Elmi-pedaqoji ədəbiyyatda və məktəbşünaslığa aid rəsmi sənədlərdə "son zəng" anlayışı olmasa da bu tədbir sanki məktəbin məqsəd və nəticəsinə dönüb. Sadəcə məktəbin buraxılış siniflərinin son dərsi həmin sinif şagirdləri üçün həyatının uşaqlıq dövrünün bitməsi, yeni həyata qədəm qoyması anı kimi əlamətdardır.
Buna görə də məktəbin tədbirlər planında özünə yer tutan çoxsaylı tədbirlrədən biri kimi buna baxmaq olar. Bu tədbir ilk əvvəl məktəb məzunlarının öz bilik və tərbiyələri ilə digər şagirdlərə nümunə timsalında keçirilərdi. Lakin son illər bu tədbir bir növ əyləncə və şou xarakteri daşımaqla məktəb sərhədlərini keçərək cəmiyyətin bütün sferalarına sirayət edib.
Şagirdlər şəhərin və rayonun istirahət, əyləncə mərkəzlərinə toplaşmaqla yaşlarına və şagird tərbiyəsinə məxsus olmayan tərzdə bunu bayağı musiqi, yüngül davranışlar sərgiləməklə qeyd edirlər. Hətta bu bayağılıq və təlim-tərbiyəyə uyğun olmayan formatdakı tədbirlər məktəbin özündə də özünü göstərir. Bu tədbir kriminal miqyasına görə yeganə qeyri-siyasi tədbirdir ki ölkə polisi gücləndirilmiş iş rejimində ona nəzarət edir.
İnformasiya vasitələrində bu tədbirin görüntüləri özü sübut edir ki məktəblər üzərilərinə düşən təlim və təhsil məsləsini deyil heç tərbiyə məsləsini də yetərincə yerinə yetirmirlər. Hətta bu tədbirlərdə şagirdlərə qoşulub və onlardan heç də geri qalmayan müəllimlər də özünə yer alır. Sərxoşluq, geyimi ilə şoumenlərdən fərlqənməyənlər, restoranlarda yüngül həyat tərzi keçirənlərə xas hərəkətlər müəllim və şagirdləri də əhatə edir.
Təhsil nazirinin "son zəng" tədbiri haqqında əmri də özü bir dolaşıqlığa yol açır. Əmrin ilk cümləsi bu tədbirin ancaq məktəbdə keçirilməsi ilə başlayır və digər bəndlər də elə bu məqsədə xidmət edir. Hərçənd əmrdə "son zəng" tədbirinin hüquqi və pedaoqji əsası göstilməsə də onun keçirilməsi təhsil müəssisələrinin üzərinə qoyulur.
Bu tədbirin hansı formada və hansı maliyyə mənbəsi hesabına keçirilməsi də əmrdə özünə yer almır. Ən əsası isə həmin gün dərsdən sonra şagirdlərin yığışaraq bu tədbiri özünəməxsus formada keçirəcəyi halının istisna edilməsi də diqqəti çəkir. Məktəb bu tədbirə nəzarət edə bilərmi? Onun mexanizmi nədir? Əslində məktəbdə bu nəzarətin mexanizmi tərbiyə funsksiyası olmalı idi ki onu da bir gün ərzində həyata keçirtmək absurddur.
Təkcə son ayda bir bölgədə bu tədbirlə bağlı ststistikaya baxaq: Masallıda son zəngə hazırlıq zamanı bir məktəblinin digəri tərəfindən öldürüldü, Cəlilibadda iki şagirdin suda boğuldu və Lənkəranda tədbirə hazırlıq zamanı yeniyetmələrin avtomobil idarə etməsi nəticəsində qəza baş verdi və onlar həlak oldular.
"Son zəng” tədbiri bağlı nazirliyin əvvəlki əmrlərində onun saat 10:00-dan başlayaraq üç saat müddətində yalnız müəssisənin ərazisində keçirilməsi qeyd olunurdu. Hazırkı əmrdə bu qeyd olunmasa da şübhə yoxdur ki bu həmin gün məktəbdə nəinki buraxılış, bütün siniflərdə dərslərin iflic olmasına səbəb olacaq.
Müəllimlər perespektiv planlaşmada son zəng günü dərs deyəcəkləri siniflərdə məktəbdaxili qiymətləndirmənin keçirəcəklərini qeyd edir və bu planlaşmanı məktəb rəhbərliyi də bəyənir. Faktiki dərs ilinin son günü məktəbdə dərs saatalrı keçirilməsə də rəsmən bu dövlət sənədlərinə qeyd edilir. Kiçik yaşlı məktəblilərin bu tədbirlərə marağı və meylinin olmaması və məktəbdəki qarışıqlıq və nəzarətsizlik şəraitində onların təhlükəli vəziyyətdə olamsı da şübhəsizdir.
Müvəqqəti çıxış yolu kimi bu "son zəng" tədbirinin axırıncı dərs saatı bu rəmzi zəngin çalınmasından sonra məktəbdə, lakin ikinci növbədə keçirilməsini göstərmək olar. Ən yaxşı varinat isə axırıncı dərs gününün ilk saatı şagirdlərdən kitabların yığılması, onlara illik qiymətlərin elan edilməsi və yay tapşırıqlarının verilməsi məqsədi üçün istifadə edilməklə həmin gün ənənəvi dərslər keçirilməsin və saat 10:00-da 3 saat ərzində akademik dəyərlərə uyğun "son zəng" tədbiri keçirilməklə dərs ilinə son verilsin. Çünki dərs kitablarının təhvil verilməsi, illik qiymətlərin elan edilməsi və yay tapşırıqlarının verilməsi prosesi özü də məktəbin iş rejiminin bir hissəsi olmalıdır.
Məhz bu səbəbdən məktəbdə son günlər keçirilən qiymətləndirmənin nəticələrinin şagirdlərə elan edilməsi və dərsliklərin yığılması prosesi müəyyən çətinliklərlə müşayət olunur. "Son zəng” tədbiri ilə yanaşı bu proseslərin aparılması və eyni zamanda dərslərin keçirilməsi bir hərcmərcliklə müşayət olunur. Mövcud vəziyyətdə sanki məktəb öz illik fəaliyyətinə gərgin, nəzarət olunmayan, kriminal, həyacanlı bir şəraitdə son verir.