“Elm və təhsil obyektivdə" foto-video müsabiqəsi üzrə işlərin qəbulu başlayır
Elm və Təhsil Nazirliyi tərəfindən keçirilən “Elm və təhsil obyektivdə" foto-video müsabiqəsi üzrə işlərin qəbuluna başlanılır.
AzTehsil.com- n əldə etdiyi məlumata görə xəbər verir ki, müsabiqədə iştirak üçün namizədliyi təsdiqlənən 31 nəfərə fotovideomusabiqe@edu.gov.az elektron poçt ünvanı üzərindən bu barədə məlumat göndərilib.
Müsabiqənin texniki tələblərinə cavab verən işlərin qəbulu 10 noyabr 2025-ci il tarixinədək həyata keçiriləcək.
Foto və video məzmun olmaqla 2 kateqoriyada keçirilən müsabiqədə iştirak üçün namizədliyi təsdiqlənənlərdən 10 nəfəri hər iki kateqoriya, 13 nəfəri foto, 8 nəfəri isə video kateqoriyası üzrə müraciət edib.
Namizədlərin seçimlərində “Yaradıcı təhsil mühiti”, “Bu günün şagirdi, sabahın qurucusu”, “Azərbaycan müəllimi” mövzularına daha çox üstünlük verilib.
Qeyd edək ki, Azərbaycan milli mətbuatının 150 illik yubileyinə həsr olunan müsabiqə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının tərəfdaşlığı, Təhsil TV və “Azərbaycan müəllimi” qəzetinin dəstəyi ilə təşkil olunur.
Müsabiqənin məqsədi elm və təhsil prosesində bütün maraqlı tərəflərin iştirakının artırılması və aktual mövzulara fərqli perspektivlərdən yanaşaraq vizual məzmunun yaradılmasıdır.