Pedaqoji psixologiyanın predmeti- Şəxsiyyətin formalaşması mexanizmi...
Məktəblərimizin ən mühüm və daimi vəzifəsi olan gənc nəslə elmlərin əsasları haqqında dərin və möhkəm biliklər vermək, həmin bilikləri təcrübəyə tətbiq etmək vərdişləri və bacarığı aşılamaq, hərtərəfli inkişaf etmiş şəxsiyyət formalaşdırılması işini müvəffəqiyyətlə həyata keçirmək üçün müəllim tərbiyənin və təlimin psixoloji qanunauyğunluqlarına dərindən yiyələnməli və özünün pedaqoji fəaliyyətində həmin biliklərdən istifadə etməyi bacarmalıdır.
Bu cür biliklər isə müasir psixologiya elminin mühüm sahələrindən biri olan pedaqoji psixologiyada öz əksini tapır.
Pedaqoji psixologiyanın predmetini insanın tərbiyə, təlim və pedaqoji fəaliyyətinin psixoloji qanunauyğunluqlarının öyrənilməsi təşkil edir.
Pedaqoji psixologiyanın predmetinə, birinci növbədə, şəxsiyyətin formalaşmasının psixoloji mexanizminin öyrənilməsi, şəxsiyyətin inkişaf səviyyəsi və fəallığın qarşılıqlı əlaqəsinin, tərbiyənin idarə olunması problemlərinin, özünütərbiyə və əxlaq tərbiyəsinin, tərbiyəvi tədbirlərin psixoloji əsaslarının, gənc nəslin tərbiyəsinə təsir edən amillərin psixoloji xüsusiyyətlərinin aşkara çıxarılması təşkil edir.
Təlimin idarə olunmasının psixoloji məsələlərini, təlim və inkişafın qarşılıqlı əlaqəsini, psixi proseslərin, xüsusilə şagirdlərdə təfəkkürün inkişafında təlim fəaliyyətinin aparıcı rolunu, təlim motivlərinin psixoloji xüsusiyyətlərini, təlim fəaliyyətinin struktur komponentlərini, əqli fəaliyyətin priyom və vərdişlərinin mənimsənilməsi prosesinin idarə olunması problemlərini öyrənmək müasir pedaqoji psixologiyanın predmetinə daxil olan ən mühüm komponentlərdəndir.
Bunlarla yanaşı olaraq, təlimdə müvəffəqiyyəti və müvəffəqiyyətsizliyi şərtləndirən psixoloji amilləri, müasir dərsə verilən psixoloji tələbləri, təlim prosesində müasir texniki vasitələrdən istifadənin psixoloji xüsusiyyətləri, pedaqoji fəaliyyətin psixoloji xüsusiyyətləri, müəllim və şagirdlərin qarşılıqlı münasibətlərinin, müəllimin pedaqoji bacarıq və vərdişlərinin, xüsusilə onun pedaqoji ünsiyyəti və pedaqoji mərifətinin psixoloji mexanizmlərini və təlim və tərbiyənin digər mühüm psixoloji məsələlərini öyrənmək, aşkara çıxarmaq da pedaqoji psixologiyanın predmetini təşkil edir.