AzTehsil.com
EN


Xəbərlər
14 fevral 2020
2 807


“Sabahın alimləri” müsabiqəsinin qalibləri mükafatlandırıldı



“Sabahın alimləri” müsabiqəsinin qalibləri mükafatlandırıldı

 

Fevralın 11-13-də "Sabahın alimləri” IX Respublika müsabiqəsi keçirilib və dünən qaliblər mükafatlandırılıb.
 
Yuxarı sinif şagirdlərinə tədqiqat aparmaq, öz elmi nailiyyətlərini nümayiş etdirmək imkanı yaratmaq və onların arasından hər il ABŞ-da keçirilən ISEF-Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak edəcək namizədləri müəyyənləşdirmək məqsədi ilə keçirilən müsabiqəyə bu il 15 şəhər və rayonun ümumtəhsil məktəblərində təhsil alan 454 şagird 258 layihə ilə qatılıb. Elmi Ekspertiza Komissiyasının qərarına əsasən, onlardan 327 nəfər 187 elmi layihə ilə müsabiqədə iştirak etmək hüququ qazanıb.  Bu hüququ qazananların 112 nəfəri IX sinif şagirdi, 129 nəfəri X sinif və  86 nəfər XI sinif şagirdidir. Müsabiqədə iştirak edənlərin 48 faizini bölgələrdən qatılanlar təşkil edib. 187 layihədən 47-si fərdi, 140-ı isə kollektiv işin nəticəsidir.

 Geyimdə və hərbidə yenilik edən Sumqayıt məktəbliləri enerjini əlçatan, səngər həyatını asanlaşdırdılar

 Müsabiqədə Sumqayıt məktəbliləri fəal iştirak ediblər. Məsələn, Şəms Kamilli Sumqayıt şəhərindəki 16 nömrəli tam orta məktəbin IX sinif şagirdidir.

 Elektrik enerjisi istehsal edən ayaqqabı modeli təklif edir: "Elektrik enerjisinin əlçatmaz olduğu yerlərdə alternativ həll yollarına ehtiyac duyulur. Mən də bu yollardan birini təklif edirəm”.

İnsanın hərəkət etdiyi ilk 34 dəqiqədən başlayaraq, ayaqqabıda enerji yarandığını deyən Sumqayıt məktəblisi bu ayaqqabı ilə insanlarda hərəkət etməyə stimul yaradacağına inanır.

Başqa bir Sumqayıt məktəblisi  Nailə Əmirova  Texniki və təbiət elmləri liseyində təhsil alır. Həndəsənin köməyi ilə məsələləri kökündən həll etməyi təklif edib.

Sumqayıt şəhər təbiət elmləri təmayüllü gimnaziyada oxuyan Leyla Qəniyeva və Bahar Kərimli isə hərbçilərin vəziyyətini nəzərə alaraq ideya irəli sürüblər. Onlar çətin şəraitdə hərbçiləri təbii qazla təmin etməyin yolunu təklif edirlər. Bu cür şəraitlərdə daha çox ağacın kəsildiyini vurğulayan məktəblilər irəli sürdükləri ideya ilə həm də təbiəti qoruya biləcəklərinə inanırlar. Belə ki, əsgərlər qida qalıqlarından ibarət tullantılarını məktəblilərin hazırladığı, özləri ilə asanlıqla daşıya biləcəkləri qurğuya yığmaqla qaza çevirə və özlərinə isti yeməklər hazırlaya bilərlər.

Məktəblilər insan psixologiyasını araşdırıb təhsilə maraq yaradan sistem qurdular

Aqşin Əlisoy Kaspi liseyinin IX sinif şagirdidir. Keyfiyyətli təhsilə inanır və komanda üzvləri ilə elə bir sistem qurublar ki, şagirdi dərsliyə, insanı özünüinkişafa həvəsləndirəcək. Onlar süni intellektin köməyilə təhsilə marağı artırmaq istəyirlər. "Süni intellektli virtual təhsil assistenti” - "Clara” layihəsini hazırlayarkən 2-3 ay araşdırıblar. Sosial psixologiyadan cinayətkar psixologiyasına qədər  insan psixologiyası ilə bağlı çoxlu materiallar oxuyublar. Özlərində insanın hansı şəraitdə necə düşünə biləcəyi barədə rəy formalaşandan sonra proqram hazırlayıblar. Rumıniyada keçirilən Beynəlxalq Robot və İnformatika Olimpiadasının bürünc medalçısı olan Aqşin Əlisoy deyir ki, layihə üzərində işə davam edirlər. Ortaya daha təkmil bir sistem qoyacaq, layihələri qəbul edilərsə, Təhsil Nazirliyi qarşısında sistemin məktəblərdə tətbiqi ilə bağlı məsələ qaldıracaqlar.

İnsan sağlamlığı məktəblilərin əsas tədqiqat mövzularındandır

Ümumiyyətlə, müsabiqəyə təqdim olunan ideyalardan belə görünür ki, insan, onun sağlamlığı, xəstəliklərlə mübarizəsi, təhlükələrdən qorunması məktəblilərin diqqət mərkəzindədir.

Gülnar və Kənan Qurbanlılar bir ailənin övladı, eyni məktəbin - Yasamal rayonu 60 nömrəli tam orta məktəbin şagirdləridirlər. Biri X, digəri XI sinifdə oxuyur. Hazırladıqları kardioqraf qurğusu az detaldan hazırlandığı üçün ucuz və sərfəli sayılır. Təxminən 17 AZN-ə başa gələn cihaz 3 nöqtədən insan bədəninə elektrodlarla birləşdirilir. Sağ və sol əl, həmçinin sol ayaqdan birləşdirilən cihaz insan ürəyinin elektrokardioqramını çıxardır. Məktəblilərin təklif etdiyi elektrokardioqram ucuz başa gəlməyindən əlavə, mobilliyi və təhlükəsizliyi ilə də seçilir. Məktəblilər deyir ki, klinikada elektrokardioqram cihazlarının üzərinə su düşsə, partlayışa səbəb ola bilər, ancaq onların hazırladığı və hər kəsin evində istifadə edə biləcəyi cihaz tamamilə təhlükəsizdir. Məktəblilər cihazı valideynlərinin, qohumlarının üzərində sınaqdan çıxartdıqdan sonra əminliklə müsabiqəyə təqdim ediblər.

Sumqayıt şəhər Təbiət təmayüllü gimnaziyada təhsil alan  IX  sinif şagirdi Ləman Gəncəli yoldaşları ilə insan bədəninin çəki indeksinə uyğun olaraq gedən patoloji dəyişiklikləri hesablayıblar. Həmin hesablamalara əsasən, məktəblilər insanı hansı çəkidə başına nə gələcəyinə dair xəbərdar etməyə çalışırlar.

Talassemiya və xərçəng xəstəliyinin müalicəsində insanlara kömək edəcək hesablamalar aparmağa, çarələr tapmağa çalışanlar da var. Məsələn, Şəkidəki 6 nömrəli tam orta məktəbin şagirdi Nəsib Mustafayev  "Xərçəngə "stop” deyək” adlı layihəsi ilə xəstəliyi araşdırıb ona qarşı mübarizəni təşkil etməyə çalışır.

Bakı Avropa Liseyinin şagirdi Fəxriyyə Məmmədovanın cihazı qaz sızmasını qısa zamanda müəyyənləşdirir. Məktəblinin bu mövzuya müraciət etməsinin səbəbi qaz sızmasından ölənlərin sayının çoxluğu olub və o, bir il üzərində çalışdığı cihazı yaratmağa nail olub.

İnsan üçün daha təhlükəli olan radioaktiv tullantılarla mübarizədə bir variantı da Sumqayıt məktəblisi İlham Abdullayev irəli sürüb. Onun robotu sənayedə istifadə olunur. Uzaqdan idarə edilən robot radioaktiv tullantıları ərazidən çıxarır.
Enerji əldə edənlər
Müsabiqəyə təqdim edilən layihələr göstərir ki, məktəblilər müasir dövrün çağırışlarını bildikləri kimi, dünyanı narahat edən qlobal problemləri də tanıyır, böyüməyi gözləmir, çıxış yollarını indidən tapmağa çalışırlar. İrəli sürdükləri ideyalar da elə məktəblisayağıdır, faydası çox, xərci az. Elə götürək "Gənc istedadlar” liseyinin şagirdlərinin enerji alma üsulunu. Məktəblilər dəniz sahilində yerləşən ölkəsinin bu sərvətini dəyərləndirib, dalğadan belə enerji almağı öyrəniblər. Onlar bu enerji ilə sahilyanı kiçik qəsəbələrin, çimərliklərin işıqlandırılmasının mümkünlüyünü sübut ediblər.
Dövlət Sərhəd Xidmətinin xüsusi məktəbinin kursantları da dəniz dalğalarından, Cəlilabad rayon 7 nömrəli tam orta məktəbin şagirdləri isə titrəmə nəticəsində əldə etdikləri enerjidən istifadənin rahatlığına diqqət çəkiblər.
Şirvan məktəbliləri yeni mənbələr axtarışındadır
Kimya-biologiya təmayüllü Respublika liseyinin Şirvan filialının IX sinif şagirdi Aysun Mahmudlu deyir ki, o və dostları qida tullantılarından bioqazın alınması texnologiyasını təklif edirlər. Bununla "Təmiz ölkəm, sağlam gələcək” ideyasını gerçəkləşdirmək istəyirlər. Həm təbiətə tullantı olaraq geri qayıdacaq qida qalıqlarını alternativ enerjiyə çevirməklə bir yandan təbiətin çirklənməsinin qarşısını alır, qida tullantılarının qıcqırması nəticəsində əldə etdikləri qazla yanacaq əldə edərək bu istiqamətdə ehtiyacı ödəyir, üstəlik, istəklərini atmosferi çirkləndirmədən həyata keçirirlər. Torpağın altına yerləşdirilməsi qurğunun əsas üstünlüklərindəndir.
Liseyin şagirdləri başqa bir stenddə  biokütlədən səmərəli istifadə etməyi təklif ediblər. Sinan Nadirov və Fərid Quliyev yaratdıqları qurğu barədə çox həvəslə danışırlar. Onların yaratdıqları bioreduktorun köməyi ilə heyvanların substratından metan qazı və keyfiyyətli gübrə əldə edilir. Heyvandarlığın inkişaf etdiyi, qazın isə olmadığı dağlıq ərazilər üçün çıxış yolu sayılan bu cihaz ekoloji tarazlığın pozulmasının qarşısını almağa da kömək edir.
Şirvan şəhər 1 nömrəli məktəb -liseyin şagirdi Aytən Ələkbərova səmt qazlarından istilik və elektrik enerjisi əldə edən cihazının ölkə iqtisadiyyatına və ətraf mühitə faydalı olacağına inanır.
Bakı məktəblilərinin evdə ağacın işini görən qurğusu

Teyyub Rəsulov və Cəlal Hacızadə "XXI əsr” Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzinin şagirdləridir. Onlar fotosintez prosesini həyata keçirən, ağacın təbiətdə gördüyü işi otaqlarda, ofislərdə həyata keçirməyə qadir olan cihaz hazırlayıblar: "Hətta biz bunu təkmilləşdirib işıq boruları halına da sala bilərik. Həm şəhəri işıqlandırıb, həm oksigen verən, günəş panelləri vasitəsi ilə istifadə etdiyi enerjini də günəşdən alan çox səmərəli cihaz ola bilər”.
Akademik Zərifə Əliyeva adına liseyin şagirdlərinin "katalizator sürəti”

Bakı məktəbliləri Ləman Pənahova sudan duzu, Nazim Bayramlı isə müsabiqədə nefti ayıran texnologiya ilə çıxış ediblər.

Akademik Zərifə Əliyeva adına liseyin şagirdlərinin də suyu təmizləyib istifadəyə yararlı hala gətirməyə çalışan şagirdləri öz ideyaları ilə fərqləniblər. Liseyin şagirdləri Aslan Əhmədzadə və  Zemfira Süleymanova isə qonşu stenddə texniki cəhətdən çirklənən torpaqların rekultivasiyasını təklif ediblər.

Daha bir stenddə Məhəmməd Nəcəfov və Leyla Seyidzadə nanokatalizator hazırlamağı təklif edirlər. Daha az enerji ilə daha sürətli katalizatorlar daha ucuz başa gəlir.

Ümumiyyətlə, sözügedən lisey bu müsabiqənin ən fəal iştirakçısı olub. Müsabiqədə 23 stendlə təmsil olunan təhsil müəssisəsinin şagirdlərinin adı nəinki qaliblərin, hətta ISEF-Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak edəcək namizədlərin də siyahısında var.

"Sabahın alimi”nin qızıl medalçısı Amerikadan da uğurla dönəcəyinə inanır

Bu siyahıda adı olan, liseyin ən maraqlı layihələrindən birinin müəllifi Naim Xuduzadə "Sabahın alimləri” müsabiqəsinin mühəndislik üzrə qızıl medalçısıdır. Gənc kompüter bilicisi bildirib ki, o, öz əziyyəti sayəsində bu yeri qazanıb: "Bilirdim ki, layihəm əsas yerlərdən birini tutacaq. Bu layihənin üzərində çox əziyyət çəkmişəm və əmin idim ki, bu əziyyətimin mütləq bəhrəsi olacaq. Layihəm toxumlu bitkilərin avtomatlaşdırılmış əkinini həyata keçirir. Dünyanın istənilən nöqtəsindən öz torpaq sahəsinə  nəzarət etmək, əkin həyata keçirmək mümkündür. Layihəmin hər bitki üçün individual yanaşması var”.

Qalib  layihə ortaya bir sifariş əsasında çıxıb: "Babam bilirdi ki, robot düzəltməyə maraqlıyam. O, belə bir layihə hazırlamağı və reallaşdırmağımı istədi. Problemləri araşdırıb tapdım və robotun üzərində işlədim”.

Naim Amerikadan da uğurla qayıtmaq və təhsilini xarici ali təhsil müəssisələrində davam etdirmək istəyir: "Artıq bir neçə xarici universitetdən dəvət gəlib. Dəvətini gözlədiyim ölkə və universitetlər var. Ona görə də hələ qərar verməmişəm. Ancaq kompüter mühəndisliyi ixtisasına yiyələnmək istədiyimə əminəm”. 

Məktəblilərin funksional zibil qutuları

Ölkə məktəbliləri yaşadıqları şəhərin görüntüsünə xələl gətirən zibillikləri ləğv etməyə çalışırlar. Bu cəhdlər müsabiqədə nümayiş etdirilən ideyalardan, layihələrdən aydın görünür. Maraqlı layihələrdən birini 245 nömrəli tam orta məktəbin şagirdi Həmid Haşımzadə təklif edib. Alov qüllələrinin yaxınlığında zibilliyin əks olunduğu şəkli gördükdən sonra "ağıllı zibil qutusu” yaratmağa qərar verib. Hesab edir ki, sensorlu zibil qutusunun qapağı zibili "gördükdə” açılacaq və zibil içərisinə düşəcək. Orada çeşidlənən zibil xüsusi çənlərə göndəriləcək.

Zibillik sadəcə şəhərdədirmi? Məktəblilər suyu, torpağı da tullantılardan təmizləməkdə qərarlıdırlar. 202 nömrəli tam orta məktəbin şagirdi Amin Baxşıyev  xüsusi hazırladıqları süngüləri təqdim edib. Həmin süngülər dənizdə üzərək suyu neftdən asanlıqla təmizləyir. Neftin itkisiz yığılmasını təmin edir.

Binəqədidəki 299 nömrəli tam orta məktəb-liseyin şagirdlərinin hazırladıqları okeanlarda canlılara ziyan vurmadan plastikləri toplayan cihazı təhsil müəssisəsinin şagirdi Almaz Muradov təqdim edib.

Gələcəyin maşını

Məktəblilər təmiz su, təmiz torpaq, təmiz hava uğrunda mübarizədə həm də yanacağa, enerjiyə qənaət etməyə çalışırlar. Öz ideyalarını gerçəkləşdirərkən tükənən təbii sərvətlərdən əldə edilən yanacaqdan istifadə etməməyə çalışırlar.  Bakı məktəbliləri Bakının neftlə çirklənmiş torpaqlarını yabanı bitki kolları əkməklə təmizləməyə, şoran torpaqda bitki yetişdirməyə cəhd edib və layihələrindən görünür ki, uğur qazanıblar.

"Sabahın alimləri” müsabiqəsi şagirdləri təşviq edir

Onların hər biri final mərhələsinə çıxmaqla layihələri ilə seçildiklərini sübut ediblər. Ancaq  aralarında "Sabahın alimləri” IX Respublika Müsabiqəsinin qalibi olmayanlar da olub.

Qaliblərin mükafatlandırılma mərasimində çıxış edən Təhsil naziri Ceyhun Bayramov bildirib ki, elmi-innovativ təşəbbüslərin ön plana çəkilməsi, gənclərin elmi fəaliyyətə istiqamətləndirilməsi elmin və təhsilin qarşısında duran əsas prioritetlərdən biridir. Ölkə Prezidenti İlham Əliyevin "Regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda çıxışına xüsusi diqqət çəkən nazirin sözlərinə görə, təhsil sistemi gənc nəsli gələcək rəqəmsal texnologiyalar, süni intellekt dövrünə hazırlamaq üçün onlara indikindən əsaslı şəkildə fərqlənən yeni kompetensiyalar, ixtisaslar və peşələr verməlidir. Qeyd edilən çağırışlara uyğun olaraq, Təhsil Nazirliyi tərəfindən bir sıra uğurlu təşəbbüslərin artıq həyata keçirildiyini deyən Təhsil naziri bildirib ki, növbəti tədris ilində şagirdlərin iştirakı ilə Azərbaycanda ilk STEAM festivalının keçirilməsi, 10 bölgədə STEAM mərkəzlərinin və müasir tələblərə cavab verən Elm muzeyinin yaradılması planlaşdırılır.

Son illərdə ali məktəblərdə qlobal çağırışlara adekvat innovativ elmi strategiyaların həyata keçirilməsi istiqamətində təşəbbüslərin artdığını vurğulayan nazir yeni elmi istiqamətlər üzrə tədqiqatlara başlanıldığını da deyib. Onun sözlərinə görə, bu günə olan məlumata əsasən, "Web of Science” elmi bazasında 2019-cu ildə Azərbaycan üzrə 1581 elmi tədqiqat işi qeydə alınıb ki, onların da təxminən 53 faizi ali təhsil müəssisələrinin payına düşür. Bu istiqamətdə daha bir yenilik isə Təhsil Nazirliyi və ölkəmizin 10 universiteti ilə dünyanın aparıcı elmi-analitik şirkəti olan Niderlandın "Elsevier” korporasiyası arasında Niyyət Protokolunun imzalanmasıdır: "Əsas məqsəd universitetlərimizin "Scopus” beynəlxalq elmi məlumat bazasına çıxışının təmin edilməsi, elmi nəşrlərin sayının artırılması, nəşr olunan elmi məqalələrin beynəlxalq tələblərə uyğunlaşdırılması və beləliklə, ali təhsil müəssisələrimizin nüfuzlu beynəlxalq reytinq siyahılarında yer almasına və irəliləməsinə nail olmaqdır”.

Nazir qeyd edib ki, sayca doqquzuncu dəfə keçirilən "Sabahın alimləri” müsabiqəsi ölkəmizdə həyata keçirilən uğurlu təhsil strategiyasının tərkib hissəsi kimi gənclərimizin innovativ və yaradıcı fəaliyyətinin təşviqi baxımından xüsusi əhəmiyyət daşıyır: "Təhlil göstərir ki, müsabiqədə iştirak şagirdlərimizin gələcək inkişafına və karyerasına müsbət təsir göstərir”.

Biz hədəfə gedən yolda SABAHIN ALİMLƏRİNƏ arxalanırıq

Qeyd edək ki, ötən il ümumtəhsil məktəblərini qızıl və gümüş medalla bitirmiş məzunlardan 30 nəfəri son iki ildə keçirilmiş "Sabahın alimləri” müsabiqəsinin qalibi olub. Müsabiqənin nəticələrinə olan inam bəhrəsini verib. Təhsil Nazirliyinin əsas təşkilatçılığı ilə 2012-ci ildən etibarən keçirilən müsabiqəyə ölkə miqyasında maraq ildən-ilə artır. Üstəlik, sadəcə iştirakçılar  deyil, həm də müsabiqəyə dəstək verən təşkilatların da arasına yeniləri qatılıb. Gənclər və İdman Nazirliyi, Heydər Əliyev Mərkəzi, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası, AzTU-nun dəstəyi ilə keçirilən müsabiqəyə iki ildir ki, BP şirkəti də maliyyə dəstəyi verir. Builki müsabiqənin Amerikaya gedəcək qaliblərinin bütün xərclərini öz üzərinə götürən BP şirkətinin nümayəndəsi Tamam Bayatlı bildirib ki, təmsil etdiyi qurum Azərbaycanın ən böyük, etibarlı və uzunmüddətli tərəfdaşı olaraq, ölkədə təhsilin potensialının artırılması, inkişafı, bu sahədə beynəlxalq təcrübənin gətirilməsini sosial layihələrinin ən mühüm istiqaməti kimi müəyyənləşdirib. Artıq uzun müddətdir ki, Təhsil Nazirliyi ilə əməkdaşlıqda nailiyyətlər olduğunu vurğulayıb. "Sabahın alimləri” kimi nüfuzlu layihələrdə iştirakın səbəblərindən danışarkən əlavə edib: "Elm, texnologiya, mühəndisliyin inkişafını nəzərdə tutan belə müsabiqələrin inkişafında maraqlıyıq. Çünki bizim sahəmiz enerji hasilatı sənayesidir. Odur ki, bu sahənin inkişafı ilə bizim uğurumuz düz mütənasibdir.  Biz bu günlərdə dünyaya yeni hədəflərimizi açıqladıq. 2050-ci ilə qədər fəaliyyətimiz nəticəsində yaranan karbonun miqdarını 0-a endirməyi hədəfləmişik. Bunun üçün də elm, texnologiya, mühəndisliyin inkişafına, sabahın alimlərinə arxalanırıq”.
Bu müsabiqənin qalibləri

Beləliklə, "Sabahın alimləri” müsabiqəsi başa çatdı. Müxtəlif kateqoriyalar üzrə I yerə 6 layihə üzrə 11 şagird, II yerə 16 layihə üzrə 29 şagird, III yerə 25 layihə üzrə 46 şagird layiq görüldü. Qaliblər sırasından bu ilin may ayında ABŞ-da keçiriləcək ISEF-Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak etmək üçün 4 layihə (7 şagird) seçildi. Həmin şagirdlər BP-nin maliyyə dəstəyi ilə ABŞ-a göndəriləcək. Bundan əlavə, hər il olduğu kimi, bu il də ABŞ-ın müxtəlif elmi cəmiyyətləri tərəfindən şagirdlərimizə 10 mükafat təqdim edildi.

Xatırladaq ki, "Sabahın alimləri” müsabiqəsi riyaziyyat, fizika, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya, mühəndislik, kompüter elmləri üzrə keçirilir. Müsabiqədə indiyə qədər 1498 şagird iştirak edib, onlardan 613 nəfəri müxtəlif mükafatlar qazanıb. Qaliblər arasından seçilən 48 ən yaxşı layihənin müəllifi ABŞ-da keçirilən Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak edib. Bir dəfə müsabiqənin xüsusi mükafatına, 5 əlavə mükafatlara layiq  görülüblər.
 muallim.edu.az 

 



Загрузка...
Həmçinin oxuyun:
"Sabahın alimləri” IX Respublika Müsabiqəsinin bağlanış mərasimi

"Sabahın alimləri” IX Respublika Müsabiqəsinin bağlanış mərasimi

"Sabahın alimləri” IX Respublika Müsabiqəsinin açılış mərasimi

"Sabahın alimləri” IX Respublika Müsabiqəsinin açılış mərasimi

“Sabahın alimləri” VIII Respublika müsabiqəsinin qalibləri mükafatlandırılıb

“Sabahın alimləri” VIII Respublika müsabiqəsinin qalibləri mükafatlandırılıb

“Sabahın alimləri” VIII Respublika müsabiqəsində 311 şagird iştirak edəcək

“Sabahın alimləri” VIII Respublika müsabiqəsində 311 şagird iştirak edəcək

“Sabahın alimləri” VII Respublika Müsabiqəsinə qeydiyyat başa çatıb

“Sabahın alimləri” VII Respublika Müsabiqəsinə qeydiyyat başa çatıb

“Sabahın alimləri” VIII Respublika müsabiqəsinin açılış mərasimi

“Sabahın alimləri” VIII Respublika müsabiqəsinin açılış mərasimi

“Sabahın alimləri” IX Respublika müsabiqəsi keçiriləcək

“Sabahın alimləri” IX Respublika müsabiqəsi keçiriləcək

“Sabahın alimləri” IX Respublika Müsabiqəsinə qeydiyyat yekunlaşıb

“Sabahın alimləri” IX Respublika Müsabiqəsinə qeydiyyat yekunlaşıb

“Sabahın alimləri” IX Respublika Müsabiqəsinə qeydiyyat davam edir

“Sabahın alimləri” IX Respublika Müsabiqəsinə qeydiyyat davam edir

“Sabahın alimləri”nə nüfuzlu təşkilatların sertifikatları verilib

“Sabahın alimləri”nə nüfuzlu təşkilatların sertifikatları verilib

Liseyin şagirdi hazırladığı robotu təqdim edib

Liseyin şagirdi hazırladığı robotu təqdim edib

“Sabahın alimləri” IX Respublika Müsabiqəsinə qeydiyyat müddəti uzadılıb

“Sabahın alimləri” IX Respublika Müsabiqəsinə qeydiyyat müddəti uzadılıb

Azərbaycanlı alim ilk dəfə Beynəlxalq müsabiqənin münsiflər heyətində

Azərbaycanlı alim ilk dəfə Beynəlxalq müsabiqənin münsiflər heyətində

7 şagirdimiz Beynəlxalq Elm və Mühəndislik Sərgisində

7 şagirdimiz Beynəlxalq Elm və Mühəndislik Sərgisində

Məktəbli ixtiraçılar

Məktəbli ixtiraçılar

51-ci Beynəlxalq Kimya Olimpiadasından iki medal

51-ci Beynəlxalq Kimya Olimpiadasından iki medal

Azərbaycan məktəblilərindən yeni ildə ilk uğur

Azərbaycan məktəblilərindən yeni ildə ilk uğur

Nazir: “Şagirdlərin tədqiqat aparması üçün imkanlar yaradılır”

Nazir: “Şagirdlərin tədqiqat aparması üçün imkanlar yaradılır”

Qazaxıstanda uğur qazanan məktəblilər Vətənə qayıdıblar

Qazaxıstanda uğur qazanan məktəblilər Vətənə qayıdıblar

Bakı məktəbliləri beynəlxalq festivalda

Bakı məktəbliləri beynəlxalq festivalda

Təhsil Nazirliyi hesabat verdi

Təhsil Nazirliyi hesabat verdi

Dünya ilə yarışan məktəblilərimiz

Dünya ilə yarışan məktəblilərimiz

Bakı məktəbliləri Avropa çempionatında medal qazandı

Bakı məktəbliləri Avropa çempionatında medal qazandı

“Gələcəyin mühəndisi” müsabiqəsinə yekun vurulub

“Gələcəyin mühəndisi” müsabiqəsinə yekun vurulub