Fevralın 13-də "Sabahın alimləri” IX Respublika Müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Tədbir Azərbaycan Milli Konservatoriyasının tərkibində İncəsənət Gimnaziyasının şagirdlərindən ibarət xorun canlı ifasında Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb.
Daha sonra 2012-ci ildən keçirilən "Sabahın alimləri” Respublika Müsabiqəsinə dair videoçarx nümayiş olunub.
Çıxış edən Təhsil naziri Ceyhun Bayramov bildirib ki, elmi-innovativ təşəbbüslərin ön plana çəkilməsi, gənclərin elmi fəaliyyətə istiqamətləndirilməsi elmin və təhsilin qarşısında duran əsas prioritetlərdən biridir. Ölkə Prezidenti cənab İlham Əliyevin "Regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda çıxışına xüsusi diqqət çəkən nazirin sözlərinə görə, təhsil sistemi gənc nəsli gələcək rəqəmsal texnologiyalar, süni intellekt dövrünə hazırlamaq üçün onlara indikindən əsaslı şəkildə fərqlənən yeni kompetensiyalar, ixtisaslar və peşələr verməlidir. Qeyd edilən çağırışlara uyğun olaraq, Təhsil Nazirliyi tərəfindən bir sıra uğurlu təşəbbüslərin artıq həyata keçirildiyini deyən Təhsil naziri bildirib ki, növbəti tədris ilində şagirdlərin iştirakı ilə Azərbaycanda ilk STEAM festivalının keçirilməsi, 10 bölgədə STEAM mərkəzlərinin və müasir tələblərə cavab verən Elm muzeyinin yaradılması planlaşdırılır.
Nazir qeyd edib ki, son illərdə ali məktəblərdə qlobal çağırışlara adekvat innovativ elmi strategiyaların həyata keçirilməsi istiqamətində təşəbbüslər də artırılıb, yeni elmi istiqamətlər üzrə tədqiqatlara başlanılıb. Bu günə olan məlumata əsasən, "Web of Science” elmi bazasında 2019-cu ildə Azərbaycan üzrə 1581 elmi tədqiqat işi qeydə alınıb ki, onların da təxminən 53 faizi ali təhsil müəssisələrinin payına düşür. Bu istiqamətdə daha bir yeniliyi diqqətə çatdıran Təhsil naziri deyib ki, Təhsil Nazirliyi və ölkəmizin 10 universiteti ilə dünyanın aparıcı elmi-analitik şirkəti olan Niderlandın "Elsevier” korporasiyası arasında Niyyət Protokolu imzalanıb. Əsas məqsəd universitetlərimizin Scopus beynəlxalq elmi məlumat bazasına çıxışının təmin edilməsi, elmi nəşrlərin sayının artırılması, nəşr olunan elmi məqalələrin beynəlxalq tələblərə uyğunlaşdırılması və beləliklə ali təhsil müəssisələrimizin nüfuzlu beynəlxalq reytinq siyahılarında yer almasına və irəliləməsinə nail olmaqdır.
Nazir qeyd edib ki, sayca doqquzuncu dəfə keçirilən "Sabahın alimləri” müsabiqəsi ölkəmizdə həyata keçirilən uğurlu təhsil strategiyasının tərkib hissəsi kimi gənclərimizin innovativ və yaradıcı fəaliyyətinin təşviqi baxımından xüsusi əhəmiyyət daşıyır. Təhlil göstərir ki, müsabiqədə iştirak şagirdlərimizin gələcək inkişafına və karyerasına müsbət təsir göstərir.
Təhsil naziri çıxışının sonunda bütün qalibləri təbrik edib, hər birinə ölkəmizdə elmin və təhsilin inkişafı naminə fəaliyyətlərində uğurlar arzulayıb. Həmçinin müsabiqənin təşkilində əməyi olan hər kəsə minnətdarlığını bildirib.
Daha sonra müsabiqənin qalibləri mükafatlandırılıb. Müxtəlif kateqoriyalar üzrə I yerə 6 layihə üzrə 11 şagird, II yerə 16 layihə üzrə 29 şagird, III yerə 25 layihə üzrə 46 şagird layiq görülüb. Qaliblər sırasından cari ilin may ayında ABŞ-da keçiriləcək İSEF–Beynəlxalq Elm və Mühəndislik Sərgisində iştirak etmək üçün 4 layihə (7 şagird) seçilib. Həmin şagirdlər BP-nin maliyyə dəstəyi ilə ABŞ-a göndəriləcək. Bundan əlavə, hər il olduğu kimi bu ildə ABŞ-ın müxtəlif elmi cəmiyyətləri tərəfindən şagirdlərimizə 10 mükafat təqdim edilib.
Qeyd edək ki, müsabiqə Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Gənclər və İdman Nazirliyi, Heydər Əliyev Mərkəzi, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi və BP-nin təşkilatçılığı keçirilib.
edu.gov.az