Məktəblərdə psixoloji xidmət niyə zəifdir?
Ötən günlərdə "Mavi Balina" adlı təhlükəli internet oyununun təsiri altına düşən 13 yaşlı məktəbli qızın həyatına son qoyması cəmiyyətdə dərin sarsıntı yaratdı. Bu acı hadisə bir daha göstərdi ki, uşaqların psixoloji durumuna nəzarət təkcə ailənin deyil, həm də məktəbin, xüsusilə də məktəb psixoloqlarının üzərinə düşən ciddi vəzifədir.
Uşaqlar günün böyük hissəsini məktəbdə və hazırlıq müəllimlərinin yanında keçirirlər. Bu qədər vaxtı birlikdə keçirən mühitdə psixoloji problemi olan uşağın davranışındakı, danışığındakı, sosial münasibətlərindəki dəyişiklikləri görmək, hiss etmək mümkündür. Lakin bunun üçün məktəbdə psixoloji xidmətin aktiv, davamlı və peşəkar şəkildə işləməsi şərtdir. Təəssüf ki, bir çox hallarda məktəb psixoloqlarının fəaliyyəti formal xarakter daşıyır, uşaqlarla mütəmadi fərdi söhbətlər aparılmır və nəticədə risk qrupunda olan şagirdlər vaxtında aşkarlanmayaraq diqqətdən kənarda qalır.
AzTehsil.com xəbər verir ki, Mövzu ilə bağlı danışan təhsil eksperti Elçin Murad bildirdi ki, valideynlər, müəllimlər və psixoloqlar uşaqlarda ümumi psixoloji vəziyyəti daim analiz etməlidirlər:

"Valideyn övladının işlətdiyi hər sözə, hər kəlməyə fikir verməlidir. Əgər uşaq fərqli bir söz, fərqli bir kəlmə, fərqli bir cümlə qurursa, bunun altında müəyyən bir məna axtarmalıdır. Psixoloji tərəfdən yanaşsaq, əgər valideyn gündən-günə övladında hər hansı bir dəyişiklik görürsə, - istər psixoloji sarsıntı, istər aqressivlik, istər özünə qapanma olsun, - bu tipli hallarla rastlaşdığı zaman bunu “yaş dövrü mərhələsidir” deyib ötəri yanaşmaq düzgün deyil. Bəzi valideynlərin bu cür yanaşması problemi daha da dərinləşdirə bilər. Həmçinin orta məktəbdə şagirdlə mütəmadi ünsiyyətdə olan müəllimlər şagirddə hər hansı dəyişiklik hiss etdikdə birincisi, həmin şagirdin valideyni ilə əlaqə saxlamalıdır, ikincisi, özü hadisəyə müəyyən qədər müdaxilə etməyə çalışmalıdır, üçüncüsü, müəllim şagirddəki psixoloji dəyişiklikləri müşahidə etdikdə məktəbin psixoloqu ilə əlaqə saxlayıb şagirdi ona yönləndirməlidir. Bu addımların hamısı müntəzəm və vaxtında nəzərə alınsa, lazımi tədbirlər görülsə, şagirdlərdəki həmin vəziyyət vaxtında aşkar edilərsə, belə halların qarşısı alına bilər. Çünki indiki “Mavi balina” oyunu və ya digər hər hansı oyunlar və ya oyuncaq adlandırılan tətbiqlər uşaqların psixologiyasını pozmaq, onları yanlış istiqamətə yönləndirmək və uçuruma aparmaq məqsədi ilə yaradılmış şeylərdir. Bu isə təbii ki, arzuolunmaz nəticələrə gətirib çıxarır".
Ekspertin sözlərinə görə, məktəb-valideyn və məktəb-müəllim faktorundan əlavə, bu cür hadisələrə və sosial şəbəkələrdəki oyunlara xüsusi dövlət nəzarəti olmalıdır:
"Xüsusi nəzarət dedikdə, ölkədə internet və sosial şəbəkələrlə bağlı hər hansı yeni risk, resurs və ya təhlükə yarandıqda, onun qarşısını almağa qadir mexanizmlər nəzərdə tutulur. Ölkənin bu gücü və imkanları mövcuddur. Ona görə də bu məsələlərdə həm Daxili İşlər Nazirliyi, həm də bu proseslərlə məşğul olan digər dövlət qurumları belə oyunların ümumiyyətlə qarşısının alınması istiqamətində tədbirlər görməlidir. Çünki valideyn hər zaman övladı izləyə bilmir, müəllim də şagirdi hər an nəzarətdə saxlaya bilmir. Bəzən kiçik bir boşluq sonradan arzuolunmaz faciələrlə nəticələnə bilir".


















