DİM xarici dil üzrə imtahanlarının iştirakçılarına müraciət edib
Azərbaycan Respublikasında yüksəkixtisaslı elmi və elmi-pedaqoji kadrların hazırlanması ali təhsilin ən yüksək səviyyəsi olan doktorantura yolu ilə həyata keçirilir və müvafiq elmi dərəcələrin verilməsi ilə başa çatır. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu ölkəmizdə təhsilin keyfiyyətini yüksəltməyi, onun məzmununa və təşkilinə qloballaşma, inteqrasiya tələbləri baxımından yanaşılmasını zəruri hesab edir. Ölkəmizdə dünya təhsilinə, Avropa standartlarına müvafiq hazırlanan məzmun standartları təhsil sisteminin yenilənməsinə, beynəlxalq aləmə inteqrasiya olunmasına müsbət zəmin yaradır. Bu standartların reallaşmasına xidmət edən forma və üsullar doktorantların qarşısında müstəqil, yaradıcı təfəkkürü inkişaf etdirmək, təşəbbüskar olmaq, digərlərinin fikrinə hörmətlə yanaşmaq və ünsiyyət bacarıqlarının, eləcə də onlarda elm sahəsində liderlik qabiliyyətini formalaşdırmaq kimi ümumi məqsədləri qoyur.
Bu fikirlər Dövlət İmtahan Mərkəzinin xarici dil üzrə doktoranturaya qəbul və fəlsəfə doktoru imtahanlarının iştirakçılarına müraciətində yer alıb. Bildirilir ki, doktoranturaların yaradılması və doktoranturaya qəbul qaydaları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli 129 nömrəli qərarı ilə təsdiq edilib. Həmin qaydalarda dəyişiklik edilməsi barədə Nazirlər Kabinetinin 2019-cu il 13 noyabr tarixli 443 nömrəli qərarına əsasən, doktoranturaya qəbul olmaq istəyənlər xarici dil (rus dili istisna olmaqla), fəlsəfə və ixtisas fənnindən qəbul imtahanları verirlər.
Qərarda da qeyd edildiyi kimi, namizədlərə üç xarici dildən birini seçmək imkanı verilsə də, statistikaya əsasən hər il imtahan verənlərin böyük əksəriyyəti ingilis dilini seçir. Bunun əsas səbəblərindən də biri budur ki, SSRİ dağıldıqdan və müstəqil dövlət statusunu bərpa etdikdən sonra Azərbaycan Respublikasının, eləcə də müttəfiq respublikaların qarşısında duran əsas məsələ inkişaf etməkdə olan dünya ölkələrinə uyğunlaşmaq və çoxşaxəli beynəlxalq əlaqələri genişləndirmək idi. Dövlətlər arasında sərhədlərin ancaq xəritə üzərində bir xətdən ibarət olduğu bir zamanda mədəniyyətlərarası ünsiyyətə hər zaman olduğundan daha böyük ehtiyac yaranıb. Bu gün ingilis dili beynəlxalq ünsiyyət dili (English as a lingua franca) kimi ayrı-ayrı dil daşıyıcısı olan insanların ünsiyyət vasitəsinə çevrilib.
Məhz buna görə də qloballaşan dünyada beynəlxalq dil statusunu indiyədək qoruyub saxlayan ingilis dilinin digər xarici dillər arasında daha geniş öyrənilmə nüfuzuna malik olması danılmaz bir fakt kimi hər kəsə məlumdur. Bu gün isə təəssüf hissi ilə qeyd etmək lazımdır ki, istər doktoranturaya qəbul olmaq istəyən, istərsə də hazırda doktorant olan namizəd və iddiaçıların bir qismi qəbul olunan qaydaları, imtahan üçün qoyulan tələbləri qeyri-adekvat şəkildə şərh edir və bu imtahanların keçirilməsinin labüd olmadığı istiqamətində əsassız səbəblər gətirirlər. Namizəd və iddiaçılar xarici dilə qoyulan tələbləri uyğunsuz hesab edərək, bu tələblərin elmin inkişafına süni şəkildə yaradılmış bir maneə olaraq qiymətləndirirlər.
Halbuki doktoranturaya qəbul olmaq istəyən namizədlərdən məhz yuxarıda sadalanan məqsədləri nəzərə alaraq, xarici dil imtahanında çoxpilləli təhsil sistemi çərçivəsində əvvəllər mənimsədikləri bilik və bacarıqları, söz ehtiyatını, praktik qrammatikanın əsaslarını nitq fəaliyyətinin bütün növləri üzrə kompleks şəkildə, yəni şifahi nitq, dinləyib-anlama, oxu və akademik yazı vərdişləri əhatə olunmaqla nümayiş etdirməkləri tələb olunur.
Namizədlər bütün bu sadalananlarla yanaşı, həmçinin elmi-kütləvi üslublu mətnləri, ixtisasın geniş və dar profilləri üzrə ədəbiyyatı təhlil edərək öz fikirlərini şifahi və yazılı şəkildə əsaslandırmaq, elmi məruzələrlə auditoriya qarşısında çıxış etmək və verilən sualları cavablandırmaq, müzakirə olunan məsələlərə münasibət bildirmək, elmi məqalə, tezis, xülasə və təqdimat hazırlamaq bacarıqlarına da malik olmalıdırlar.
Xarici dillərin öyrənilməsinin başlıca məqsədi öyrənilən dilə ünsiyyət vasitəsi kimi yiyələnmək və ondan kommunikativ məqsəd üçün istifadə etməkdir. Xarici dillərin tədrisinin əsas məzmunu dil və nitq sahəsində bilik və bacarıqların formalaşdırılması, xarici dil təliminin real həyatla əlaqəsinin möhkəmləndirilməsi, yəni dil sahəsində qazanılmış bilik və bacarıqların nitq vərdişlərinə çevrilməsi istiqamətinə yönəldilməlidir.
Müasir dövrdə müstəqil Azərbaycan Respublikasının müxtəlif aparıcı dünya ölkələri arasında beynəlxalq nüfuzunun genişləndiyi, beynəlxalq əlaqələrin və dostluq münasibətlərinin yüksək səviyyədə qurulduğu bir dövrdə gələcək nəsillərin öyrəndikləri xarici dildə öz fikirlərini daha aydın, məntiqli, akademik tərzdə nəinki şifahi, həmçinin yazılı formada ifadə edə bilmək bacarıqlarının formalaşdırılması və inkişaf etdirilməsi olduqca önəmlidir və təhsilin bu pilləsində xarici dillərə qoyulan tələblərin aktuallığını bir daha təsdiq edir.
Mövcud ədəbiyyatı araşdırsaq görərik ki, doktorantura səviyyəsində xarici dil üzrə imtahanların keçirilməsi Dövlət İmtahan Mərkəzinə həvalə olunmazdan öncəki illərdə ali təhsil müəssisələrində keçirilmiş və adətən, doktorant və dissertantlardan ixtisasa aid texniki mətn və ya məqaləni oxumaq, yazılı tərcümə və nəql etmək (30 dəqiqəyə 2000 işarə); xarici dildə olan qəzetdən məqaləni oxumaq və nəql etmək; xarici dil üzrə doktorant və dissertantların ümumi bilik və bacarıqlarının şifahi formada yoxlanılmasını nəzərdə tuturdu. Həmin imtahanlarda istifadə olunan akademik, orijinal və autentik materialları doktorantura səviyyəsində cari imtahanlarda istifadə olunmuş mənbə və materiallarla müqayisə etsək görərik ki, öncəki illərdə tətbiq olunmuş imtahanın çətinlik səviyyəsi mürəkkəb olmaqla yanaşı, həm də yeknəsəqdir. Belə ki, müasir dövrün tələblərini nəzərə almadan, daha çox qrammatika-tərcümə metoduna əsaslanan və daha çox namizədin oxuyub-tərcümə etmək bacarığını yoxlayan bir imtahan modeli olub.
Artıq doktorantura səviyyəsində xarici dil üzrə qəbul (həmçinin fəlsəfə doktoru) imtahanı Azərbaycan Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilir və imtahanın məzmunu, vaxtı, imtahan nəticələrinin qiymətləndirilməsi qaydası və keçid balı Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Respublikasının Təhsil Nazirliyi (Ali Attestasiya Komissiyası) ilə razılaşdırılmaqla, DİM tərəfindən müəyyənləşdirilir.
Qəbul imtahanında xarici dillərə yiyələnmə səviyyəsinin müəyyənləşdirilməsi üzrə ümumavropa tövsiyə çərçivə sənədinin (CEFR) B2 səviyyəsinə və beynəlxalq dil imtahanlarının strukturuna müvafiq olaraq, namizədlərin xarici dillər üzrə oxu, dinləyib–anlama, yazı və danışıq bacarıqlarının, dildən kommunikativ məqsədlə istifadəetmə vərdişlərinin, lüğət ehtiyatına və minimum qrammatik biliklərə yiyələnmə səviyyəsinin yoxlanılıb qiymətləndirilməsi nəzərdə tutulur. Xarici dil üzrə qüvvədə olan və CEFR-ın B2 və ya daha yüksək səviyyəsinə müvafiq beynəlxalq dil sertifikatına (IELTS, TOEFL, TestDaF, DELF, DALF, STANAG) malik olanlar xarici dil üzrə qəbul imtahanından azad olunurlar. Beynəlxalq dil sertifikatının imtahan nəticələrinin keçid balına ekvivalentliyi AMEA və Azərbaycan Respublikasının Ali Attestasiya Komissiyası ilə razılaşdırılmaqla, DİM tərəfindən müəyyənləşdirilir.
Bu gün istənilən sahədə, xüsusilə elmdə uğur qazanmaq istəyən, yeni ideyalı, zəngin bilikli, yüksək səviyyəli mütəxəssislərin xarici dilləri mükəmməl bilmələri, xarici dillərdə danışma, dinləyib-anlama, oxu və yazı bacarıq və vərdişlərinə yiyələnmələri xüsusilə vacibdir. Onlar dünya ədəbiyyatından və kəşflərindən, müxtəlif dillərdə olan elmi nəşrlərdən və internet resurslarından faydalanmaq yolu ilə bir mütəxəssis kimi araşdırma və tədqiqat aparmağa qabil olmalıdırlar. Eyni zamanda, tədqiqatçılar xarici dillərin öyrənilməsi sahəsində əldə etdikləri biliklərdən istifadə etməklə beynəlxalq elmi konfranslarda çıxış edərək müəyyən elmi-praktik əhəmiyyətə malik olan məsələlər barəsində fikir mübadiləsi aparmağı, öz nöqteyi-nəzərlərini ifadə etməyi, əsaslandırmağı, əldə etdikləri elmi nəticələri əks etdirən məqalələr yazmağı və onları beynəlxalq jurnallarda çap etdirməyi bacarmalıdırlar. Məhz bu səbəbdən də müasir dövrdə gənc tədqiqatçıların xarici dilləri mükəmməl öyrənmələrinə daha çox ehtiyac hiss olunur.
Hərçənd ki, bir qrup namizəd bu tələblərin əhəmiyyətini nəzərə almayaraq, xarici dil üzrə fəlsəfə doktoru imtahanlarını “minimum” imtahan adlandıraraq bu imtahanın da tələblərinin minimuma endirilməsini, doktorantura səviyyəsində xarici dil üzrə qəbul imtahanında isə keçid balının 25 baldan da aşağı endirilməsini tələb edirlər.
Bütün beynəlxalq imtahanlarda olduğu kimi, doktorantura səviyyəsində xarici dil üzrə qəbul imtahanında da ümumi 50 balın 25-ni (tam yarısını) toplayan namizəd gözlənilən minimum tələbi ödəmiş hesab edilərək müsabiqənin növbəti mərhələsinə buraxılır. Bu məqamda xatırladaq ki, Ali Attestasiya Komissiyasının 2022-ci il 28 yanvar tarixli müvafiq qərarı ilə xarici dil üzrə fəlsəfə doktoru imtahanı üçün keçid balı 35 baldan 30 bala endirilib və bu bal CEFR-ın B2 dil səviyyəsinə bərabər tutulub. Nəzərə alsaq ki, imtahan verənlərin qeyd olunan balı nitq fəaliyyətinin bütün formaları (eşidib-anlama, oxuyub-anlama, danışıq və yazı bloku) üzrə kompleks şəkildə toplamaq imkanı var, keçid balının 25-dən aşağı endirilməsi yuxarıda sadalanan hədəflərə doğru irəliləməkdə maneələr yaradacaq.
DİM-in müxtəlif istiqamətlər üzrə təşkil etdiyi imtahanlar ölkəmizdə hər zaman öz dəsti-xəti, təşkilatçılığı, şəffaflığı və obyektivliyi ilə seçilir. Doktorantura səviyyəsində təşkil olunan xarici dil üzrə qəbul və fəlsəfə doktoru imtahanları da bu qəbildəndir, hətta spesifikasına görə ən qəliz imtahanlardan biridir. Bu imtahanı qəliz edən onun məzmunu deyil, imtahanın təşkilati məsələləridir. Belə ki, məhz bu səviyyədə təşkil olunan imtahanda dil biliyi dörd bacarıq üzrə kompleks şəkildə qiymətləndirilir. Yoxlama-ölçmə materiallarının hazırlanmasında isə CEFR-ın B2 və daha yüksək səviyyəsi olan C1 səviyyəsinə müvafiq materiallardan istifadə olunur.
Son imtahan zamanı yaşananlar isə sadəcə təəssüf hissi doğurur. Təkcə ona görə yox ki, texniki bir problemdən dolayı imtahan verənlər üçün hədəflənən lazımi şəraiti yaratmaq mümkün olmamış, həm də ona görə ki, bir çoxları üçün bu vəziyyət bir fürsətə çevrilmiş və itirilmiş vaxtı bərpa etmək məqsədilə əlavə vaxtın verilməsi, dinləmə mətninə iki dəfə qulaq asmaq imkanın olması belə kifayət etməmişdir. Hər zaman olduğu kimi, DİM məsələyə müvafiq şəkildə münasibət bildirib və imtahan prosesindən narazı olan namizəd və iddiaçılar üçün seçim üzrə ya dinləmə bloku, ya da bütün bloklar üzrə təkrar imtahanın keçirilməsini təklif edib. Eyni zamanda, yaranmış suallara cavab olaraq sonuncu imtahanda istifadə olunan yoxlama-ölçmə materiallarının ictimaiyyətə açıq olmasına qərar verilib və xarici dil (ingilis dili) üzrə test tapşırıqları paylaşılıb. Test tapşırıqlarının təqdimatı ilə tanış olmazdan öncə imtahanın strukturuna nəzər salmaq lazımdır.
Doktorantura səviyyəsində xarici dil üzrə həm qəbul, həm də fəlsəfə doktoru imtahanı qrammatik qaydalar üzrə 5 qapalı və 5 açıq test tapşırığı, danışıq üzrə ümumi dəyəri 10 bal olmaqla 3 tapşırıq, dinləyib-anlama bacarığı üzrə monoloq tipli mətn üzrə 5 və dialoq tipli mətn üzrə 5 qapalı test tapşırığı, oxuyub-anlama mətni üzrə 10 qapalı test tapşırığı və yazı bacarığı üzrə 10 balla qiymətləndirilən (qəbul üçün esse tipli yazı, fəlsəfə doktoru imtahanı üçün isə bir vizual məlumatın təsviri üzrə) yazı tapşırığından ibarətdir. İmtahan verən namizəd və iddiaçılardan aşağıdakı bacarıqları nümayiş etdirmələri tələb olunur:
Oxu bacarığı üzrə:
-Müxtəlif tipli mətnləri oxuyaraq anlamaq bacarığı;
-Müxtəlif məzmunlu mətnlərin əsas ideyasının müəyyən edilməsi;
-Əsas fikirlərin müəyyən edilməsi;
-Xüsusi məlumatların tapılması;
-Mətndən çıxan nəticənin müəyyən edilməsi;
-Mətnin məntiqi baxımdan tamamlanması;
-Mətnin hissələri arasında əlaqənin müəyyən edilməsi;
-Müəllifin məqsədinin müəyyən edilməsi;
-Oxu mətnində tanış olmayan sözün, söz birləşməsinin, cümlənin mənasının tapılması.
Dinləmə bacarığı üzrə:
-Dialoji və monoloji nitq formalarını dinləyib-anlama bacarığı;
-Dinləmə mətnində əsas ideyasının müəyyən edilməsi; əsas fikirlərin müəyyən edilməsi; xüsusi məlumatların tapılması; çıxan nəticənin müəyyən edilməsi;
-Mətnin məntiqi baxımdan tamamlanması;
-Dinləmə mətnində tanış olmayan sözün, söz birləşməsinin, cümlənin mənasının tapılması;
-Danışan(lar)ın niyyətinin, məqsədinin müəyyənləşdirilməsi.
Yazı bacarığı üzrə:
Aşağıdakı tələblərə əməl edilməklə CEFR-ın B2 və ya daha yüksək səviyyəsinin meyarlarına cavab verən esse və ya vizual məlumatın təsvir (yalnız fəlsəfə doktoru imtahanı üçün) edilməsi bacarığı. Esseni və ya vizual məlumatı təsvir edərkən
-Yazının məzmunu, əhatəliliyi və həcmi;
-Yazının tərkib hissələrinin abzaslarla fərqləndirilməsi;
-Tələb olunan üslubda yazılması;
-Yazının tələbinə əsasən neytrallığın qorunması və müstəqil fikir yürüdülməsi (eese);
-Yazının tələbinə əsasən neytrallığın qorunması və şəxsi fikir yürüdülməməsi (vizual təsvir);
-Yazının rabitəliliyi və tamlığı;
-Sübutedici mənbələrdən istifadə etməklə fikrin əsaslandırılması;
-Qrammatik qaydalardan düzgün istifadə;
-Lüğət ehtiyatının zənginliyi və səlisliyi;
-Yazı savadı, akademik yazı bacarığı.
Danışıq bacarığı üzrə:
-Danışıq bloku üzrə qiymətləndirmə şifahi formada kompüter proqramı vasitəsilə həyata keçirilir. -Danışıq bacarığının yoxlanılması beş altmeyar üzrə aparılır:
-Səlislik və məntiqi ardıcıllıq;
-Qrammatik qaydalara əməl olunması;
-Söz ehtiyatının zənginliyi;
-Düzgün tələffüz qaydalarına əməl olunması;
-Verilmiş tapşırığın yerinə yetirilməsi.
Qrammatika və lüğət ehtiyatı üzrə:
-CEFR-ın B2 və ya daha yüksək səviyyəsinə uyğun olaraq qrammatik biliklərə və lüğət ehtiyatına yiyələnmə səviyyəsinin, dildən kommunikativ məqsədlə istifadəetmə vərdişlərinin yoxlanılıb qiymətləndirilməsini ehtiva edir.
İyunun 12-də keçirilmiş doktoranturaya qəbul və fəlsəfə doktoru imtahanlarında namizəd və iddiaçıların xarici dil biliklərini yoxlayan sual kitabçasında verilmiş tapşırıq nümunələri müvafiq ardıcıllıq və izahlarla linkdə təqdim olunur.