Qəbul imtahanlarında da danışıq bacarıqları yoxlanılacaq?
Dövlət İmtahan Mərkəzi (DİM) magistraturaya qəbul imtahanlarında danışıq bacarıqlarının yəni “speaking” mərhələsinin qiymətləndirilməsini nəzərdə tutur. Hələlik bu qayda magistraturaya qəbul imtahanlarında istifadə edilsə də, bakalavrda da oxşar suallardan istifadə edilməsi müzakirə edilir.
AzTehsil.com xəbər verir ki, açıqlamasında Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova qeyd edib ki, magistratura səviyyəsində “speaking” imtahanının tətbiqi çox doğru addımdır və bunu bakalavr pilləsinə qəbulda da görmək vacibdir.
“Çünki dil öyrənməyin əsas məqsədi ünsiyyətdir, amma bizdə qəbul imtahanları hələ də əsasən qrammatika və test üzərində qurulub. Son illər Dövlət İmtahan Mərkəzinin 9 və 11-ci sinif buraxılış imtahanlarında yeni tipli test tapşırıqları – dinləmə, oxuma və yazı bacarıqlarına yönəlik modellər tətbiq olunmağa başlayıb, bu çox sevindiricidir. Amma buna baxmayaraq məktəblərdə müəllimlərin danışıq bacarıqlarının inkişafı və şagirdlərə bu istiqamətdə testlər, qiymətləndirmə nümunələri təqdim etməsi hələ də tam kifayət qədər deyil”.
O həmçinin vurğulayıb ki, əgər “speaking” qəbul imtahanına daxil olsa, müəllimlər məcburən ünsiyyət yönümlü dərslərə daha çox yer ayıracaq, şagirdlər də dili real həyatda istifadə etmək üçün öyrənməyə başlayacaqlar:
Ətraflı
“Dünya təcrübəsində də bu belədir: IELTS, TOEFL, Cambridge imtahanları danışığı əsas komponent kimi qiymətləndirir, bir çox Avropa ölkələri isə bunu mərhələli şəkildə tətbiq edib”.
G.Əkbərova onu da diqqətə çatdırıb ki, təbii ki, birdən-birə bütün ölkə üzrə tətbiq etmək çətin ola bilər:
“Ona görə də pilot imtahanlar keçirmək, müəllimlərə danışıq bacarığının necə qiymətləndiriləcəyini öyrədən təlimlər təşkil etmək, məktəblərdə kiçik danışıq klubları yaratmaq, hətta onlayn platformalarda şagirdlər üçün ünsiyyət mühitləri təmin etmək yaxşı başlanğıc ola bilər”.
Yekun olaraq həmsöhbətimiz əlavə edib ki, xarici mütəxəssislərlə və ya beynəlxalq platformalarla əməkdaşlıq da müəllimlərin və şagirdlərin real kommunikasiya mühitinə çıxışını asanlaşdıra bilər:
“Mən düşünürəm ki, düzgün planlaşdırılsa, bu proses 2-3 il ərzində pilot formada, 4-5 ilə isə tam tətbiq oluna bilər. Beləliklə, universitetə daxil olan gənclər yalnız testləri həll edən deyil, öz fikrini ifadə edə bilən, ünsiyyət qura bilən və qlobal mühitə hazır insanlar olacaqlar”,- deyə G.Əkbərova bildirib.