AzTehsil.com


Xəbərlər
12 iyul 2019
2 566


Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib



Görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib

 

 
Ceyhun Bayramov: "Ölkəmizi beynəlxalq bilik yarışlarında təmsil edən məktəblilərin nəticələrinin ildən-ilə yüksəlməsi bir faktdır”

 

Təhsil naziri Ceyhun Bayramov İTV-nin "Pressinq” verilişinin qonağı olub.  Nazir İTV-nin efirində təşkil edilən ictimai müzakirə saatında verilişin aparıcısı Orxan Fikrətoğlu ilə yanaşı,  APA-nın redaktoru Kəmalə Quliyeva, "Azərbaycan məktəbi” jurnalının baş redaktoru Rahil Nəcəf, "Yeni Müsavat” qəzetinin redaktoru Elşad Məmmədli, "Report”un baş redaktoru Murad Əliyevin suallarını cavablandırıb. Nazir müsahibəsində əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan və hazırda Prezident İlham Əliyev tərəfindən davam etdirilən uğurlu təhsil islahatlarının nəticələrindən bəhs edib. Həmin müsahibəni təqdim edirik:

 

Orxan Fikrətoğlu, verilişin aparıcısı: Təhsil cəmiyyətin onurğa sütunudur. Təhsildə aparılan islahatlar və yeniliklər cəmiyyətdə də razılıqla qarşılanır. Həmin islahatlardan biri də olimpiadalarla bağlıdır. Olimpiada qalibi olan 300 şagird müsabiqəsiz ali təhsil müəssisələrinə qəbul olundu. Sizə elə gəlmirmi ki, bu, elə bir hal alar ki, hamı olimpiada qalibi olmaq istəyər?

 

- Təhsil Nazirliyi olaraq, belə bir ehtimalın reallaşa biləcəyini düşünmürük.  Ancaq olimpiadalara marağın artması faktdır. Olimpiada hərəkatı, ölkəmizdə olimpiadaların keçirilməsi və beynəlxalq olimpiadalara hazırlığın və iştirakın uğurla təşkil edilməsi sahəsində  əhəmiyyətli işlər görülüb. Bu işlər barədə ölkə ictimaiyyəti məlumatlıdır. Şagirdlərin ildən-ilə olimpiadalara marağının artması, sadəcə bu hərəkata daha çox iştirakçı qatılması ilə deyil, həm də ölkə üzrə və beynəlxalq olimpiadalardakı nəticələrlə də özünü göstərir. Respublika fənn olimpiadalarında və ölkəmizi beynəlxalq bilik yarışlarında təmsil edən məktəblilərin nəticələrinin ildən-ilə yüksəlməsi bir faktdır. Təbii ki, bu, qanunvericilikdə də öz əksini tapmalıdır. Qanunvericiliyə edilən dəyişiklik Təhsil Nazirliyinin təşəbbüsü ilə reallaşdırılıb. Bu təşəbbüsü göstərərkən nəyə əsaslandığımızı da cəmiyyətə açıqlamışıq. Əvvəla qeyd edim ki, iki məsələni - beynəlxalq olimpiadalar və ölkə ərazisində keçirilən respublika fənn olimpiadalarını biri-birindən ayırmalıyıq. Beynəlxalq olimpiada qaliblərinə son dəyişiklikdən öncə də ölkə qanunvericiliyində bəlli bir imtiyaz vardı. Qanunvericiliyə görə, beynəlxalq olimpiada qalibləri ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunmaq imkanına malik idi. Ancaq orda belə bir məhdudiyyət vardı ki, beynəlxalq olimpiada qalibləri yalnız qalib olduqları fənn üzrə müvafiq ixtisaslara imtahansız qəbul oluna bilərdi.  Biz hesab edirik ki, bu, məntiqsizdir. Fikrimizin aydın olması üçün öncə "beynəlxalq olimpiada” nə olduğuna diqqət edək. "Beynəlxalq olimpiada” dedikdə yüksək nüfuza malik dünya və qitə olimpiadaları nəzərdə tutulur. Hansı ki, Azərbaycan qanunvericiliyində də qəbul edilən siyahıda adı əksini tapan həmin beynəlxalq olimpiadaların qaliblərini öz tələbəsi kimi görmək üçün dünyanın nüfuzlu ali məktəbləri yarışa girir. Onları öz tələbəsi kimi görmək üçün ciddi addımlar atır, böyük imtiyazlar verirlər. Başqa sözlə, "beynəlxalq olimpiada” dedikdə, ayrı-ayrı yerlərdə keçirilən müxtəlif səviyyəli olimpiadalardan söhbət getmir. Yəni, dünyanın aparıcı universitetləri məhz bizim də nəzərdə tutduğumuz olimpiadaların qaliblərini öz tələbəsi kimi görmək üçün rəqabət aparırlar. Belə olan halda, bu cür uşaqların Azərbaycan ali məktəblərinə gəlməsinə hər hansı məhdudiyyət qoyulması, yumşaq desək, məntiqsizlikdir. Statistikaya baxsaq görərik ki, əksəriyyəti Sinqapurun, Honkonqun, Kanadanın və başqa ölkələrin aparıcı universitetlərinin tələbələri olur və təhsillərini uğurla başa çatdırırlar. Ölkə olimpiadalarına gəlincə, bu olimpiadaların formatı beynəlxalq olimpiadaların formatına uyğunlaşdırılıb. Artıq bir neçə ildir ki, görülən tədbirlərin nəticəsi həm kəmiyyətdə, həm də keyfiyyətdə özünü göstərib. Qeyd edim ki, bu dəyişikliyin aparıldığı ötən  bir neçə il ərzində respublika fənn olimpiadaları qaliblərinə də ali təhsil müəssisələrinə qəbul zamanı müəyyən imtiyazların tətbiq edilməsi üçün təşəbbüs göstərməyə tələsmədik. Əvvəlcə müşahidələr aparıb nəticələri təhlil etdik. Ölkə olimpiadaları 8 fənn üzrə keçirilir. Bir neçə il ərzində ölkə olimpiadalarının final turunda iştirak edib qalib olan məktəblilərin növbəti təhsil pilləsinə - yəni ali təhsil müəssisələrinə qəbul imtahanlarında göstərdikləri nəticələrini təhlil etdik. Təhlillər onu göstərdi ki, ölkə olimpiadalarında qalib olan məktəblilərin orta göstəricisi təxminən 650 baldır. Bu da bizə onu deməyə əsas verir ki, onlar istənilən ali təhsil müəssisəsinə qəbul olunacaq səviyyədə yüksək hazırlığa malikdirlər.

 

Onlara verilən bu imtiyaz, sadəcə bir motivasiyadır. Bunu etmədiyimiz halda X-XI sinif səviyyəsində istedadlı şagirdlər olimpiadada iştirakda maraqlı olmur, vaxtını ali təhsil müəssisələrinə qəbul imtahanlarına hazırlığa həsr edirlər. İstedadlı şagirdlərə əlavə motivasiya vermək Azərbaycan cəmiyyəti olaraq bizə yalnız fayda gətirəcək.

 

Kəmalə Quliyeva, APA-nın redaktoru:  Son iki ildə səslənən tənqidi fikirlərdən biri tədris ilinin 2 həftə uzadılması məsələsidir. Təhsil Nazirliyi bunu belə arqumentləşdirdi ki, dərs yükü ağır olduğu üçün müddət uzadılır. Valideynlərin əks arqumenti isə bundan ibarətdir ki, dərs ilinin müddətinin uzadılmasına baxmayaraq, may ayının sonuna qədər proqram tamamilə yekunlaşır və iki həftə uşaqlar məktəbə boşuna gedir. Bu barədə fikriniz maraqlı olardı.

 

- Təklif edirəm ki, məsələyə iki aspektdən baxaq. Bir neçə il öncə Təhsil Nazirliyinin təşəbbüsü ilə təhsil ili 2 həftə uzadılıb. Bu müddətdən nə qədər səmərəli istifadə etdiyimizə toxunacağam. Ancaq ondan öncə bir məlumatı qeyd etməliyəm. Bu dəyişiklikdən öncəki situasiya barədə məlumat hər birimizdə olsun ki, ədalətli diskussiya apara bilək. Yəni, sözügedən dəyişikliyə qədər Azərbaycanda dərs ili 32 həftəlik idi. Bunun çox, yoxsa az olduğunu demək üçün digər ölkələrlə müqayisə aparaq. İnkişaf etmiş ölkələrdə dərs ili 36-38 həftə, bəzilərində hətta 40-42  həftədir. Ekstrimləri qoyuram bir kənara, normal təhsil müddəti 36-38 həftədir. Bizdə 32 həftə olması o deməkdir ki, şagirdlərimiz il ərzində 4-6 həftə daha az oxuyurlar. Ümumilikdə gözləntilər və standartlar isə bizdə də başqa ölkələrlə eynidir. Nəticə etibarı ilə başqa ölkələrdə olduğu kimi, bizim də istəyimiz odur ki, məktəbi qurtaran yeniyetmə və gənclərimiz müəyyən bacarıqlara yiyələnsinlər. Ancaq buna başqalarından, orta hesabla götürsək, 5 həftə az oxuyaraq nail olmaq mümkün deyil. Hər il 5 həftə az oxumaq 11 il ərzində 55 həftə edir. Həmin 55 həftəni ümumi tədris müddətinə bölsək, burada söhbət 2 akademik ildən gedir. Təhsil Nazirliyinin məntiqi bundan ibarətdir ki, hər tədris ilində iki həftə uzatmaqla şagirdlərimiz üçün 11 ildə əlavə olaraq  iki tədris ili qazanırıq. Tədris proqramının bəlli bir ağırlığı var. Bunu əlavə olaraq 22 həftəyə böləndə, hər günə düşən proqram azalır. Nəzərə almalıyıq ki, 32 həftəlik tədris həftəsi zamanı tətil müddəti 3 ay yarım idi. İstənilən mütəxəssis bunu təsdiq edər ki, tədris ilinin sonu ilə başlanğıcı arasında bu qədər uzun məsafənin olmasının mənfi təsiri var.

 

Xüsusən, uşaqlarının təhsilinə az fikir verən, təhsili və istirahətini düzgün təşkil edə bilməyən ailələrdə bunun fəsadları daha çox olur. Tədris ili uzadıldıqda belə, şagirdlərimizin kifayət qədər uzun yay tətilləri var. Odur ki, birmənalı olaraq artıq qəbul edilməlidir ki, 34 həftəlik dərs ilinə qərar verildikdən sonra bütün proqramlar bu müddətə uyğunlaşdırılıb, yeni yazılan dərsliklər 34 həftə üçün hesablanıb.

 

Bu qərardan əvvəl hazırlanan və hələ dəyişdirilməyən dərsliklərlə bağlı Təhsil İnstitutu metodik göstərişlər hazırlayıb. Həmin göstərişlərdə mövcud dərsliklərdən 34 həftə ərzində necə istifadə olunacağına dair tövsiyələr əksini tapıb və həmin göstərişlər rayon təhsil şöbələri, şəhər təhsil idarələri vasitəsilə məktəblərə çatdırılıb. Bir sözlə, müddətin uzadılmasını biz labüd hesab edirik. Uzadılan iki həftənin necə istifadə olunmasına gəlincə, Təhsil Nazirliyi bununla bağlı mütəmadi monitorinqlər keçirir. Bunu, "Hər yerdə may ayının sonunda proqram bitir”, -  kimi təqdim etməzdim. Həqiqət ondan ibarətdir ki, fərqli mənzərələr ortaya çıxır. Elə məktəblər var ki, orada tədris düzgün təşkil edilib və 2 həftədən tam səmərəli istifadə olunur. Elə yerlər də var ki, orada vəziyyətin müsbətə doğru dəyişməsinə ciddi ehtiyac var. Təhsil Nazirliyi olaraq, bu, bizi düşündürür və bu istiqamətdə müvafiq tədbirlər görülür. Ancaq görünür, bu istiqamətdə daha çox maarifləndirməyə ehtiyac var. Birmənalı olaraq qəbul etməliyik ki, bu dəyişiklik təhsilimiz üçün lazımlıdır. Bu məsələdə Təhsil Nazirliyinə valideynlərdən, müəllimlərdən dəstək olmalıdır. Çünki valideyn buna inanmayanda, qarşı çıxanda, məsələ şagirddə də aqressiya doğurur.

 

Murad Əliyev, "Report”un baş redaktoru: Kollec məzunlarının ali məktəblərə birbaşa qəbulu məsələsinə toxunmaq istəyirəm. Razıyam ki, olimpiada qalibləri müəyyən nəticəyə nail olmuş, öz biliyini müəyyən mənada təsdiq ediblər. Kollec məzunlarının müsabiqədənkənar qəbulu isə bir tərəfdən fasiləsiz təhsilin təmin olunmasına şərait yaradırsa, digər tərəfdən də başqa problemə yol açmayacaqmı? Məsələn, ali təhsil müəssisələrinə süni axına səbəb olmayacaqmı? Hamı bilir ki, ali təhsil müəssisələrinə qəbul imtahanları ilə orta ixtisas təhsili müəssisələrinə qəbul şərtlərində yerlə-göy qədər fərq var. Artıq bir çoxları öz övladının ali təhsil müəssisələrinə kollec vasitəsi ilə qəbul olunmasına ümid edəcək və bu da qeyri-bərabər rəqabət mühiti yaradacaq. Necə bilirsiniz, gələcəkdə hər hansı problem gözləniləndirmi?

 

- Kollec məzunlarının, biz onlara "subbakalavrlar” deyirik, ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul imkanları ali təhsilə əlçatanlığı artırır, təhsilin müxtəlif pillələri arasında fasiləsizliyi təmin edir. Problemlərə gəlincə, bu qərardan öncə verilən bir sıra qərarları xatırlatmaq yerinə düşər. Belə ki, kolleclərdə də ali təhsildə olduğu kimi, təhsilin kredit sistemi ilə təşkili təmin edilib. Bir sıra kolleclər ali təhsil müəssisələrinin nəzdinə verilib. Kolleclərlə ali təhsil müəssisələrində olan bir sıra oxşar ixtisaslar üzrə proqramlarda uyğunlaşdırmalar həyata keçirilib. Bu tədbirlərdən sonra həyata keçiriləcək dəyişikliyin ali təhsil müəssisələrinə süni axın yaradıb-yaratmayacağını görmək üçün prosesin necə işləyəcəyinə baxmaq kifayətdir. Belə ki, kollec məzunu olması həmin şəxsin ali məktəbdə hər hansı ixtisas üzrə avtomatik qəbul olunmasına imkan vermir. Qanunvericilikdə öz əksini tapan məqam ondan ibarətdir ki, kollec məzunu olmaq, sadəcə ali təhsil müəssisəsinə müvafiq ixtisas üzrə müsabiqədə iştirakın minimal balını təmin edir. Bu da o deməkdir ki, subbakalavr diplomu  müxtəlif ixtisaslar üzrə müəyyən olunan şərti minimal balı verir. Subbakalavrlar yalnız o ixtisaslar üzrə ali təhsil müəssisələrinə müraciət edə bilirlər ki, həmin ixtisaslar üzrə yüksək rəqabət olmayıb və təsdiq edilən qəbul planından boş yerlər qalıb. Yəni, bu imtiyazın verilməsi, müraciət edən hər bir subbakalavrın istədiyi ixtisas üzrə ali təhsil müəssisəsinə qəbul olunacağı demək deyil. Son illərin proqnozları göstərir ki, qəbul planı 90 faiz yerinə yetirilir və cəmi 3-4 min yer boş qalır. Təbii ki, bu, bütün ali məktəblər və bütün ixtisaslar üzrə belə deyil. Keçid balı 500-dən yuxarı olan ixtisas üzrə ali təhsil müəssisəsinə subbakalavr diplomu ilə qəbul olunmaq mümkün deyil. Subbakalavrlar, sadəcə minimal, məsələn, 200 bal tələb edilən hər hansı ixtisas üzrə boş qalan yerlərə iddia edə bilərlər. Bu yer qane etmirsə, subbakalavr müvafiq qaydada hüququndan istifadə edərək imtahan verib istədiyi ixtisas üzrə müsabiqəyə qatıla bilər. Bu dəyişiklikdən danışarkən digər məqamları da qeyd etməliyik. Çünki qanunvericilikdə subbakalavrlar üçün əlavə bir imtiyaz da nəzərdə tutulub.  Belə ki, subbakalavr müsabiqədənkənar ali təhsil müəssisəsinə qəbul olunub, yaxud imtahan verərək adi qaydada ali təhsil almaq imkanı əldə edibsə, qəbul olunduğu ali təhsil müəssisəsini daha qısa müddətdə bitirə bilər. Belə ki, ali məktəbdə də kollecdə təhsil aldığı oxşar ixtisas üzrə əldə etdiyi kreditlər nəzərə alınacaq. Başqa bir yenilik isə ondan ibarətdir ki, hər hansı səbəbdən ali təhsilini başa çatdıra bilməyən şəxs yarımçıq təhsil dövründə əldə etdiyi kreditlə kollec məzunu ola bilər. Tutaq ki, 4 illik ali təhsil dövründə tələbə 240 kredit toplayır. Təhsil müddətində 180 kredit toplayan şəxs  hər hansı səbəbdən təhsilini yarımçıq qoyub və bunun üzərindən müəyyən müddət keçibsə, təhsil müəssisəsindən aldığı arayışla kollecə qəbul oluna bilər. Bu halda onun ali məktəbdə topladığı kreditlər kollecdə nəzərə alınacaq və həmin şəxs daha qısa müddətdə kolleci bitirib əmək bazarına daxil olacaq. Qanunvericiliyə edilən bu dəyişikliklər kompleks tədbirlərdir və kollec məzunlarının ali təhsil müəssisələrinə əlavə imtiyazla qəbul olunması həmin tədbirlərdən sadəcə biridir. Düşünürük ki, bu il bəzi ixtisaslar üzrə bir neçə min kollec məzunu onlara verilən bu hüquqdan istifadə edə biləcək.

 

Elşad Məmmədli, "Yeni Müsavat” qəzetinin redaktoru: Bu ilin ən aktual məsələlərindən biri də qəbul və buraxılış imtahanlarında fərqli modelin tətbiq edilməsidir. Təbii ki, bu, hər kəsin maraqlandığı məsələdir. Çünki hər kəsin həyatına təsir edən dəyişiklikdən söhbət gedir. Odur ki, bu məsələdə tənqidlər də var, təqdirlər də. Siz Təhsil naziri kimi bu məsələnin daha strateji tərəflərini bilirsiniz. Yeni formatı müvafiq əmək bazarı diqtə edir, yoxsa biliyin qiymətləndirilməsinin yeni alətləri, yeni metodları?

 

- Düşünürəm ki, qeyd etdiyiniz hər iki məqamın təsiri var. Əmək bazarı barədə danışırıqsa, qəbul  və etiraf etməliyik ki, qlobal əmək bazarı yeni tələblər irəli sürür. Əmək bazarında bir sıra bacarıqların xüsusi çəkisi artır. Yaradıcı təfəkkürün mövcudluğu, məsələ həlli, informasiyanı təhlil etmək və ondan düzgün nəticə çıxarmaq, özünütəqdimetmə və bir sıra başqa  bacarıqların  çox böyük dəyəri var. Eyni zamanda, bir sıra yeniliklərin məhz bu il edilməsi təsadüfi deyil. 2008-2009-cu tədris ilində məktəbə gedən və tədrisi yeni məzmunla təşkil edilən şagirdlər bu il məzun olurlar. Təbiidir ki, yeni məzmun yeni qiymətləndirməni özündə ehtiva edir. Onu da qeyd etmək istərdim ki, Azərbaycan dövləti olaraq müxtəlif yaş qrupunda olan məktəblilərin müxtəlif bilik və bacarıqlarını ölçən bir sıra beynəlxalq qiymətləndirmələrdə, tədqiqatlarda iştirak edirik. Onların özünəməxsus ölçmə meyarları, metodları var. Bizim bu il tətbiq edilən yeniliklər həmin beynəlxalq tədqiqatlarda istifadə olunan yanaşmalara yaxınlaşma istiqamətində ciddi addımlardır. Çünki biz o məqamları qiymətləndirməliyik ki, gənclərin həm təhsildə, həm gələcək karyerasında rolu olsun. Biz məhz həmin bacarıqları ölçməyə başlamalıyıq. Bunu etmiriksə, deməli, öz-özümüzü aldadırıq. İstəyirəm ki, bu məsələdə Təhsil Nazirliyinin də yanaşması aydın olsun. Son illər keçirilən test imtahanlarının nəticəsinə əsaslanan statistikada artım dinamikası müşahidə olunurdu. Bu da təbiidir. Sistemə öyrəşir və ona hazırlaşmaq üsulları tapılır. Nəticədə göstəricilər artır. Ötən il 29 nəfər ən yüksək nəticəni əldə etmişdi, ondan əvvəl 15 nəfər... Biz bilirdik ki, bu məsələdə yeniliyin gətirilməsinin bir neçə il ərzində göstəricilərə təsiri mütləq olacaq. Biz onu da anlayırdıq ki, bu, müəyyən mənada təhsili tənqid hədəfinə də çevirə bilər. Buna baxmayaraq, özümüzü aldatmamalıyıq və başa düşürüksə ki, qiymətləndirməyə yenilik gətirmək lazımdır, deməli, bunu etmək labüddür. Bu məqamda qeyri-populyar, şagirdlərimizin gələcəyinə təsir edəcək addımları atmaqdan çəkinməməliyik. İndiyədək hər hansı tənlik verilir, onun həllinin 4 yolu göstərilirdi. Artıq şagirdə hazır tənlik verilmir, situativ tapşırıq verilir. Şagird həmin situasiyaya uyğun tənliyi özü yaratmalıdır. İndi gəlin müqayisə edək. Həyatda bizə problemlərdən çıxış yolu olaraq hazır tənlik verirlər ki, ondan istifadə edib vəziyyətdən çıxaq, yoxsa vəziyyətdən çıxmaq üçün o tənliyi özümüz yaratmalı oluruq? Yaxud, xarici dillə bağlı indiyədək dil qaydaları, zamanlar və s. nəzəri olaraq bir sıra tapşırıqlar verilib. Artıq şagirdlər bu tapşırıqlara alışıb və onları yerinə yetirə bilirlər. Təbii ki, bunlar da lazımdır. Ancaq şagird ingilis dilində verilən bir mətni dinləyib anlamırsa, yaxud xarici dildə öz fikrini ifadə edə bilmirsə, bu, bizim üçün siqnal olmalıdır. Yaxud, bizim tələblərimizə yüksək səviyyədə cavab verən şagirdin təhsilin sonrakı pilləsində problemləri çıxırsa, deməli, bilik və bacarıqların ölçülməsində yanaşmanı dəyişməliyik. Azərbaycan bir neçə il öncə beynəlxalq tədqiqatlarda iştirak edib. Ancaq həmin tədqiqatların nəticələri uğursuz olub. Bu səbəbdən növbəti illərdə həmin tədqiqatlarda iştirakdan imtina edilib. Hesab edirik ki, bu yanaşma doğru deyil. Müəyyən dövr ərzində nəticələrimiz ürəkaçan olmasa belə, bizim həmin tədqiqatlarda iştirakımız önəmlidir. Bu iştirak nəticəsində zəif cəhətlərimizi aşkara çıxarmalı, orada olan ölçmə meyarlarını öz ölkədaxili qiymətləndirməyimizdə də tətbiq etməliyik. Ola bilsin ki, o qədər də məşhur olmayan bu yolla hansısa uzunmüddətli perspektivdə nəticələrə nail ola bilərik.

 

Rahil Nəcəf, "Azərbaycan məktəbi” jurnalının baş redaktoru: Dövlət sifarişli yerlərin sayı bu il artıb. Bu, ölkədə təhsilin əlçatanlığına nə dərəcədə təsir göstərəcək?

 

- Ötən ilin büdcə paketinin müzakirəsində də bu məsələ öz əksini tapmışdı. Bunun nəticəsi olaraq 2019-2020-ci tədris ili üçün dövlət sifarişli yerlərin sayı kəskin şəkildə artıb. Ötən il bütün istiqamətlər üzrə dövlət sifarişli yerlərin sayı 12300 olubsa, bu akademik ildə 20500-ə çatıb.  Bu, 1 il ərzində 65 faizdən çox artım deməkdir. Sözsüz ki, bu, daha çox tələbənin dövlət sifarişi hesabına təhsil almasına səbəb olacaq. Onu da qeyd edim ki, hansı balın dövlət sifarişli yerə, ya da ödənişli əsaslarla təhsilə düşməsi bir sıra amillərdən asılı olacaq. Burada rəqabətin, həmin yer uğrunda mübarizə aparan tələbələrin sayı, nə qədər yüksək nəticə göstərmələri, ancaq birmənalı olaraq 8 mindən artıq əlavə yerlərin təqdim edilməsi, daha çox tələbənin dövlət vəsaiti hesabına oxumasına şərait yaradacaq. Ali təhsilin əlçatanlığı baxımından bu çox önəmlidir.

 

Kəmalə Quliyeva, APA-nın redaktoru:  Zaman göstərdi ki, təhsilin keyfiyyəti ilə yanaşı, valideyn-məktəb münasibətinin yaxşılaşdırılması, eyni zamanda məktəbin idarəçiliyinin təkmilləşdirilməsi, məktəblərdə psixoloji işin təşkili təhsilin qarşısında duran ən vacib məsələlərdəndir.Təhsil Nazirliyinin bu istiqamətdə hansı planları var?

 

- Təhsil Nazirliyi olaraq, çalışırıq ki, tədbirlərimizi məktəblərdə keçirək. Məktəbdə baş verən prosesləri daha düzgün qiymətləndirmək baxımından bu, olduqca faydalıdır. Vətəndaş qəbulu məqsədi ilə rayonlara gedəndə çalışıram ki, əvvəlcədən xəbərdarlıq edilməyən bir məktəbə gedib vəziyyətlə tanış olum. Əvvəlcədən hazırlıqlı olan deyil, təsadüfən baş çəkdiyimiz məktəbin gündəlik vəziyyətini görmək fərqli mənzərəni ortaya çıxarır. Bunu özüm üçün faydalı format hesab edir və bundan həmişə istifadə edirəm. Bu şəkildə ortaya çıxan mənzərə ən çox məktəbin rəhbəri, məktəb idarəedicisi faktoru ilə bağlı olur. Odur ki, Təhsil Nazirliyi olaraq məktəb direktorlarının seçiminə çox böyük önəm veririk. Bu məsələyə çox böyük resurs ayırır, bir neçə mərhələli seçim prosesi həyata keçiririk. Təhsil Nazirliyinin bütün rəhbər heyəti həmin seçimin müxtəlif mərhələlərində mütləq iştirak edirlər. İki eyni səviyyədə olan məktəbdə - oxşar bölgə, oxşar şəraitdə olan təhsil müəssisələrində uğurlu təyinatla uğursuz təyinatın fərqi məktəblərin 1-2 il ərzində nəzərəçarpacaq dərəcədə irəliləməsi və ya geriləməsi ilə özünü göstərir. Odur ki, məktəb rəhbərlərinin seçilməsi bizim üçün xüsusi bir proqramdır, xüsusi bir istiqamətdir. Məktəb-valideyn münasibətlərinin formalaşması da olduqca vacibdir. Təhsil Nazirliyi olaraq bu mesajları çatdırmağa çalışır, ictimaiyyətdən fəallıq gözləyirik. Çünki nüfuzlu insanların məktəblərə gəlməsi, müxtəlif tədbirlərdə iştirak etməsi cəmiyyətə düzgün siqnal ötürülməsidir. Valideynin bir ayağı məktəbdə olmalıdır. Valideynin məktəbə gəlməsi tədbirdən-tədbirə olmamalı, formal xarakter daşımamalıdır. Beynəlxalq tədqiqatların maraqlı xüsusiyətlərindən biri ondan ibarətdir ki, nəticə ilə yanaşı, göstərilən nəticəyə təsir edən müxtəlif, çoxsayli dəyişənlər barədə məlumat verirlər. O dəyişənlərə baxanda, şagirdlərin nailiyyətlərini qiymətləndirən zaman onların arasında çoxsaylı  korrelyasiyanı müşahidə etmək olur. Məsələn, valideynlərin övladları ilə vaxt keçirməsi, valideynlərin özlərinin təhsilli olması şagirdlərin göstəricilərinə nə qədər təsir edir.

 

Tədqiqatlar göstərir ki, anaların təhsilli olması şagirdlərin göstəricilərində müsbət nəticəyə çox böyük təsir edir. Çünki təhsilli analar övladlarının təhsilinə xüsusi diqqət edirlər. Ona görə də rayon təhsil şöbələri ilə iş zamanı  xüsusi olaraq çatdırırıq ki, onların işi həm də valideynlərin təhsil prosesinə cəlb edilməsinə yönəlməlidir. Bu, təsdiq olunmuş faktdır. Yenidən sübut etməyə ehtiyac yoxdur ki, şagirdin nailiyyətlərində məktəbin, müəllimin və valideynin rolu, demək olar ki, eynidir.

 

Biz valideyn faktorunu bu prosesə cəlb etməməklə resurslarımızın yarısından istifadə etmirik. Təsəvvür edin, beynəlxalq bir yarışa çıxmışıq. Bu yarışda rəqib ölkə bütün resursları ilə, biz isə resurslarımızın yarısı ilə yarışırıq. Bu da nəticələrə təsir etməyə bilməz. Biz hər zaman Qərbi Avropa ölkələri, Amerika Birləşmiş Ştatları təhsil göstəricilərini müşahidə edirik. Burada müşahidə edilən maraqlı bir statistikanı bölüşmək istəyirəm. Həmin ölkələrdə məktəb yaşına çatmayan uşaqlarına həftədə 5 dəfə kitab oxuyan valideynlər 60 faiz təşkil edir. Yalnız bu vəhdəti təmin etməklə biz təhsildə yüksək nəticələrə nail ola bilərik.

 

Murad Əliyev, "Report”un baş redaktoru: Hər kəsin təsəvvüründə bir müəllim obrazı var. Mən çətin dövrdə təhsil almışam və müəllimim kadr çatışmazlığı səbəbindən bir neçə fənn üzrə dərs deyirdi. Həmin müəllimim diaqnostik qiymətləndirilmədən keçirilsə, bəlkə də uğurlu nəticə göstərə bilməz. Amma onun pedaqoji yanaşması tədris etdiyi bütün fənlər üzrə dərslərə qarşı hər birimizi məsuliyyətli olmağa məcbur edirdi. Bu cür müəllimlərin hazırlanması üçün hansı tədbirlər həyata keçirilir? Müəllim hazırlığı nə yerdədir?

 

- Bütün texnoloji yeniliklərə, sürətli inkişafa baxmayaraq təhsildə müəllim amili hər zaman bir nömrəli məsələ olaraq qalacaq. Heç bir təhsil sisteminin potensialı onun bütün müəllimlərinin orta səviyyəsindən yüksək ola bilməz. Bizim üçün bu, əsas prioritetdir. Prezident İlham Əliyev tərəfindən təsdiq edilən  "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda nəzərdə tutulan əsas hədəflərdən biri məhz müəllim amilidir. Həmin hədəflərə nail olunması istiqamətində həyata keçirilən tədbirlər - diaqnostik qiymətləndirilmənin keçirilməsinə start verilməsi, 2015-ci ildən dövlət başçısı cənab İlham Əliyev tərəfindən ümumtəhsil  sistemində əməkhaqqı islahatının təkmilləşdirilməsinə başlanmasına dair sərəncamın verilməsi və 2018-ci ilədək həmin islahatın birinci mərhələsinin həyata keçirilməsi, "Gələcəyin müəllimi” təqaüdünün təsis edilməsi, ixtisasartırma təlimlərinin yeni formatla təşkil edilməsi, şəffaf yerdəyişmə və işəqəbul mexanizmi və bir sıra başqa amillərlə dövlət öz üzərinə düşən funksiyaları yerinə yetirdi və həyata keçirilən bu işlərin nəticəsi olaraq son illər ərzində müəllim peşəsinin nüfuzu əhəmiyyətli şəkildə artıb. Bunu yalnız sözdə deyil, rəqəmlərlə də təsdiq edə bilərik. Məsələn, müəllimlik peşəsini birinci sırada seçənlərin sayından bunu aydın görə bilərik. Ötən ilin qəbul kampaniyasının nəticələrinə əsasən, Azərbaycan məktəbinin 2090 nəfər yüksək, yəni 500-695 bal toplayan məzunu müəllimliyi birinci sırada seçmişdilər. Azərbaycanın müstəqillik tarixində belə bir göstərici olmamışdı. Mərkəzləşmiş qaydada müəllimlərin işə qəbulu müsabiqəsində 300 faizlik artım olub. Ötən il 51 min nəfər elektron qeydiyyatdan keçərək müəllimlərin işə qəbulu üzrə müsabiqəyə qatılıb. Bu il ötən ilin rekordu yenilənib. Biz məmnuniyyətlə deyə bilərik ki, ölkənin savadlı məzunları müəllimliyə üz tuturlar. Odur ki, bu məsələylə bağlı gələcəyə böyük nikbinliklə baxa bilərik. Siz burada daha böyük məsələyə toxunursuz. Dediyiniz müəllim obrazı yalnız peşəkarlıqla bağlı deyil. Burada hər kəsin üzərinə düşən vəzifələr var. Dövlətin, cəmiyyətin hər bir üzvünün üzərinə düşən böyük funksiyalar var. Burada valideynlərin, hətta medianın çox böyük rolu qeyd edilməlidir. Biz uşağın formalaşmasında müəllimin və valideynin rolunu eyni qiymətləndirməklə ədalətli yanaşma  ortaya qoyduq. Düşünürəm ki, müəllimin də şagirdin formalaşmasında valideyn qədər rolu var. Ona görə də, müəllim barədə danışarkən valideynlərimizin müəllimlərimiz barədə dediklərini, necə rəftar etdiklərini xatırlamalıyıq. Həmin münasibətin nəticəsidir ki, hər birimiz öz müəllimlərimiz barədə qürur hissiylə danışırıq. Sadə bir misal deyim. Məsuliyyətli valideyn ailədə olan fikir ayrılığına baxmayaraq, övladının yanında mübahisə etməz. Çünki bilir ki, hər hansı mübahisə övladı üçün psixoloji travmadır. Eyni zamanda, müəllimi barədə də, onun hərəkətindən hər hansı narazılıq olsa belə, şagirdinin yanında danışmaq, onunla mübahisə etmək düzgün deyil. Bunu müəllimlə təklikdə müzakirə etmək, nəticə vermirsə, məktəb rəhbərliyi ilə birgə həll etmək olar. Ancaq bu narazılığı şagirdin yanında müəllimlə mübahisə formasında büruzə vermək olmaz. Mübahisənin nəticəsindən asılı olmayaraq, zərərçəkən şagird olacaq. Bu fürsətdən istifadə edərək mediaya da çağırış etmək istəyirəm. Çünki müəllim obrazının formalaşmasında medianın rolu əvəzsizdir. Bizim fədakar, gənc müəllimlərimiz var. Ucqar rayonlarda çalışan gənc müəllimlərimiz var. Təhsil Nazirliyi olaraq onları hər zaman dəstəkləyirik. Ancaq medianın da onları mütəmadi xatırlaması, onlara diqqət göstərməsi savadlı, tərbiyəli, dünyagörüşlü müəllim nəslinin yetişməsinə töhfə verər.

 

Elşad Məmmədli, "Yeni Müsavat” qəzetinin redaktoru: Bu yaxınlarda belə bir informasiya oxuduq ki, Azərbaycan Dövlət Pedaqoji Universiteti Amerikanın nüfuzlu Corc Vaşinqton Universiteti ilə ikili diplom proqramı həyata keçirmək istəyir. Sizcə, bu, ali pedaqoji təhsilin kurikulumlarının yenilənməsinə təsir edəcəkmi?

 

- Biz bir-iki təşəbbüslə ali pedaqoji təhsilin məzmununu dəyişə bilmərik. Ancaq vacib istiqamətlərdə bu kimi təşəbbüsləri önəmli hesab edirik. Ona görə də lazımi tədbirlər həyata keçiririk. Qeyd etməliyəm ki, bu imkanı dövlət başçımız cənab İlham Əliyev tərəfindən 2018-ci ildə imzalanan "Azərbaycan ali təhsil müəssisələrində beynəlxalq rəqabətliliyin artırılması üzrə Dövlət Proqramı” verir. 2019-2023-cü illəri əhatə edən həmin Dövlət Proqramında dövlətin müxtəlif dəstək mexanizmləri əksini tapıb. Onlardan biri dünyanın aparıcı ali təhsil müəssisələri ilə ikili diplom proqramlarının təsis edilməsidir. İkili diplom proqramlarının təsis edilməsi mürəkkəb prosesdir. Ən önəmlisi, nüfuzlu xarici ali təhsil müəssisəsindən söhbət gedirsə, bunda həmin təhsil müəssisəsinin bunu etməyə marağı olmalıdır. Bizim universitetin potensialını görməlidir, təşkilati, məzmun məsələləri həll olunmalıdır. Həmin proqramı o standarta uyğun xarici dildə mənimsəyən tələbə kontingenti müəyyən edilməlidir. Bütün bunları, o cümlədən pedaqoji təhsilin əhəmiyyətini  nəzərə alaraq Corc Vaşinqton Universiteti ilə magistratura səviyyəsində ikili diplom proqramlarının həyata keçirilməsi istiqamətində iş gedir.  Hazırda ixtisaslaşma müəyyən edilir, məzmun üzərində iş gedir. Burada təhsildə idarəetmə, təhsildə psixoloji xidmət, təhsildə standartlar, təhsildə qiymətləndirmə və başqa kimi yüksək ixtisaslardan söhbət gedir. Hansı ki, bu istiqamətlərdə kadrların hazırlanması istiqamətində bizdə böyük ənənələr yoxdur. Bu baxımdan sözügedən Dövlət Proqramına böyük ümidərlə baxırıq. Bu Proqram çərçivəsində Corc Vaşinqton Universiteti ilə ikili diplom proqramının həyata keçirilməsi müsbət nəticə verəcək. Pedaqoji təhsildən danışarkən ali təhsilin yeni standartlar, yeni proqramları baxımından da pedaqoji təhsil sahəsinə diqqət yetiririk. Məlumat verim ki, 2019-cu  ilin fevral ayında bakalavriatura səviyyəsi üzrə ali təhsilin yeni standartları təsdiq edildi. 2020-2021-ci akademik ilindən yeni təsnifata uyğun bakalavriaturaya qəbul həyata keçiriləcək. Bu bir il ona görə lazımdır ki, yeni təsnifata uyğun proqramlar hazırlansın, məzmun işlənsin. Belə olan halda bir sıra yeniliklər nəzərdə tutulur.  Məsələn, təhsil müddəti ərzində tələbələrin internatura tipli təhsili planlaşdırılır. Yəni tələbələr daha uzun müddətdə məktəblərdə olacaq, nəzəri biliklərdən başqa təcrübəsini artıracaq. Gələcəyin müəllimindən danışırıqsa, onun məktəbdə olması, məktəb ab-havasını hiss etməsi, təcrübəli müəllimlərin yanında yetişməsi önəmlidir. Bu, həm də tələbələrin özünü müəllim kimi hiss edib-etməməsi baxımından çox önəmlidir. Məzmun və yanaşmada bir sıra digər yeniliklər də nəzərdə tutulub. Məsələn, bir neçə il öncə az komplektli məktəblərin problemini həll etmək üçün pedaqoji təhsildə qoşaixtisaslı təhsilə başlanıldı. Reallıq ondan ibarətdir ki, bir sıra yaşayış məntəqələrimizdə azkomplektli məktəblərimiz var və orada dərs yükü norması aşağıdır. Müəllim yalnız bir ixtisas üzrə ixtisaslaşıbsa, orda qalması, yaşaması, dərs yükü  və əməkhaqqının azlığı kifayət qədər problem yaradırdı. Ona görə də qoşaixtisaslı təhsilə başlanılaraq bu yenilik tətbiq edildi.

 

Rahil Nəcəf, "Azərbaycan məktəbi” jurnalının baş redaktoru: "Azərbaycan məktəbi” jurnalının baş redaktoru: Məktəblərə qəfil ziyarətlərinizi qeyd etdiniz. Orda müşahidə etdiyiniz vəziyyət sizi qane edirmi?

 

-  Tədris, təlim, tərbiyə prosesini normal şəkildə təşkil edən məktəblərimiz var. Məktəblərdə ürəkaçan mənzərə çox olub. Amma səmimi etiraf edim ki, əksini də görmüşük. Uzun illərin dinamikasına nəzər yetirəndə görürsən ki, məktəblərdə möcüzə baş vermir. Gündəlik həyatda səliqə-səhman, qayda-qanun, işə ciddi yanaşma olan yerdə nəticə də olur. Proses düzgün təşkil olunmayan yerlərdə isə nəticələrdə axsamanı görürsünüz. Hər bir sistemin gücü onun ən yaxşı və ən zəif təşkilatının arasındakı fərqin minimuma endirilməsidir. Bizim yaxşı məktəblərimiz də var. Ancaq işimizin nəticəsi o olmalıdır ki, yaxşı məktəblərimizlə zəif nəticə göstərən məktəblərimiz arasında uçurum olmasın. Fərq azalmalıdır. Ölkə təhsilinin inkişafına daim xüsusi diqqət və qayğı göstərən möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən 2013-cü ildə qəbul edilən "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na əsasən həyata keçirilən kompleks tədbirlərin nəticəsində pedaqoji ixtisasları seçən yüksək ballı abituriyentlərin sayının artdığını qeyd etdik. Bu, 6 il ərzində olan nəticədir. Hansı ki, buna əvvəlki dövrlərdə rast gəlinmirdi. Ancaq özümüzə sual versək ki, bu faktorun məktəb təhsilində rolu nədən ibarətdir, cavab belə olacaq ki, heç nə. Çünki həmin insanlar hələ oxumalı, təcrübə toplamalı, məktəbə gəlməlidirlər. Təsəvvür edin, 2013-cü ildə başlayan iş 12-14 il sonra öz nəticəsini verəcək. Bir sözlə, elə yeniliklər var ki, onların nəticə verməsi üçün zaman faktoru önəmlidir.

 

Orxan Fikrətoğlu, verilişin aparıcısı: Dərsliklərlə bağlı sual, bilirəm ki, sizin üçün də aktualdır. Təsəvvür edin, III sinif dərsliyində verilən tapşırığı valideyn belə həll edə bilmir. Dərsliklərlə bağlı hansı işlər aparılır?

 

- Burada bir neçə məqamı başa düşməliyik. Qeyd etdiyim kimi, 2008-2009-cu tədris ilindən tədrisdə yeni məzmuna keçdik. Bu, özündə dərsliklərin tamamilə yenilənməsini ehtiva etdi. Prosesin nəticəsi olaraq 300-dən artıq yeni məzmuna uyğun dərsliklər yaradıldı. Onlar bu gün istifadədədir. Bu, böyük göstərici, təhsil sisteminin nailiyyətidir. Qeyd edim ki, digər məsələlərdə olduğu kimi, dərsliklərin keyfiyyəti məsələsində də zaman faktoru önəmlidir. Proses barədə deyim ki, Təhsil Nazirliyi olaraq biz dərsliyin yaradılması prosesini təşkil edirik. Dərsliyin yaradılması mürəkkəb, çoxşaxəli, çoxmərhələli bir prosesdir. Təhsil Nazirliyi siniflər üzrə dərsliklər yaradılmasını sifariş edir. Mövcud kurikulumları, standartlarına uyğun olaraq müəlliflər qrupu işə başlayır və dərslik komplektlərini yaradıb qiymətləndirməyə təqdim edirlər. Qiymətləndirməni Təhsil Nazirliyi təşkil etsə də, müxtəlif qurumlar həyata keçirir. Təhsil Nazirliyi yanında İctimai Şura statusunda olan Dərsliklərin qiymətləndirilməsi şurası, Dövlət İmtahan Mərkəzinin ekspert qrupları, pedaqoji kafedraları olan ali təhsil müəssisələri qiymətləndirmə meyarlarına uyğun olaraq qiymətləndirir. Bu məqsədlə ballar müəyyənləşdirilir, tövsiyələr, rəylər verilir və orta bal əsasında qalib dərslik müəyyən olunur. Bundan sonra həmin dərsliklər AMEA-nın müvafiq institutlarına gedir. Burada hər hansı elmi səhvlərin olub-olmaması yoxlanılır. Toplanan bütün rəylər qalib olmuş dərsliyin müəllif qrupuna təqdim edilir. Onlar bu rəyləri dərslik komplektində nəzərə alırlar. Nəzərə alınmayan rəylərlə bağlı qərarı isə əsaslandırırlar. Bütün bu proses son illərin yenilikləridir. Bundan sonrakı mərhələdə qalib olan, ancaq təsdiq və çap olunmamış dərslik bu məqsəd üçün yaradılmış elektron portala yerləşdirilir və bildirilir ki, dərslik növbəti tədris ilindən istifadə olunacaq. Beləliklə, dərslik ictimai müzakirəyə çıxarılır. Bu zaman təcrübəli müəllimlərdən faydalı rəylər daxil olur, onların qeydiyyatı aparılır, həmin rəylərin hamısı müəlliflər qrupuna təqdim edilir. Dərsliyin özündən çox yazışmalar, rəylər, əsaslandırmalar mövcuddur. Hər biri ilə bağlı müəlliflər qrupunun rəyi, əsaslandırması var. Bundan sonra dərslik formalaşır. Bir dərsliyin formalaşması üçün bir qrupun və ya şəxsin peşəkar olması kifayət deyil. Burada hər bir qurumun, şəxsin - müəllif, ekspert, elmi rəyçi, ictimaiyyət nümayəndəsi, pedaqoqlar olsun - hər birinin dərsliyin hazırlanmasında öz töhfəsi var. Məktəb dərsliyinin yaradılması çox mürəkkəb prosesdir. Dərslik yaradan qrup nəinki həmin fənnin məzmununu, uşaq psixologiyasını, bütövlükdə məktəb proqramını, digər fənlərin proqramlarını bilməlidir. Çünki fənlər arasında inteqrasiya təmin edilməlidir. Tutaq ki, fizikadan bir mövzunu riyaziyyat həmin səviyyəyə çatmayıbsa dərsliyə sala bilməzsiniz. Say baxımından bütün proqrama uyğun olaraq bütün dərsliklər artıq yaradılıb. Yəni, minimal dərsliklərlə təminat məsələsi artıq həll edilib. Hesab edirəm ki, dərsliklərin yaradılması, təkmilləşdirilməsi, keyfiyyətinin artırılması bir prosesdir. Bu prosesdə müəlliflər də təkmilləşir. Təklif edirəm ki, maraqlanan şəxs 10-15 il öncə Azərbaycan məktəbində eyni fənn üzrə olan dərsliyi götürüb indiki ilə müqayisə etsin. Düşünürəm ki, müqayisə zamanı fərqi hətta qeyri-peşəkarlar belə aydın görəcək. Cəmiyyət olaraq müsbət dəyişiklikləri çox qısa zamanda görmək istəyirik. Əfsuslar olsun ki, bu, hər zaman mümkün olmur. Dərsliklərlə bağlı rəylər çoxdur, müxtəlifdir. Ədalət naminə onu da qeyd etməliyik ki, bir çox hallarda xüsusi olaraq müxtəlif media qurumlarında da uyğunsuzluqlarla bağlı paylaşımlar olur. Qeyd etməliyəm ki, həmin paylaşımların böyük bir qismi hazırda istifadədə olan dərsliklərə aid deyil. Kiminsə yaratdığı əlavə tədris resurslarıdır. Bu, dediyim həmin prosesdən keçmiş dərslik deyil. Bir çox hallarda hətta Azərbaycanda istifadə edilən tədris resursu belə olmur. Belə faktlar da var. Ancaq dərsliklərin daha da təkmilləşdirilməsinə ehtiyac var və bu proses davam etməlidir. Vurğuladığım kimi, artıq bütün fənlər üzrə yeni proqrama uyğun dərsliklər yaradılır. Bu, bizə imkan verir ki, bəlli bir zamanda yeni yanaşmaya uyğun olaraq bir sıra ehtiyat dərslikləri yaradaq. Artıq iki ildir bu prosesə başlamışıq. İbtidai siniflər üzrə ən vacib, prioritet fənlərdən - ana dili, riyaziyyat, xarici dil fənlərindən başlamışıq. Həmin dərsliklər 1 il ərzində, ehtiyac olarsa, 2 il ərzində pilotajdan keçir. Azərbaycanın 100 məktəbdə həyata keçirilən pilotajlar zamanı nəzərə alınan rəy və tövsiyələr daha təkmil dərsliklərin yaradılmasına öz töhfəsini verəcək. Ehtiyat dərsliklər özünü doğruldandan sonra digər dərslikləri əvəz  edəcək və məzmunun yenilənməsi baxımından əhəmiyyətli irəliləyişə, inkişafa səbəb olacaq. Bəzi dərsliklərlə, xüsusi olaraq xarici dil dərslikləri ilə bağlı dünyanın aparıcı nəşriyyatları ilə əməkdaşlığa başlamışıq. Həmin nəşriyyatların mütəxəssislərini xarici dil dərsliklərinin hazırlanmasına cəlb edirik. Düşünürük ki, bunun da çox müsbət nəticəsi olacaq. Qeyd edim ki, Təhsil Nazirliyinin dərsliklərlə bağlı elektron resurslarında ötən illə müqayisədə baxış və istifadəçi sayı dəfələrlə artıb. Bu, əlavə bir üstünlük, əlavə bir imkandır. Yəni, hər zaman dərsliyi özünüzlə aparmamaq imkanı əldə edirsiniz. Elektron dərsliklərin üstünlüyü həm də ondadır ki, biz bir çox hallarda onları zənginləşdirə bilirik. Məsələn, dillə bağlı olan dərsliklərə qulaq asmaq mümkündür. Yaxud, laboratoriya görüntüləri dərsliklərə inteqrasiya  edilir. Nəticədə zənginləşdirilmiş dərsliklərimizin sayı da artır. Bu da şagirdlərin həmin dərsliklərə müraciət etməyə marağının artması istiqamətində də müsbət işdir və biz bunun artıq ilkin nəticəsini görürük.

 

"Azərbaycan müəllimi” qəzeti




Загрузка...
Həmçinin oxuyun:
Ceyhun Bayramov: “Kollec məzunları bura qəbul ola bilməz”

Ceyhun Bayramov: “Kollec məzunları bura qəbul ola bilməz”

Ehtiyat və ya alternativ dərsliklərə ehtiyac var?

Ehtiyat və ya alternativ dərsliklərə ehtiyac var?

“Başa düşürdük ki, yeni qaydalar qəbul imtahanındakı maksimum nəticələrə təsir edə bilər” – Ceyhun Bayramov

“Başa düşürdük ki, yeni qaydalar qəbul imtahanındakı maksimum nəticələrə təsir edə bilər” – Ceyhun Bayramov

2018- ci il təhsilimizdə nələr ilə yadda qaldı - 2019-cu ildən nələr gözləməliyik...

2018- ci il təhsilimizdə nələr ilə yadda qaldı - 2019-cu ildən nələr gözləməliyik...

Təhsil Nazirliyindən “saxta müəllim”lərə qarşı sərt addım

Təhsil Nazirliyindən “saxta müəllim”lərə qarşı sərt addım

Təhsilimiz növbəti sınaq qarşısında. Bu keçid düşündüyümüz qədər də sadə bir proses deyil.

Təhsilimiz növbəti sınaq qarşısında. Bu keçid düşündüyümüz qədər də sadə bir proses deyil.

2018-ci ildə Azərbaycan təhsilində əsas - YENİLİKLƏR

2018-ci ildə Azərbaycan təhsilində əsas - YENİLİKLƏR

Qiymətləndirmədə yeni yanaşma

Qiymətləndirmədə yeni yanaşma

Qiymətləndirmədə yeni yanaşma

Qiymətləndirmədə yeni yanaşma

Təhsil Nazirliyi dərslik müəlliflərinin narazılığına münasibət bildirdi

Təhsil Nazirliyi dərslik müəlliflərinin narazılığına münasibət bildirdi

Direktorların əksəriyyəti "yuxarı"ların adamlarıdır - MÜSAHİBƏ

Direktorların əksəriyyəti "yuxarı"ların adamlarıdır - MÜSAHİBƏ

Şagirdlərimiz niyə oxumur?

Şagirdlərimiz niyə oxumur?

Bu şəxslər ali məktəbə imtahansız qəbul oluna bilərlər

Bu şəxslər ali məktəbə imtahansız qəbul oluna bilərlər

Yeni dərs ilinin dərslikləri hazırdır

Yeni dərs ilinin dərslikləri hazırdır

Ehtiyat dərsliklər təhsilin keyfiyyətini daha da yüksəldəcək

Ehtiyat dərsliklər təhsilin keyfiyyətini daha da yüksəldəcək

Azərbaycanda repetitorluğa ciddi zərbə vurulacaq

Azərbaycanda repetitorluğa ciddi zərbə vurulacaq

"Yüksək bal toplamaq heç də bütün hallarda keyfiyyət göstəricisi ola bilməz”

"Yüksək bal toplamaq heç də bütün hallarda keyfiyyət göstəricisi ola bilməz”

Təhsillə bağlı atılan bütün addımlar kosmetik xarakter daşıyır

Təhsillə bağlı atılan bütün addımlar kosmetik xarakter daşıyır

Məktəb direktorları bu xəbəri MÜTLƏQ OXUSUN

Məktəb direktorları bu xəbəri MÜTLƏQ OXUSUN

12 illik təhsilin 12 dərdi...

12 illik təhsilin 12 dərdi...

Tələbələrin çözülməyən yataqxana problemi

Tələbələrin çözülməyən yataqxana problemi

Təhsil pillələri ilə yüksələcək peşə sahibləri

Təhsil pillələri ilə yüksələcək peşə sahibləri

“Ev tapşırıqları həddindən artıq çox olur” - EKSPERT

“Ev tapşırıqları həddindən artıq çox olur” - EKSPERT

Bu müəllimlərin dərs yükü dəyişdi - Nazirlikdən xəbər

Bu müəllimlərin dərs yükü dəyişdi - Nazirlikdən xəbər