcrübənin yayılması üçün geniş imkanlar açılmışdır. İstinad məktəblərinin təcrübəsi göstərir ki, müəllim öz təcrübəsi haqqında yığcam şəkildə məlumat verir, təcrübəsini təlimin texnoloji vasitələri ilə nümayiş etdirir, dinləyicilərin suallarına cavab verir, müxtəlif məsələlər üzrə müəllimlərlə və metodik kabinetin əməkdaşları ilə fikir mübadiləsi aparır.
Qabaqcıl pedaqoji təcrübənin ümumiləşdirilməsinin yekunu onun təcrübədə tətbiqidir. Elmin nailiyyətlərinin praktikaya tətbiqi məsələsi vaxt tələb edir. Başqa elmlərə nisbətən pedaqogika sahəsində yeniliyin nəticəsi çox gec görünür. Elmi bilikləri müəllimlər arasında geniş təbliğ etmək, elmi tədqiqatların nəticələri əsasında bütün ixtisasartırma sistemini təkmilləşdirmək, qabaqcıl təcrübə məktəbləri (istinad məktəbləri)  vasitəsilə   müəllimlərin təcrübəsinin yayılmasını təşkil etmək, əlbəttə, vaxt tələb edən prosesdir. Burada tələsmək, təcrübəni səthi öyrənib yaymaq işə xeyirdən çox ziyan verə bilər.
Bu məqalədə metodik xidmətin təşkilinin yalnız bir neçə formasını işıqlandırmağa çalışdıq. Respublikamızda təhsil islahatının həyata keçirildiyi bir vaxtda metodik kabinetlərin görəcəyi işlər həddindən artıq çoxdur və bu vəzifələr qeyd etdiyimiz kimi  Əsasnamədə dəqiq və aydın şəkildə göstərilmişdir. Gələcəkdə imkan daxilində həmin məsələlərdən də söhbət açmağa çalışacağıq.
"Metodik xidmətin təşkili vəziyyəti və onun yaxşılaşdırılmasına dair tədbirlər haqqında" kollegiyanın qərarında rayon (şəhər) təhsil şöbəsi metodik kabinetlərinin fəaliyyətinin daha da səmərəli təşkili, metodistlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, onların "öyrədənlər" kimi hazırlanması, metodik kabinetlərin resurs mərkəzinə çevrilməsi, müəllimlərlə aparılan metodik xidmətin təkmilləşdiriılməsi sahəsində konkret tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Beynəlxalq təcrübə və respublikada təhsilin inkişaf meyilləri nəzərə alınmaqla hazırda bu istiqamətdə işlər davam etdirilir. 
Məhərrəm SƏFƏROV,
Azərbaycan Respublikası Təhsil Nazirliyinin baş məsləhətçisi,
respublikanın əməkdar müəllimi



Загрузка...
Həmçinin oxuyun:
Təhsil islahatı metodik kabinetlərin işinin təkmilləşdirilməsini tələb edir      I hissə

Təhsil islahatı metodik kabinetlərin işinin təkmilləşdirilməsini tələb edir I hissə

.Məktəbin idarə olunmasında etibarlılıq, inam, məsuliyyətlilik ön plana çəkilməli..

.Məktəbin idarə olunmasında etibarlılıq, inam, məsuliyyətlilik ön plana çəkilməli..

Məktəb direktorunun əmək funsiyaları...

Məktəb direktorunun əmək funsiyaları...

SİNİF RƏHBƏRİ HAQQINDA ƏSASNAMƏ...........

SİNİF RƏHBƏRİ HAQQINDA ƏSASNAMƏ...........

Məktəb idarəetməsinə aid 10 maraqlı TEST

Məktəb idarəetməsinə aid 10 maraqlı TEST

Müəllimlərlə bağlı yeni qaydalar

Müəllimlərlə bağlı yeni qaydalar

Kimya laborantı təlimatı məktəb kimya müəllimləri və laborantları üçün işlənib hazırlanmışdır

Kimya laborantı təlimatı məktəb kimya müəllimləri və laborantları üçün işlənib hazırlanmışdır

Təhsil Nazirliyi hansı siniflərdə dərslikləri təzələyəcək?

Təhsil Nazirliyi hansı siniflərdə dərslikləri təzələyəcək?

Valideyn  komitəsinin  hüquqları  və  vəzifələri

Valideyn komitəsinin hüquqları və vəzifələri

"Təhsil Qanunu"na aid testlər və cavabları

"Təhsil Qanunu"na aid testlər və cavabları

Sinif rəhbərləri üçün-Sinif kollektivi ilə işin təşkili

Sinif rəhbərləri üçün-Sinif kollektivi ilə işin təşkili

Sinif rəhbərləri  oxuyun - Sinif rəhbərinin fəaliyyətinin dövrü qrafiki..

Sinif rəhbərləri oxuyun - Sinif rəhbərinin fəaliyyətinin dövrü qrafiki..

Sinif rəhbəri və sinifdə nizam-intizam qaydaları...

Sinif rəhbəri və sinifdə nizam-intizam qaydaları...

Direktor olmaq istəyənlər -  Qaninvericilikdən testlər  cavablarla

Direktor olmaq istəyənlər - Qaninvericilikdən testlər cavablarla

İclası necə təşkil etməli və onu necə uğurla idarə etməli.....

İclası necə təşkil etməli və onu necə uğurla idarə etməli.....

DİREKTOR OLMAQ İSTƏYƏNLƏR ÜÇÜN TESTLƏR CAVABLARI İLƏ

DİREKTOR OLMAQ İSTƏYƏNLƏR ÜÇÜN TESTLƏR CAVABLARI İLƏ

“Bilikli müəllimlər daha yüksək əməkhaqqı əldə etməlidir”

“Bilikli müəllimlər daha yüksək əməkhaqqı əldə etməlidir”

Direktor və rəhbər olmaq istəyənlər üçün....Liderlik qabilliyəti...

Direktor və rəhbər olmaq istəyənlər üçün....Liderlik qabilliyəti...

Psixoloji test - Şagirdlərin məktəb həyatından razılıq  səviyyəsinin öyrənmə metodikası

Psixoloji test - Şagirdlərin məktəb həyatından razılıq səviyyəsinin öyrənmə metodikası

İş vaxtının anlayışı və növləri

İş vaxtının anlayışı və növləri

Valideynlərin Və Uşaqların Hüquq Və Vəzifələri

Valideynlərin Və Uşaqların Hüquq Və Vəzifələri

Əmək münasibətləri - Əmək mübahisələri

Əmək münasibətləri - Əmək mübahisələri

29 nömrəli Uşaq Yaradıcılıq Mərkəzində  “Yaşasın Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan Respublikası” adlı dəyirmi masa keçirilib

29 nömrəli Uşaq Yaradıcılıq Mərkəzində “Yaşasın Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan Respublikası” adlı dəyirmi masa keçirilib