AzTehsil.com


Xəbərlər / Müəllim
12 iyul 2019
2 730


Uğurlu təhsil islahatlarının banisi



Uğurlu təhsil islahatlarının banisi

 

 

Tarixdə adı dövlətçiliyin rəmzinə çevrilən çox az siyasi liderə rast gəlmək mümkündür. Nadir idarəçilik və liderlik keyfiyyətlərinə, fitri istedada, yüksək vətənpərvərlik hissinə malik olan Ulu Öndər Heydər Əliyev məhz belə bir liderdir.


O, Azərbaycanın ən yeni tarixində bütöv bir epoxanı özündə təcəssüm etdirən, 101 illik tarixi olan müstəqil Azərbaycanın siyasi, iqtisadi, hüquqi, sosial-mədəni əsaslarını yaradan və inkişafını təmin edən qüdrətli şəxsiyyətdir.

Ötən əsrin 70-ci illərindən etibarən 30 ildən artıq bir müddətdə Azərbaycanda elm, təhsil, mədəniyyət və iqtisadiyyatın təşəkkülü və inkişafı bilavasitə Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olmuşdur. Onun genişmiqyaslı fəaliyyətində təhsilin inkişafı prioritet sahə kimi mühüm yer tuturdu. Təhsilin cəmiyyətin inkişafında rolunu və şəxsiyyətin formalaşmasında əhəmiyyətini daim yüksək qiymətləndirən dahi rəhbərin qəbul etdiyi qərarlar, uzaqgörənliklə irəli sürdüyü konseptual fikirlər və ideyalar, tarixi tövsiyələr bu gün də ölkəmizdə təhsil islahatlarının əsas istiqamətlərinin müəyyənləşdirilməsinə öz töhfəsini verməkdədir.

Azərbaycan təhsilinin intibahı

Müasir Azərbaycanın dönüş mərhələsini təşkil edən 14 iyul 1969-cu il milli tariximizə Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi böyük bir dövrün başlanğıcı kimi daxil olmuşdur və həmin ildən başlanan tarixi mərhələ Azərbaycan təhsilinin, elminin və mədəniyyətinin intibah dövrü kimi dəyərləndirilir. Bu bir həqiqətdir ki, bütün sahələrdə olduğu kimi, Azərbaycanda təhsilin dünyanın inkişaf tendensiyalarına cavab verən hazırkı səviyyəyə çatması və inkişafında Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri olmuşdur. Bu gün ölkəmizdə fəaliyyət göstərən məktəbəqədər, ümumi, peşə, orta ixtisas və ali təhsil müəssisələrinin geniş şəbəkəsi, güclü elmi-pedaqoji kadr potensialı öz mənbəyini məhz ötən əsrin 70-ci illərindən Heydər Əliyevin rəhbərliyi altında təhsil sahəsində aparılan məqsədyönlü siyasətdən almış, həyata keçirilən genişmiqyaslı təhsil quruculuğu gələcək inkişafın güclü təməlini yaratmışdır. Həmin dövrdə Azərbaycanda bütün təhsil ocaqları əvvəlki illərlə müqayisədə yeni inkişaf pilləsinə yüksəlmiş, bu istiqamətdə aparılan ardıcıl dövlət siyasəti Azərbaycan əhalisinin təhsil, ümummədəni və intellektual səviyyəsinin yüksəldilməsində müstəsna rol oynamışdır.

Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasi və iqtisadi kurs Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilmiş, Azərbaycan iqtisadi inkişaf tempinə görə regionda lider ölkəyə çevrilmiş, siyasi sabitlik və iqtisadi inkişaf təhsil sisteminin təşəkkülünə və islahatların aparılmasına da zəmin yaratmış, bu sahədə əsaslı nailiyyətlərin əldə edilməsinə səbəb olmuşdur. Azərbaycanda təhsilin inkişaf tarixinin təhlili göstərir ki, Heydər Əliyevin bütün islahat təşəbbüsləri İlham Əliyev tərəfindən yeni müstəvidə və beynəlxalq təcrübə əsasında davam və inkişaf etdirilmiş, ölkəmizin tərəqqisinə böyük töhfə vermişdir.

Heydər Əliyev tərəfindən yaradılmış etibarlı iqtisadi zəmin və siyasi sabitlik əsasında təhsilin inkişafı ilə bağlı mühüm strategiya və proqramların qəbul edilməsi mümkün olmuş, nəticədə dövlət büdcəsindən təhsilə ayrılan xərclər əhəmiyyətli şəkildə artmış, 2003-cü ilə nisbətən 9 dəfədən çox artaraq cari ildə 2.3 milyard manata çatdırılmışdır.

Məktəbəqədər təhsil yeni inkişaf mərhələsində

Ötən əsrin 70-80-ci illərində Heydər Əliyevin rəhbərliyi dövründə məktəbəqədər təhsil müəssisələrinin sayı 1600-dən 1875-ə, orada tərbiyə alanların sayı 110 mindən 147 min nəfərə çatmış, məktəbəqədər təhsillə əhatə səviyyəsi 12 faizdən 19 faizə yüksəlmişdi. Bu dövrdə məktəbəqədər təhsil müəssisələrinin maddi-texniki bazası da xeyli möhkəmləndirilmiş, 35200 yerlik yeni körpələr evi-uşaq bağçası binaları tikilib istifadəyə verilmişdi.

Məktəbəqədər təhsilin uşağın sonrakı inkişafında müstəsna əhəmiyyəti nəzərə alınaraq ölkə Prezidenti İlham Əliyev tərəfindən məktəbəqədər təhsilin inkişafı ilə bağlı 2007-2010-cu illəri əhatə edən Dövlət Proqramı təsdiq edilmiş və həyata keçirilmişdir. Proqrama əsasən, ölkədə yüzlərlə yeni məktəbəqədər təhsil müəssisələri inşa edilmiş və mövcud müəssisələr əsaslı təmir olunmuşdur. Bu sahədə Ulu Öndərin adını daşıyan Heydər Əliyev Fondunun müstəsna xidmətləri olmuşdur və bu uğurlu fəaliyyət hazırda da davam etməkdədir.

Ümumi təhsildə əsaslı keyfiyyət dəyişiklikləri

Son illər təhsil siyasətində məktəbəhazırlıq prioritet istiqamətlərdən birini təşkil etmiş, ilk dəfə olaraq ümumi təhsil müəssisələrində dövlət büdcəsi hesabına məktəbəhazırlıq qrupları təşkil olunmuş, 5 yaşlı uşaqların təhsilə cəlb edilməsi səviyyəsi 2003-cü ildəki 15 faizdən 75 faizə çatdırılmışdır. Həyata keçirilən tədbirlər nəticəsində tarixən məktəbəqədər təhsil müəssisələri olmayan yaşayış məntəqələrində, ucqar kəndlərdə də uşaqların məktəbəhazırlığı təmin edilmişdir. Növbəti illərdə bütün 5 yaşlıların məktəbəhazırlığa cəlb edilməsi istiqamətində tədbirlər həyata keçiriləcəkdir.

Heydər Əliyev sosial-iqtisadi və mədəni yüksəlişə gedən yolun məhz ümumi təhsildən keçdiyini dərindən bilərək əsas diqqəti bu sahəyə yönəltmiş, ümumi orta təhsilə keçidin başa çatdırılması, kənd məktəblərinin iş şəraitinin daha da yaxşılaşdırılması barədə ardıcıl qərarlar qəbul etmişdi. Həmin qərarların həyata keçirilməsi nəticəsində qısa bir zamanda ümumtəhsil məktəblərinin şəbəkəsi genişlənmiş, əsaslı keyfiyyət dəyişiklikləri baş vermişdi. 1979-cu ildə ümumtəhsil məktəblərinin sayı 1965-ci ilə nisbətən 3 dəfədən çox artaraq 2117-yə, 1982-ci ildə isə 4267-yə çatdırılmışdı. Ümumtəhsil məktəblərində təhsil alan şagirdlərin sayı isə 1970-ci ildəki 368 mindən 1980-ci ildə 710 minədək artmışdı.1970-80-ci illərdə respublikada 683,1 min şagird yerlik 1191 yeni məktəb binası tikilib istifadəyə verilmişdi ki, bu da 1946-1970-ci illərdəki müvafiq göstəricidən iki dəfə çox idi. Bu sahədə həyata keçirilən tədbirlər məktəblərdə növbəlilik üzrə göstəricilərin yaxşılaşdırılmasına güclü təkan vermiş, şagirdlərin ikinci növbədə oxuma göstəricisi 1970-ci ildəki 40,2 faizdən 1980-ci ildə 28,1 faizə enmişdi.

1 milyondan çox şagirdin təlim şəraiti yaxşılaşdırılıb

1998-ci ildə Azərbaycan müəllimlərinin XI Qurultayında Ümummilli Lider Heydər Əliyev məktəb tikintisinə diqqətin artırılması barədə iş adamlarına çağırış etdi. Həmin çağırışdan sonra bu sahəyə diqqət əhəmiyyətli şəkildə artdı, dövlət təşkilatlarının vəsaitləri, beynəlxalq təşkilatların qrant və kreditləri, iş adamlarının, xeyriyyəçilərin vəsaitləri hesabına yeni məktəb binalarının tikintisinə başlandı. ABŞ-ın humanitar təşkilatları, Yaponiya hökuməti, Səudiyyə İnkişaf Fondu, İslam İnkişaf Bankı, bir sıra nazirliklər və dövlət şirkətlərinin maliyyə vəsaitləri hesabına ölkənin müxtəlif regionlarında yeni məktəb binaları inşa edildi.

Sonrakı illərdə bu istiqamətdə işlər daha intensiv şəkildə davam etdirilmişdir. Azərbaycan Respublikası Prezidentinin diqqət və qayğısı nəticəsində, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü, onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi ilə ümumi təhsil müəssisələrinin infrastrukturunun müasirləşdirilməsi istiqamətində əhəmiyyətli işlər görülmüşdür. 2003-2018-ci illər ərzində 3200-dən çox məktəb binası tikilmiş və ya əsaslı təmir edilmiş, başqa sözlə, ölkənin bütün məktəblərinin 72 faizinin binası yeni tikilmiş və ya əsaslı təmir olunmuşdur. Məktəb tikintisi sahəsində həyata keçirilən tədbirlər nəticəsində 1 milyondan çox şagirdin təlim şəraiti əhəmiyyətli şəkildə yaxşılaşdırılmış, ikinci növbədə oxuyan şagirdlərin sayı 16.8 faizə enmiş, başqa sözlə, şagirdlərin 83.2 faizinə birinci növbədə təhsil almaq imkanı yaradılmışdır. Bu nailiyyətlərin əldə edilməsində Heydər Əliyev Fondunun həyata keçirdiyi "Yeniləşən Azərbaycana yeni məktəb” proqramının müstəsna rolu olmuşdur.

Təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi ilə bağlı ölkə Prezidenti İlham Əliyev tərəfindən cari il iyunun 18-də imzalanmış sərəncamlar təhsilin inkişafına davamlı dövlət qayğısının daha bir parlaq nümunəsi olmuşdur. Sərəncamlara əsasən, regionlarda modul tipli məktəblərin quraşdırılması, Bakı şəhəri və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi, əsaslı təmiri və bərpası işlərinin davam etdirilməsi, təhsil müəssisələrinin qazlaşdırılması məqsədilə ümumilikdə 62.7 milyon manat vəsait ayrılmışdır. Bu istiqamətdə həyata keçiriləcək tədbirlər təhsil infrastrukturunun müasirləşdirilməsinə və keyfiyyət göstəricilərinin daha da artırılmasına imkan verəcəkdir.

Son illərdə ölkəmizdə formalaşmış müsbət demoqrafik şəraitə görə birinci siniflərə qəbulda artım dinamikası müşahidə edilir. Belə ki, 2013-cü ildə bu göstərici 138 min olmuşdusa, bu il birinci siniflərə 165 mindən çox uşağın qəbul edilməsi gözlənilir. Ümumilikdə şagird sayında da müsbət dinamika müşahidə edilməkdədir. Belə ki, 2013-cü illə müqayisədə şagirdlərin sayı 240 mindən çox artaraq 1 milyon 600 min nəfəri ötmüşdür. Təhsil Nazirliyi tərəfindən həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində son 5 ildə müəllim-şagird nisbəti əhəmiyyətli şəkildə yaxşılaşmış, 8.5-dən 10.6-ya yüksəlmişdir.

Dərslik hazırlığında yeni reqlament və prosedurların tətbiqi

Heydər Əliyevin respublikaya rəhbərliyi dövründə ümumi təhsil müəssisələrində şagirdlərin dərsliklərlə təminatı sahəsində əhəmiyyətli addım atılmış, 1978-ci ildən şagirdlərin dərsliklərlə pulsuz təminatına keçilmişdi. Sonradan müstəqilliyin ilk illərində ozamankı hakimiyyət tərəfindən dərsliklə pulsuz təminat ləğv edilmişdi. Heydər Əliyevsə 1994-1995-ci tədris ilindən bu imtiyazı yenidən bərpa etmişdir və hazırda da bütün şagirdlər dərsliklərlə, müəllimlər isə tədris vəsaitləri ilə pulsuz təmin edilirlər.

Müstəqillik illərində milli-mənəvi dəyərlərə uyğun dərslik hazırlığı diqqət mərkəzində saxlanılmış, bu sahədə yeni reqlament və prosedurlar tətbiq edilmiş, I-XI siniflərdə istifadə edilən 400-dən çox dərsliyin məzmununun yenilənməsi prosesi başa çatmışdır. Ümumi təhsil sahəsində ən mühüm nailiyyətlərdən biri 2008-ci ildən başlanmış məzmun islahatlarının cari ildə başa çatması və ümumi təhsilin yeni modelinə keçidin təmin edilməsi olmuşdur.

Müəllimlərə dövlət qayğısı

Ulu Öndər Heydər Əliyev hər zaman müəllim peşəsinə böyük dəyər vermiş, "Müəllim adı ən yüksək addır. Mən yer üzündə müəllimdən yüksək ad tanımıram” demiş, bu yanaşmadan çıxış edərək müəllimlərin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı davamlı qərarlar qəbul etmişdir. Heydər Əliyevin bir özəlliyi də ondan ibarət idi ki, hər yeni tədris ilinin ilk günündə məktəblərdə olur, müəllim və şagirdlərlə görüşür, onları dinləyir və öz müdrik tövsiyələrini verirdi.

Heydər Əliyevin müəllim peşəsinə sonsuz diqqəti dövlət başçısı İlham Əliyev tərəfindən də uğurla davam etdirilmiş, son illərdə müəllim nüfuzunun yüksəldilməsi istiqamətində taleyüklü addımlar atılmışdır. Azərbaycan müəllimlərinin XIV Qurultayının iştirakçılarına təbrik məktubunda ölkə Prezidenti İlham Əliyev demişdir: "Azərbaycanın əldə etdiyi bütün nailiyyətlərin əsasında məhz müəllimin gərgin zəhməti və gündəlik fəaliyyəti durur. Azərbaycan müəlliminin tarixən xalqımızın intellektual potensialının formalaşdırılmasında böyük xidmətləri vardır”.

Son illərdə müəllimlərin işə qəbulu sahəsində mərkəzləşdirilmiş müsabiqə mexanizmi tətbiq edilmiş, qaydalar şəffaflıq və obyektivlik baxımından əhəmiyyətli şəkildə təkmilləşdirilmiş, nəticədə ümumi təhsil müəssisələrində vakant yerlərin 100 faiz tutulması təmin edilmiş, uzun illər ərzində ixtisaslı kadrlara ehtiyacı olan ucqar kənd məktəblərinin kadr təminatı problemi, demək olar ki, həll edilmişdir. Nazirlər Kabinetinin qərarına əsasən, kənd məktəblərində fəaliyyətə başlayan gənc müəllimlər üçün stimullaşdırıcı tədbirlər tətbiq edilmiş, ümumilikdə 10 mindən çox müəllim həmin stimullaşdırıcı tədbirlərdən faydalanmışdır.

Dövlət başçısının sərəncamına əsasən, ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi uğurla başa çatmış, onların həftəlik dərs yükü 1.5, vəzifə maaşı 2 dəfə artırılmışdır. Təhsil işçilərinin fəaliyyətinin stimullaşdırılması, sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər davamlı xarakter almış, Azərbaycan Respublikası Prezidentinin 18 iyun 2019-cu il tarixli sərəncamına əsasən, dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin aylıq vəzifə maaşları cari il sentyabrın 1-dən orta hesabla 20 faiz artırılmışdır və beləliklə, onların orta aylıq əməkhaqqı 600 manatı ötəcəkdir. Peşə təhsili də daxil olmaqla bu tədbirlər ümumilikdə 160 minədək müəllimi əhatə etmişdir. Bu qərarlar cəmiyyət tərəfindən yüksək qiymətləndirilmiş və ölkədə təhsilin inkişafına, keyfiyyətin yüksəldilməsinə təkan verərək müəllimləri daha əzmlə fəaliyyət göstərməyə ruhlandıracaqdır.

Heydər Əliyev fədakar əməyi ilə fərqlənən müəllimlərin fəaliyyətinin rəğbətləndirilməsinə xüsusi diqqət yetirirdi. 1970-ci illərdə 817 nəfər "Əməkdar müəllim” fəxri adı almış, 3 nəfər müəllim o dövrün ən yüksək təltiflərindən olan Sosialist Əməyi Qəhrəmanı adına layiq görülmüşdü.

Prezident İlham Əliyev də hər zaman müəllim əməyinə yüksək dəyər vermiş, onların fəaliyyətinin maddi və mənəvi stimullaşdırılması ilə bağlı ardıcıl olaraq qərarlar qəbul etmişdir. Məhz onun rəhbərliyi dövründə hər il müəllimlərin peşə bayramı ərəfəsində təltif edilməsi təcrübəsi tətbiq edilmiş, bu dövrdə 3 mindən çox təhsil işçisi dövlət təltiflərinə, o cümlədən 1500 nəfər "Əməkdar müəllim” fəxri adına layiq görülmüşdür.

Peşə təhsilinin inkişafı

Peşə təhsilinin inkişafının yüksəliş dövrü məhz Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci mərhələsinə təsadüf edir. Həmin illərdə peşə məktəblərinin sayı 1965-ci illə müqayisədə 1.7, təhsilalanların sayı isə 2.5 dəfə artmışdı. Heydər Əliyevin təşəbbüsü ilə 1971-1975-ci illər üçün texniki peşə təhsilinin təkmilləşdirilməsi və inkişafı üzrə strategiya müəyyənləşdirilmiş, həmin illərdə 54 yeni texniki peşə təhsili müəssisəsi fəaliyyətə başlamışdır.

1978-1987-ci illərdə Azərbaycanda 5276 yerlik texniki peşə təhsili kompleksləri, 2400 yerlik tədris binaları, 2800 yerlik təcrübə korpusları, ümumi sahəsi 15559 kv.m. olan yataqxana binaları tikilib istifadəyə verilmiş, 194 tədris istehsalat emalatxanası, 786 tədris kabineti və laboratoriyası yaradılmışdı. Təhlil göstərir ki, 1970-ci ildə 76 peşə məktəbi fəaliyyət göstərmiş və həmin müəssisələrdə 40,9 min şagird təhsil almışdısa, bu göstərici müvafiq olaraq 1980-ci ildə 173 məktəb və 99,8 min şagirdə, 1982-ci ildə isə 184 məktəbə və 230 peşə üzrə 110 min şagirdə çatdırılmışdı.

Ölkənin sosial-iqtisadi inkişafına təkan verən, gənclər arasında məşğulluğun təmin edilməsinə xidmət edən, iqtisadiyyatın bütün sahələri üçün ixtisaslı kadr hazırlığını təmin edən aparıcı təhsil pilləsi olduğu nəzərə alınaraq, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən peşə təhsilinin inkişafına xüsusi diqqət yetirilmişdir. İqtisadiyyatın şaxələndirilməsi şəraitində peşə təhsili sisteminin yenidən qurulması, bu sahədə çevik idarəetmənin təmin edilməsi məqsədilə 2016-cı ildə Prezidentin fərmanı ilə Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi yaradılmışdır.

Mövcud peşə təhsili sisteminin dövlət-biznes partnyorluğuna əsaslanan sistemə transformasiyası, ölkə iqtisadiyyatının ixtisaslı kadrlara olan tələbatının ödənilməsini təmin edən, müasir iqtisadi çağırışlara çevik reaksiya vermək qabiliyyəti olan, icbari ümumi orta təhsil səviyyəsini bitirən çoxminli məzunları qəbul etməyə hazır olan peşə təhsili sisteminin yaradılması məqsədilə "Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafı üzrə Strateji Yol Xəritəsi” təsdiq edilmiş və icrasına başlanmışdır.

Son illərdə peşə təhsili sisteminin yenidən qurulması, bu sahədə çevik idarəetmənin təmin edilməsi məqsədilə 24 ixtisaslaşmış peşə təhsili mərkəzi yaradılmış, mühəndis-pedaqoji heyətin diaqnostik qiymətləndirilməsinə və əməkhaqqının artırılmasına başlanmış, onların həftəlik dərs yükü norması 1,5 dəfə, aylıq vəzifə maaşı orta hesabla 2 dəfə artırılmışdır. Məzmunun əmək bazarının tələblərinə uyğunlaşdırılması istiqamətində beynəlxalq təcrübə nəzərə alınmaqla peşə təhsilinin yeni dövlət standartları təsdiq edilmiş, nəticəyönümlü təhsil proqramları (kurikulumlar), yeni dərsliklər və tədris vəsaitləri hazırlanmışdır. Beynəlxalq təşkilatlarla birlikdə layihələrin icrasına başlanmışdır.

Strateji Yol Xəritəsinə uyğun olaraq peşə təhsilinin əhatə dairəsinin genişləndirilməsi, daha çox məzunun bu təhsil pilləsinə cəlb edilməsi, qeyri-formal yollarla əldə edilmiş səriştələrin tanınması, məzmunun yenilənməsi, mühəndis-pedaqoji heyətin fəaliyyətinin qiymətləndirilməsi və stimullaşdırılması, peşəkarlığının artırılması istiqamətində tədbirlər hazırda davam etdirilməkdədir.

 Ali təhsilin prioritet rolu

Heydər Əliyevin təşəbbüsü və qayğısı ilə ötən əsrin 70-ci illərində və 80-ci illərin əvvəllərində ali təhsil müəssisələrinin şəbəkəsinin genişləndirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi və yüksəkixtisaslı kadr hazırlığı istiqamətində böyük işlər görülmüşdü. Ali məktəblər üçün çoxlu sayda tədris korpusları, yataqxana kompleksləri tikilmişdi.

Ümumiyyətlə, 1970-82-ci illərdə Azərbaycanda 5 yeni ali məktəb yaradılmış, yüzlərlə yeni ixtisaslar açılmış, kafedralar, problem laboratoriyaları fəaliyyətə başlamışdı. Əgər 1960-cı illərin sonunda respublikada 12 ali məktəb, bunlarda 105 fakültə, 450 kafedra var idisə və burada 139 ixtisas üzrə kadr hazırlığı aparılırdısa, 1982-ci ildə artıq 136 fakültəni və 530 kafedranı birləşdirən 21 ali təhsil müəssisəsi fəaliyyət göstərirdi. Bu illərdə ali məktəblərdə təhsilalanların sayı 70 mindən 100 minə yüksəlmişdi.

Müstəqillik illərində də Ümummilli Lider tərəfindən ali təhsilin inkişafı ilə bağlı əhəmiyyətli qərarlar qəbul edildi. 2000-ci ildə ali təhsil müəssisələrinin şəbəkəsi optimallaşdırıldı, onlara universitet statusu verildi. 1993-1994-cü tədris ilindən ödənişli təhsil tətbiq edildi. Həmin dövrdə ödənişli təhsilin tətbiqi, demək olar ki, çətin iqtisadi şəraitdə ali təhsil müəssisələrinin maliyyə imkanlarını xeyli yaxşılaşdırdı. 1997-ci ildə bakalavriat təhsilini başa vuran məzunlar ilk dəfə olaraq magistratura səviyyəsində təhsilə başladılar.

Prezident İlham Əliyevin rəhbərliyi dövründə ali təhsilin inkişafı əsas prioritetə çevrilmiş, insan kapitalının inkişafı dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil etmişdir. Məhz bu dövrdə ali təhsil müəssisələrinin şəbəkəsi daha da inkişaf etmiş, onların sayı 2003-cü ildəki 46-dan hazırda 51-ə, təhsilalanların sayı isə 120 mindən 171 minə çatdırılmışdır.

Azərbaycanda ən müasir tələblərə cavab verən və milli brendə çevrilmiş ADA Universiteti, Bakı Ali Neft Məktəbi yaradılmışdır. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialları yaradılmışdır. Azərbaycan Respublikası vətəndaşlarına xaricə getmədən aparıcı ölkələrin ali təhsil standartları çərçivəsində keyfiyyətli təhsil almaq imkanının yaradılması məqsədilə Azərbaycan-Fransız Universiteti (UFAZ) fəaliyyətə başlamışdır. Burada 4 ixtisas üzrə (kimya mühəndisliyi, kompüter elmləri, geofizika mühəndisliyi, neft və qazın kəşfiyyatı və istismarı) ingilis dilində tədrisə başlanmış, Fransanın Strasburq və Renn 1 universitetləri ilə ikili diplomun verilməsi nəzərdə tutulmuşdur. Son illərdə bir sıra ali təhsil müəssisələri üçün ən müasir kampuslar yaradılmış, bütün ali təhsil müəssisələrinin maddi-texniki və tədris bazası əhəmiyyətli şəkildə yenilənmişdir.

Dövlət başçısı tərəfindən ali təhsilin əlçatanlığının artırılması, tələbələrin sosial müdafiəsinin yaxşılaşdırılması, ölkədə yüksək-ixtisaslı, peşəkar kadrların hazırlanması, ali təhsildə rəqabət mühitinin formalaşdırılması sahəsində əhəmiyyətli qərarlar qəbul olunmuşdur. Ölkə Prezidentinin sərəncamına əsasən təqaüd sistemi təkmilləşdirilmiş, dövlət hesabına maliyyələşən təqaüd yerlərinin sayı cari il martın 1-dən 16 min vahid artırılmış, təqaüd alan tələbələrin sayının növbəti iki ildə 50 faizə çatdırılması nəzərdə tutulmuşdur. Bununla yanaşı, tələbələrə verilən təqaüdlərin məbləği də orta hesabla 20 faiz artırılmış, bu tədbirlər 110 mindən çox tələbəni əhatə etmişdir. Eyni zamanda ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə dövlət sifarişi yerləri 66 faiz artırılaraq qəbul planının ötən ilki 27 faizdən 42 faizə çatdırılmışdır.

Onu da qeyd edək ki, ölkə Prezidentinin sərəncamlarına əsasən məcburi köçkün statusu olan, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, şəhid ailəsi statusu almış ailənin üzvləri, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqları, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslər, I və II dərəcə əlilliyi olan, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslərin təhsil haqqı xərcləri büdcə vəsaitləri hesabına ödənilir. Peşə təhsili müəssisələrində təhsil alan I, II və III qrup əlillər, şəhid ailəsinin üzvləri, 20 yaşına çatmamış və I qrup əlil valideyni olan, aylıq gəliri yaşayış minimumundan aşağı olan şəxslər də təhsil haqqından azad edilmişdir.

Heydər Əliyevin milli kadr hazırlığı siyasəti

Heydər Əliyevin Azərbaycan təhsilinin inkişafındakı müstəsna xidmətlərindən biri də 1970-80-ci illərdə Azərbaycandan kənarda, keçmiş SSRİ-nin 50-dən artıq böyük şəhərinin 170-dən çox nüfuzlu ali məktəbində respublikamızın iqtisadiyyatı, elm, təhsil və mədəniyyətinin 80-dən çox sahəsini əhatə edən və ölkə üçün ehtiyac duyulan 250-dən çox ixtisas üzrə 15 mindən artıq azərbaycanlı gəncin ali təhsil almasına, yüksəkixtisaslı mütəxəssislər kimi hazırlanmasına şərait yaratmasıdır. 1969-1970-ci dərs ilində respublikadan kənara cəmi 47 nəfər təhsil almağa göndərilmişdisə, 1978-ci ildən etibarən respublikadan kənara hər il 800-900 tələbə göndərilməsinə nail olunmuş, 1980-ci illərin əvvəllərindən isə bu göstərici ildə 1000-1400 nəfərə çatmışdı.

Heydər Əliyevin respublikadan kənarda milli kadr hazırlığı sahəsində apardığı siyasətin mühüm istiqamətlərindən biri də milli hərbi kadrların yetişdirilməsidir. Həmin illərin ən əhəmiyyətli hadisələrindən biri kimi keçmiş SSRİ-nin ali hərbi məktəblərinə azərbaycanlı gənclərin sistemli şəkildə göndərilməsidir. Heydər Əliyevin birbaşa rəhbərliyi və qayğısı ilə 1972-ci ildən etibarən hər il yüzlərlə gənc keçmiş SSRİ-nin böyük təcrübəyə malik ali hərbi məktəblərinə təhsil almağa göndərilirdi. Bununla yanaşı, həmin illərdə Azərbaycanda orta və ali hərbi təhsil sisteminin yaradılması xüsusi əhəmiyyət daşıyırdı. 1970-ci illərdə Heydər Əliyevin təşəbbüsü ilə Bakıda C.Naxçıvanski adına Hərbi Məktəb yaradıldı və hərbi məktəblər şəbəkəsinin sonrakı inkişafında mühüm rol oynadı. Bu gün müstəqil Azərbaycanın Milli Ordusuna rəhbərlik edən zabitlərin əksəriyyəti məhz Heydər Əliyevin xeyir-duası ilə o illərdə təhsil almağa göndərilən və ölkəmizin hərbi məktəblərini bitirən gənclərdir.

 Ümummilli liderin xaricdə təhsil ənənəsi

 Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş xaricdə təhsil ənənəsi son illər uğurla davam etdirilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” təsdiq edilmişdir. İnsan kapitalının inkişafına yönəlmiş həmin proqram çərçivəsində ümumilikdə 3558 nəfər Azərbaycan vətəndaşı Dövlət Neft Fondu hesabına maliyyələşdirilməklə dünyanın 32 ölkəsinin 379 aparıcı universitetində təhsil almaq hüququ qazanmışdır. Həmin universitetlər dünyanın 500 ən güclü universiteti sırasındadır.

Proqram çərçivəsində təhsil almış tələbələrin böyük əksəriyyəti məzun olmuş və ölkəmizə qayıtmışdır. Hazırda məzunların 60 faizi özəl, 40 faizi dövlət sektorlarında fəaliyyət göstərir. Proqram təqaüdçüləri ölkə iqtisadiyyatının müxtəlif sahələrində, ayrı-ayrı dövlət qurumlarında (nazir müavini, millət vəkili), beynəlxalq təşkilatlarda (BMT), transmilli şirkətlərdə ("Microsoft”, "Google”, "Bloomberg”, "Samsung”, "LG”, "BP” və s.) və özəl sektorda töhfələrini verməkdədirlər. Sevindirici haldır ki, məzunlar arasında universitetlərimizdə akademik fəaliyyətlə məşğul olanlar da az deyildir.

Bu siyasətin davamı kimi "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” təsdiq edilmişdir. Proqram ölkəmizdə ali təhsil sisteminin inkişafında yeni bir mərhələnin əsasını qoymuşdur. Proqramda ali təhsilin məzmun və keyfiyyət göstəricilərinin beynəlxalq ikili diplom proqramları və xarici mütəxəssislərin cəlb olunması yolu ilə təkmilləşdirilməsini və xaricdə doktorantura təhsili vasitəsilə universitetlərimizin akademik potensialının gücləndirilməsi nəzərdə tutulmuşdur.

Heydər Əliyevin təhsil islahatları

Heydər Əliyevin 1982-1987-ci illərdə keçmiş SSRİ kimi böyük dövlətin təhsil siyasətinə, təhsil islahatlarına rəhbərlik etməsi bütün sovetlər birliyində, o cümlədən Azərbaycanda ümumilikdə təhsilin inkişafına, keyfiyyət dəyişikliklərinə gətirib çıxarmışdır. 1984-cü ildə keçmiş SSRİ-də ümumi təhsil və peşə təhsili üzrə islahatların əsas istiqamətlərinin müəyyənləşdirilməsi və yerinə yetirilməsi mexanizminin işlənib hazırlanması, internat tipli müəssisələrin işinin təkmilləşdirilməsi məhz Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Həmin illərdə ümumi təhsilə 6 yaşdan başlanılması, onun müddətinin 11 illik olması təklifləri də Heydər Əliyev tərəfindən irəli sürülmüşdü.

Müstəqilliyin ilk illərində Azərbaycanda yaranan siyasi vəziyyət, Ermənistanın təcavüzü, Dağlıq Qarabağ və ətraf rayonları işğal etməsi, ölkə daxilində separatçı qüvvələrin baş qaldırması dövlət müstəqilliyimizi sual altına almışdı. Təhsil müəssisələri bağlanır, əraziləri zəbt olunurdu, ziyalılar, alimlər ölkəni kütləvi şəkildə tərk edirdilər. Bu çətin anlarda, 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə gələn Ümummilli Lider Heydər Əliyev Azərbaycanı böyük bəlalardan, dağılmaqdan, parçalanmaqdan, vətəndaş müharibəsindən xilas etdi, dərin iqtisadi və sosial-siyasi böhran vəziyyətindən çıxarmağa nail oldu və təhsil islahatlarının aparılması üçün də əlverişli imkan yarandı.

Heydər Əliyevin təşəbbüsü ilə 1998-ci ildə təhsil sahəsində islahat proqramının hazırlanması üçün Dövlət Komissiyası yaradıldı, qısa müddət ərzində "Azərbaycan Respublikasının təhsil sahəsində İslahat Proqramı” hazırlandı və 1999-cu il iyunun 15-də təsdiq edildi. Proqramda təhsilin gələcək inkişaf strategiyası müəyyənləşdirilməklə, mərhələlər üzrə təhsil sisteminin strukturunda, idarə edilməsində, məzmununda, maddi-texniki bazasında, iqtisadiyyatında, kadr hazırlığı və təminatında əsaslı islahatların aparılması nəzərdə tutulurdu. Proqramın həyata keçirilməsi prosesinə Dünya Bankı cəlb edildi, beynəlxalq təcrübə əsasında əsas istiqamətlər üzrə bir sıra islahatlar həyata keçirildi.

Prezident İlham Əliyev tərəfindən təhsil sahəsində islahatların davamlılığı təmin edildi. Onun təşəbbüsü ilə hazırlanmış "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” 2013-cü il oktyabrın 24-də təsdiq edildi. Əlamətdar haldır ki, təhsilin inkişaf strategiyası həmin ildə dövlət başçısının yeni prezidentlik müddətində imzaladığı ilk sənəd olmuşdur. Strategiyanın əsas məqsədi ölkədə keyfiyyət nəticələri və əhatəliliyinə görə dünya ölkələri sırasında qabaqcıl mövqe tutan təhsil sisteminin yaradılması, təhsilin məzmununun, kadr hazırlığının, idarəetmə sisteminin, infrastrukturun və maliyyələşmənin qabaqcıl beynəlxalq təcrübəyə və Azərbaycanın inkişaf konsepsiyasına uyğun yenidən qurulması və ölkənin davamlı inkişafının təmin edilməsidir.

Ötən müddət ərzində strategiyanın həyata keçirilməsi nəticəsində bütün pillə və səviyyələr üzrə təhsilin keyfiyyət göstəriciləri yüksəlmiş, uşaq və gənclərin təhsilalma imkanlarının genişləndirilməsi, müasir idarəetmə modellərinin tətbiqi, kadr potensialının səriştə və kompetensiya baxımından gücləndirilməsi, ümumi təhsil müəssisələrinin kadrlarla təminatı, müəllim fəaliyyətinin qiymətləndirilməsi və stimullaşdırılması, dərslik və dərs vəsaitlərinin hazırlanması, maddi-texniki və tədris bazasının müasirləşdirilməsi, təhsil qanunvericiliyinin təkmilləşdirilməsi sahəsində əhəmiyyətli nailiyyətlər əldə edilmişdir.

Azərbaycançılıq məfkurəsinin və milli ruhun yüksəlişi

Heydər Əliyevin Azərbaycana rəhbərliyinin ən əhəmiyyətli nəticələrindən biri də azərbaycançılıq məfkurəsinin və milli ruhun yüksəlişi, xalqın tarixi yaddaşının özünə qaytarılması, vətənpərvərlik hisslərinin güclənməsi olmuşdur. Öz vətənini və xalqını son dərəcə böyük məhəbbətlə sevən, Azərbaycan dövləti və milləti üçün sonsuz qürur hissi keçirən Heydər Əliyev "Mən fəxr edirəm ki, mən azərbaycanlıyam” söyləməklə, əslində, ölkəmizdə milli tərbiyə konsepsiyasını bəyan etmişdir. "Müstəqil Azərbaycanın əsas ideyası azərbaycançılıqdır. Hər bir azərbaycanlı öz milli mənsubiyyəti ilə fəxr etməlidir, biz azərbaycançılığı - Azərbaycan dilini, mədəniyyətini, milli mənəvi dəyərlərini, adət və ənənələrini inkişaf etdirməliyik” deməklə Heydər Əliyev "azərbaycançılığı” milli ideologiyanın əsası kimi müəyyənləşdirmişdir. Azərbaycanda müstəqilliyin ilk illərindən latın qrafikalı əlifbaya keçilməsi qərara alınsa da, bu proses Heydər Əliyevin səyləri nəticəsində 2001-ci il avqustun 1-də tam başa çatmış, təhsil sistemində latın qrafikalı əlifbaya tam keçid təmin edilmişdir. 2002-ci ildən hər il avqustun 1-i "Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü” bayram kimi qeyd edilir. Bu gün qüdrətli dövlət xadimi Heydər Əliyevin zəngin irsi, şərəfli həyat və fəaliyyəti gənc nəslin milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda tərbiyə olunması üçün ən dəyərli mənbədir.

Dövlət başçısı İlham Əliyevin fəaliyyətində də bu ana xətt uğurla inkişaf etdirilmişdir. 2013-cü ildə "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” təsdiq edilmiş, 2018-ci ildə "Azərbaycan Dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” fərman imzalanmışdır.

Cənab Prezident vurğulamışdır: "...həm müəllimlər, həm valideynlər uşaqları vətənpərvərlik ruhunda tərbiyə etməlidirlər ki, onlar Vətənə bağlı olsunlar, milli ruhda böyüsünlər, milli dəyərlərimizi hər şeydən üstün tutsunlar. Ona görə mən həmişə deyirəm ki, milli dəyərlərimiz, mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür. Biz onları qorumalıyıq, milli ruhumuzu saxlamalıyıq. Çünki bu, bizim gələcəyimiz üçün əsasdır”. Bununla da Prezident təhsil sistemi qarşısında duran əsas vəzifələri müəyyənləşdirərək azərbaycançılıq ideologiyasının təbliği, Azərbaycan dilinə, ədəbiyyatına, tarixinə, mədəniyyətinə məhəbbət hissinin, milli-mənəvi dəyərlərə hörmət hissinin aşılanması, vətənə sədaqət, vətəndaşlıq mövqeyinin formalaşdırılması, vətənpərvərlik tərbiyəsi məsələlərini önə çəkmişdir.

Dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan dövləti və milləti qarşısında misilsiz xidmətləri unudulmazdır. İllər ötəcək, nəsillər bir-birini əvəz edəcək, lakin Azərbaycan xalqının iftixarı olan Heydər Əliyevin uzaqgörən strategiyası uğurlu gələcəyə gedən yollarımızı əbədi məşəl kimi daim işıqlandırmaqda davam edəcək.

Ceyhun BAYRAMOV,

Azərbaycan Respublikasının Təhsil naziri

 "Azərbaycan” qəzeti

 




Загрузка...
Həmçinin oxuyun:
Azərbaycan müəllimləri prezident seçkiləri ilə əlaqədar bəyanat yayıb

Azərbaycan müəllimləri prezident seçkiləri ilə əlaqədar bəyanat yayıb

Azərbaycanda Gənclər Günü qeyd olunur

Azərbaycanda Gənclər Günü qeyd olunur

Sənayeləşmə dövrü - pedaqoji idarəetmənin mərhələləri

Sənayeləşmə dövrü - pedaqoji idarəetmənin mərhələləri

Dövlətimiz daima təhsilimizin qayğısına qalır

Dövlətimiz daima təhsilimizin qayğısına qalır

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

Təhsilin inkişaf strategiyası: nailiyyətlər və əsas hədəflər - Nazir YAZDI

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV- İDARƏÇİLİYİN BARİZ NÜMUNƏSİ.

ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEV- İDARƏÇİLİYİN BARİZ NÜMUNƏSİ.

"Bütün müəllimlərin 70%-nin əməkhaqqında artım olub"-nazir yazır

"Bütün müəllimlərin 70%-nin əməkhaqqında artım olub"-nazir yazır

Paytaxt məktəblərində "Heydər Əliyev irsinin öyrənilməsi" dərsləri keçirilir

Paytaxt məktəblərində "Heydər Əliyev irsinin öyrənilməsi" dərsləri keçirilir

Təhsil Nazirliyində vacib TOPLANTI - Bu il 41 rayonda...

Təhsil Nazirliyində vacib TOPLANTI - Bu il 41 rayonda...

ADPU-nun Şamaxı Filialında ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tədbir keçirildi

ADPU-nun Şamaxı Filialında ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümünə həsr olunmuş tədbir keçirildi

“Ulu öndər Heydər Əliyevin milli ordu quruculuğu siyasəti” mövzusunda dərsin təqdimatı olub

“Ulu öndər Heydər Əliyevin milli ordu quruculuğu siyasəti” mövzusunda dərsin təqdimatı olub

Yeni məktəbin açılışı oldu

Yeni məktəbin açılışı oldu

HEYDƏR ƏLİRZA OĞLU ƏLİYEV AZƏRBAYCAN XALQININ ÜMUMMİLLİ LİDERİ

HEYDƏR ƏLİRZA OĞLU ƏLİYEV AZƏRBAYCAN XALQININ ÜMUMMİLLİ LİDERİ

Təhsil naziri Mikayıl Cabbarov Prezident İlham Əliyevin keçirdiyi iclasda vacib məqamlara toxunaraq məruzə edib

Təhsil naziri Mikayıl Cabbarov Prezident İlham Əliyevin keçirdiyi iclasda vacib məqamlara toxunaraq məruzə edib

Əli Əhmədov təhsilin hazırkı durumundan danışdı - "müəllimlər və şagirdlər təhsilin qarşısında..."

Əli Əhmədov təhsilin hazırkı durumundan danışdı - "müəllimlər və şagirdlər təhsilin qarşısında..."

AzMİU-da Milli Qurtuluş Günü qeyd olunub

AzMİU-da Milli Qurtuluş Günü qeyd olunub

ADPU-nun Heydər Əliyev Mərkəzində Ümummilli Liderin anadan olmasının 94 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirildi

ADPU-nun Heydər Əliyev Mərkəzində Ümummilli Liderin anadan olmasının 94 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirildi

Mikayıl Cabbarovun qazandığı etimadın sirri...

Mikayıl Cabbarovun qazandığı etimadın sirri...

Heydər Əliyevin anım günüdür

Heydər Əliyevin anım günüdür

Qazanılan uğurlar Azərbaycan müəlliminin fədakar əməyinin bəhrəsidir - İlham Əliyev

Qazanılan uğurlar Azərbaycan müəlliminin fədakar əməyinin bəhrəsidir - İlham Əliyev

Ümummilli lider Heydər Əliyevin 93 yaşı tamam olur

Ümummilli lider Heydər Əliyevin 93 yaşı tamam olur

Təqaüdlərin əsaslı şəkildə artırılması tələbələrin motivasiyasını gücləndirəcək

Təqaüdlərin əsaslı şəkildə artırılması tələbələrin motivasiyasını gücləndirəcək

Təhsil naziri gənc liderlərlə görüşüb

Təhsil naziri gənc liderlərlə görüşüb

Prezident 20 nömrəli məktəbin açılışında iştirak edib

Prezident 20 nömrəli məktəbin açılışında iştirak edib