Bildiyimiz kimi, Azərbaycan Respublikası Prezidentinin 17 aprel 2006-cı il tarixli 1414 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)" xüsusi əhəmiyyətə malik tarixi bir sənəddir. İctimaiyyət tərəfindən rəğbətlə qarşılanan bu proqram ümumtəhsil məktəblərimizdəki istedad və qabiliyyəti ilə seçilən şagirdlərin səmərəli təhsil almalarına, şəxsiyyət kimi formalaşmalarına, düzgün peşə seçmələrinə şərait yaradır.
Xüsusi qabiliyyətli uşaqlarla işin reallaşdırılması mexanizminin yaradılmasında əsasən aşağıdakılar nəzərə alınmalıdır: xüsusi qabiliyyətli uşaqların axtarışı; uşaqların yaradıcılıq tələbatlarının təminatının təşkili; şagirdlərin öz qabiliyyətlərini reallaşdırması; diaqnostika; müəllim; təlimin texniki vasitələri; ailə; ekoloji mərkəz; ümumi akademik müvəffəqiyyət; şagirdin xüsusi maraq və meyillərinin aşkar edilməsi; müsabiqələr; olimpiadalar; akademik nailiyyətlər.
Xüsusi qabiliyyətli uşaqların xarakteristikaları aşağıdakılardır:
Düşünmək və yaratmaq qabiliyyəti hər bir insanın yaradılarkən aldığı ən qiymətli nemətdir. Bioloq-alimlər təsdiq edirlər ki, hər bir uşaq təbiətin təkrarolunmaz yeni eksperimentidir. Xüsusi qabiliyyətin hər bir fərddə özünəməxsus şəkildə təzahür etməsinə baxmayaraq, elə xüsusiyyətlər var ki, onlar bu və ya digər dərəcədə bütün istedadlı uşaqlarda, insanlarda mütləq olur. Xüsusi qabiliyyətin əsas əlaməti təxəyyül sferasına aiddir.
Təfəkkür zirvəsinə aparan yolu aşağıdakı 3 pilləyə ayırmaq olar:
· Həvəskarlıq, yeniliyə həvəs, intellektual stimulyasiya. Bunlar bütün sağlam uşaqlara xasdır.
· İntellektual aktivlik. Onun üçün təkcə əqli qabiliyyətlər kifayət etmir, həm də hisslər, motivlər olmalıdır. Uşaqların əksər hissəsində həvəskarlıq intellektual aktivliyədək inkişaf etmir, onların ətraf aləmə marağı yalnız situativ, dayanıqsız xarakter daşıyır.
· Ən sonuncu, bəzi uşaqlar, əsasən də xüsusi qabiliyyəti olanlar ətraf mühitin tədqiqinə, biliyin qazanılmasına həvəskar olurlar. Belə uşaqlar öz dünyagörüşünü artırmaq üçün bütün qüvvəsini sərf etməyə hazır olur, tədqiqatlarda məhdudluğa yol vermir, istənilən yolla, oxumaqla, müşahidə etməklə, eksperiment aparmaqla onun üçün maraqlı problemə aid daha çox məlumat toplamağa çalışır. Bu xarakterik xüsusiyyət kifayət qədər kiçik yaşlardan özünü göstərsə də, bütün yaş mərhələlərində o, istedadlı insanların əsas xarakteridir.
Həqiqi yaradıcı insanın ən vacib keyfiyyətlərindən biri də onun problemə yüksək həssaslığı, digərləri üçün sanki aydın olanları tam görmək qabiliyyətidir. Problemə yüksək həssaslıq təlimin xarakteri ilə əlaqədardır. Sərbəst tədqiqat işlərinə istiqamətləndirilmiş təlim bu qabiliyyəti inkişaf etdirir. Xüsusi qabiliyyəti olan insanlar elə uşaqlıqdan divergent məsələlərə, başqa sözlə tipik, formal məsələlərə deyil, yaradıcı, problemli, bir neçə cavabı olan müxtəlif məsələlərə maraq göstərirlər. Divergent məsələlər üçün müxtəlif situasiyalı məsələlər, o cümlədən aktiv yaradıcılığı stimullaşdıran qeyri-müəyyənlik dərəcəsi yüksək olan məsələlər xarakterikdir.
Yeni, orijinal ideya irəli sürmək, geniş məlum olan, mənasız ideyalardan fərqlənən ideya ortaya qoymaq orijinal düşünmə adlanır. Orijinallıq və yaxud onun olmaması bütün fəaliyyət növlərində, oyun və şəkillərdə, həmyaşıd və yaşlılarla münasibətdə və davranışda təzahür edir.
Yaradıcılığın əsası - təfəkkürdə tamlıq, başqa sözlə, fəaliyyətin yeni strategiyasının tez və asan tapılması, assosiativ əlaqənin qurulması, bir sinif hadısədən məzmunca ondan çox uzaq olan digər qrup hadisələrə keçmək bacarığıdır.
Xüsusi qabiliyyətin başqa bir tərəfi çoxlu sayda yeni ideyaların verilməsi, yəni təfəkkürün məhsuldarlığıdır. İdeya çox olduqca, müqayisə, inkişaf, dərinləşdirmə üçün optimal seçim imkanı da böyük olur.
Yaradıcılıq məlum baxışlar, əlaqə və münasibətlərdən gizli olanları görmək qabiliyyətidir, əvvəllər heç kimin baxmadığı analoji halları tapıb üzə çıxarmaqdır.
İstedadlı insanlara diqqətin yüksək konsentrasiyası qabiliyyəti xasdır. Bu, istənilən şəraitdə, hətta ciddi maneə olduqda belə işləmək, tam məsələnin həllinə aludə olmaqla xarakterizə olunur.
Xüsusi qabiliyyətli insanlara xas olan əsas keyfiyyətlərdən biri də mütəxəssislərin qeyd etdiyi kimi əla yaddaşdır.
Alimlər xüsusi qabiliyyətin bir xassəsini də qiymətləndirmə qabiliyyətində görürlər. Bu, tənqidi təfəkkürün inkişafı, özünün və digərlərinin fəaliyyətinin qiymətini dəqiq müəyyənləşdirmək bacarığıdır. Digər bir xassə maraq dairəsinin genişliyidir.
Xüsusi qabiliyyətli insanların yaradıcılıq fəaliyyətinin bu xüsusiyyətlərindən başqa, həm də onların şəxsi xarakterləri və ətraf mühitlə qarşılıqlı münasibətlərinin üsulları fərqlidir. Məsələn, onlar hər işi ən yaxşı tərzdə yerinə yetirir və ən az əhəmiyyətli detallara belə əhəmiyyət verirlər.
Xüsusi qabiliyyətin əsas əlamətlərindən biri də avtonomluq, yəni ətrafdakıların fikrindən asılı olmamaqdır. Elə olur ki, bu əlamət həmin uşağın ətrafdakılarla münasibətlərində çətinliklər yaradır. Müəllimlər, valideynlər, həmyaşıdları onların sərbəst mövqeyinə dözmürlər. Adətən onları həm də ənənəvi təlim üsulları qane etmədiyindən sözəbaxan olmurlar. Bu uşaqlar çox zaman nəinki əlaçı, heç yaxşı oxuyan da olmurlar. Ənənəvi stildə məşğələlər, müəllimdən sadə yolla alınan məlumatlar onlar üçün maraqsızdır. Nəticədə çox hallarda müəllimlə gizli, yaxud aşkar şəkildə konfliktlər baş verir.
Xüsusi qabiliyyətli uşaqları aşağıdakı qruplar üzrə təsnifləşdirmək olar:
1. Yüksək intellektli uşaqlar.
2. Yüksək səviyyəli yaradıcılıq qabiliyyətli uşaqlar.
3. Müəyyən sahə üzrə nailiyyətlər qazanan uşaqlar.
4. Yaxşı oxuyan uşaqlar.
Belə klassifikasiya uşaqlarla işi planlaşdırarkən istifadə etmək üçün məlumat bankı yaratmağa imkan verir.
Xüsusi qabiliyyətli uşaqlarla işin əsas mərhələləri aşağıdakılardır:
1. Uşaqların yaş və psixoloji xüsusiyyətləri haqqında materialların toplanması, təhlili və sintezi.
2.Toplanmış materiallar əsasında bir neçə yaş qruplarını ayırmaq və onların yaradıcılıq qabiliyyətinin inkişafı istiqamətlərini müəyyənləşdirmək.
3. Xüsusi qabiliyyətli uşaqlarla işin forma və metodlarını daim təkmilləşdirmək.
4. Xüsusi qabiliyyətli uşaqlar haqqında informasiya yerləşən məlumat bankını yaratmaq.
Hazırda xüsusi qabiliyyət anlayışının dəqiq tərifi yoxdur. Onun müəyyənləşdirilməsinin bir çətinliyi də ondadır ki, çox vaxt xüsusi qabiliyyət və istedad terminləri eyniləşdirilir və ya onlara sinonim kimi baxılır. 1973-cü ildə ABŞ təhsil komitəsi xüsusi qabiliyyətin tərifini belə vermişdir. "Xüsusi qabiliyyətli və istedadlı uşaq o uşaqlara demək olar ki, təcrübəli mütəxəssislərin qiymətləndirilməsinə görə bir və ya bir neçə fəaliyyət sahəsində - intellektual, akademik, yaradıcı, ünsiyyət və liderlik, incəsənət və idmanda yüksək fəaliyyət nümayiş etdirsin".
Beləliklə, xüsusi qabiliyyətin tərifində inkişaf və yaradıcılıq qabiliyyəti üstün rol oynayır. Xüsusi qabiliyyətli uşaqların əsas fərqləndirici xüsusiyyəti ondadır ki, onların düşünmə tərzi heç kimə oxşar olmayan, qeyri-standart və orijinal olur. Xüsusi qabiliyyətli uşaqlar, bir qayda olaraq, güclü yumor hissi ilə fərqlənir və geniş müşahidə qabiliyyətinə malik olurlar. Onların digər bir xarakteri maraq sahəsinə aid olan məsələlərdə həddindən artıq inadkar olmalarıdır.
Xüsusi qabiliyyətli uşaqların aşkar edilməsi məktəb həyatının ən vacib proseslərindən biridir. Xüsusi qabiliyyət şəxsiyyətin dəyişilməz keyfiyyəti olmadığından onun ilkin diaqnostikası etibarlı sayıla bilməz. Uşağın xüsusi qabiliyyəti onun inkişafının daha sonrakı mərhələlərində də aşkar oluna bilər. Buradan aydındır ki, diaqnostika proseduru bütün şagird kontingentini əhatə etməli, müəyyənləşdirilmiş dövrdə aparılmalı, hər bir uşaq üçün tədris proqramında korrektəyə əsas olmalıdır. Xüsusi qabiliyyətli uşaqların yaradıcılıq potensialının inkişafı xüsusi yaradıcı proqram və tədris materiallarının işlənib hazırlanmasını və reallaşdırılmasını tələb edir. Xüsusi qabiliyyətlilərin təliminə tipik yanaşma məktəb tədris proqramının sürətlə və dərindən öyrənilməsinin təşkilidir.
Standart proqramlarda müxtəlif mövzulara daha çətin və əlavə materiallar daxil edilir. Lakin çətinlik səviyyəsini yüksəltmək və materialların sayını artırmaq şagirdlərin xüsusi qabiliyyətlərinin inkişafına optimal şərait yaratmır. Adi məktəb proqramlarında demək olar ki, yaradıcı məsələlər yoxdur. Yaradıcılığa tələbat xüsusi qabiliyyətin reallaşdırılması üçün həm də intellektual səviyyənin yüksəldilməsini tələb edir. Hazırda xüsusi qabiliyyətli uşaqların yaradıcılığı, ünsiyyət bacarığı, liderliyin formalaşdırılması və digər şəxsi keyfiyyətlərinin inkişafı üçün xüsusi təlim proqramları hazırlanmalıdır. Xüsusi qabiliyyətli uşaqlarla iş zamanı təlimin dialoq formasından istifadə etmək məqsədəuyğundur. Təlim prosesində indiyədək tətbiq olunan ünsiyyət forması (müəllim soruşur, şagird cavab verir) məsələnin qoyuluşunda şagirdin aktivliyini məhdudlaşdırır.
Psixoloqlar uşaqların qabiliyyətlərinin əsas inkişaf tələbatlarını stimullaşdırmağın optimal şəraiti kimi tədris prosesinin aşağıdakı xarakteristikalarını qeyd edirlər:
· Uşağın özünü yüksək qiymətləndirməsi, başqa sözlə, onda öz qüvvəsinə kifayət qədər inam yaradılması.
· Dərsdə və ailədə müvafiq psixoloji iqlim yaradılması. Öyrənməyə tələbat, biliyə sevgi münasibəti şəraitində inkişaf edə bilər.
Son zamanlar fərdi tədris planları haqqında çox danışılır. Öz maraqları dairəsində sərbəst məşğul olmaq üçün, adətən, xüsusi qabiliyyətli uşaqların asudə vaxtları çox qalır. Fərdi tədris planı xüsusi qabiliyyətli uşaqların ayrı-ayrı fənləri həm kiçik həcmdə, həm də az nəticə ilə öyrənməyə, qüvvəni əsas fənlərə saxlamağa imkan verir.
Praktik olaraq bütün tədqiqatçılar bu nəticəyə gəlmişlər ki, xüsusi qabiliyyətli uşaqlarla işləmək üçün onların tələbatlarına cavab verə bilən xüsusi təlim keçmiş pedaqoqlar lazımdır. Bəs, xüsusi qabiliyyətli uşaqlar və onların valideynləri ilə işləyəcək pedaqoqlarda hansı professional keyfiyyətlər olmalıdır?
Müxtəlif fəaliyyət sahələri üzrə uşağın xüsusi qabiliyyətinin əlamətlərini sezə bilmək bacarığı. Buraya:
1. Təlimi diaqnostikanın nəticələrinə uyğun qurmaq bacarığı.
2. Öz fəaliyyətini valideynlərin fəaliyyəti ilə koordinasiya etmək bacarığı.
3. Valideynlərlə və şagirdlərlə məsləhətləşmək bacarığı.
4. Professional yetişkənlik.
5. Xüsusi qabiliyyətli uşaqlarla işləmək üçün nəzəri və praktiki hazırlıq.
6. Emosional stabillik.
7. Özünü təhlil etmək bacarığı.
8. Dəqiqlik, səmimilik, yumor hissinin olması.
9. Xüsusi qabiliyyətli uşaqların inkişafı və təlimi üzrə konseptual modellərlə tanışlığı daxildir.
Müəllimin xüsusi qabiliyyətli uşaqlarla işi mürəkkəb və davamlı prosesdir. Bu hər şeydən əvvəl, müəllim və məktəb rəhbərliyindən onların psixologiyası və təlimi sahəsində yaxşı bilik, digər müəllimlərlə, valideynlərlə, psixoloqlarla daimi əməkdaşlıq tələb edir. O, həm də daim müəllimdən öz ustalığını inkişaf etdirməyi tələb edir.
Xüsusi qabiliyyətli uşaqlarla fərdi iş
Xüsusi qabiliyyətli uşaqlarla təmas, ünsiyyət pedaqoqdan professionallıq, yaradıcılıq, yüksək məntiqi düşüncə tələb edir.
Hər sinifdə belə şagirdlərin aşkar edilməsinin müxtəlif sayda üsulları var. Məsələn, müsahibə, dərslərdə diaqnostika, yeniliyin necə qəbul edilməsi səviyyəsinin testin köməyilə yoxlanılması, çətinliyi artırılmış fərdi məsələlərlə iş və s.
İstedadlı uşaqlarla iş dərslərdə onlara daha qayğı ilə yanaşmaqla dərnəklərdə, fərdi qrup işlərində, eləcə də dərsdənkənar vaxtlarda konsultasiya şəklində davam etdirilməlidir.
Sinifdə müxtəlif inkişaf səviyyəli uşaqlarla işi güclü uşaqlarla əlaqələndirmək, güclülərə sərbəst yaradıcı işlərə aid olan tapşırıqlar verilməlidir. Hər bir dərsdə qeyri-standart düşünmə tərzi tələb edən tapşırıqlar yazılmış kartoçkalar hazırlanmalıdır. Ədəbiyyat dərslərində mövzunu sərbəst seçməklə müxtəlif inşa variantlarını tətbiq etmək olar.
Xüsusi qabiliyyətli uşaqlarla əlverişli təlim şəraitini hər dərsdə yaratmağa çalışmaq lazımdır. Ədəbiyyatın dərindən öyrədilməsi müxtəlif ədəbi janrlar, süjet, kompozisiya, müəllifin stili və sair kimi anlayışların sərbəst öyrənilməsi gələcəkdə mətnin ədəbi təhlilinə hazırlığa kömək edir. Şagirdlər özləri mühazirə hazırlayır, ayrı-ayrı mövzularda sərbəst çıxış edirlər.
Xüsusi qabiliyyətli uşaqları yaradıcılıq prosesinə cəlb etmək məqsədilə problemli situasiya yaratmaq, problemin həlli yollarını axtarmaq üçün maraq oyatmaq, qeyri-standart situasiyalar yaratmaq, öz əqli təhlillərini vermək lazımdır. Bu isə artıq yaradıcı təfəkkürü inkişaf etdirən yaradıcılıq prosesidir.
Məqsədlər.
1. Xüsusi qabiliyyətli uşaqların aşkar edilməsi.
2. Optimal inkişafa şərait yaratmaq.
Məsələlər.
1. Müxtəlif fəaliyyət sahələrində yüksək nəticələr göstərən və müəyyən sahələrə meyili olan uşaqların aşkar edilməsi üçün dərsdənkənar təlim fəaliyyəti və dərslərdə məqsədyönlü müşahidələrin aparılması.
2. Xüsusi qabiliyyətin varlığını müəyyənləşdirməyə imkan verən materialların seçilməsi və testlərin aparılması.
3. Təlim sistemindən sərbəst düşüncəni, təşəbbüs və yaradıcılığı inkişaf etdirən metod, forma və üsulların seçilməsi.
4. Xüsusi qabiliyyəti artıq aşkar edilmiş şagirdlər üçün fərdi təlim proqramının işlənilib hazırlanması.
Xüsusi qabiliyyətli uşaqlarla iş üç istiqamətdə aparılır.
1. Şagirdlərlə:
· Konfrans,
· Olimpiada, viktorina, müsabiqələr,
· Fənn üzrə məsləhətlər,
· Fərdi proqramla iş.
2. Pedaqoqlarla:
· Yaradıcı qrup,
· Pedaqoji mühazirə,
· Direktor müavinlərinin yanında iclaslarla iş.
3. Valideynlərlə:
· Valideyn iclası,
· Anketləşdirmə,
· Tövsiyələrin seçilməsi,
· Fərdi söhbət vasitəsilə iş.
Xüsusi qabiliyyətli uşaqlarla işin forma və metodları
Ən mühüm problem xüsusi qabiliyyətin saxlanması və inkişafıdır. Bizim qarşımızda duran əsas problem hər bir şəxsiyyətin inkişafına kömək etməkdir. Ona görə də uşaqlarda qabiliyyətlərinin səviyyəsini və onun müxtəlifliyini müəyyənləşdirmək vacibdir, lakin ondan da vacibi bu qabiliyyətlərin düzgün inkişafını həyata keçirməkdir. Xüsusi qabiliyyətli uşaqlarda tədqiqatçılıq və axtarıcılıq qabiliyyəti dəqiq müşahidə olunur. Bu isə onları təlim prosesində yaradıcı işlərlə yükləməyə, aktiv əqli fəaliyyət tələb edən işlərlə təmin etməyə imkan verən şərtlərdən biridir.
Tədris prosesində xüsusi qabiliyyətli uşaqların inkişafına onun daxili potensialının inkişafı kimi, yaradıcı, özü yaradan aktiv yaradıcı, sərbəst seçmək qabiliyyətlinin, müəllif olmaq qabiliyyətinin inkişafı kimi baxmaq lazımdır.
Ona görə də xüsusi qabiliyyətli uşaqlarla işin forma və metodları qeyd edilən bu məsələlərin həllinə yardım etməlidir.
İş metodları:
1. Tədqiqatçılıq.
2. Hissə-hissə axtarıcılıq.
3. Problemli.
İş formaları:
1. Sinif-dərs, müxtəlif səviyyəli tapşırıqlar, yaradıcı məsələlər.
2. Üzə çıxan problemlər üzrə məsləhətləşmə.
3. Dərnəklər.
4. Diskussiyalar.
5. Oyunlar.
İş planı
1. Xüsusi qabiliyyətin inkişafı üzərində o vaxtadək işləməli ki, nəticə real olsun, onun davamlılığı, haqqında artıq tam fikir yürütmək mümkün olsun.
2. Yazmaq, özündən müəyyən inşa hazırlamaq üçün böyük lüğət ehtiyatına malik olmaq lazımdır. Bu isə uşağın əqli qabiliyyətinin inkişafı kriteriyasının nəticəsidir.
3. Oyunlarda Aydanın yaradıcılıq qabiliyyəti güclü inkişaf edib. Müəllimin qarşısında duran məsələ gözlənilməyən, orijinal üsulları tapmaq qabiliyyətinin inkişafına kömək etməkdir.
Tədris prosesində xüsusi qabiliyyətli uşaqların inkişafında çox vacibdir: fənn olimpiadaları; intellektual marafonlar; müsabiqə, viktorinalar; müxtəlif mövzular üzrə layihələr; fərdi yaradıcılıq tapşırıqları.
Gülşən HACIYEVA Azərbaycan müəllimi.- 2010.- 15 oktyabr.- S.19.