AzTehsil.com
RU


Xəbərlər / Müəllim
30 dekabr 2017
13 360


Müəllim psixologiyası - fəaliyyətdə stimullaşdırmanın rolu



Müəllim psixologiyası -  fəaliyyətdə stimullaşdırmanın rolu

Müəllim ta qədimdən gənc nəslə ictimai təcrübəni mənimsədən və onu həyata keçirməyi öyrədən şəxsiyyət kimi tanınmışdır. Bütün tarix boyu cəmiyyətin inkişafında onun rolu əhəmiyyətli və əvəzedilməz olmuşdur. Müasir dövrdə müəllimlik anlayışı yeni-yeni keyfiyyətlər hesabına daha da zənginləşmişdir. Müasir cəmiyyətdə müəllim yüksək nəzəri biliklərə, mədəniyyət və mərifətə, pedaqoji etikaya və takta malik yetkin bir şəxsiyyətdir. Müəllim elə mötəbər, elə aqil, elə kamil adamdır ki, biz hər birimiz öz övladlarımızın tərbiyəsini onlara etibar edirik. Müəllim keçmiş nəslin ən yaxşı həyati təcrübəsini elmi bilikləri və özünün əldə etdiyi elmi nailiyyətləri yeni nəslə verir. Müəllim gənc mütəxəssislərin şəxsiyyətini formalaşdırır, dünyagörüşünün təşəkkül etməsinə və inkişafına şərait yaradır.

 

Beləliklə, müasir cəmiyyətdə müəllim müxtəlif funksiyaları yerinə yetirir. Hər şeydən əvvəl müəllim məktəbdə təlim və tərbiyə prosesini həyata keçirir, şagirdləri yeni-yeni biliklərlə silahlandırır. Müəllimlərin əksəriyyəti məktəbdə sinif rəhbəri vəzifəsini icra edir. Bu vəzifə onlara müxtəlif təşkilati tədbirləri həyata keçirməyə imkan verir. Müəllim şagirdlərlə qaynayıb-qarışmalı, onları sevməli, onların bütün coşqun fəaliyyətinin mərkəzində durmalı və onları düzgün istiqamətləndirməlidir. Müasir müəllim psixologiya elmini, xüsusilə ümumi, yaş və pedaqoji, sosial psixologiyanı mükəmməl bilməlidir.

 

Belə ki, ümumi psixologiyanı bilməyən müəllim elminin ümumi qanunauyğunluqlarını bilməz, yaş və pedaqoji psixologiyanı bilməyən müəllim ayrı-ayrı yaş dövrlərində uşaq psixikasının şəxsiyyətinin inkişaf qanunauyğunluqlarını, özünəməxsus xüsusiyyətlərini, onları təlim və tərbiyə eyməyin psixoloji qanunauyğunluqlarını, təlim və tərbiyənin uşaq şəxsiyyətinin və psixikasının inkişafına təsirini proqnozlaşdırmağı bilməz, sosial psixologiyanı bilməyən müəllim isə kollektiv daxili, qruplararası şəxsi münasibətlərin bütün incəliklərini bilməz və kollektivi idarə edə bilməz. Müəllim məktəbdə ictimai təşkilatların fəaliyyətinə səmərəli yardım göstərməli, valideyinlərlə məqsədyönlü iş aparmalıdır.


Gənclərin təlim və tərbiyəsinin mürəkkəb vəzifələrinin müvəffəqiyyətlə yerinə yetirilməsi müəllimin ideya inamından, peşə ustalığından, erudisiyasından və mədəniyyətindən həlledici səviyyədən asılıdır.


Müəllim pedaqoji fəaliyyət prosesində şagirdlərlə bilik, bacarıq, vərdişlər, elmlərin əsaslarını formalaşdırmaqla yanaşı, onlarda geniş elmi dünyagörüşü, əqidə və inam da formalaşdırmalıdır.


Müəllim pedaqoji fəaliyyət müvəffəqiyyətlə yerinə yetirməsi onun öz qarşısında duran funksiyaları necə həyata keçirməsindən asılıdır. Müəllimin pedaqoji fəaliyyətinin təhlili göstərir ki, bu fəaliyyət bir-biri ilə sıx bağlı olan bir sıra funksiyalardan ibarətdir. Həmin funksiyaların həyata keçirilməsi şagirdlərin təlim və tərbiyəsini, onlarda şəxsiyyətin formalaşmasını təmin edir.


Psixoloji ədəbiyyatda müəllimin fəaliyyəti üçün xarakterik olan aşağıdakı funksiyalar qeyd olunur: inkişafedici, tərbiyəedici, qnostik, təşkilatçılıq, kommunikativ, konstruktiv. Bu funksiyaları həyata keçirməyi bacarmaq, hər bir fənn müəlliminin pedaqoji ustalığının göstəricisi ola bilər. Hər bir funksiyanın mahiyyətini ayrı-ayrılıqda açıqlayaq:


İnkişafetdirici funksiya müəllimdən öz şagirdlərini hərtərəfli inkişaf etdirməyi tələb edir. Təlim və inkişaf bir-biri ilə bağlı prosesdir. Ona görə də inkişafetdirici pedaqoji funksiya o zaman müvəffəqiyyətlə həyata keçə bilər ki, müəllim şagirdlərin şəxsiyyətlərinin əqli, sensor və emosional sahəsinin, idrak imkanlarının formalaşması və inkişafı yollarını müəyyənləşdirə bilsin, onlarda müstəqil işləmək bacarığı aşılaya bilsin. Bunun üçün müəllim bir sıra zəruri bilik, bacarıq və vərdişlərə malik olmalıdır. Bu sırada şagirdlərin qabiliyyətlərini öyrənməyi, fərdi xüsusiyyətlərini nəzərə almağı, öyrənilən faktları təhlil edərək ümumiləşdirməyi, müqayisə etməyi, şagirdləri problemli situasiya ilə qarşılaşdırmaqla düşündürməyi göstərmək olar.


Tərbiyəedici funksiya təlim prosesində və sinifdənkənar tədbirlər zamanı şagirdlərdə düzgün elmi dünyagörüşünün formalaşdırılması, ideya-siyasi, əxlaq, estetik, vətənpərvərlik tərbiyəsi vəzifələrinin yerinə yetirilməsi ilə bağlıdır. Tərbiyəedici funksiyanı həyata keçirmək müəllimdən fənnin tərbiyəvi imkanlarından səmərəli istifadə etmək, kollektivçilik, prinsipiallıq, şagirdlərin şüurlu olaraq peşə seçmələri üçün şərait yaratmaq və s. kimi bacarıqlar tələb edir.


Qnostik funksiyanın əsasını müəllimin öz bilik səviyyəsini artırmaq, bacarıqlarını inkişaf etdirmək təşkil edir. Bununla yanaşı həmin funksiya müəllimdən həmin tədris fənninin spesifik cəhətlərini, məzmununu, tədris metodlarını bilməyi, öyrənilən materialın mühüm əlamət və keyfiyyətlərini ayırmaq bacarığını, eləcə də proqramda və dərslikdə verilmiş tədris materialını şagirdlərin mənimsəmə, dərketmə imkanlarını və mənimsəməkdəki çətinliklərin səbəbləri barədə biliyə malik olmağı tələb edir.


Təşkilatçılıq funksiyası çoxcəhətlidir ki, bunlardan da: şagird kollektivini təşkil etməyi müxtəlif formalı tədris və tərbiyə işlərini təşkil etməyi, pedaqoji prosesin həyata keçməsi üçün maddi bazanı təşkil etməyi göstərmək olar.


Təşkilatçılıq funksiyasını müvəffəqiyyətlə həyata keçirmək üçün müəllimdə bir sıra pedaqoji bacarıqlar olmalıdır.


Burada birinci növbədə sinif kollektivini təşkil etmək və onun fəaliyyətini tədris olunan fənnin mənimsənilməsinə, ictimai faydalı işlərin yerinə yetirilməsinə yönəltmək bacarığını aid etmək olar. Bununla yanaşı, həmin funksiyanı həyata keçirə bilmək üçün müəllim dərsin planına müvafiq olaraq özünün və şagirdlərin fəaliyyətini təşkil etməyi dərsdə və dərsdənkənar tədbirləri yerinə yetirərkən onların diqqətini təşkil etməyi, təlimin texniki vasitələrindən səmərəli şəkildə istifadə etməyi, şagirdlərin tədris və kommunikativ fəaliyyətini hesaba almağı, ona nəzarət etməyi və təshihini bacarmalıdır.


Kommunikativ funksiya bir tərəfdən müəllimin kommunikativ fəaliyyətinin təşkili, digər tərəfdən onun şagirdlərə zəruri məlumatlar verməsi ilə bağlıdır. Müəllimin kommunikativ fəaliyyətinin düzgün qurulması istər təlim, istərsə də tərbiyə sahəsindəki bütün pedaqoji məsələləri səmərəli şəkildə həll etmək imkanı verir. Kommunikativ funksiyanı həyata keçirmək üçün müəllim siniflə, ayrı-ayrı şagirdlərlə, müəllimlərlə, məktəb rəhbərləri ilə, valdeyinlər ilə tez və asanlıqla işgüzar əlaqə yaratmağı bacarmalıdır.


Konstruktiv funksiyanı hər bir növ konstruktiv planlaşdırma funksiyası da adlandırmaq mümkündür. Bu funksiya məktəbdə tədris prosesini tədrisin mərhələləri, illər üzrə planlaşdırmağı və təşkil etməyi nəzərdə tutur. Başqa sözlə desək, konstruktiv funksiya bir növ müəllimin tədris etdiyi fənn və yerinə yetirdiyi tərbiyəçilik vəzifəsi ilə bağlı olaraq təlim-tərbiyə prosesini məqsədyönlü şəkildə layhiyələşdirməsindən ibarətdir. Ən qısası isə, kommunikativ funksiyanın mahiyyətini müəllimin öz pedaqoji fəaliyyətini planlaşdırması və onun nəticələrinin proqnozlaşdırılması təşkil edir. Müəllim hər bir dərsi, hər bir tərbiyəvi işi planlaşdırmalıdır. Müəllim hətta sinifdənkənar işləri belə planlaşdırmağı bacarmalıdır.


İnkişafetdirici, tərbiyəedici, qnostik, təşkilatçılıq, kommunikativ və konstruktiv funksiyalar hər bir pedaqoji fəaliyyət üçün zəruri hesab edilir. Bunlarla yanaşı, A.İ.Şerbakov pedaqoqun spesifik funksiyalarını da ayırır ki, bunlar da onun tərbiyəedici istiqaməti öz əksini tapır. Bunlara aşağıdakı funksiyalar aid edilir: informasiya, səfərbərlik, inkişafetdirici, bələdləşmə.


İnformasiyaverici funksiyanın əsasını təlim materialını dərindən bilmək, onu şagirdlərə çatdırmaq metodikasına yiyələnmək təşkil edir.


Səfərbəredici funksiyanın mahiyyətini şagirdlərin idrak fəaliyyətini fəallaşdırmaq, onların müstəqil və təşəbbüskar işini təşkil etmək, şagirdlərin təlimə marağını inkişaf etdirmək təşkil edir.


Bələdləşmə funksiyasının əsasını isə şagirdlərdə fəal həyat mövqeyi, sosial əhəmiyyətli davranış motivləri formalaşdırmaq təşkil edir.


Yuxarıda sadalanan bütün funksiyalar pedaqoji fəaliyyətin müvəffəqiyyətinə əlverişli şərait yaradır və onlar bir-biri ilə sıx orqanik surətdə əlaqədardır. Müəllim hər hansı bir pedaqoji təsiri bu funksiyaların vəhdəti şəraitində həyata keçirə bilər. Məsələn, əgər müəllim tədqiqatçılıq işinə lazımınca diqqət yetirmirsə, o hətta siniflə müsbət emosional qarşılıqlı münasibət yaratsa belə pedaqoji fəaliyyətdə nailiyyət əldə edə bilməz. Belə müəllimin istər dərs zamanı, istərsədə dərsdənkənar keçirdiyi tədbirlər tərbiyəvi və inkişaf planında səmərəli ola bilməz. Özünün təşkilatçılıq funksiyasını lazımıca həyata keçirməyən müəllim şagirdlər üzərində nəzarəti itirir, onların davranışını korreksiya edə bilmir, potensialını səfəbər edə bilmir. Belə müəllimin dərsi əyləncəyə çevrilir və şagirdlər təlim materialını yaxşı mənimsəyə bilmirlər. Kommunikativ funksiyanı həyata keçirməyi zəruri hesab etməyən müəllim siniflə kontakt yarada bilmir. Sinif qrupunda mövcud olan şəxsiyyətlərarası münasibətləri öyrənməyən və nəzərə almayan müəllim sadəcə olaraq informasiya mənbəyinə, dərs verənə çevrilir. Belə müəllim şagirdlər arasında nüfuz qazana bilməz, bu isə şagird şəxsiyyətinin formalaşmasına mənfi təsir göstərir.


Beləliklə, pedaqoji fəaliyyətin bu və ya digər tərəfinin nəzərə alınmaması arzuolunmaz nəticələrə gətirib çıxarır, ona görə də hər bir pedaqoq bütün pedaqoji funksiyaları bir-biri ilə uzlaşdırmağı bacarmalıdır. O, sinif qrupunun inkişaf səviyyəsini və yaş xüsusiyyətlərini nəzərə alaraq öz işini qurmalıdır.


Aparılan pedaqoji tədqiqatlar göstərir ki, pedaqoq sinif kollektivinin sosial-psixoloji inkişaf səviyyəsi barədə ətraflı məlumata malik olmalıdır. Yüksək inkişaf səviyyəsinə malik olmayan sinifdə müəllim təşkilatçılıq işinə diqqəti artırmalı və kollektivdəki şəxsiyyətlərarası münasibətləri inkişaf etdirməlidir.


Kiçik məktəblilərin təlim-tərbiyəprosesinin səmərəli olması müəllimin kommunikativ fəaliyyətindən əhəmiyyətli dərəcədə asılı olur. Birinci sinfə dərs deyən müəllimlər kommunikativ fəaliyyətə xüsusi fikir verməlidirlər. Onların pedaqoji fəaliyyətinin qnostik, konstruktiv, hətta təşkilatçılıq komponentləri kommunikativ fəaliyyətə tabe olur.


Yeniyetmələrlə işləyən müəllimlər isə kiçik məktəblilərlə işləyənlərdən fərqli olaraq konstruktiv və təşkilatçılıq funksiyalarına daha çox diqqət yetirməlidirlər.


Yuxarı sinif şagirdləri, yəni gənclərlə işləyən müəllimlər isə tədqiqatçılıq işinə daha çox yer verməlidirlər. Müəllimin öz fənnini dərindən bilməsi, gənc oğlan və qızları bu fənnə həvəsləndirməsi onların gələcəkdə peşə seçməsinə əhəmiyyətli təsir göstərir.


Ünsiyyət müəllimlə şagirdlərin birgə fəaliyyətinin əsas atributlarından hesab olunur. Belə ki, müəllim ünsiyyət prosesində şagirdlərə informasiya verir, təsir göstərir və onları başa düşür, anlayır. Ünsiyyət olmadan heç bir birgə fəaliyyət həyata keçirilə bilməz. Bu mənada pedaqoji fəaliyyətin müvəffəqiyyətlə həyata keçirilməsində pedaqoji ünsiyyətin rolu olduqca böyükdür. Pedaqoji ünsiyyət müəllimin şagirdlərlə təlim və tərbiyə prosesində kontakt yaratması, qarşılıqlı əlaqədə olması və onları anlaması prosesidir. Bu peşəyönümlü ünsiyyət tipidir. Bu cür ünsiyyət hərtərəfli inkişaf etmiş şəxsiyyətin formalaşması üçün əlverişli şərait yaradılmasına yönəlir. Bu eyni zamanda kollektivdəki sosial-psixoloji prosesləri idarə etməyə və əlverişli psixoloji iqlim yaratmağa imkan verir. Ona görə də hər bir müəllimin mahiyyəti, onun sosial-psixoloji mexanizmləri ilə dərindən tanış olması və şagirdlərlə birgə fəaliyyəti zamanı ondan lazimi şəkildə istifadə etməsi zəruridir.


Pedaqoji ünsiyyət, ümumiyyətlə, ünsiyyətin bütün xüsusiyyətlərini özündə əks etdirir. İlk növbədə həmin cəhədləri nəzərdən keçirir.


Sosial-psixoloji ədəbiyyatda ünsiyyətin bir-birilə sıx əlaqədə olan üç tərəfini ayırırlar: birincisi, ünsiyyət iştirakçıları arasında informasiya mübadiləsi: ikincisi, bir-biri ilə ünsiyyətdə olan adamlar arasında qarşılıqlı təsir prosesi: üçüncüsü, adamların bir-birini qavraması və bunun arasında bir-birini anlaması.


Ünsiyyətin bu cəhətlərinin hamısı pedaqoji ünsiyyət prosesində tətbiq olunur və pedaqoji fəaliyyətin səmərəliliyini təmin edir. Ona görə də təlim-tərbiyə prosesində müəllim həmin cəhətlərin qanunauyğunluqlarına ciddi əməl etməlidir.


Pedaqoji ünsiyyətin müxtəlif növlərini qeyd etmək mümkündür. Hər şeydən əvvəl, ünsiyyətin cəhətlərinə, başqa sözlə, pedaqoji ünsiyyətin yerinə yetirdiyi vəzifələrə görə onun aşağıdakı növlərini ayırmaq mümkündür: informasiya mübadiləsi, başqa adamların davranışını tənzim etmək, şəxsiyyətlərarası anlama.


Pedaqoji ünsiyyəti öz məzmununa və müəllimin şagirdlərə müraciət tərzinə görə də növlərə ayırmaq mümkündür. Bunlara təşkiledici, qiymətləndirici, intizam yaradan pedaqoji ünsiyyət növlərini aid etmək olar.


Pedaqoji ünsiyyətin hansı növündən istifadə edilməsindən asılı olmayaraq müəllimin şagird kollektivi ilə məhsuldar ünsiyyət prosesi təşkil olunmadan pedaqoji fəaliyyətin didaktiv və tərbiyəvi vəzifələrini lazımi şəkildə həyata keçirmək mümkün deyildir. Akademik A.V.Petrovski müəllimin fəaliyyətində ünsiyyətin aşağıdakı hallarda həyata keçirildiyini qeyd edir: birincisi xüsusi təlim vəzifələrinin həyata keçirilməsi vasitəsi kimi: ikincisi tərbiyə prosesinin həyata keçirilməsinin sosial-psixoloji sistem kimi: üçüncüsü, təlim və tərbiyənin müvəffəqiyyətini təmin edən şagirdlər arasındakı qarşılıqlı əlaqə sisteminin təşkili yolları kimi: dördüncüsü, hər bir şagirdi bir fərd kimi tərbiyə etməyə imkan verən proses kimi.


Bütün halların hamısından pedaqoji ünsiyyətin yüksək səviyyədə təşkili tələb olunur: müəllim elə dərin bilik, bacarıq və vərdişlərə malik olmalıdır ki, onların köməyi ilə şagirdlərə təsir göstərə bilsin, şagird kollektivindəki qarşılıqlı münasibətləri fəal şəkildə idarə edə bilsin.


Müəllimin şagirdlərlə ünsiyyət üslubu onların qarşılıqlı münasibətlərinin yaranması və təkmilləşməsində həlledici rol oynayır. Müəllimin kommunikativ fəaliyyətinin öyrənilməsi göstərir ki, pedaqoji ünsiyyətin xarakteri və məzmunu müxtəlif amillərlə şərtlənir ki, bunların da sırasında müəllimin üslubu, mövqeyi ustanovkasını xüsusi qeyd etmək lazımdır.


Sosial psixologiyada beş cür rəhbərlik üslubu ayırırlar ki, onların da hər birinə eyni pedaqoji ünsiyyət üslubu uyğun gəlir: avtokratik, avtoritar, demokratik, laqeyd, qeyri-sabit.


Müasir müəllim bu gün bu ünsiyyət üslublarının içərisində ən çox demokratik üsluba meyl etməlidir. Bunu ondan müasir dövrdə demokratik dəyərlərin ön plana çəkilməsi və həmin ünsiyyət üslubunun digərlərinə nisbətən daha əlverişli, mütərəqqi olmasını aparılan psixoloji tədqiqatlar sübut edir. Bu cür ünsiyyət prosesində şagird subyekt kimi qavranılır. Bu ünsiyyət üslubundan geniş istifadə edən müəllim şagird kollektivinin rəyini nəzərə alır, onlara şəxsiyyət kimi yanaşır və onlarla razılaşır. Qərar qəbul edərkən kollektivin və onun liderinin təklifini nəzərə alır. Məktəblilərin müstəqilliyini boğmur, onlara hörmətlə yanaşır, müsbət emosional əlaqəyə üstünlük verir. Bu cür ünsiyyət üslubundan istifadə edən müəllimlər şagirdlərin fərdi xüsusiyyətlərini və şəxsi təcrübələrini, fəallıq və tələbatlarını nəzərə almağa çalışır. Belə müəllimlərdə şagirdlərə qarşı neqativ ustanovka olmur, yaxud onu büruzə vermirlər.

 

Təcrübə göstərir ki, şagirdlərlə qarşılıqlı münasibətdə pedaqoji ünsiyyətin demokratik üslubundan istifadə edən müəllimlərlə şagirdlər arasında olduqca səmərəli təmas yaranır və şagirdlərin sevimlisinə çevrilirlər.


Müəllimin qarşısında qoyulan müasir tələblərdən biri də təlim-tərbiyə işinə birgə fəaliyyət xarakteri verməkdir. Uşaq və yeniyetmə qruplarında kollektivi yaradan faktor kimi çıxış edən birgə fəaliyyət- birgə yaşamaq və işləmək qabiliyyətidir. L.S.Vıqotski birgə fəaliyyətin rolunu insanın psixi inkişafında xüsusi olaraq qeyd edirdi. O, göstərirdi ki, daxili psixi proseslər insanların xarici kollektiv fəaliyyətinin şəkil dəyişmiş forması kimi çıxış edir, insanlar arasında əməkdaşlıq kimi təzahür edir.


Son zamanlar pedaqoqların diqqətini dərsdə və dərsdənkənar vaxtlarında qrup formasında işlər cəlb edir. Dərsdə qrup şəklində iş aparan müəllim şagirdlərə təlim prosesində əməkdaşlıq etmək, fəaliyyət məhsullarını bir-biri ilə bölüşmək imkanı verir. Bu şagirdlərin hamısının eyni problem ətrafında düşünməsinə imkan yaradır.


Bu gün müəllimlərin siniflə frontal iş aparmasına daha çox ehtiyac duyulur. Frontal iş zamanı müəllim bütün siniflə işləyir, hamını təlim şəraitinə cəlb etmək imkanı əldə edir. Şagirdlər qarşıya qoyulan ümumi bir problemi birgə, hər kəs öz bacardığını tətbiq etməklə həll etməyə cəhd göstərirlər. Əlbəttə, frontal iş fərdi işə nisbətən proqressiv hesab edilir, lakin onu tətbiq etmək həmişə mümkün olmur və ehtiyac da yoxdur. Ona görə ki, təlimin xarakteri elədir ki, onda fərdi iş aparmaq da lazım gəlir.

 

Digər tərəfdən frontal iş öz xarakterinə görə fərdi işdən çox da fərqli deyildir. O, kollektiv yaratmaq funksiyasını həyata keçirə bilmir. Bu funksiyanı şagirdlərin fəalığının başqa bir forması həyata keçirmək iqtidarında çıxış edir ki, bu da dərsdə qrup şəklində, kollektiv şəklində aparılan işdir.


Şagirdlərlə sinifdə, dərs zamanı qrup şəklində iş aparmaq priyomlarına həsr edilmiş tədqiqatlar bu gün az deyil. Bu sırada Ş.A.Amonaşvilinin, X.İ.Leytesin, İ.B.Pervinanın, M.D.Vinoqradovanın, V.V.Rubsovanın və b. adlarını çəkmək olar.


Sinifdə dərs zamanı qrup şəklində işi iki formada aparmaq mümkündür: vahid və differensasiya olunmuş. Vahid formada aparılan iş zamanı bütün qrup eyni bir tapşırığı yerinə yetirir. Differensasiya olunmuş formada aparılan iş zamanı isə sinif qrupu ayrı-ayrı qruplara bölünür və onların hər biri dərsdə verilən ümumi tapşırığın müəyyən hissələrinin həlli ilə məşğul olurlar. Ayrı-ayrı qrupların həll etməyə cəhd göstərdiyi tapşırıqlar ümumi sinif qrupuna verilmiş tapşırığın hissələri olmalıdır. Müəllimin qrup şəklində birgə təlim fəaliyyətinitəşkil etməsi heç də onun fərdi və frontal iş formasından imtina tələb etmir.


Bu gün müəllimdən təlim-tərbiyə işini əməkdaşlıq səviyyəsində qurmaq tələb olunur ki, bunu da həyata keçirmək üçün əsas şərait şagirdlərlə qrup şəklində iş aparmaqdır.


Bu gün təlimin humanistləşdirilməsi prinsipi ön plana çəkilmiş və prinsipin həyata keçirilməsi sahəsində psixoloji-pedaqoji tədqiqatlar aparılır. təlimin humanistləşdirilməsi prinsipinin reallaşdığı əsas aspekt müəllimlərlə şagirdlər arasındakı qarşılıqlı münasibətlərdir. İstər təlimin, istərsə də tərbiyə işi müəllimlə şagirdlər arasındakı qarşılıqlı münasibətlər konsektindən kənarda təsəvvür etmək mümkün deyildir.


Bu gün müəllimlərlə şagirdlər arasındakı qarşılıqlı təsirin dörd əsas psixoloji prinsipi ayrılır:


Birinci prinsip, pedaqoji qarşılıqlı təsirin dioloqlaşdırılması, yeni dioloq səviyyəsində həyata keçirilməsi. Ənənəvi monoloqlaşdırılmış, yəni monoloq səviyyəsində həyata keçirilən pedaqoji qarşılıqlı təsir zamanı müəllimlə şagird arasında həm şəxsiyyətlərarası qarşılıqlı münasibətlər planında, həm rollu sosial qarşılıqlı təsir planında, həm də informasiya mübadiləsi planında qarşılıqlı təsirdə bərabərhüquqluluq pozulur və müəllim dominant rolda çıxış edir. Belə ki, o, informasiya mənbəyi hesab edilir, o, şagirdlərə sual verir, o, şagirdlərin cavablarına nəzarət edir və onları qiymətləndirir.

 

Bir sözlə, müəllim üçün heç bir məhdudiyyət yoxdur və o, ən böyük şəxsiyyətlərdir, şagirdlər üçün şəxsiyyət etalonudur. Monoloq səviyyəsində qurulan pedaqoji qarşılıqlı təsir prosesində müəllimdən şagird şəxsiyyətini qismən başa düşmək və qəbul etmək tələb olunur ki, bu da ona diktator mövqeyində çıxış etməyə imkan verir. Pedaqoji qarşılıqlı təsirin dialoqlaşdırılması isə müəllim qarşısında öz mövqeyini dəyişdirmək tələbi qoyur və o, şagirdlərlə bərabərhüquqlu mövqedə durur. Bu öz növbəsində onlar arasında əməkdaşlıq yaranmasına gətirib çıxarır. Bu gün müəllimlərlə şagirdlər arasında əməkdaşlığın yaranması, onun apardığı təlim-tərbiyə işini optimallaşdırmağa şərait yarada bilər.


İkinci prinsip pedaqoji qarşılıqlı təsirin problemləşdirilməsi prinsipidir. Ənənəvi problemsizləşdirilmiş pedaqoji qarşılıqlı təsir zamanı müəllim şagirdlərə müəyyən biliklər verir, sonuncu isə onları mənimsəyir, bir növ biliklər müəllimin beynindən şagirdlərin beyninə axır. Bu zaman şagirdlərin müstəqilliyi heçə endirilir və onlardan hazır biliklərə yiyələnmək tələb olunur. Tərbiyə işi də elə qurulur ki, şagirdlər yalnız müəllimin qoyduğu qaydalara əməl etməli olur. Hətta müəllimin qoyduğu qaydalara əməl etməyənlər tərbiyəsiz hesab edilirlər.

 

Deməli, müəllim tələb edən, şagird isə icra edən rolunda çıxış edir. Problemləşdirilmiş pedaqoji qarşılıqlı təsir zamanı isə təlim və tərbiyə prosesində müəllimin və şagirdlərin rolları və funksiyaları dəyişir. Müəllim şagirdin şəxsiyyətinin inkişafı üçün şərait yaradır, ona təlim işində müstəqillik verir, fəalığını stimullaşdırır, müstəqil əqli iş aparmaq imkanı verir.


Üçüncü prinsip, pedaqoji qarşılıqlı təsirin personallaşdırılması prinsipidir. Qeyri- personallaşdırılmış pedaqoji qarşılıqlı təsir-rollar arasında mövcud olan qarşılıqlı təsirdir. Ənənəvi qeyri- personallaşdırılmış pedaqoji qarşılıqlı təsir zamanı müəllim tərbiyə edən rolunda, şagird isə tərbiyə olunan rolunda çıxış edir. Bu rolların çərçivəsinə uyğun gəlməyənlər rədd edilir, yəni hər iki tərəf rol gözləmələrindən kənara çıxa bilmir. Bu yolların üzərində bir tərəfdən ağır yük qoyur, digər tərəfdən isə şəxsiyyət-şəxsiyyət münasibətləri kənarda qalır, rollar arasında qarşılıqlı münasibətlər ön plana çəkilir. Rolların icraçılarının davranışı onların icra etdiyi rolların mövqeyi ilkə determinasiya olunur. Pedaqoji qarşılıqlı təsirin personallaşdırılması isə vəziyyəti kökündən dəyişir. Bu ilk növbədə həm müəllimdən, həm də şagirdlərdən onların icra etdiyi rol maskasından azad olmaq imkanı verir və şəxsiyyətlər arasında azad qarşılıqlı münasibətlər ön plana çəkilir.


Dördüncü prinsip, pedaqoji qarşılıqlı təsirin fərdiləşdirilməsi prinsipidir. Qeyri-fərdiləşdirilmiş pedaqoji qarşılıqlı təsir şagirdin fərdiliyinə yönəlmiş qarşılıqlı təsir deyildir. Bu şagirdin fərdiliyini, yəni onun maraqlarının və qabiliyyətlərinin özünəməxsusluğunu nəzərə almayan frontal qarşılıqlılıq təsiri ön plana çəkir. Fərdiləşdirilmiş pedaqoji qarşılıqlı təsir isə əksinə, bir şagirdin ümumi və xüsusi qabiliyyətlərini üzə çıxarmağa yönəlir, təlim və tərbiyə metodikasını seçərkən şagirdlərin fərdi, yaş xüsusiyyətlərini, qabiliyyətləri və meylləri nəzərə alır.


Yuxarıda sadalanan pedaqoji qarşılıqlı təsirin bütün psixoloji prinsipləri bir-biri ilə sıx əlaqədədir və pedaqoji qarşılıqlı təsirin humanistləşdirilməsinə xidmət edir. Bu prinsipləri təlim-tərbiyə işini səmərəli və günün tələblərinə uyğun qurmaq istəyən hər bir müəllim nəzərə almalıdır. Bu prinsiplərin tələblərinə əməl etmək müəllimin yaradıcı potensialını reallaşdırmağa imkan verir və şagirdlərin də bütün potensiallarının açılmasına əlverişli şərait yaradır.




Загрузка...
Həmçinin oxuyun:
MüəIIimin şagirdlərlə ünsiyyət üslubu,Pedaqoji ünsiyyət haqqında....

MüəIIimin şagirdlərlə ünsiyyət üslubu,Pedaqoji ünsiyyət haqqında....

Müəllimin şagirdlərlə ünsiyyət üslubları.

Müəllimin şagirdlərlə ünsiyyət üslubları.

Pedaqoji psixologiyanın predmeti- Şəxsiyyətin formalaşması mexanizmi...

Pedaqoji psixologiyanın predmeti- Şəxsiyyətin formalaşması mexanizmi...

Müəllimin peşəyönümü və özünütəhsil məsələləri - PEDAQOQ PEŞƏKARLIĞI

Müəllimin peşəyönümü və özünütəhsil məsələləri - PEDAQOQ PEŞƏKARLIĞI

Pedaqoji ustalıq və pedaqoji fəaliyyət

Pedaqoji ustalıq və pedaqoji fəaliyyət

PEDAQOJİ USTALIQ VƏ PEDAQOJİ FƏALİYYƏT

PEDAQOJİ USTALIQ VƏ PEDAQOJİ FƏALİYYƏT

Müəllim və şagird ünsiyyətində peşəkar bilik və bacarıqlar mühüm rol oynayır.

Müəllim və şagird ünsiyyətində peşəkar bilik və bacarıqlar mühüm rol oynayır.

Kiçik məktəblilərdə məktəb dezatapsiyasını yaradan səbəblər

Kiçik məktəblilərdə məktəb dezatapsiyasını yaradan səbəblər

Müəllim-şagird münasibətləri dərsin məqsədlərini reallaşdırmaq üçün zəruri amildir

Müəllim-şagird münasibətləri dərsin məqsədlərini reallaşdırmaq üçün zəruri amildir

Müəllim üçün pedaqoji əməyin obyekti dərs dediyi şagirdləridir- Pedaqoji ustalıq

Müəllim üçün pedaqoji əməyin obyekti dərs dediyi şagirdləridir- Pedaqoji ustalıq

PEDAQOJİ USTALIĞIN SOSİAL ƏHƏMİYYƏTİ, ƏSAS ELEMENTLƏRİ

PEDAQOJİ USTALIĞIN SOSİAL ƏHƏMİYYƏTİ, ƏSAS ELEMENTLƏRİ

ÜMUMİ TƏHSİL SİSTEMİNDƏ PEDAQOJİ PROSESİN TƏŞKİLİ PRİNSİPLƏRİ

ÜMUMİ TƏHSİL SİSTEMİNDƏ PEDAQOJİ PROSESİN TƏŞKİLİ PRİNSİPLƏRİ

Müasir təlimin 7 prinsipi

Müasir təlimin 7 prinsipi

Müəllim şagirdlərə düşündürücü, maraqlı, həyati əhəmiyyətli suallarla müraciət edərsə ....

Müəllim şagirdlərə düşündürücü, maraqlı, həyati əhəmiyyətli suallarla müraciət edərsə ....

Müəllim və şagird arasında problemləri aradan qaldırmaq üçün 8 tövsiyyə

Müəllim və şagird arasında problemləri aradan qaldırmaq üçün 8 tövsiyyə

PEDAQOJİ FƏALİYYƏTDƏ KİŞİ VƏ  QADIN MÜƏLLİMLƏRİN PSİXOLOJİ XÜSUSİYYƏTLƏRİ-Pedaqoji fəalliyət haqqında

PEDAQOJİ FƏALİYYƏTDƏ KİŞİ VƏ QADIN MÜƏLLİMLƏRİN PSİXOLOJİ XÜSUSİYYƏTLƏRİ-Pedaqoji fəalliyət haqqında

Pedaqoji ustalığın sosial əhəmiyyəti- ƏSAS ELEMENTLƏRİ

Pedaqoji ustalığın sosial əhəmiyyəti- ƏSAS ELEMENTLƏRİ

Pedaqoji  fəalliyətin köməyi ilə....

Pedaqoji fəalliyətin köməyi ilə....

Müəllim - şagird münasibətlərinin psixoloji məsələləri

Müəllim - şagird münasibətlərinin psixoloji məsələləri

Müəllim - şagird münasibətlərinin psixoloji məsələləri

Müəllim - şagird münasibətlərinin psixoloji məsələləri

Dərsdə müəllimin təşkilati fəaliyyəti

Dərsdə müəllimin təşkilati fəaliyyəti

Öyrənmə fəaliyyətini səciyyələndirən xüsusiyyətlər

Öyrənmə fəaliyyətini səciyyələndirən xüsusiyyətlər

Şagird şəxsiyyətinin formalaşmasına təsir edən amillər    Emin Məmmədxanlı

Şagird şəxsiyyətinin formalaşmasına təsir edən amillər Emin Məmmədxanlı

Müəllim-şagird münasibətləri. Müəllimin pedoqoji fəaliyyəti, qabiliyyəti və ona verilən tələblər

Müəllim-şagird münasibətləri. Müəllimin pedoqoji fəaliyyəti, qabiliyyəti və ona verilən tələblər