III ixtisas qrupu üzrə rəqabət GÜCLƏNƏCƏK
Bu ixtisas qrupu üzrə rəqabət artacaq.
Ötən gün Dövlət İmtahan Mərkəzi tərəfindən II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanının II mərhələsi həyata keçirilib. Belə ki, abituriyentlər imtahanın I mərhələsi ilə müqayisədə daha rahat olduğunu qeyd ediblər.
Maraqlıdır, bu il II və III ixtisas qruplarında 700 bal toplayan abituriyent olacaqmı?
AzTehsil.com xəbər verir ki, mövzu ilə bağlı AzEdu.az-a açıqlama verən təhsil eksperti Elçin Əfəndi (Əfəndiyev) qeyd edib ki, 6 iyul tarixində keçirilmiş II və III ixtisas qrupları üzrə qəbul imtahanlarında ümumilikdə 40 min 424 abituriyent iştirak edib:
“Bu imtahan əvvəlki birinci mərhələ ilə müqayisədə abituriyentlər üçün sualların cavablandırılması baxımından nisbətən asan olub.
Əlbəttə, bu imtahan nəticəsində biz yenə də yüksək bal toplayan abituriyentlər görəcəyik. Maksimum nəticə göstərənlərin sayı əvvəlki ilə müqayisədə bir qədər artsa da, çox kəskin artım gözlənilmir. Qeyd edim ki, birinci cəhddə maksimal nəticə qeydə alınmamışdı. İndi ikinci cəhddə bunun baş verməsi istisna olunmur, lakin ümumilikdə çox yüksək nəticə gözləntiləri yoxdur.
Eyni zamanda abituriyentlər bu dəfə imtahana daha ciddi şəkildə hazırlaşıblar və onların əksəriyyəti ikinci cəhddə nəticələrini yaxşılaşdıracaq. Bu isə öz növbəsində, III ixtisas qrupu üzrə rəqabətin daha da güclənəcəyini göstərir. Belə ki, bu il həmin qrup üzrə imtahanda iştirak edənlərin sayı ötən illə müqayisədə 3 min nəfərdən çox artaraq 28 minə çatıb. Onlar təxminən 15 min plan yeri uğrunda mübarizə aparacaqlar.
Bütün bu amilləri nəzərə alsaq, yüksək bal toplamış abituriyentlərin çoxluğu və ümumi iştirakçı sayının artması III ixtisas qrupunu digər qruplarla müqayisədə daha ciddi rəqabətli qrup kimi göstərməyə əsas verir”.