Göyçayda ənənəvi “Nar Festivalı” KEÇİRİLİB
Göyçayda ənənəvi “Nar Festivalı” KEÇİRİLİB
8–9 noyabr tarixlərində Göyçay şəhərində ənənəvi “Nar Festivalı” təşkil olunub. Tədbir Göyçay Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Dövlət Turizm Agentliyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi ilə baş tutub.
AzTehsil.com xəbər verir ki, festivalın məqsədi bölgənin qədim narçılıq ənənələrini qorumaq və təbliğ etmək, bu ənənələri turizm məhsuluna çevirmək, eləcə də yerli istehsalçılara satış və tanıtım imkanları yaratmaq olub.
Tədbir çərçivəsində 65-dən çox stend fəaliyyət göstərib. Burada yerli istehsalçılar və fermerlər müxtəlif nar növləri, nardan hazırlanmış məhsullar, həmçinin nar mövzusunda əl işləri təqdim ediblər. Qonaqlar məhsulların dequstasiyasında iştirak edib, yarmarkanı gəzib, ustad dərsləri və rəsm sərgilərinə qatılıblar.
Festival çərçivəsində həmçinin müsabiqələr, folklor qruplarının çıxışları və konsert proqramı da təşkil olunub. Tədbir möhtəşəm musiqili proqramla başa çatıb.![]()









