AzTehsil.com


Xəbərlər / Valideyn / Müəllim
15 aprel 2020
7 021


2020-2021-ci dərs ili üçün I sinfə şagird qəbulu ilə bağlı suallar və onların cavabları



2020-2021-ci dərs ili üçün I sinfə şagird qəbulu ilə bağlı suallar və onların cavabları

 

Sual: Elektron sistem vasitəsilə I sinfə qəbul hansı rayon və şəhərləri əhatə edir?

Cavab: www.mektebeqebul.edu.az elektron sistemi vasitəsilə ərizələrin onlayn qeydiyyatı ölkənin bütün ümumi təhsil müəssisələrini əhatə edir.

Sual: Ölkənin bütün ümumi təhsil müəssisələrində I sinfə şagirdlərin qəbulu necə həyata keçirilir?

Cavab: I sinfə şagird qəbulu www.mektebeqebul.edu.az elektron sistemi vasitəsilə ərizələrin onlayn qeydiyyatı yolu ilə həyata keçirilir.

Sual: I sinfə şagird qəbulu üçün elektron sistemdə onlayn qeydiyyat və məktəb seçimi hansı müddətlərdə həyata keçirilir?

Cavab: Cari tədris ilindən etibarən ilk dəfə olaraq sistemdə onlayn qeydiyyat 10 mart 2020-ci il tarixdən etibarən aktivləşdiriləcək. Məktəb seçimi isə 13 mart 2020-ci il tarixdən 14 sentyabr 2020-ci il tarixədək həyata keçiriləcək.

Sual: 2020-2021-ci tədris ili üçün ümumi təhsil məktəblərinin   I sinfinə şagird qəbulu hansı qaydada həyata keçirilir?

Cavab: 2020-2021-ci tədris ili üçün ümumi təhsil məktəbləri, lisey və gimnaziyalarda I sinfə şagird qəbulu Azərbaycan bölməsi üzrə ümumi qaydada, tədrisi digər dillərdə aparılan bölmələrə isə uşağın şifahi nitq bacarıqlarının qiymətləndirilməsi yolu ilə həyata keçirilir (Bakı Avropa Liseyi, Respublika İncəsənət Gimnaziyası və Bülbül adına Orta İxtisas Musiqi Məktəbləri istisna olmaqla).

Sual: Elektron sistem hansı zərurətdən tətbiq edilir?

Cavab: I sinfə elektron sənəd qəbulunun tətbiqi "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 may 2011-ci il tarixli Fərmanının tələblərinin həyata keçirilməsini təmin etmək üçün təhsil sahəsində əhaliyə göstərilən elektron xidmətlərin dairəsinin genişləndirilməsi, şagird kontingentinin uçot sisteminin təkmilləşdirilməsi məqsədilə tətbiq edilir.

Sual: Uşaqların I sinfə qəbulunun qanunvericilik əsasları hansılardır?

Cavab: Uşaqların I sinfə qəbulu "Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa, "Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa,  Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 yanvar 2011-ci il tarixli, 5 nömrəli qərarı ilə təsdiq edilmiş "Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə, Azərbaycan Respublikası Təhsil Nazirliyi Kollegiyasının 06 noyabr 2014-cü il tarixli 1/3 nömrəli qərarı ilə təsdiq edilmiş "Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi Qaydaları”na və digər müvafiq hüquqi-normativ aktlara əsasən həyata keçirilir.

 Sual: I sinfə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsi valideynlərə hansı imkanları verir?

Cavab: I sinfə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsi şəffaflığın təmin edilməsi, vaxt itkisinin aradan qaldırılması, cəmiyyətdə informasiya texnologiyalarından istifadənin əhatə dairəsinin genişləndirilməsi baxımından olduqca əhəmiyyətlidir.

Sual: Elektron sistemdə qeydiyyat kim tərəfindən aparıla bilər?

Cavab: Qeydiyyat valideyn (qanuni nümayəndə) tərəfindən aparıla bilər.

 Sual: Elektron sistemdən istifadə ödənişlidirmi?

Cavab: Xeyr, elektron sənəd qəbulu sistemindən istifadə üçün heç bir ödəniş tələb olunmur.

 Sual: Elektron sistemdə qeydiyyat zamanı istifadəçi hansı əlaqə vasitələrindən istifadə edə bilər?

Cavab: Mobil telefon və ya elektron poçt ünvanı.

Sual: Elektron qeydiyyat zamanı bir neçə məktəb seçmək mümkündürmü?

Cavab: Xeyr. Valideynə yalnız bir məktəb seçərək sorğu yerləşdirmək imkanı yaradılır.

Sual: I sinfə qəbul üzrə müraciətlərin çox olduğu bəzi məktəblərdə şagird qəbulu ilk növbədə hansı üstünlük hüququ əsasında aparılır?

Cavab: Bakı şəhərində yerləşən bir sıra məktəblərdə birinci sinfə onlayn qeydiyyat zamanı uşaqların məktəbə qəbulu üzrə aşağıda qeyd olunmuş üstünlük hüquqları təmin olunur:

• valideyni (qanuni nümayəndəsi) qeydiyyat ünvanı üzrə həmin məktəbin müəyyən edilmiş ərazisində yaşayan;

• valideyni (qanuni nümayəndəsi) həmin məktəbdə işləyən;

• bacısı və ya qardaşı həmin məktəbdə təhsil alan.

Sual: Məktəbəhazırlıq qruplarındakı uşaqların I sinfə qeydiyyatına ehtiyac varmı?

Cavab: Məktəbəhazırlıq qruplarındakı uşaqların I sinfə qeydiyyatına ehtiyac yoxdur. Məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların növbəti tədris ili üçün həmin məktəbin I sinfinə qəbulu sistemdə avtomatik elektron sorğu yaradılmaqla həyata keçirilir.

 Sual: Məktəbəhazırlıq qruplarındakı uşaqlar üçün sistemdə avtomatik sorğu yerləşdirildikdən sonra valideyn növbəti mərhələdə nə etməlidir?

Cavab: Şəxsi kabinetdən müvafiq ərizəni çap edərək 1 aprel 2020-ci il tarixdən etibarən məktəbə təqdim etməlidir.

 Sual: Valideyn məktəbəhazırlıq qrupunda təhsil alan övladı üçün I sinfə qəbul prosesində məktəbin digər müəllimlərindən birini seçə bilərmi?

Cavab: Valideyn şəxsi kabinetə daxil olaraq Azərbaycan bölməsi üzrə 13 mart tarixdən, tədrisi digər dildə aparılan bölmə üzrə isə 1 may tarixdən yerləşdirilmiş sorğunu silib yenidən məktəb və müəllim seçə bilər.

Sual: Digər dildə tədris aparılan bölmə üzrə I sinfə şagird qəbulu necə həyata keçirilir?

Cavab: 2020-2021-ci dərs ili üçün I sinfə şagird qəbulu zamanı valideyn digər dildə tədris aparılan bölmə seçdiyi zaman uşağın şifahi nitq bacarıqları qiymətləndiriləcək.

Sual: Digər dildə tədris aparılan bölmə üzrə müsahibə üçün son qeydiyyat tarixi nə vaxta kimidir?

Cavab: Digər dildə tədris aparılan bölmə üzrə müsahibənin qeydiyyatı 30.03.2020-ci il tarixədək aparılacaq.

Sual: Valideyn uşağının şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üçün hara müraciət etməlidir?

Cavab: Valideyn uşağının şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üçün I sinfə şagird qəbulu elektron sistemində şəxsi kabinet yaradıb, övladını elektron qeydiyyatdan keçirdikdən sonra təlim dilini seçir və yaşayış ünvanına uyğun olaraq Müsahibə komissiyasında şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üçün qeydiyyata alınır. Müsahibə komissiyasının yeri və vaxtı haqqında məlumat valideynə SMS şəklində göndərilir, o cümlədən bu məlumatlar şəxsi kabinetdə bildiriş formasında öz əksini tapır.

Sual: Uşaq digər dildə tədris aparılan bölmə üzrə müsahibədən uğur qazandığı halda, növbəti addımlar hansılardır?

Cavab: Uşaq digər dildə tədris aparılan bölmə üzrə müsahibədən uğur qazandıqdan sonra valideyn 1 may 2020-ci il tarixdən 14 sentyabr 2020-ci il tarixədək şəxsi kabinetə daxil olub məktəb seçimi edə bilər.

Sual: Azərbaycan bölməsi üzrə məktəbəhazırlıq qrupunda təhsil alan uşaqların digər dildə tədris aparılan bölmə üzrə məktəb seçimi etmək imkanı varmı?

Cavab: Övladı Azərbaycan bölməsi üzrə məktəbəhazırlıq qrupunda təhsil alan  valideyn (və ya qanuni nümayəndə) elektron sistemdəki sorğunu ləğv edərək digər dildə tədris aparılan bölmə üzrə sorğu yerləşdirmək istəyərsə, uşağı əvvəlcə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üzrə müsahibə mərhələsində iştirak etməlidir.

Sual: Şifahi nitq bacarıqlarının qiymətləndirilməsinin nəticəsi haqda məlumat valideynə nə zaman və necə bildiriləcək?

Cavab: Şifahi nitq bacarıqlarının qiymətləndirilməsinin nəticəsi haqqında məlumat uşağın müsahibədə iştirak etdiyi gündən 2 iş günü ərzində SMS vasitəsilə valideynin qeydiyyatdan keçdiyi mobil nömrəyə göndəriləcək.

Sual: Müsahibə zamanı uşaqlara hansı meyarlar üzrə suallar verilir?

Cavab: Digər dildə tədris aparılan bölmə üzrə I siniflərə qəbul onların həmin dil üzrə yalnız şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üçün təşkil edilmiş Müsahibə komissiyaları tərəfindən müvafiq meyarlar üzrə ( dinlədiyini anlayır, ünsiyyət qurur, öz fikrini sadə formada bildirə bilir, adətən söz və ya söz birləşmələrinin tələffüzünü düzgün edir, özü və ailəsi haqqında qısa məlumat verir) yoxlanılır.

Sual: Şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üzrə müsahibədə iştirak zamanı hansı sənədlər tələb olunur?

Cavab: Şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üzrə müsahibəyə gələrkən valideyn və uşağın şəxsiyyətini təsdiq edən sənədlərin gətirilməsi tələb edilir.

Sual: Şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üzrə müsahibənin nəticəsi valideyni qane etmədikdə hara müraciət edə bilər?

Cavab: Şifahi nitq bacarıqlarının qiymətləndirilməsi üzrə müsahibənin nəticəsi valideyni qane etmədikdə, 13 aprel 2020-ci il tarixdən 22 aprel 2020-ci il tarixə kimi Rayon (Şəhər) Təhsil şöbələrində (idarələrində) növbəyə yazılaraq, müəyyən edilmiş vaxtda Apelyasiya komissiyasına müraciət etmək mümkündür.

Sual: Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyalara qeydiyyat necə aparılır?

Cavab: Təlim dili Azərbaycan dili seçilərsə, ümumi qaydada, digər dildə tədris aparılan bölmə seçilərsə, ilk növbədə uşağın şifahi nitq bacarıqları qiymətləndiriləcək. Övladı müsahibədən uğur qazanmış valideyn 1 may 2020-ci il tarixdən 20 may 2020-ci il tarixədək  "Ərazi üzrə” bölməsini seçib müvafiq liseyə sorğu yerləşdirə bilər. Digər ərazilərdə yaşayan valideynlər (qanuni nümayəndələr) isə elektron sistemdə "Müsabiqə yolu ilə” bölməsini seçərək övladının həmin  təhsil müəssisəsinə müsabiqə yolu ilə qəbulu üçün elektron sorğu yerləşdirə bilərlər.

Sual: Lisey və ya gimnaziyaların müəyyənləşdirilmiş mikroərazisində qeydiyyatlı yaşamayan valideynlərin övladının tədrisi digər dillərdə aparılan bölmələrinə qəbulu hansı qaydada aparılır?

Cavab: Lisey və ya gimnaziyaların müəyyənləşdirilmiş mikroərazisində qeydiyyatlı yaşamayan valideynlərin övladının tədrisi digər dillərdə aparılan bölmələrə qəbulu üçün ilk növbədə şifahi nitq bacarıqlarının yoxlanıldığı müsahibədə iştirak edib uğur qazanmaq lazımdır. Daha sonra həmin lisey və ya gimnaziyaya qəbulu üçün sistemdə müsabiqəyə yazılmalıdır. Müsabiqə lisey və ya gimnaziyalar tərəfindən həyata keçiriləcəkdir.

• Digər ərazilərdə yaşayan valideynlər (qanuni nümayəndələr) hansı halda lisey və gimnaziyaların tədrisi digər dillərdə aparılan bölməsinə qəbul üçün müsabiqəyə yazıla bilməz?

• Şifahi nitq bacarıqlarının yoxlanılması məqsədilə təşkil edilmiş müsahibədən uğur qazanmamış uşaqlar lisey və ya gimnaziyaların tədrisi digər dillərdə aparılan bölməsinə qəbul üçün müsabiqəyə yazıla bilməz.

Sual: Tədris digər dillərdə aparılan bölmə üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi müsahibəsindən uğur qazanmayan uşaqlar qeydiyyat ünvanına uyğun olan lisey və gimnaziyaların Azərbaycan bölməsinə qəbul edilə bilərmi?

Cavab: Bəli, uşaq tədrisi digər dildə aparılan bölmə üzrə şifahi nitq bacarıqlarının qiymətləndirilməsi zamanı uğur qazanmadıqda, həmin lisey və gimnaziyaların yalnız Azərbaycan bölməsinə sorğu yerləşdirə bilər.

Sual: Bakı Avropa Liseyi, Respublika İncəsənət Gimnaziyası və Bülbül adına Orta İxtisas Musiqi Məktəbini seçən valideynlərin (qanuni nümayəndələrin) uşaqlarının qəbulu necə həyata keçirilir?

Cavab: Bakı Avropa Liseyi, Respublika İncəsənət Gimnaziyası və Bülbül adına Orta İxtisas Musiqi Məktəbini seçən valideynlərin (qanuni nümayəndələrin) uşaqları yalnız müsabiqə yolu ilə qəbul edilir.

Sual: Ərazidən kənarda daimi qeydiyyatda olan uşaqların lisey və ya gimnaziyalara qəbulu mümkündürmü?

Cavab: Əgər valideyn Azərbaycan bölməsi üzrə lisey və ya gimnaziyanı seçmək istəyirsə, qeydiyyat ünvanı həmin məktəbin müəyyən edilmiş ərazisinə uyğun deyilsə, "Növbə” bölməsini seçərək növbəyə yazıla bilər. Tədrisi digər dildə aparılan bölmə seçildiyi halda isə müsabiqəyə yazıla bilər.

Sual: Müsabiqənin nəticələrinə əsasən, Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyalara (Bakı Avropa Liseyi, Respublika İncəsənət Gimnaziyası və Bülbül adına Orta İxtisas Musiqi Məktəbi) qəbul edilməyən uşaqların valideynləri (qanuni nümayəndələri) elektron sistemdə yenidən ümumi təhsil məktəbi seçə bilərmi?

Cavab: Bəli.

Sual: "Növbə”  nədir və hansı məktəblərə tətbiq edilir?

Cavab: 2020-2021-ci tədris ili üçün I sinfə şagird qəbulu prosesində şagird yerləri tutulmuş və yaxud qəbulu üstünlük hüququ əsasında aparılan məktəblərdə boş şagird yerləri yarandığı halda, sorğu yerləşdirilməsi üçün valideynlər həmin bölmədə növbəyə yazıla bilərlər.

Sual: I sinfə şagird qəbulu prosesində "Növbə” nə vaxt aktivləşir?

Cavab: I sinfə şagird qəbulu prosesində şagird yerləri tutulmuş məktəblər üzrə valideynin növbəyə yazılması üçün aktivləşir. "Növbə” bölməsi vasitəsilə növbəyə ancaq hər hansı məktəbə sorğusu yerləşdirilməyən valideynlər (qanuni nümayəndələr) yazıla bilir. Valideyn növbəyə yazıldıqdan sonra başqa məktəbə sorğu yerləşdirə bilər, ancaq yerləşdirdiyi sorğuya uyğun ərizəni çap edən zaman, onun növbəsinin silinməsi barədə valideynə bildiriş çıxır.

Sual: Şagird qəbulu üstünlük hüququ əsasında aparılmayan və şagird yerləri tutulmuş məktəblərdə növbəlilik funksiyası necə həyata keçiriləcək?

Cavab: Şagird qəbulu üstünlük hüququ əsasında aparılmayan və şagird yerləri tutulmuş məktəblərdə əlavə şagird yerlərinin və yaxud siniflərin açılmasını müəyyənləşdirmək məqsədilə əvvəlcədən müəyyən edilmiş şagird yerinə uyğun növbə açılır.

Sual: Şagird qəbulu üstünlük hüququ əsasında aparılan və şagird yerləri tutulmuş məktəblərdə növbəlilik funksiyası necə həyata keçiriləcək?

Cavab: Şagird qəbulu üstünlük hüququ əsasında aparılan və şagird yerləri tutulmuş məktəblərdə əlavə şagird yerlərinin və yaxud siniflərin açılmasını müəyyənləşdirmək məqsədilə əvvəlcədən müəyyən edilmiş şagird yerinə uyğun üstünlük hüquqları əsasında növbə açılır.

Sual: Şagird qəbulu üstünlük hüququ əsasında aparılan və vakant şagird yerləri olan məktəblərdə növbəlilik funksiyası necə həyata keçiriləcək?

Cavab: Şagird qəbulu üstünlük hüququ əsasında aparılan və vakant şagird yerləri olan məktəblərdə mövcud şagird yerləri tutulmadıqda üstünlük hüququ olmayan uşaqların həmin məktəbə qəbulu üçün  növbə açılır.

Sual: Hansı halda valideyn elektron sorğusunu ləğv edib başqa məktəb seçimi edə bilər və ya başqa məktəb seçimi edə bilməz?

Cavab: Valideyn şəxsi kabinetində müvafiq məktəbə elektron sorğu yerləşdirib, tələb olunan sənədləri məktəbə təqdim edib, məktəb tərəfindən sistemdə təsdiq vurulduqdan sonra sorğusunu ləğv edə bilməz. Yalnız məktəb tərəfindən sistemdə imtina düyməsi vurulduğu halda, valideynin qeydiyyatdan keçdiyi nömrəyə verifikasiya kodu göndərildikdən sonra, həmin kodu daxil edərək sorğunu silib başqa məktəb seçimi edə bilər.

Sual: Məcburi köçkün ailəsindən olan vətəndaşa dair məlumatlar tapılmırsa nə etmək lazımdır?

Cavab: Seçilmiş uşağın məlumatları "Vahid Aylıq Müavinətlə Bağlı Elektron İnformasiya Sistemi"ndə tapılmırsa, vətəndaş daimi qeydiyyatda olduğu rayon icra hakimiyyətinə müraciət etməlidir.

Sual: I sinfə şagird qəbulu üçün hara və hansı sənədlərin təqdim edilməsi tələb olunur?

Cavab: Valideyn (qanuni nümayəndə) I sinfə şagird qəbulu üçün  aşağıdakı sənədləri məktəbə təqdim etməlidir:

• Azərbaycan Respublikasının vətəndaşları üçün - valideynin şəxsiyyətini təsdiq edən sənədin və uşağın şəxsiyyət vəsiqəsinin əsli və surəti;

• Azərbaycan Respublikasının vətəndaşlığını sonradan almış və övladının doğum haqqında şəhadətnaməsi əvvəllər vətəndaşı olduğu ölkə tərəfindən verilmiş şəxslər üçün Azərbaycan Respublikasının 16 yaşına çatanadək vətəndaşa verilən şəxsiyyət vəsiqəsi və ya xarici ölkənin doğum haqqında şəhadətnaməsi;

• xarici ölkə vətəndaşları üçün - valideynin xarici pasportu, Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün icazə vəsiqəsi (olduğu təqdirdə), uşağın doğum haqqında şəhadətnaməsinin əsli və surəti;

• digər ölkələrin vətəndaşları olan, qaçqınlıq statusu almış şəxslər üçün Birləşmiş Millətlər Təşkilatının Qaçqınların İşləri üzrə Ali Komissarlığının Himayə Sənədi;

• uşağın sağlamlığı haqqında tibbi arayışı (forma 26U);

• 2 (iki) ədəd 3x4 ölçüdə rəngli fotoşəkil;

• valideynin (qanuni nümayəndənin) www.mektebeqebul.edu.az saytında yaradılmış "Şəxsi kabinet”indən çap olunmuş "Ərizə”.

Sual: Bakı şəhəri üzrə I sinfə qəbul zamanı paytaxtda daimi qeydiyyatı olmayan, kirayədə yaşayan vətəndaşlar uşaqlarını elektron sistemdə qeydiyyatdan necə keçirə bilərlər?

Cavab: Bakıda üstünlük hüquqlarına əsasən qəbul tətbiq olunan məktəblərdə, ilk növbədə, valideyni (qanuni nümayəndəsi) qeydiyyat ünvanı üzrə həmin məktəbin müəyyən edilmiş ərazisində yaşayan, valideyni (qanuni nümayəndəsi) həmin məktəbdə işləyən, bacısı və ya qardaşı həmin məktəbdə təhsil alan vətəndaşlar övladlarını elektron sistem vasitəsilə qeydiyyatdan keçirə bilərlər. Üstünlük hüquqlarına əsasən qəbul aparılan məktəblərin ərazisində kirayədə yaşayanlar övladlarını yalnız əvvəlcədən müəyyənləşdirilmiş müddətdən sonra həmin tədris ocaqlarında açılan I siniflərdə yer olduğu halda qeydiyyatdan keçirə bilərlər. Həmin valideynlərə kirayədə yaşadıqları ərazidə yerləşən məktəbdə sıxlıq olduğu halda, digər məktəbləri seçmələri tövsiyə olunur. Onu da qeyd edək ki, kirayədə yaşayan valideynlər üstünlük hüquqlarına əsasən qəbul tətbiq olunmayan bütün məktəblərdə övladlarını I sinfə elektron sistem vasitəsilə qeydiyyatdan keçirə bilərlər.

Sual: Xarici ölkə vətəndaşının elektron ərizəsinin qeydiyyatı necə aparılır?

Cavab: Xarici ölkə vətəndaşının elektron ərizəsinin qeydiyyatı Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün Dövlət Miqrasiya Xidmətindən aldığı icazə vəsiqəsi və xarici ölkənin doğum haqqında şəhadətnaməsi əsasında aparılır.

Sual: Qeydiyyat zamanı hər hansı çətinliklə qarşılaşan valideyn hara müraciət edə bilər?

Cavab: Təcrübə göstərir ki, bu kimi hallar yalnız bəzi valideynlərin müvafiq qaydalarla razılaşmaması səbəbindən yarana bilir. Bu kimi hallarda valideynlər 01.04.2020-ci il tarixdən həftənin III və V günləri Apelyasiya komissiyalarına müraciət edə bilərlər. Onu da qeyd edək ki, Apelyasiya komissiyaları bütün şəhər və rayonlarda fəaliyyət göstərir.

Sual: Qeydiyyatdan keçdikdən sonra uşaqların məktəblərdə ümumi psixoloji durumunun müəyyənləşdirilməsi üçün müvafiq söhbətlər aparılacaqmı?

Cavab: Valideyn (qanuni nümayəndə) I sinfə şagird qəbulu üçün uşağın sağlamlığı haqqında tibbi arayışı (forma 26U) məktəbə təqdim etdiyinə görə uşağın psixoloji durumunun müəyyənləşdirilməsinə ehtiyac yaranmır.

Sual: Yaşı 8-dən yuxarı olan uşaqların I sinfə qəbulu mümkündürmü?

Cavab: Bəli. Yaşı 8-dən yuxarı olan uşaqlar Azərbaycan Respublikası Təhsil nazirinin 29.05.2014-cü il tarixli, 645 nömrəli əmri ilə təsdiq edilmiş "Fərdi təhsilin təşkili haqqında Qaydalar”ın tələblərinə uyğun olaraq fərdi təhsilə cəlb olunurlar.

Sual: Yaşı 8-dən yuxarı olan uşaqların qeydiyyatı üçün hara və hansı sənədlərlə müraciət edilməlidir?

Cavab: Yaşı 8-dən yuxarı olan uşaqların valideynləri www.mektebeqebul.edu.az saytında qeydiyyatdan keçdikdən sonra 01.04.2020-ci il tarixdən həftənin II və IV günləri yaşayış yerindən arayış, 2 ədəd 3x4 rəngli fotoşəkil, valideynin (və ya qanuni nümayəndənin) və uşağın şəxsiyyətini təsdiq edən sənəd, ehtiyac yaranarsa, sağlamlıq haqqında arayışla (forma 26U) yerli təhsili idarəetmə orqanlarında yaradılmış müvafiq komissiyaya müraciət etməlidir. Valideynlərə həmin komissiyaya uşağı da özləri ilə gətirmələri tövsiyə olunur.

Sual: Bakı şəhərində sağlamlıq imkanı məhdud uşaqların I sinfə qəbulu necə həyata keçirilir?

Cavab: Xüsusi qayğıya ehtiyacı olan sağlamlıq imkanı məhdud uşaqların I sinfə qəbulu üçün valideynlər ilkin olaraq mektebeqebul.edu.az saytında qeydiyyatdan keçib, xüsusi təhsil formasını seçməlidirlər. Bundan sonra valideyn şəxsi kabinetində tələb olunan sənədlərlə (valideynin və uşağın şəxsiyyətini təsdiq edən sənədin əsli və surəti, tibbi arayış, 2 (iki) ədəd 3x4 ölçüdə rəngli fotoşəkil və yaşayış yerindən arayış) birlikdə 01.05.2020-ci il tarixdən həftənin III və V günləri Nəsimi rayonu 268 nömrəli xüsusi məktəbdə (ünvan: Bakı şəhəri Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi 38) təşkil olunmuş Pedaqoji-tibbi-psixoloji komissiyaya müraciət etməlidirlər. Valideynlər komissiyaya uşağı da özləri ilə gətirməlidirlər.

Sual: Xüsusi qayğıya ehtiyacı olan sağlamlıq imkanı məhdud uşaqların I sinfə qəbulu üçün məktəb seçimi necə həyata keçirilir?

Cavab: Xüsusi qayğıya ehtiyacı olan sağlamlıq imkanı məhdud uşaqların I sinfə qəbulu üçün məktəbi valideynin yaşayış ərazisinə uyğun olaraq Pedaqoji-tibbi-psixoloji komissiya müəyyənləşdirir və məktəbə sorğu avtomatik olaraq komissiyanın bazasından inteqrasiya olunur.

 Sual: Hansı halda uşağın məktəbə qəbuluna imtina verilə bilər?

Cavab: İlk növbədə, məsul şəxs www.mektebeqebul.edu.az saytından elektron qeydiyyat zamanı valideynin (qanuni nümayəndənin) özü və uşaq haqqında daxil etdiyi məlumatları təqdim olunan sənədlərin əsli ilə üzləşdirir və həmin sənədlərin surətini saxlayaraq, əslini dərhal valideynə (qanuni nümayəndəyə) qaytarır. Sənəd qəbulu üzrə məsul şəxs tərəfindən tələb olunan sənədlərin müvafiq tələblərə uyğun olmadığı aşkar edildikdə (elektron ərizə qeydiyyatı zamanı məlumatların bilərəkdən saxtalaşdırıldığı halda) və təhsil qanunvericiliyinin tələblərinin pozulduğu digər hallarda.

Sual: I sinfə qəbulla əlaqədar sual yarandıqda hara müraciət etmək olar?

Cavab:

• Şəhər və rayon ərazisində fəaliyyət göstərən Apelyasiya komissiyasına.

• Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinə (nömrə: 146) zəng etməklə, suallara aydınlıq gətirmək mümkündür.

Sual: Uşaqların təhsil alacağı məktəbə yerləşdirilməsi prosesi tam olaraq hansı halda başa çatmış hesab olunur?

Cavab: Valideynin (qanuni nümayəndənin) elektron sorğu yerləşdirdiyi məktəbə sənədləri təqdim edərək övladının məktəbə qəbul olunması barədə müvafiq qəbz almasından sonra uşağın məktəbə yerləşdirilməsi prosesi başa çatır.

Sual: Yerləşdirilmə bitdikdən sonra valideyn hansı addımları atmalıdır?

Cavab: Yeni dərs ilinin ilk günü övladını məktəbə gətirməlidir.
 
 https://www.youtube.com/watch?time_continue=4&v=ldd3vOZeNDg&feature=emb_logo




Загрузка...
Həmçinin oxuyun:
2020-2021-ci tədris ili üçün ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsinə dair     SUAL-CAVAB

2020-2021-ci tədris ili üçün ümumi təhsil müəssisələrinin I sinfinə şagird qəbulunun elektron sistem vasitəsilə həyata keçirilməsinə dair SUAL-CAVAB

I sinfə qəbul olarkən dili bilmə bacarıqları yoxlanılacaq - Müsahibələrə apreldən başlanacaq

I sinfə qəbul olarkən dili bilmə bacarıqları yoxlanılacaq - Müsahibələrə apreldən başlanacaq

I sinfə şagird qəbulu və tətbiq olunan yeniliklər

I sinfə şagird qəbulu və tətbiq olunan yeniliklər

I sinfinə 34591 sorğu yerləşdirilib

I sinfinə 34591 sorğu yerləşdirilib

Müsabiqədənkənar qəbul yalnız bu halda mümkündür

Müsabiqədənkənar qəbul yalnız bu halda mümkündür

I sinfə uşaqların elektron qeydiyyatı

I sinfə uşaqların elektron qeydiyyatı

“Əsas məsələ valideynin qeydiyyatı düzgün aparmasıdır"

“Əsas məsələ valideynin qeydiyyatı düzgün aparmasıdır"

Məktəbəhazırlıq qruplarına sənəd qəbulu başlayır

Məktəbəhazırlıq qruplarına sənəd qəbulu başlayır

Valideyn hansı halda elektron sorğunu ləğv edib, başqa məktəbi seçə bilər?

Valideyn hansı halda elektron sorğunu ləğv edib, başqa məktəbi seçə bilər?

I sinfə qəbul qaydaları açıqlanıb

I sinfə qəbul qaydaları açıqlanıb

Birinci sinfə qeydiyyat zamanı bir neçə məktəb seçmək mümkündürmü?

Birinci sinfə qeydiyyat zamanı bir neçə məktəb seçmək mümkündürmü?

Yaşı 8-dən yuxarı olan uşaqların birinci sinfə qəbulu mümkündürmü?

Yaşı 8-dən yuxarı olan uşaqların birinci sinfə qəbulu mümkündürmü?

Məktəbəhazırlığı rus bölməsi üzrə oxumaq istəyən müsahibədə iştirak etməlidir?

Məktəbəhazırlığı rus bölməsi üzrə oxumaq istəyən müsahibədə iştirak etməlidir?

I sinfə qəbulla bağlı 45 mindən çox sorğu yerləşdirilib

I sinfə qəbulla bağlı 45 mindən çox sorğu yerləşdirilib

Məhz bu qaydanın tətbiqi məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların valideynlərini əlavə qayğılardan azad edib

Məhz bu qaydanın tətbiqi məktəbəhazırlıq qruplarında təhsil alan uşaqların valideynlərini əlavə qayğılardan azad edib

Məktəbəhazırlıq qruplarında oxuyanlar I sinfə qəbul üçün müraciət etməyəcəklər

Məktəbəhazırlıq qruplarında oxuyanlar I sinfə qəbul üçün müraciət etməyəcəklər

Sabahdan Bakı məktəblərində I sinfə şagird qəbulu başlanır

Sabahdan Bakı məktəblərində I sinfə şagird qəbulu başlanır

I sinfə qəbulun ilk mərhələsi yekunlaşır

I sinfə qəbulun ilk mərhələsi yekunlaşır

Bakıda birinci sinfə qəbul üzrə 40000-dən çox sorğu yerləşdirilib

Bakıda birinci sinfə qəbul üzrə 40000-dən çox sorğu yerləşdirilib

Bakıda 30 mindən çox şagird I sinfə hazırlaşır

Bakıda 30 mindən çox şagird I sinfə hazırlaşır

Birinci sinifə şagird qəbulu üçün elektron qeydiyyat davam edir

Birinci sinifə şagird qəbulu üçün elektron qeydiyyat davam edir

Valideynləri maraqlandıran əksər suallara cavab-MÜSAHİBƏ

Valideynləri maraqlandıran əksər suallara cavab-MÜSAHİBƏ

Valideynlərin nəzərinə: övladınız 1-ci sinfə gedəcəksə, mütləq oxuyun - XƏBƏRDARLIQ

Valideynlərin nəzərinə: övladınız 1-ci sinfə gedəcəksə, mütləq oxuyun - XƏBƏRDARLIQ

Birinci sinfə qəbul üzrə 37 minə yaxın sorğu yerləşdirilib

Birinci sinfə qəbul üzrə 37 minə yaxın sorğu yerləşdirilib