Məktəblilər "Mavi balina"nın sehrinə düşüb - EKSPERT
Rusiyada geniş yayılan və yüzlərlə gəncin ölümünə səbəb olan "Mavi balina” oyunu ölkəmizdə də yayılaraq öz qurbanlarını axtarır.
Qeyd edək ki, təhlükəli oyunun təsirinə düşüb intihar edənlər gənclərin, xüsusilə orta məktəblilərin sayı artmaqdadır.
Bir müddət öncə Şamaxının Mədrəsə kəndində 15 yaşlı məktəbli özünü yaşadığı tikilidən asmışdı.
Araşdırmalar zamanı məktəblinin "Mavi balina” oyununun təsiri ilə canına qəsd etdiyi bildirilir. Bu tükürpədici olay tam səngiməmiş növbəti intihar xəbərləri də yayılmağa başladı. Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 76 saylı məktəbin 6-cı sinif şagirdləri intihar məqsədilə damarlarını kəsib. Daha sonra isə Ağdaş rayonu Ləki qəsəbəsində 7-ci sinif şagirdi İsmayıl Adıgözəlov yaşadığı evin həyətindəki tövlədə özünü kəndirlə asaraq intihar edib.
Baş verənlərdən sonra Daxili İşlər Nazirliyi məktəbdə ölümcül oyunla bağlı araşdırmalara başlayıb.
Bəs, araşdırmalar şagirdlərin canlarına qəsd etməsinə son qoya bilərmi? Ümumiyyətlə, şagirdləri intihara vadar edən nədir? Məktəblərdəki bu neqativ halları rəhbərliyin diqqətsizliyi adlandırmaq olarmı?
...məktəb rəhbərliyi məsuliyyətli olmalıdır
Tarix elmi üzrə fəlsəfə doktoru, təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, təəssüflər olsun ki, orta məktəblərdə şagirdlərin asudə vaxtlarının səmərəli istifadə olunması ilə bağlı ciddi problemlər var. Məhz buna görə də, məktəblilər arasında psixoloji cəhətdən problemləri olan, intihara cəhd edən şagirdlərin sayı ildən-ilə artır:
"Son günlər ərzində "Mavi balina” oyunu ilə bağlı bəzi şagirdlər arasında fiziki xəsarət alanlar barədə məlumatlar yayılıb. Lakin təkcə bu oyun təhlükə mənbəyi deyil. Xoşagəlməz məsələ odur ki, bu gün məktəblərin yaxınlığında kompüter oyunları olan obyektlər fəaliyyət göstərir. Təhsil Xidmətləri Araşdırma Mərkəzi olaraq apardığımız araşdırmalardan sonra ortaya xoşagəlməz mənzərə çıxdı. Belə ki, şagirdlər 5-6-cı dərsdən sonra kütləvi şəkildə həmin internet klublara, kompüter oyunları olan məntəqələrə üz tuturlar. Onların bu məntəqələrdə oynadığı oyunlar kifayət qədər təhlükəli oyunlardır. Uşaqlar "silahlı”, vəhşi görünüşlü, qorxunc səslənən oyunlar oynayırlar. Biz uzun müddətdir çalışırıq ki, dərslik və tədris materiallarında şiddətli, düşmənçilik ruhunu aşılayan informasiyalar yer almasın, lakin şagirdlər dərsdən sonra bu tipli yerlərə getməklə özlərinin yaş xüsusiyyətlərinə və psixologiyalarına uyğun olmayan informasiya ilə yüklənmiş olurlar. Bu da onların gələcəyi üçün çox təhlükəlidir.
Şagirdlərin məktəbdən kənar fəaliyyəti məktəb direktorunun tamamilə nəzarətində olmalıdır. Onun rəhbərliyi altında şagirdlərin asudə vaxtlarının səmərəli istifadə edilməsi üçün fəaliyyət planı hazırlayıb həyata keçirilməlidir ki, onlar təhlükəli oyunların aludəçisinə çevrilməsinlər. Çox təəssüf ki, bu gün bizim demək olar ki, bütün məktəb rəhbərliyi öz işini ancaq məktəb daxilində və dərs saatlarında olduğunu düşünürlər. Amma onlar unutmamalıdır ki, şagirdin 11 illik bütün həyatı birbaşa orta məktəblə bağlıdır və onlar şagirdin bütün həyat və fəaliyyətinə nəzarət etməlidirlər. Buna görə onlar məsuliyyət daşıyır. Bundan başqa vacib olan məsələlərdən biri də məktəb binalarının yaxınlığında kompüter oyunları, internet klubları, çay evləri kimi obyektlərin fəaliyyətinə qadağa qoyulmasıdır”.
...belə oyunlara meyillilik ailədən gəlir
Əməkdar müəllim, təhsil üzrə ekspert Almaz Həsrət isə bildirib ki, şagirdlərin oynadığı təhlükəli oyunlar və intihar halları ilə bağlı xəbərlərin tirajlanması heç də düzgün deyil. Ekspertin sözlərinə görə, bu gün məktəblinin ölümünə səbəb olan qorxulu oyunların adını çəkməklə əslində bu oyunları təbliğ etmiş oluruq. Məhz buna görə də istər-istəməz bəzi şagirdlərdə maraq yaranır və dərhal həmin oyun barədə məlumat toplamağa çalışırlar:
"Son zamanlar kompüter oyunları, xüsusilə "Mavi balina” adlı oyun bir virus, xəstəlik kimi cəmiyyətimizə daxil olub. Təhsil Nazirliyinin rəsmi nümayəndələrinin sosial şəbəkədəki statuslarını oxuyarkən bu oyun barədə məlumatlı oldum və çox təəssüf elədim ki, niyə bu məlumatı yayırlar? Bu, pis hadisədirsə, nəticədə mənfi bir cərəyanın yaranmasına şərait yaradacaq.
Ümumiyyətlə, Təhsil Nazirliyi və dövlətimiz tərəfindən belə hallar ciddi nəzarətə alınır. Orta məktəblərdə internetə daxil olarkən hər hansı bir saytın açılmasına xüsusi diqqət ayrılır və müəyyən lazımlı saytlara daxil olmaq imkanı yaranır.
Ola bilsin ki, hansısa bir şagird daha çox məlumatlıdır, yəni İKT bacarığı güclüdür. Bu zaman əgər müəllimin nəzarəti zəifdirsə, onda şagird məktəbdə təhlükəli saytlara və oyunlara daxil olmaq imkanı əldə edir.
Unutmayaq ki, 21-ci əsrin şagirdləri bizim keçmişdəki uşaqlığımız deyil, onlar bizdən daha mükəmməldir. Ona görə də o uşaqlar bizdə olmayan bilgiləri kənarda axtarmağa meyillənirlər və özlərində olan boşluğu doldurmaq üçün kənarda maraq dairələrinə uyğun olanları axtarırlar. Bu da məktəbdə çalışan rəhbərliyin üzərinə böyük məsuliyyət qoyur. Müəllimlər internetdən istifadə qaydasını və mədəniyyətini şagirdlərə elə aşılamalıdır ki, onlar şagirdlərin beyninə həkk olunsun.
Belə bir deyim var, "uşağa nəyisə qadağan etsək, onlarda daha çox maraq oyanar”. Biz onlara qadağa etsək ki, "bu sayta girməyin və bu oyunu oynamayın” təbii ki, onlar bunu yerinə yetirəcəklər”.
A.Həsrət həmçinin bildirib ki, bu cür oyunlara meyillilik əsasən ailədən gəlir. Ailədə diqqət və nəzarət olmadısa o zaman həmin uşaqlar neqativ hallarla üzləşirlər:
"Əgər ailədə nəzarət yoxdursa, onda həmin uşaq darıxdığından və özündə olmayan hər hansı bir bilgi boşluğunu doldurmaq üçün təhlükəli saytlara girəcək və ya oyun oynayacaq. Normal səviyyəli ailədə uşaq bu cür neqativ oyunlardan və ya saytlardan istifadə etməz. Dayağı zəif olan ailədən bunu gözləmək mümkündür. Ona görə də bunların qarşısı alınmalıdır. Dövlət və internet məkanını idarə edənlər tərəfindən bunlara ciddi nəzarət olunmalıdır.
Düşünürəm ki, bu cür neqativ hallar yalnız və yalnız məktəbdən kənar olur. Dərs zamanı onlar heç cür o imkanı əldə edə bilməzlər.
Çünki dövlət tərəfindən bu, idarə olunur və nəzarətdədir. Çox istəyərdim ki, məktəblilərimiz neqativ hallardan uzaq olsunlar və təhsilimizin fədakar müəllimləri daha maraqlı dərs metodlarından istifadə etsinlər. Önəmli resurslar hazırlayıb yerləşdirsinlər ki, şagirdlərimizin maraq dairəsini doldura bilək”.