Repetitorlar işsiz QALACAQ
Xarici ekspertlərin iddialarına görə, bir neçə il sonra süni intellekt repetitorluq fəaliyyətini məhdudlaşdıracaq. Artıq bu istiqamətdə müəyyən fəaliyyətlər başlanıb. Xüsusilə də, dəqiq fənlər üzrə süni intellekt proqramları hazırlanır.
Yaxın 5 - 10 ildə məktəbdə robotların dərs keçdiyinin şahidi olacağıq.
Bəs bu iddia nə dərəcədə doğrudur, repetitorluğu süni intellekt əvəzləyə bilərmi?
AzTehsil.com xəbər verir ki, mövzu ilə bağlı açıqlama verən təhsil eksperti Elmin Nuri bildirib ki, süni intellekt əsrində hər gün yeniləmələr olur, sünü intelekt əlatləri gündən-günə daha da inkişaf edir.
Onun sözlərinə görə, bu inkişaf bir çox sahələrdə insan əməyinə ümumiyyətlə gərək qalmamasına, qarşıdakı illərdə xeyli sayda insanın işini itirməsinə səbəb olur:
"Təbii ki, süni intellektin kadr potensialına ciddi təsir göstərəcəyi sahələrdən biri də təhsildir. Halbuki süni intellekt mahiyyət və funksiyasına görə daha çox təhsilə yaxın olmalı və onunla bərabər irəliləməlidir. Lakin süni intellektin təhsilə təsiri və bunun gələcəyi barəsində birmənalı danışılmır. Bəziləri süni intellektin təhsilə ciddi dəstək olacağını, onu bir neçə istiqamətdən inkişaf etdirəcəyini yazır. Bəziləri isə tam əksinə olaraq süni intellektin təhsilə ciddi zərbə vuracağını, müəllimlərin, eləcə də repetitorların işsiz saxlayacağını düşünür"Mütəxəssis qeyd edib ki, süni intellektin əsas funksiyası hər hansı sahə, hər hansı mövzu istiqamətdə düzgün və alternativ məzmun yarada bilməsidir:
"ABŞ və Avropa universitetləri bir neçə ildir ki, müəllim və təhsil mütəxəssisləri, tədqiqatçıları üçün “Təhsildə süni intellektdən istifadə”, “Müəllimlər süni intellektdən necə yararlana bilər?” və s. mövzularda təlim-seminarlar, onlayn dərslər təşkil edir. Bu dərslərin izləyicisi və iştirakçısı olduğum üçün tam rahatlıqla deyə bilərəm ki, xaricdə süni intellektlə bağlı yanaşmalarbizdən fərqlidir, yəni, onlar çox nikbindirlər. Bir süni intellekt alətinin dərs prosesi zamanı müəllimə necə kömək etməsi prinsipi onları daha çox düşündürür. Çünki həqiqətən də süni intellektin mahiyyəti müəllimi və ya repetitoru işsiz qoymaq yox, əksinə tədris prosesində ona düzgün bələdçilik etmək, müəllim üçün alternativ məzmunları təqdim etməkdir. Bugunun müəllimi və repetitoru süni intellektdən qaçmamalıdır, ondan belə deyək, qorxmamalıdır. Çünki süni intellekt onu işdən çıxaran yox, onun işinə əlavə rəng qatan meyardır. Yetər ki, ondan düzgün istifadə qaydaları və digər özəllikləri yaxşı mənimsənilsin. Müəllim az qala hər mövzuda dərsin daha innovativ təşkili üçün süni intellektə məsləhətləşməli, öz ideyaları ilə süni intelektin təklif etdikləri arasında əlaqə qurmalı və bu datalar əsasında yeni məzmun yaratmalıdır. Bax, həmin yeni məzmunu heç bir süni intellekt hazırlaya bilməyəcək. Çünki insan zehni əldə olunan biliyə yeni yaradıcı naxış da əlavə edir. Kompüter isə bun heç bir zaman bacara bilməyəcək. Bir müəllimin sinifdə özünü pis hiss edən şagirdi duyması belə onu bir çox yox, hətta bütün süni intellekt alətlərindən üstün tutur".