AzTehsil.com


Xəbərlər
15 aprel 2021
1 624


Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib



Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

 

Aprelin 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib.

AZƏRTAC xəbər verir ki, dünyanın aparıcı beyin mərkəzlərinin nümayəndələrinin iştirak etdiyi konfransı ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev açaraq deyib:

- Zati-aliləri cənab Prezident, hörmətli konfrans iştirakçıları.

Bu gün bizim konfransda iştirakına və regionun gələcəyi ilə bağlı baxışını bizimlə paylaşmaq istəyinə görə Prezident İlham Əliyevə bütün iştirakçılar adından təşəkkürümü bildirməkdən şərəf duyuram.

Bizim universitet Prezident İlham Əliyev tərəfindən təsis edilib və o, hər zaman ölkədə təhsil sahəsində islahatların tərəfdarı olub. Onun Azərbaycanda müasir universitetlə bağlı baxışı və həmin universitetin elm və siyasətlə bağlı müzakirələrin aparılması üçün beynəlxalq platformaya çevrilməsi bizim bugünkü tədbirə tam uyğundur. Çünki ADA Universiteti bu konfransın əsas təşkilatçılarındandır.

Cənab Prezident, Sizi universitetimizdə salamlayır, fürsətdən istifadə edib Sizi professor, müəllim və tələbə heyəti adından Qarabağ müharibəsində mühüm Qələbə münasibətilə təbrik etmək istəyirəm. Bu Qələbə nəticəsində Azərbaycanın beynəlxalq səviyyədə tanınmış torpaqları işğaldan azad edildi və ölkəmizin ərazi bütövlüyü bərpa olundu. Biz 30 il ərzində bu günlərin həsrətində idik və Sizin liderliyiniz və həyatlarını qurban vermiş qəhrəmanlarımızın sayəsində Azərbaycan xalqı bu Zəfər sevincini yaşamışdır.

Hörmətli tədbir iştirakçıları, biz bu müzakirələri sizin Ağdama, Qarabağın azad olunmuş rayonlarından birinə səfərinizdən sonra keçiririk. Orada siz dağıntıların və Ermənistanın işğalının qorxunc nəticələrinin şahidi oldunuz. Müharibə başa çatıb və artıq indi Cənubi Qafqaz üçün inkişaf və əməkdaşlığa hesablanmış yeni baxışın formalaşmasına ehtiyac var ki, Qarabağın dünyanın ən gözəl bölgələrindən birinə çevrilməsi mümkün olsun. Bizim universitetin professor və müəllim heyəti siyasətlə bağlı müxtəlif toplantıların keçirilməsində iştirak etmiş və hökumətimizə yenidənqurma işlərində yardım etmək məqsədilə qaçqın və məcburi köçkünlərin doğma yurdlarına geri dönmələri mövzusunda rəy sorğusu təşkil etmişdir. Sizin töhfəniz və ideyalarınız bizim işimiz üçün faydalı olacaq. Sizə Bakıya səfəriniz və konfransımızda iştirakınıza görə təşəkkürümüzü bildiririk.

Cənab Prezident, bizə vaxt ayırdığınıza görə bir daha təşəkkür edir və böyük şərəf hissi ilə sözü Sizə verirəm.

Prezident İlham Əliyev çıxış edərək dedi:

-Sağ olun. Əvvəlcə, ADA Universiteti və onun rektoru Hafiz Paşayevə belə bir tədbirin təşkilinə görə təşəkkürümü bildirmək istəyirəm. Şadam ki, nisbətən qısa bir zamanda ADA Universiteti Azərbaycanın aparıcı universitetlərindən birinə çevrilib və geniş beynəlxalq əlaqələrə malikdir. Həmçinin mən tədbir iştirakçılarına da minnətdarlığımı bildirirəm. Təsəvvür edə bilərsiniz ki, müharibədən sonrakı vəziyyət olduqca həssasdır. Atəşkəsə əməl olunsa da, münaqişədən sonrakı inkişafla bağlı çoxsaylı suallar var və bu konfransın mövzusu da münaqişədən sonra inkişaf və əməkdaşlıqdır.

Bir daha bütün iştirakçılara təşəkkür edirəm. Biz bunu yalnız regionda cərəyan edən hadisələrə marağın deyil, eyni zamanda, 30 il ərzində Ermənistanın işğalından əziyyət çəkən Azərbaycan xalqı ilə həmrəyliyinizin əlaməti hesab edirik. Münaqişədən sonrakı inkişaf mövzusuna toxunmazdan əvvəl başa düşülməlidir ki, bizim torpaqlarımız 30 ilə yaxın işğal altında olub. Biz ailə üzvlərini itirmiş, özlərinin doğma yurdlarında yaşamaqla bağlı fundamental hüquqlardan məhrum edilmiş insanların taleyini bir kənara qoya bilmərik. Biz Ermənistan ordusu tərəfindən törədilmiş vəhşilikləri unuda bilmərik. Biz heç vaxt Ermənistan və qondarma "Dağlıq Qarabağ rejimi”nin rəhbərliyi tərəfindən törədilmiş Xocalı soyqırımını və günahsız qurbanların xatirəsini unutmayacağıq. Bu səbəbdən həmin yaddaşın bizimlə qalacağını anlamaq olduqca vacibdir. Bu yaddaş qəlblərimizdə yaşayacaq. Eyni zamanda, biz gələcəyə baxmalıyıq. İşğaldan azad olunmuş ərazilərdəki dağıntıların miqyası bizim ən pis gözləntimizdən də qorxuncdur. Bizim şəhər və kəndlərimizdə ermənilər tərəfindən nələrin törədildiyi haqqında təsəvvürümüz var idi. Vaxtaşırı videomateriallar təqdim olunurdu, o torpaqlara səfər edə bilən xarici nümayəndələr tərəfindən məlumatlar verilirdi. Yeri gəlmişkən, bəlkə bilirsiniz ki, o vaxtkı Dağlıq Qarabağa qanunsuz səfər edən əcnəbilər, sizin səfər etdiyiniz ərazilərə gəlmək hüququndan məhrum idi. Onlar keçmiş Dağlıq Qarabağ inzibati vilayətinin ətrafında yerləşən Ağdam, Füzuli və digər rayonlara səfər etmək hüququndan məhrum idi. Səbəb ondan ibarət idi ki, Ermənistan hökuməti onların həmin ərazilərdə olan dağıntıların, işğalın, azərbaycanlılara qarşı olan nifrətin nəticəsinin şahidi olmasını istəmirdi. Aydındır ki, həmin ərazilər Birinci Qarabağ müharibəsi dayandıqdan sonra viran qoyulmuşdur, çünki müharibə gedə-gedə şəhər və kəndləri dağıtmaq mümkün olmazdı. Onlar bunu bilərəkdən, Azərbaycan mədəniyyətinin izini itirmək, bu torpaqları bizim yaddaşımızdan silmək və həmin ərazilərin mənşəyini dəyişdirmək məqsədilə ediblər. Beləliklə, burada Azərbaycan xalqının hissləri başa düşülməlidir. Biz artıq həmin torpaqlara qayıdaraq işğalçı erməni qüvvələrinin bizim tarixi və dini abidələrimizi, şəhər və kəndlərimizi necə viran etdiyinin şahidiyik. Bu isə münaqişədən sonrakı dövrdə addımlarımızın planlaşdırılması baxımından mühüm amildir. Siz hansı hadisələrin baş verdiyini yaxşı bilirsiniz. Siz proseslə maraqlanan şəxslərsiniz və burada 30 illik işğalla bağlı geniş danışmağa ehtiyac duymuram. Mən burada çıxışımı dayandırmaq və müzakirələrə daha çox vaxt ayırmaq istəyirəm. Bir daha iştirakınıza görə sağ olun.

Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev:

-Sağ olun, cənab Prezident. İcazənizlə tədbirimizin sual-cavab hissəsinə keçmək istərdik. Burada 10 nəfərdən çox iştirakçı söz almaq arzusunu ifadə edib. Söz ATƏT-in Minsk qrupunun sabiq həmsədri, beynəlxalq ekspert Metyu Brayzəyə verilir.
ABŞ-ın Atlantika Şurasının böyük elmi işçisi, beynəlxalq ekspert Metyu Brayzə: Təşəkkür edirəm cənab Prezident, bu gün Sizinlə birlikdə olmaq mənim üçün şərəfdir. Sizi bu yeni dünyada görməkdən çox şadam. Çıxışınızda qeyd etdiyiniz son məqama - Ermənistanda və Azərbaycanda insanların yanaşması məsələsinə toxunmaq istəyirəm. Azərbaycan innovasiya, texnologiya və taktika ilə yanaşı, misilsiz cəsarət nəticəsində həlledici Qələbə qazanmışdır. Bəziləri bəlkə də bunu dərk eləmir, ancaq Siz təmkinli şəkildə müharibə apardınız. Qarşı tərəfin mülki infrastrukturuna zərər və mülki vətəndaşlar arasında itki minimal səviyyədə olmuşdur. Siz müharibənin hərbi fazasını Şuşadakı Qələbənizdən sonra dayandırmaqla strateji baxış nümayiş etdirdiniz. Müharibə zamanı vurğulanan hədəflər, əslində, illər boyu aparılmış danışıqların, ilkin razılaşmaların, 2009-cu ildə razılaşdırılmış baza prinsipləri ilə uzlaşırdı. Yeganə istisna Dağlıq Qarabağın hüquqi statusu ilə bağlıdır. Onun da səbəbi odur ki, Ermənistan münaqişənin dinc yolla həllini qəbul etmədi və nəticədə müharibədə məğlub oldu. Mənim sualım belədir: Ermənistan dərk edirmi ki, Siz müharibəni təmkinli qaydada aparmısınız və bu, bir müddətdən sonra xalqlar arasında hansısa barışıqla nəticələnə bilərmi? İkinci sualım isə tədbirin sonunda bizimlə fotoşəkil çəkdirmək istəyiniz varmı?

Prezident İlham Əliyev: Əlbəttə, çəkdirərik. Çıxışınıza görə sizə təşəkkür edirəm. Siz danışıqlar prosesində birbaşa iştirak edən şəxs olmusunuz, bizim və Ermənistanın mövqeyinin nədən ibarət olduğunu yaxşı bilirsiniz. Azərbaycanın mövqeyi hər zaman konstruktiv olub. Sizin keçmiş həmkarlarınız - Minsk qrupunun Fransadan və Rusiyadan olan həmsədrləri ilə görüşlər zamanı qeyd olunurdu ki, Azərbaycan münaqişənin tezliklə həllinin tərəfdarı idi, çünki əziyyət çəkən tərəf də biz idik. Danışıqlar zamanı məndə güclü bir hiss var idi və mən bunu sizlərə deyirdim ki, Ermənistan münaqişənin həllini istəmir və bunun üçün əlindən gələni edir. Biz torpaqları azad edəndən sonra orada 100 milyonlarla dollar hesabına başa gəlmiş nəhəng istehkamlar, minalanmış sahələr və müdafiə sədlərinin qurulduğunun şahidi olduq. Aydındır ki, onlar bunu torpaqlarımızı əbədi işğal altında saxlamaq üçün etmişlər. Onların taktikası, danışıqlarda iştirak etmək, müəyyən məsələlərə razılıq vermək, digərlərini qəbul etməyərək prosesin imitasiyası ilə məşğul olmaqdan, həlledici qərar verməyə gəldikdə isə geriyə addım atmaqdan ibarət idi. Mən burada əvvəlki hökuməti nəzərdə tuturam. Bu, Fransada Rambuye görüşündə baş vermişdi. 2009-cu ildə Ermənistan Dağlıq Qarabağın ətrafında olan rayonların Azərbaycana qaytarılmasını və dırnaqarası statusun gələcək danışıqlar predmeti olmasını nəzərdə tutan münaqişənin həlli formulasını rədd etdi. Yəni, məsələ bu yerdə idi və siz bunu çox yaxşı bilirsiniz.
Bizim müharibə zamanı davranışımıza gəldikdə, artıq müharibənin ilk günlərindən bəlli idi ki, Azərbaycan yalnız XXI əsrin müharibəsini deyil, eyni zamanda, yeni mənəvi qaydalar əsasında döyüş aparır. Mənim hərbçilərimizə verdiyim ilk əmrlərdən biri ləyaqətlə, təmkinlə davranmaları və mülki vətəndaşlara zərər verməməyə maksimum çalışmaqla bağlı idi. Bunun nəticəsində Ermənistan tərəfinin mülki vətəndaşlar arasında itkiləri 40 nəfərdən az oldu. Biz ərazilərimizi azad edirdik və bu ərazilərin bir hissəsində qanunsuz məskunlaşma aparılmışdır. Beləliklə, bizim hücum əməliyyatlarımız və texniki vasitələrimizin yeganə hədəfləri hərbi hədəflər idi. Həmin 40 nəfər mülki erməninin böyük bir hissəsi də hərbi əməliyyatlarda iştirak edənlər idi. Bu mülki vətəndaşlar hərbi hissələrə çağırılmış və əməliyyatlara cəlb olunmuşdular. Ermənilər tərəfindən tərk edilmiş mülki vətəndaşlara olan münasibətimiz də bizim humanist siyasətimizin və ordumuzun humanist davranışının təzahürüdür. Məsələn, Hadrut bölgəsində bir neçə yaşlı insan tərk edilmişdi. Bizim hərbçilər oraya gəldikdə bu insanlar qorxu içərisində idi. Həmin ermənilər keçmişdə azərbaycanlılar arasında yaşadıqlarına görə Azərbaycan dilində səlis danışırdılar. Onlar bizim xəstəxanaya aparıldı. Daha sonra biz Qırmızı Xaç Komitəsinin iştirakı ilə onları təhvil vermək istəyəndə Ermənistan imtina etdi. Yaşlı insanların birinin səhhəti pis idi və onlar dedilər ki, biz onu qəbul etmirik. Beləliklə, həmin şəxs Qırmızı Xaç Komitəsinin iştirakı ilə Azərbaycanda xəstəxanaya yerləşdirildi.

O ki qaldı, bizim müharibə zamanı davranışımız Ermənistan tərəfindən düzgün qiymətləndirilirmi sualına, mənim cavabım xeyrdir və bu, çox təəssüf doğuran haldır. Biz münaqişədən sonrakı inkişafdan danışırıq və gələcək barışığa apara biləcək müəyyən elementlər üzərində diqqətimizi cəmləşdirməliyik. Lakin Ermənistanda o qədər uzun müddət dövründə Azərbaycana qarşı demonizasiya siyasəti, uydurmalar, azərbaycanlıları düşmən, Azərbaycanın isə sanki Ermənistanı və Qarabağı işğal edən formada təqdimatı hökm sürüb ki, cəmiyyətin bunun əksini dərk etməsi üçün vaxt tələb olunacaq. Yalnız müharibə zamanı deyil, biz müharibədən sonrada da eyni davranış nümayiş etdirdik. Biz 1500-dən çox erməni əsgərinin cəsədlərini Ermənistana təhvil vermişik. Biz Rusiya sülhməramlıları ilə birlikdə axtarış əməliyyatlarında iştirak edirik. Onu da deməliyəm ki, Birinci Qarabağ müharibəsində bizim 4 min hərbçimiz itkin düşüb və bir cəsəd belə bizə qaytarılmayıb. Budur, aramızda olan fərq. Biz dəmir yolumuz vasitəsilə Rusiya sülhməramlı qüvvələrinə maneəsiz nəqliyyat və logistika dəstəyini təmin edirik. Onlar dəmir yolu vasitəsilə yüklərini Bərdəyə daşıyır. Bu yüklərin hava yolu ilə İrəvana, oradan isə 5-6 saat avtomaşınlarla Laçın dəhlizindən daşınmasından daha tez və ucuz başa gəlir. Mən digər çoxsaylı nümunələr sadalaya bilərəm. Biz Rusiya ərazisində təmir işlərinin aparılması ilə əlaqədar "Qazprom” şirkətinə Azərbaycan üzərindən Ermənistana təbii qazın nəqlinə icazə vermişik. Biz yox da deyə bilərdik, ancaq biz buna icazə verdik. Bu da bir göstəricidir, bir jestdir. Biz Zəngilan və Qubadlı rayonlarının ərazisində ermənilərə 21 kilometr uzunluğunda yolumuzdan istifadə etməyə icazə veririk. Həmin yol Azərbaycan ərazisindədir və əvvəllər ermənilər tərəfindən istifadə edilib. Biz buna mane olmadıq, ancaq müharibə dövründə işğal altında saxladıqları ərazilərdə bizə bir metr irəli hərəkət etməyə icazə verirdilərmi? Xeyr. Yəni, bütün bunlar birtərəfli qaydada atılmış addımlardır. Bu, təkcə jest deyil, bu, müharibə səhifəsini çevirməklə bağlı düşünülmüş siyasətdir. Giriş nitqimdə ermənilərin bizə qarşı törətdiklərini heç vaxt unutmayacağımızı qeyd etməklə yanaşı, bildirmək istəyirəm ki, biz gələcəyə baxmalıyıq. Hesab edirəm ki, burada biz Ermənistanın vətəndaş cəmiyyətinin daha fəal olmasını gözləyirik. Çünki bu gün Ermənistanda nə hökumət, nə də müxalifət Azərbaycan haqqında nəinki müsbət, heç neytral fikir söyləmək iqtidarında deyil. Bu Azərbaycanofobiya konsepti, onilliklər ərzində azərbaycanlılara qarşı nifrətin aşılanması, əslində, erməniləri hüquqlarından məhrum edib. Ancaq hesab edirəm ki, onlar özlərində cəsarət tapmalı, erməni xalqına həqiqəti söyləməlidirlər. Müharibə artıq tarixdə qalıb, münaqişə həll edilib və biz gələcəyə baxmalıyıq.

ABŞ-ın Prinston Universitetinin dosenti Maykl Reynoldz: Cənab Prezident, 1990-cı illərin sonunda Azərbaycanda belə bir fikir var idi ki, vətəndaş cəmiyyəti və QHT-lər münaqişə başa çatdıqdan sonra etimadın gücləndirilməsi baxımından işlər görə bilər. Siz qeyd etdiniz ki, münaqişə başa çatıb. Bu mənada vətəndaş cəmiyyətləri sülhün möhkəmləndirilməsi və regionda yeni baxışla bağlı hansı rol oynaya bilər? Təşəkkür edirəm.

Prezident İlham Əliyev: Hesab edirəm ki, onlar mühüm rol oynaya bilərlər. Xüsusilə də mənim Ermənistanın siyasi seqmentindən gözləntilərim haqqında fikirlərimin fonunda. Burada barışıq məqsədilə addımların atılması üçün vətəndaş cəmiyyətinin fəaliyyəti ilə bağlı geniş imkanlar mövcuddur. Sizin də bununla bağlı bəlkə məlumatınız var – Ermənistanın vətəndaş cəmiyyətinin çox azsaylı nümayəndələri var ki, Azərbaycanla sülh barəsində danışsın. Belə fikir söyləyənlər isə ictimai təqiblərə, bəzən fiziki hücumlara məruz qalırlar. Onlara xəyanətkar deyilir və erməni siyasətçiləri onları türk adlandırırlar. Bu isə onların siyasi jarqon dilində yəqin ki, təhqir deməkdir. Yəni, siyasətçilər onlara hədə-qorxu gəlirlər. Biz, hətta münaqişə dövründə vətəndaş cəmiyyəti nümayəndələri arasında körpü yaratmağa cəhdlər etmişik. İki dəfə belə bir nümayəndə heyəti Ermənistanda və Qarabağda səfərdə oldu. Onlar da Bakıya səfər etdilər. Lakin vətəndaş cəmiyyətinin nümayəndələri, jurnalistlər və parlament üzvlərinin ikinci səfərindən sonra erməni tərəfi bunu dayandırdı. Mən Ermənistanın o zamankı prezidenti Sarkisyandan soruşanda ki, bunu niyə dayandırdınız, cavab verə bilmədi. Sonra məlum oldu ki, onlar müəyyən yaxınlaşma, müəyyən əməkdaşlıq elementlərinin yarana biləcəyindən qorxdular. Yəni, onlar hər zaman buna mane olurdular. Ancaq indi onlar fərqli vəziyyətdədir. Biz mesajlarımızı Ermənistan cəmiyyətinə çatdırmaq iqtidarında olmalıyıq. Bu baxımdan resurslar məhduddur. Ermənistanda ictimai mühitə hökumət tərəfindən ciddi nəzarət edilir və dediyim kimi, Azərbaycanla bağlı deyilən istənilən müsbət söz xəyanət hesab olunur. Bu səbəbdən, beynəlxalq təşkilatlar, xüsusilə də münaqişədən sonrakı dövrdə barışıq və münasibətlərin normallaşdırılması, habelə etimad quruculuğu tədbirləri sahəsində təcrübəsi olanlar daha fəal ola bilərlər. Bu işdə QHT-lərin rolu böyük ola bilər və Azərbaycan bu məsələdə QHT-lərlə çalışmağa hazırdır.
İtaliya Beynəlxalq Siyasi Araşdırmalar İnstitutunun kiçik elmi işçisi Karlo Frappi: Təşəkkür edirəm, cənab Prezident, iştirakımdan şərəf duyuram. Mənim sualım yenidənqurma ilə bağlıdır. Azərbaycanın tərəfdaşları bu işdə Sizə necə kömək edə bilərlər? İtaliya-Azərbaycan münasibətlərini xüsusi qeyd etmək istəyirəm. 2020-ci il münasibətlərimiz üçün mühüm il olmuşdur. Mən Cənub Qaz Dəhlizinin, nəhayət istifadəyə verilməsini nəzərdə tuturam. Ancaq zənnimcə, burada söhbət daha geniş təmasların nəticəsindən gedir. Sizin ötən ilin fevralında İtaliyaya dövlət səfəriniz dönüş nöqtəsi olmuşdur. Səfər zamanı "Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə”nin imzalanması ilə İtaliya ilk dəfə Azərbaycanın ərazi bütövlüyünə sadiqliyini vurğuladı. Bu, İtaliyanın ötən illər ərzində apardığı siyasətdən və Avropa İttifaqına üzv olan bəzi dostlarımızın siyasətindən uzaqlaşması demək idi. Həmin öhdəlik müharibədən sonra da rəsmi olaraq yenidən vurğulandı. İtaliyanın yüksək rütbəli rəsmilərindən ibarət nümayəndə heyətinin azad olunmuş ərazilərə səfərindən sonra, cənab Prezident, Siz qeyd etdiniz ki, Azərbaycan yenidənqurma işlərində İtaliya ilə sıx əməkdaşlıq etmək əzmindədir. Mənim sualım belədir: hazırda vəziyyət necədir və gələcəklə bağlı gözləntilər nədən ibarətdir? İtaliya təkcə yenidənqurma prosesində deyil, barışıq mövzusunda da necə kömək edə bilər? Sağ olun.
Prezident İlham Əliyev: Təşəkkür edirəm. İkitərəfli tərəfdaşlığımızla bağlı sizin dediklərinizlə tamamilə razıyam. İtaliya bizim yaxın dostumuz və tərəfdaşımızdır. Mən ötən il İtaliyaya dövlət səfərimi yaxşı xatırlayıram. Bildiyiniz kimi, ondan öncə İtaliyanın Prezidenti cənab Mattarella Azərbaycana dövlət səfərinə gəlmişdi. Mənim səfərim strateji dialoqun davamı idi. Qeyd etdiyiniz kimi, biz strateji tərəfdaşlıqla bağlı sənəd imzaladıq. Bu, ikinci belə bir sənəd idi. Birincisi, bir neçə il ondan öncə imzalanmışdı. Bu, bizim qarşılıqlı sadiqliyimizi nümayiş etdirir.

Qeyd etdiyiniz kimi, biz İtaliyaya münaqişənin həlli ilə bağlı birmənalı və ədalətli yanaşmaya görə minnətdarıq. Biz bilirik ki, bu mövqeyi aydın ifadə etmək o qədər də asan məsələ deyil, xüsusilə də Avropa İttifaqı ailəsində Ermənistanın güclü tərəfdarları var. Onlar hər zaman münaqişə qurbanı ilə işğalçı qüvvələri eyni tərəziyə qoymağa çalışıblar. Yəni, mövqeyiniz bu əməkdaşlığın vacib əlaməti olub. Onu da deyə bilərəm ki, biz artıq Avropa İttifaqının 9 üzvü ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalamışıq və zənnimcə, İtaliya ilə olan təcrübəmiz onları bu işə həvəsləndirib.

Bizim siyasi əlaqələrimiz əladır. Biz güclü əməkdaşlığı davam etdiririk. Bu əməkdaşlıq müharibə zamanı və müharibədən sonrakı dövrdə sınaqdan keçib və qeyd etdiyiniz kimi, İtaliya nümayəndə heyətinin azad olunmuş ərazilərə səfəri tərəfimizdən dəstəyin növbəti əlaməti hesab edilmişdir. Yenidənqurma ilə bağlı planlaşdırmanın ilk günlərindən biz İtaliya şirkətlərini dəvət etdik. Bu dəvət İtaliyanın ölkəmizdəki səfirliyi vasitəsilə edildi. Yeri gəlmişkən, artıq fəaliyyət müddətini başa vurmuş səfiriniz İtaliyanın maraqlarının və İtaliya işgüzar dairələrinin ölkəmizdə təşviqi baxımından olduqca fəal idi. O, Azərbaycanın yaxşı dostu idi. Beləliklə, biz İtaliyanın ölkəmizdəki səfirliyinə müraciət edərək italyan şirkətləri ilə bağlı tövsiyələr verməyi xahiş etdik. Bizim əvvəlki illərdə təmaslarımız olub, çünki italyan şirkətləri ölkəmizdə böyük layihələr icra ediblər ki, bura neft-kimya, neft emalı, tikinti və memarlıq layihələri daxildir. İşə artıq start verilib və biz italyan şirkətlərinin iştirakını genişləndirmək arzusundayıq.

Mən bildirmişdim ki, müharibədən sonra biz dost ölkələrdən olan şirkətləri dəvət edəcəyik. Bu, təbii haldır, çünki müharibə bizim üçün kimin-kim olduğunun aydın göstəricisi idi. Əlbəttə, bizim bu və ya digər ölkənin mövqeyi ilə bağlı müəyyən ehtimallarımız var idi, ancaq 100 faiz əminlik yox idi və burada müharibə hər şeyi aydın göstərdi. İtalyan şirkətlərinin artıq dəvət edildiyi sahələrə gəldikdə, biz muzey və müharibə memoriallarının yaradılması işinə italyan şirkətini cəlb etmişik. Biz təkcə Bakıda deyil, digər şəhərlərdə, o cümlədən azad olunmuş ərazilərdə də Zəfər muzeyləri və müharibə memorialları yaradacağıq. Bu, bir sahədir.

İtalyan şirkətlərini dəvət etdiyimiz digər sahə enerji istehsalıdır. Müharibədən sonra nəinki təmaslar qurulub, hətta ilkin sənədlər belə imzalanıb. Azad olunmuş ərazilərdə enerji istehsalı üçün nəhəng potensial var, xüsusilə də söhbət yenilənən enerji mənbələrindən - su, günəş və küləkdən əldən olunan enerjidən gedir. Dediyim kimi, ilkin sənədlər artıq imzalanıb. Biz azad olunmuş ərazilərdə İtaliyanın kənd təsərrüfatının inkişafı təcrübəsindən də faydalanmaq niyyətindəyik, çünki həmin ərazilər münbit torpağa malikdir və orada maksimum məhsuldarlıq əldə etmək olar. Deyə bilərəm ki, hazırda azərbaycanlı həmkarları ilə fəaliyyətə başlamış xarici şirkətlər Türkiyə, İtaliya və Böyük Britaniyadandır.

Əlbəttə, biz yenidənqurmanın ilk mərhələsindəyik. Yenidənqurma başlayıb, infrastruktur layihələri icra olunur, ancaq gələcək üçün nəhəng potensial var və digər ölkələrdən də yeni şirkətlər işə başlayacaq. Biz bütün dostlarımızın yenidənqurma işlərində iştirakını və bu imkanlardan faydalanmasını arzulayırıq. Ölkə, hökumət və xalq olaraq biz yaxşılığı unutmuruq. Biz bu yaxşılığı hər zaman qəlbimizdə saxlayır və bunun qarşılığında buna bərabər yaxşılıq etməyə çalışırıq. İtaliya ilə dostluq münasibətlərimizi, güclü siyasi əlaqələri, italyan şirkətlərinin böyük təcrübəsini, - əminəm, siz də mənimlə razılaşarsınız ki, İtaliya dünya mədəniyyətinin mərkəzlərindən biridir, - bizim dini və tarixi abidələrimizin bərpası planlarını nəzərə alsaq, burada geniş və çoxşaxəli əməkdaşlıq imkanları olacaq.

Beynəlxalq Böhran Qrupunun Türkiyə nümayəndəliyindən Nigar Göksel: Cənab Prezident, dünən biz Ağdamda olduq, böyük miqyasda fiziki dağıntının şahidi olduq, eyni zamanda, parçalanmış həyatların faciəsini, insanlara dəyən ziyanı təsəvvür edə bildik. Mən hesab edirəm ki, yenidənqurma ilə yanaşı, Ağdamın yerli sakinləri öz evlərinə qayıdanda onların yaxınlıqdakı erməni kəndləri ilə qarşılıqlı əlaqədə ola bilmələri üçün etimadın yaranması müəyyən vaxt və səy tələb edəcək. Mənə maraqlıdır, Siz bu etimadın yenidən yaranması üçün onların, İnşallah bir gün yanaşı, sülhməramlılar olmadan yaşaya bilməsi üçün Ermənistan tərəfdən, eləcə də Qarabağdakı ermənilərdən hansı addımları gözləyirsiniz. Mən, həmçinin daha geniş planda bilmək istərdim, Siz yaxın və orta müddətli perspektivdə Türkiyənin Ermənistanla sərhədini açmasının həm regional inteqrasiya baxımından, həm də cəmiyyətdə geniş şəkildə müşahidə etdiyimiz türkofobiyanın azalması baxımından faydalı olacağını düşünürsünüzmü? Təşəkkür edirəm.

Prezident İlham Əliyev: Təşəkkür edirəm. Sözsüz ki, azərbaycanlıların və ermənilərin gələcəkdə necə qarşılıqlı əlaqədə olacağını proqnozlaşdırmaq çətindir. Düşünürəm ki, bu, əhəmiyyətli dərəcədə siyasətçilərin iradəsindən və siyasi müdrikliyindən asılı olacaq. Çünki düşünürəm ki, körpülər yaratmağa çalışmaq üçün burada və İrəvanda bizim daha fəal olmağımıza ehtiyac var. Əlbəttə ki, əgər Ermənistan bunu istəyirsə. Biz onların niyyətlərinin nə olduğunu bilmirik. Onlar heç vaxt bu barədə ətraflı məlumat verməyiblər. Mən artıq dəfələrlə açıq şəkildə bildirmişəm ki, biz münaqişə səhifəsini bağlanmış hesab edirik. Biz, hətta Ermənistanla mümkün sülh razılaşması barədə danışa bilərik və mən bunu bir neçə dəfə demişəm. Bizim planlarımız budur. Lakin biz Ermənistan tərəfdən bu cür mesajlar almamışıq. Ermənistanın baş naziri susur, Ermənistanın xarici işlər naziri çox aqressivdir və indi Ermənistan elə vəziyyətdə deyil ki, Azərbaycana qarşı aqressiv olmağı özünə rəva görsün. Onlar müharibə vaxtı nə baş verdiyini xatırlamalıdırlar. Ermənistan müxalifəti hazırda faktiki olaraq isterikadadır və azərbaycanofobiya, türkofobiya onların əsas, - bu, hər zaman çox mühüm olub, - lakin indi zənnimcə, yeganə amilinə çevrilib. Mən əminəm ki, onlar öz seçki kampaniyalarını azərbaycanofobiya, türkofobiya, revanşizm hissləri üzərində quracaqlar. Ona görə də, biz bu qarşılıqlı fəaliyyəti birtərəfli qaydada qura bilmərik. Bizim mövqeyimiz aydındır. Biz buna hazırıq. Bu, asan olmayacaq. Ağdam və digər ərazilərə qayıdacaq keçmiş qaçqınlar ermənilərin onların torpaqlarına, əzizlərinin qəbirlərinə, dini abidələrinə nə etdiyini görəcəklər. Onlar nə hiss edəcəklər? Mən proqnozlaşdıra bilərəm. Mən müharibə vaxtı təmas xəttinə yaxınlaşanda, Ağdamı yalnız binoklla görə biləndə və bütün işğal olunmuş ərazilərə gedəndə eyni hissi keçirmişəm. Bəli, mən Prezidentəm və vəzifələrimə uyğun davranmalıyam. Lakin biz hamımız insanıq, hisslərimiz var. Biz onları gizlədə bilərik, onlara nəzarət edə bilərik, lakin bəzən bu, çox çətin olur. Buna görə də mən proqnozlaşdıra bilmərəm, əksinə, mən keçmiş azərbaycanlı qaçqınların nə hiss edəcəyini proqnozlaşdıra bilərəm. Lakin Prezident olaraq, gələcəyə baxan bir şəxs olaraq, əgər Ermənistan bizə müsbət işarələr versə, biz bu əlaqələri qura bilmək üçün hər şeyi edərik. Bizim tərəfimizdən birtərəfli qaydada edilənlər, mən artıq qeyd etmişəm, bunun aydın göstəricisidir. Mənə inanın ki, biz bunların heç birinin olmasına imkan verməyə bilərdik və heç kim bizi məcbur edə bilməzdi. Biz bunu düşünülmüş şəkildə etmişik. Bu, birinci. İkinci suala gəlincə, biz Türkiyəyə münasibətdə siyasətlərinin yenidən nəzərdən keçirilməsi ilə bağlı Ermənistan isteblişmentində bəzi işarələr və bəzi zəif fikirlər görürük. Hətta münaqişə zamanı mən dəfələrlə bu barədə danışaraq demişəm ki, tamamilə qəbuledilməz və qəribədir ki, Ermənistan kimi kiçik, yoxsul və zəif ölkənin Türkiyə kimi böyük və güclü ölkəyə qarşı ərazi iddiaları var. Onlar öz ideoloji doqmalarına o qədər tabe idilər və türkofobiya dövlət siyasəti oldu ki, onlar hətta reallıq hissini itiriblər. Bildiyimə görə, Türkiyə hökuməti addımlarını çox konstruktiv şəkildə planlaşdırır. Lakin, əlbəttə ki, onlar adekvat cavab almalıdır. Ermənistan ilk olaraq nə etməlidir? Onlar Türkiyəyə qarşı ərazi iddialarından əl çəkməlidir, öz konstitusiyalarını yenidən yazmalıdırlar. Onlar yeni konstitusiya qəbul etməlidirlər. Onlar bunu planlaşdırırlar, lakin bu, hökumətin siyasi gündəliyi üçündür. Hökumət öz siyasi mövqeyini gücləndirmək istəyir. Lakin, eyni zamanda, düşünürəm ki, onlara yaxşı məsləhət verə bilərəm. Öz konstitusiyalarından Türkiyəyə qarşı ərazi iddialarını çıxarsınlar. Mən bilmirəm, hansı ölkənin konstitusiyasında digər ölkəyə qarşı ərazi iddiaları var. Zənnimcə, bu, nadir haldır və hər kəs başa düşməlidir ki, tarix boyunca çoxsaylı müharibələr olub və onların soyqırımı ilə bağlı saxta tarixinin reallıqla heç bir əlaqəsi yoxdur. Bu, müharibə idi, elə bir vəziyyət idi ki, insanlar bir-birilə savaşırdılar, ölkələr bir-birilə savaşırdı, lakin sonra barışıq oldu. Yeri gəlmişkən, həmin dövrdə Ermənistanın nəinki Osmanlı imperiyası ilə çətinlikləri var idi, onların digər qonşuları ilə də çətinlikləri var idi. Niyə onlar haqsız hücumları üçün yalnız Türkiyəni seçdilər? Türkiyə hökuməti bu məsələlərlə qərəzsiz, obyektiv şəkildə məşğul olmaq üçün tarixçilərdən ibarət birgə qrupların yaradılmasını açıq şəkildə dəfələrlə təklif edib. Lakin onlar imtina ediblər. Niyə? Çünki onların siyasi dividendlər qazanmaq üçün bu saxta tarixə ehtiyacı var. Onlar bəzi ölkələrdən müdafiə, müəyyən yardım əldə etmək üçün bu saxta hekayədən istifadə edirdilər. Beləliklə, mənim mövqeyim bundan ibarətdir. Eyni zamanda, nə əlavə edə bilərəm. Əlbəttə ki, mən Türkiyənin adından danışa bilmərəm, lakin deyə bildiyim sirr deyil. Bildiyiniz kimi, bu gün biz kommunikasiyanın açılmasını, xüsusilə Zəngəzur dəhlizini müzakirə edirik və Zəngəzur dəhlizi Türkiyənin razılığı və onların iştirakı olmadan açıla bilməz. Baxmayaraq ki, Türkiyə Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinləri səviyyəsində üçtərəfli işçi qrupunda iştirak etmir, Türkiyə müzakirələrlə bağlı bizim tərəfimizdən məlumatlandırılır və əgər Ermənistan kommunikasiyalarla bağlı çətinliklərə son qoymaq istəyirsə, onlar tranzit ölkə olmaq üçün hər hansı imkana malik olmaq istəyirlərsə, yalnız Türkiyə onları bununla təmin edə bilər. Bildiyimə görə, Türkiyə hökuməti hazırdır. Beləliklə, top Ermənistan tərəfdədir. Onların yaxşı həkimlərə ehtiyacı var. Mən dəfələrlə demişəm, onlar zəhərləniblər. Bu zəhər əsasən onların Fransanın cənubunda, Kaliforniyada, Krasnodar diyarında və bəzi başqa paytaxtlarda çox sakit və gözəl yerlərdə oturub öz həyatlarından zövq alan diasporundan gəlir. Onlar istəyirlər ki, keçmiş Dağlıq Qarabağda və Ermənistanda olan ermənilər onların girovları, alətləri olsun, onlar da bəzi iddialı və şovinist ideyaları ilə məşğul ola bilsinlər. Erməni cəmiyyətinin dəmir pərdəni dağıtmağa ehtiyacı var, əgər mən bu analogiyalar barədə danışa bilərəmsə, onlar dəmir pərdə arxasında yaşayırlar və bu zəhərli ideyaların təsiri altındadırlar. Biz bu işdə onlara kömək etməyə hazırıq.

Rusiyanın Dünya İqtisadiyyatı və Beynəlxalq Münasibətlər İnstitutunun böyük elmi işçisi Stanislav Pritçin: Cənab Prezident, bu gün Sizinlə birlikdə olmaq böyük şərəfdir. Vaxt ayırdığınıza görə çox sağ olun. Mənim sualım Azərbaycanın gələcəyi ilə bağlıdır. Hər kəs bilir ki, bir neçə aydan sonra Azərbaycan müstəqilliyinin 30 illiyini qeyd edəcək və həmin vaxta qədər Azərbaycan bəlkə də müstəqilliyinin, ərazi bütövlüyünün bərpasının əsas məsələsini, əsas məqsədini həll edib. Zənnimcə, indi növbəti 30 il üçün uzunmüddətli məqsədlər müəyyənləşdirmək vaxtıdır. Bununla əlaqədar, Sizdən soruşmaq istərdim Azərbaycanın gələcəyi ilə bağlı baxışınız necədir? Azərbaycan dövlət olaraq gələcək üçün hansı məqsədlər müəyyənləşdirib? On, iyirmi ildən sonra ümumi daxili məhsul, iqtisadiyyatın inkişafı, strategiya baxımından, ümumiyyətlə, dövlət olaraq Azərbaycanı necə görürsünüz? Təşəkkür edirəm.

Prezident İlham Əliyev: Təşəkkür edirəm. Bu suallara cavab vermək üçün bizim bəlkə də bir neçə saatlıq xüsusi sessiyaya ehtiyacımız var. Lakin mən çox qısaca cavab verməyə çalışacağam. Biz Azərbaycan üçün ortamüddətli və uzunmüddətli inkişaf strategiyasını faktiki olaraq müharibədən əvvəl işləyib hazırlamışdıq. Əlbəttə ki, ərazilərin işğaldan azad edilməsi əlavə imkanlar verəcək. Çünki ərazilərin bərpası çoxlu resurs tələb edəcək. Lakin, eyni zamanda, bu resurslar Azərbaycanda sərf olunacaq. Onlar biznesi stimullaşdıracaq, iqtisadiyyatımızın tikinti sektorunu stimullaşdıracaq, yeni iş yerləri yaradacaq, imkanlar yaradacaq, kənd təsərrüfatına əlavə dəyər qatacaq. Bu səbəbdən də, indi bizim müəyyən mənada iki inkişaf proqramımız var. Birincisi, bizim hər il qəbul etdiyimiz illik inkişaf proqramı və həmçinin 2030-cu ilədək inkişaf proqramı. İkincisi, Qarabağın bərpası üçün inkişaf proqramıdır ki, hazırda bu, başlanğıc mərhələsindədir. Hazırda bizim hökumət strukturlarımız ikisi arasında birləşmə və ya koordinasiya üzərində işləyir ki, eyni məqsəd üçün iki dəfə xərc çəkilməsin. Bu məqsədlə, hazırda biz işğaldan azad edilmiş ərazilərdə tamamilə yeni idarəçilik modelini təqdim edirik. Prezident hakimiyyətinin, Prezident Administrasiyasının fərqli idarəçilik modeli olacaq və inkişafa çox müasir yanaşma olacaq, təkcə bərpa zamanı deyil, həm də bərpadan sonra. Ona görə də, hazırda biz Ermənistan tərəfindən qanunsuz istismar olunmuş bütün resurslarımızı qiymətləndiririk. Həmin ərazilərdə mədənçilik üçün böyük potensial var. Yeri gəlmişkən, biz işğaldan azad edilmiş ərazilərdə mis və qızıl resurslarımızı qanunsuz şəkildə istismar etmiş bəzi dırnaqarası iş adamlarına qarşı artıq qanuni prosedurlara başlamışıq. Bərpaolunan enerji, xüsusilə külək enerjisi üçün nəhəng potensial var. İşğaldan azad edilmiş ərazilərin bəzi yerlərində, məsələn, Laçında, Kəlbəcərdə külək enerjisi üçün nəhəng potensial var. Cəbrayılda, Zəngilanda günəş enerjisi və su üçün nəhəng potensial var. Laçın və Kəlbəcəri azad edəndən sonra biz əsas su ehtiyatlarımıza çıxış əldə etmişik. Çünki Qarabağdakı erməni əhalisinin istifadə etdiyi su ehtiyatlarımızın əksər hissəsi öz mənbəyini oradan alır. Hazırda biz ermənilərin müharibə bitəndən sonra Kəlbəcəri tərk edənədək dağıtdığı 12 su elektrik stansiyasının bərpası prosesindəyik. Beləliklə, 15 gün ərzində onlar 12 su elektrik stansiyasını dağıdıblar. Bu da onların hisslərini və siyasətini nümayiş etdirir. Sözsüz ki, biz həmin ərazilərdə xüsusi yaşayış standartları yaratmaq istəyirik, çünki oraya qayıdacaq insanlar 30 il əziyyət çəkiblər. Onların layiqli həyata ehtiyacı var. Ona görə də, "ağıllı kənd” üzrə ilk pilot layihəyə artıq başlanılıb, şəhər planlaşdırılmasına başlanılıb. Beləliklə, Qarabağ iqtisadiyyatımızın qeyri-enerji sektorunda, həmçinin nəqliyyatda böyük həcmdə ümumi daxili məhsul istehsal edəcək. Üç hava limanı ilə bağlı proses artıq başlayıb. Bir hava limanında işlər artıq başlayıb. Dəmir yolu əlaqələri. Yerləşməyini və qonşulara yaxınlığını nəzərə alaraq Zəngilan mühüm nəqliyyat və logistik hab ola bilər.

Azərbaycanın qalan hissəsinə gəlincə, əsas strategiyamız iqtisadiyyatın qeyri-enerji sektorunu inkişaf etdirməkdir. Həyata keçirdiyimiz islahatlar yaxşı nəticələr verir. Biz bu nəticələri əsasən yaxşı idarəçilikdə görürük. Bu üç ayda biz planlaşdırdığımızdan daha çox vergi və gömrük rüsumu toplamışıq, profisit təxminən 400-500 milyon manatdır. Büdcəmizdə neftin bir barrelinə görə 40 dollar nəzərdə tutulub. Əgər bu, bir barrelə görə 30 dollar olsa belə, Azərbaycan əhalisi bunu hiss etməyəcək. Beləliklə, sənayeləşmə, qeyri-enerji sektoruna daha çox investisiya cəlb olunması, biznes imkanları. Siz yəqin ki, eşitmisiniz, aparıcı reytinq agentlikləri bizim reytinqimizi yaxşılaşdırıb. Dünya Bankının "Doing Business” hesabatında biz 28-ci yerdəyik. Beləliklə, biznes mühiti yaxşılaşır. Bizim əhali çox savadlıdır. Gənc nəsil ideyalarla çıxış edir, bu, gələcəyə ümiddir. Mənim müharibə vaxtı dediyim kimi, müharibənin ən böyük yükü, mən hakimiyyətə gələndə uşaq olanların çiyinlərinə düşüb. Beləliklə, biz gənc nəslin inkişafına kömək etməyə nail olduq. Enerji ehtiyatlarını və iqtisadiyyatımızı əlavə təchizat mənbələri ilə təmin edəcək bütün əsas neft və qaz kəmərlərinin tamamlanmasını nəzərə alaraq biz xarici yardımdan asılı deyilik. Bizim xarici borcumuz ümumi daxili məhsulun təxminən 18 faizinə bərabərdir. Mən qarşıya onu ümumi daxili məhsulda 10 faizədək azaltmaq hədəfi qoymuşam. Bu, dünyada ən yaxşı nəticələrdən biri olacaq. Bizdə yoxsulluq səviyyəsi çox aşağıdır, təxminən 5 faiz. Mən bu vəzifəyə gələndə bu, 49 faiz idi. Biz faktiki olaraq hiss edirik ki, strateji baxışla bağlı bütün planlarımızı həyata keçirmək iqtidarında olacağıq. Lakin bunun üçün bizim Azərbaycanın daxilində artıq 28 ildir olan sabitliklə yanaşı, sərhədlərimizin hüdudlarından kənarda sabitliyə ehtiyacımız var. Əsas işlərimizdən biri riskləri minimuma endirmək üçün atacağımız addımlarımız olacaq. Biz Qoşulmama Hərəkatının sədri öhdəliklərini böyük uğurla həyata keçirmişik. Bizim regionda beynəlxalq səylərimiz yeni əməkdaşlıq formatlarının yaranmasına gətirib çıxardı. Türkiyə-Rusiya, Türkiyə-İran, Gürcüstan-Türkiyə, Rusiya-İranla artıq üçtərəfli əməkdaşlıq var. Bu da sabitlik və proqnozlaşdırılmaya töhfədir və əlbəttə ki, Ermənistan tərəfdən qisas cəhdləri sıfır risk olmalıdır. Əgər onlar bunu etsələr, dediyim kimi, biz sülh istəyirik, lakin biz onları tamamilə məhv edərik. Onları tamamilə məhv edərik və indi dediklərimi unutmağa qoymarıq.

İsveçin Təhlükəsizlik və İnkişaf Siyasəti İnstitutunun direktoru Svante Kornel (onlayn): Çox sağ olun, hörmətli cənab Prezident. Əvvəla, icazə verin, Sizi və Azərbaycan xalqını Azərbaycanın ərazi bütövlüyünün bərpası münasibətilə təbrik edim. Aydındır ki, bu tarixi nailiyyət Qafqaz regionunu və onun sərhədlərini aşaraq siyasəti dəyişmişdir. Ən önəmlisi, hesab edirəm ki, bu nailiyyət dünyaya Azərbaycanın bacarıqlarını və Azərbaycan dövlətçiliyinin qətiyyətini nümayiş etdirmişdir. Azərbaycanın böyük güclər arasında real və ya təsəvvürdə olan geosiyasi oyunların bir obyekti olmadığı, tam əksinə, öz hüququ olan bir güc olduğu sübuta yetirilmişdir. Əlavə edərdim ki, biz bu tendensiyanı regionda müşahidə edirik, harada ki, Azərbaycanla birlikdə, Özbəkistan və Qazaxıstan kimi bir neçə dövlət real tərəflərə çevrilir. Bunun aydın olduğunu nəzərə alaraq, cənab Prezident, sualım ondan ibarətdir ki, bu, Azərbaycanın xarici siyasətinə, onun ətraf ölkələrlə, o cümlədən regional güclərlə, həmçinin şərqə doğru Mərkəzi Asiyada yerləşən və bir çox maraqları paylaşdığınız ölkələrlə münasibətlərinizə necə təsir göstərəcək? Təşəkkür edirəm.

Prezident İlham Əliyev: Çox sağ olun. Şərhlərinizə və ərazi bütövlüyünün bərpası ilə bağlı təbriklərinizə görə təşəkkür edirəm. Siz tamamilə haqlısınız. Tamamilə əminəm ki, biz beynəlxalq birliyin bir çox üzvlərinə məlum olmayan bacarığımızı nümayiş etdirdik. Əslində, bütün bu illər ərzində biz sakit bir mühitdə hazırlığımızı görürdük. Biz nəyisə gizlətmirdik, xeyr. Bizim etdiyimiz hər bir şey açıq şəkildə edilmişdir. Lakin biz özümüzü təşviq etməyə, təqdimatlar keçirməyə, PR aparmağa cəhd göstərmirdik. Biz ölkə üçün, xalqımız üçün doğru olanı edirdik və bir çox sosial məsələləri həll edirdik, qaçqınları yenidən məskunlaşdırırdıq. Birinci Qarabağ müharibəsində qətlə yetirilənlərin ailələri üçün yaxşı şəraiti təmin edirdik, iqtisadiyyatı gücləndirirdik, həyata keçirilməsi asan olmayan nəhəng transmilli enerji layihələrini icra edirdik. Beləliklə, biz ölkəni gücləndirmək və onu həqiqətən müstəqil etmək üçün hər bir şeyi edirdik. Ona görə mən bu vəzifəyə gələndə iqtisadi müstəqillik gündəliyimdə duran bir nömrəli hədəf idi. Çox qısa müddət ərzində biz Beynəlxalq Valyuta Fonduna olan bütün borclarımızı geri ödədik. Bundan sonra isə bizim mühüm islahatları həyata keçirmək üçün çoxlu imkanlarımız oldu. Biz müstəqil iqtisadiyyat qura bildik. Artıq dediyim kimi, biz hər hansı bir xarici yardımdan, kreditdən asılı deyilik. Bu da siyasi müstəqilliyə, kimin nə dediyindən və necə reaksiya göstərməsindən asılı olmayaraq, ölkələrlə münasibət qurmaq bacarığımıza gətirib çıxardı. Bilirik, bizim bəzi ölkələrlə təmaslarımız bəzi böyük güclərin xoşuna gəlmir. Lakin bu, bizim problemimiz deyil. Biz Azərbaycanın, ölkəmizin marağında olanları, onun necə gücləndirilməsi ilə bağlı olanları, xalqımızın marağına uyğun olanları və bu vəziyyətdə daha çox təhlükəsizliyin necə təmin olunması ilə bağlı olanları edirik. Müharibədə göstərilənlər bizim hərbi bacarığımız da daxil olmaqla beynəlxalq ekspertlərə məlum idi. Çünki biz olanlarımızı paradlarda bir neçə dəfə nümayiş etdirmişdik. Ola bilsin, biz özümüzdə olan hər bir şeyi nümayiş etdirmirdik, lakin hesab edirəm, müharibə onu göstərdi ki, nəyisə sürpriz kimi saxlamaq doğru addım idi. Biz açıq şəkildə qüdrətli ordu qururuq. Dövlət büdcəmizin ən böyük hissəsi hərbi quruculuğa sərf edilib. Mən Ermənistanın bunu sülh yolu ilə etmədiyi təqdirdə, ərazi bütövlüyümüzü güc yolu ilə bərpa edəcəyimizi gizlətmirdim. Beləliklə, müharibə sanki bizim bacarığımızın konsentrasiya olunmuş şəkildə həyata keçirilməsi idi. Biz heç vaxt özümüzü həddindən artıq qiymətləndirməmişik. Biz heç vaxt Azərbaycanın aparıcı ölkələrin gündəliyində bir nömrəli və ya onuncu məsələ olduğunu düşünməmişdik, xeyr onların başqa məsələləri var. Biz bunu normal qəbul edirik. Çünki nəhəng güclər bizi nə qədər az xatırlasa və ya haqqımızda az düşünsə, bu, bizim üçün bir o qədər də yaxşıdır. İndi nə baş verəcək və nə baş verir məsələsinə, qonşu ölkələrə gəldikdə münasibətlər çox uğurla inkişaf edir. Müharibə bir daha nümayiş etdirdi ki, - mən bunun təfərrüatlarına dərindən varmaq istəmirəm, - bizi qonşularımızın davranışı və ya hərəkətləri, əsasən, qane edir.

Əlbəttə ki, biz müharibənin ilk günündən son gününə qədər çox güclü siyasi və mənəvi dəstəyə görə qardaş Türkiyəyə minnətdarıq. Lakin digər üç qonşumuza gəldikdə, bizim əsas hədəfimiz onların bitərəf qalması idi. Bu da bəzi ölkələrdə müəyyən dərəcədə, digər ölkələrdə isə nisbətən yüksək dərəcədə baş verdi. Lakin buna baxmayaraq, mən bunun təfərrüatlarına dərindən varmaq istəmirəm. Müharibədən sonrakı vəziyyət onu da nümayiş etdirir ki, indi bizim qonşularımız regional inkişafla bağlı baxışlarımızı paylaşırlar. Yeri gəlmişkən, biz bunu artıq qonşu ölkələrlə müzakirə etmişdik. Region necə inkişaf etməlidir, nəqliyyat, logistika ilə bağlı hansı layihələr olmalıdır, enerji əməkdaşlığı, ticarət və sairə. Beləliklə, bizdə heç bir fikir ayrılığı yoxdur. Doğrudur, Ermənistan hələ açıq şəkildə öz siyasətini bəyan etməyib, lakin onların de-fakto etdikləri də qənaətbəxşdir. Mən hökuməti nəzərdə tuturam. Xəzər dənizinin o tayında olan qonşularımızla münasibətlər uğurla inkişaf edir və onların hər biri ilə bizim konkret əməkdaşlıq istiqamətimiz var. Ən böyük hissə nəqliyyatla əlaqəlidir. Çünki Azərbaycan Türkiyə ilə dəmir yolu bağlantısı, dəniz limanı və avtomagistrallar kimi bütün nəqliyyat və logistika layihələrini tamamladıqdan sonra artıq önəmli nəqliyyat qovşağına çevrilib. Açıq dənizə çıxışımızın olmamasına baxmayaraq, biz şərq-qərb və cənub-şimal nəqliyyat dəhlizlərində fəal iştirak edirik. İndi isə bu layihələrə daha çox ölkələr cəlb olunur. Odur ki, Xəzər dənizinin o biri tayındakı qonşularımızla əməkdaşlığın əsas sahəsi nəqliyyatdır, lakin əməkdaşlıq təkcə bundan ibarət deyil. Biz qarşılıqlı ticarətin həcminin necə artırılması, qarşılıqlı investisiyaların yatırılması üçün daha yaxşı imkanların necə təmin olunması üzərində çox yaxından çalışırıq.
Pakistanın Qlobal və Strateji Araşdırmalar Mərkəzinin icraçı direktoru Xalid Teymur Əkrəm: Çox sağ olun, cənab Prezident. Mən, ilk növbədə, Pakistan xalqı və dövləti adından bu Qələbə münasibətilə Sizi təbrik etmək istəyirəm. Pakistan xalqı Sizinlə çox qürur duyur. Siz Pakistanda məşhur bir şəxsə çevrilmisiniz. Çünki hər gün Siz Pakistandakı qəzetlərdəsiniz. İndi hətta Pakistanın müxtəlif böyük universitetlərinin beynəlxalq əlaqələr fakültələrində Qarabağ müharibəsini və Azərbaycanın uğurunu öyrənirlər. Beləliklə, Pakistanda biz Sizinlə və Azərbaycan xalqı ilə çox qürur duyuruq. Sualıma gəldikdə isə, cənab Prezident, sonuncu 44 günlük müharibə zamanı Azərbaycan yalnız öz ərazisində savaşaraq işğal olunmuş ərazilərdə Ermənistanın hərbi mövqelərini və hərbi texnikasını hədəfə alırdı. Azərbaycan Ermənistanın mütəmadi olaraq törətdiyi müharibə cinayətləri ilə də üzləşmişdi. Ermənistan 44 günlük müharibədə qəsdən əhalinin sıx yaşadığı yerləri və Azərbaycanın mülki vətəndaşlarını hədəfə alırdı. Biz Gəncə, Tərtər, Bərdə və digər şəhərlərə atılmış ballistik raketləri xatırlayırıq. Bu yaxınlarda biz mediada "İsgəndər-M” ballistik raketinin qalıqlarını gördük. Bu raket Şuşada tapılmışdır və Ermənistan tərəfindən atılmışdır. Bundan əvvəl Ermənistanın baş naziri tərəfindən qeyd olunmuşdu ki, Ermənistan müharibə zamanı "İsgəndər-M” raketini Azərbaycana atmışdır. Bu ballistik raket çox təhlükəlidir və o, həmçinin nüvə silahını da daşıya bilər. Bununla bağlı Sizin fikriniz nədir və bu əmələ görə beynəlxalq birlik nə tədbir görməlidir?

Prezident İlham Əliyev: Təbriklərinizə görə təşəkkür edirəm. Pakistana təşəkkür edirəm. Mən müharibə zamanı davamlı dəstəyə görə Pakistan xalqına minnətdarlığımı çatdırmağınızı sizdən xahiş etmək istəyirəm. Pakistan qarşıdurmanın ilk günlərindən Azərbaycana açıq şəkildə dəstək verən ölkələrin sırasında olmuşdur. Son günlərə kimi Pakistan həmişə bizim tərəfimizdə olmuşdur. Biz ərazi bütövlüyümüzlə bağlı məsələlərdə çox ardıcıl yanaşmalarına görə Pakistan hökumətinə və xalqına çox minnətdarıq. Ola bilsin ki, tədbir iştirakçılarının bir çoxları bunu bilmir, lakin Pakistan təcavüz və işğala görə Ermənistanla diplomatik əlaqələr qurmayan çox azsaylı ölkələrdəndir. Pakistan kimi çox az sayda ölkə var. Odur ki, biz buna görə həmişə minnətdarıq və bu da qardaşlığımızın həqiqi əlamətidir. Yəqin müharibə zamanı bizim şəhərlərimizdə çox sayda Türkiyə və Pakistan bayraqlarının dalğalandığını bilirsiniz. Əlbəttə ki, biz bizi kimin dəstəklədiyini deyirdik və bu da bizim xalqımızın qəlbindən gələnlər idi.

Ermənistan tərəfindən törədilmiş müharibə cinayətlərinə gəldikdə, bu, birinci dəfə baş vermir. Onlar Birinci Qarabağ savaşı zamanı müharibə cinayətlərini törədib, lakin həmin vaxtı fərqli informasiya mühiti var idi. Bir çox dəhşətli barbarlıq əməlləri sənədləşdirilməmişdir və ya sənədləşdirildiyi təqdirdə beynəlxalq auditoriyaya çatdırılmamışdır. Buna görə də onlar öz müharibə cinayətlərini gizlətməyə nail oldular. Həmin vaxt təkcə Xocalıdan söhbət getmirdi. Kəlbəcərdə Ağdaban kəndi kimi bir çox başqa kəndlər də var idi. Dünyada bir çox insanların bunun haqqında məlumatı yoxdur, lakin burada da eyni hadisələr baş vermişdir. Onlar günahsız insanları qətlə yetirib yandırırdılar. Bir çox başqa kəndlər də erməni barbarlığının qurbanı olmuşdur. İkinci Qarabağ müharibəsi zamanı, sizin də dediyiniz kimi, onların bizim şəhər və kəndləri necə bombalaması beynəlxalq birliyin gözü önündə idi. Təkcə ballistik raketlərlə deyil. Onlar bizi artilleriya və minaatanlarla hər gün bombalayırdı. Kiçik Tərtər şəhərinə 16 min bomba atılmışdır. Onlar hətta dəfn mərasimini bombalayaraq bir ailəni qətlə yetirmişdir. Onlar Bərdəni, Naftalanı bombalayırdılar. Naftalanda onlar beş nəfərdən ibarət ailəni öldürmüşdülər. Onlar qəsdən bizim şəhər və kəndlərimizə hücum edir və düşünürdülər ki, bunu etməklə bizi dayandıracaqlar. Biz eynisini etmədik. Biz heç vaxt heç bir kənd və ya şəhərə zərbə endirməmişik. Biz yalnız Xankəndidə yerləşən hərbi obyektlərə zərbələr endirirdik, çünki bunlar hərbi obyektlər idi. Gecə vaxtı Gəncə şəhərinə qarşı ballistik raketdən istifadə onların barbarlığını açıq-aydın nümayiş etdirirdi. Çünki bu ballistik raketin hədəfi var idi. Onun yaşayış yerinə düşməsi təsadüf deyil. Bu, insanların gecə yatdığı vaxt həyata keçirilən hədəfə alınmış hücum idi və bu, bir dəfə yox, bir neçə dəfə baş vermişdir. Bundan sonra onlar nə etdilər? Onlar dedilər ki, bunu onlar etməyiblər. Rəsmi olaraq erməni rəsmisi dedi ki, bunu ermənilər etməyib. Onda bunu kim edib? Kim? Biz özümüz? Siz yəqin bilirsiniz ki, onlar hətta Xocalı soyqırımına görə günahı bizim üstümüzə atmaq istəyirdilər. Onlar hekayələr uydurur və beynəlxalq birliyi inandırmağa çalışırdılar ki, azərbaycanlılar özləri Xocalıda günahsız insanları qətlə yetiriblər. Onlar "Toçka-U” və "Elbrus” raketləri ilə bağlı da eynisini ediblər. Onlar hətta Bakıdan 100 kilometr məsafədə yerləşən Xızıya zərbə endirmişdilər. Onlar Bakıya çatmaq istəyirdilər. Onlar Qəbələyə hücum edirdilər. Qəbələ münaqişə zonasından çox uzaqda yerləşir. Beləliklə, Bərdə, Ağdam, Ağcabədi, Füzuli, Goranboy, Naftalan, Xızı, Qəbələ. Onların etdikləri budur. Orada hərbi qurğular yox idi. Əlbəttə ki, "İsgəndər” hücumu ilə bağlı xəbər bizi təəccübləndirdi. Ermənistanın baş naziri "İsgəndər”dən istifadə etdiklərini, lakin onun yalnız on faizinin partladığını deyəndə hər kəs gülürdü. Yəqin ki, o, çatdırmaq istədiyi mesajı düzgün çatdıra bilməmişdi. Fevralın sonunda mənə sual veriləndə dedim ki, mən onların bunu etmədiklərini deməmişəm. Mən dedim ki, biz onu aşkar etməmişik. Bu, ayrı-ayrı şeylərdi. Həmin vaxt biz onu hələ də aşkar etməmişdik. Lakin o, onu dedikdən sonra, sabiq prezident Sarkisyan "İsgəndər”in atıldığını və raketi bizim boru kəmərlərimizə atmadığından təəssüfləndiyini dedi. Bilirsiniz, bu müharibə canisi, əli Xocalı qurbanlarının qanına bulaşan Sarkisyan Paşinyanı boru kəmərlərinə zərbə endirmədiyinə görə günahlandırırdı. Sonra Ermənistan ordusunun sabiq baş qərargah rəisi Movsesyan da, - mən onun adını xatırlamıram, - onların bu raketdən istifadə etdiyini demişdi. Sonra onlar "İsgəndər” raketinin necə buraxılması ilə bağlı videogörüntünü yayımladılar. Mən onu tapmaq üçün göstəriş verdim və biz bu raketi tapdıq. Nəyə görə biz onu əvvəl tapmadıq? Mən bilmirəm, çünki Şuşada qar var idi. Müharibədən sonra qar yağmağa başladı. Hətta mən yanvar və fevral aylarında orada olanda qar var idi. Qar əridikdən sonra raket tapıldı. Onun tapılmasından sonra baş verənlər isə çox qəribədir. Ermənistan ordusunun baş qərargah rəisi demişdir ki, o, bu məsələ ilə bağlı heç bir şərh verə bilməz. Biz bunu necə başa düşməliyik? Bəli, yoxsa, xeyr kimi? Yəqin ki, bəli kimi. Çünki cavab xeyr olsaydı, o, deyərdi ki, xeyr biz bunu etməmişik. Əgər o, "mən şərh verə bilmərəm” deyibsə, bu, o deməkdir ki, bəli, bunu onlar ediblər. Ermənistanın sabiq müdafiə naziri də şərh vermişdir. O demişdir ki, bu müharibə sirri olduğu üçün bunu deyə bilməz. Siz bu insanların səviyyəsini görürsünüz? Bilirsiniz, bu insanlar hərbi əməliyyatlarla bağlı qərar qəbul edən insanlar idi. Bunun müharibə sirri olduğunu demək, bəli, bunu onlar ediblər anlamına gəlir. Lakin əfsuslar olsun ki, biz Rusiyadan da heç bir cavab almadıq. Çünki sizin də bildiyiniz kimi, Paşinyan raketdən istifadə etdiyini söyləyəndə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi demişdi ki, yox, Ermənistan istifadə etməyib. Paşinyan Ermənistanın baş naziridir. O deyir ki, biz raketdən istifadə etmişik. Rusiya Müdafiə Nazirliyinin rəsmisi isə onların raketdən istifadə etmədiyini deyir. Bu, nə deməkdir? Bu, Rusiya Müdafiə Nazirliyinin Ermənistan Müdafiə Nazirliyinə nəzarət etməsi deməkdir? Bu, cənab Konaşenkovun nə dediyi anlama gəlirmi? O, "Ermənistan raketdən istifadə etməyib, bütün "İsgəndər” raketləri anbardadır” deyəndə onlar bunu haradan bilirlər? Onlar Ermənistanın anbarlarına nəzarət edirlər? Əgər onlar erməni anbarlarını idarə edirlərsə, onda bu raket kimin sərəncamındadır? Sonra cənab Putinin mətbuat katibi cənab Peskov bəyanat verdi. O, "İsgəndər”dən istifadə edilmədiyini dedi. "İsgəndər” buradadır, siz gedib baxa bilərsiniz, 15 dəqiqəlik bir yoldur. Mən onu dünən Hərbi Qənimətlər Parkında özüm gördüm. Bu, təkcə "İsgəndər” deyil, bu, "İsgəndər-M”dir. Hansı ki, Ermənistan ordusu heç vaxt malik ola bilməzdi. Mən sizə daha çoxunu deyə bilərəm, çünki biz uzun müddət idi ki, gözləyirdik. Mən bunu Azərbaycan xalqından gizlədə bilmədiyim həssas məsələ olduğu üçün sizə daha çoxunu deyə bilərəm. Mən aprelin 1-də cənab Putinlə telefon söhbətim zamanı bu məsələni qaldırmışdım. Bu telefon söhbəti ilə bağlı yayılan rəsmi məlumata daxil deyildi, çünki biz telefon söhbəti ilə bağlı məlumatı onlar verdiyi kimi vermişdik. Siz onları müqayisə edə bilərsiniz. Lakin mən bu sualı verdim. Mən dedim ki, biz cavabı bilməliyik. Azərbaycan xalqı nəyin baş verdiyi ilə bağlı cavabı bilməlidir. Artıq iki həftə keçib. Aprelin 4-də bizim Müdafiə Nazirliyimiz Rusiya Müdafiə Nazirliyinə bu məsələ ilə bağlı rəsmi məktub ünvanlayaraq foto, video və digər materialları təqdim edərək onlardan cavab istəyib. Bu raketlər nə raketləridir və nə baş verib? Artıq doqquz gün keçib, heç bir cavab yoxdur. Bir qrup Azərbaycan jurnalisti Rusiyanın Azərbaycandakı səfirliyinə açıq məktub yazıb və bu məktub açıq xarakter daşıyır. Yəqin ki, siz onu görmüsünüz. Heç bir cavab verilmədi. "İsgəndər” buradadır, "İsgəndər-M”, hansı ki, heç bir yerə ixrac olunmamalı idi, Şuşaya necə gətirilib? Haradan atılıb? Kim onu atıb? Biz cavabları gözləyirik. Sizə bir şey də deyə bilərəm. Bəzi suallara bizim artıq cavablarımız var. Lakin biz Ermənistandan rəsmi cavab gözləyirik, çünki bu raketlər Ermənistanın ərazisindən buraxılıb. Biz onların dəqiqliklə haradan atıldığını bilirik. Bu suallar cavablandırılmalıdır. Bu, ciddi məsələdir. Bu, adi bir raket deyil. Bu raket buraxılmışdır və onlardan neçəsi buraxılmışdır, haradan və nə zaman biz onları da bilirik. Bizə, Azərbaycan xalqına bu suallara cavablar lazımdır.
Böyük Britaniyanın LINKS təşkilatının direktoru Dennis Summut (onlayn): Cənab Prezident, bu səhər bizimlə birlikdə olduğunuz və suallara belə ətraflı cavab verdiyiniz üçün çox sağ olun. Müharibə həmişə qurbanlar tələb edir. 44 günlük müharibə hər iki tərəfdə minlərlə insanın ölümü ilə nəticələnmişdir. Lakin biz həm də bilirik ki, bu müharibə nəticəsində yüz minlərlə qaçqın və məcburi köçkünün doğma evlərinə qayıtmaq imkanı var. Bu, əlbəttə ki, bizim hamımızın bildiyi bir şeydir. Müharibə və onun nəticələri regional əməkdaşlıq üçün bir neçə perspektivə yol açıb. Lakin Sizin də artıq çıxışınızda qeyd etdiyiniz kimi, bəzi həll olunmamış məsələlər var. Mən iki sual vermək istəyirəm. Birincisi odur ki, Siz dəfələrlə Qarabağ münaqişəsinin artıq bitdiyini demisiniz. Bu, Azərbaycanın Ermənistanın nəzarəti altında qalan Dağlıq Qarabağın digər hissələrini ələ keçirmək üçün gücdən imtina etməsi anlamına gəlirmi? İkinci sual 10 noyabr tarixli üçtərəfli Bəyanatla bağlıdır. Bu Bəyanatın mühüm əhəmiyyət kəsb etməsi və Cənubi Qafqazda dinamikanı dəyişdirmək üçün potensiala malik olması ilə bağlı hamımız razılaşırıq. Lakin bu, üçtərəfli Bəyanat olaraq qalır. Azərbaycan bu üçtərəfli Bəyanatın ona müəyyən mənada qlobal və beynəlxalq legitimlik verəcək və bütün tərəflərin onun müddəalarına əməl edəcəklərini təmin edəcək BMT-nin Təhlükəsizlik Şurasının qətnaməsinə daxil edilməsi fikrini nəzərdən keçirirmi?

Prezident İlham Əliyev: Çox sağ olun. Mən 10 noyabr tarixli Bəyanatın mühüm əhəmiyyət kəsb etməsi ilə tamamilə razıyam. Bu Bəyanat, əslində, bütün vacib elementləri əhatə edir və həmçinin Dağlıq Qarabağ münaqişəsinin yekunlaşdığını da göstərir. Səmimi desəm, biz bu Bəyanatın beynəlxalq legitimləşdirilməsi haqqında düşünməmişik. Bizə bu məsələ ilə bağlı nə Rusiya, nə də Ermənistan tərəfi müraciət etməyib. Yəni, biz



Загрузка...
Həmçinin oxuyun:
Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbriki

Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbriki

Prezident müəllimlərlə söhbət etdi: “Vətəndaşlara müraciət etmək istəyirəm”

Prezident müəllimlərlə söhbət etdi: “Vətəndaşlara müraciət etmək istəyirəm”

Ceyhun Məmmədov :"Gələcək nəsillərə bütöv Azərbaycan əmanət edəcəyik"

Ceyhun Məmmədov :"Gələcək nəsillərə bütöv Azərbaycan əmanət edəcəyik"

İrəvanda azərbaycanlılara nifrət etməyən 3 erməni aşkarlandı…

İrəvanda azərbaycanlılara nifrət etməyən 3 erməni aşkarlandı…

İlham Əliyev: “Koronavirusun nə vaxta qədər yayılacağını heç kəs bilmir”

İlham Əliyev: “Koronavirusun nə vaxta qədər yayılacağını heç kəs bilmir”

Bu, bizə əlavə güc verdi, ruh yüksəkliyimizi daha da artırdı

Bu, bizə əlavə güc verdi, ruh yüksəkliyimizi daha da artırdı

İlham Əliyev igid övladlar yetişdirən xalqımıza təşəkkür etdi

İlham Əliyev igid övladlar yetişdirən xalqımıza təşəkkür etdi

Dünyanın aparıcı hərbi məktəblərində təhsil alan kursant və zabitlərimiz Vətənə gətirilib

Dünyanın aparıcı hərbi məktəblərində təhsil alan kursant və zabitlərimiz Vətənə gətirilib

"Hərbi dərslər birmənalı şəkildə bərpa olunmalıdır "-Nadir İsrafilov

"Hərbi dərslər birmənalı şəkildə bərpa olunmalıdır "-Nadir İsrafilov

Azərbaycanın orta məktəblərində erməni dili tədris oluna bilərmi? - Deputatlardan açıqlama

Azərbaycanın orta məktəblərində erməni dili tədris oluna bilərmi? - Deputatlardan açıqlama

İlham Əliyev yeni təhsil nazirini qəbul etdi

İlham Əliyev yeni təhsil nazirini qəbul etdi

“Yazıçılarımız nə vaxtsa, Yaradıcılıq Evinə gedəcəklər, hələlik isə gözləyirik”

“Yazıçılarımız nə vaxtsa, Yaradıcılıq Evinə gedəcəklər, hələlik isə gözləyirik”

AMEA-nın direktorlarından deputatlara sərt CAVAB: “Onlar məsuliyyətsiz danışırlar”

AMEA-nın direktorlarından deputatlara sərt CAVAB: “Onlar məsuliyyətsiz danışırlar”

"O maaşla dolanmaq millət vəkilinə çətindir, bəs müəllimə çətin deyil?"- Qənirə Paşayeva

"O maaşla dolanmaq millət vəkilinə çətindir, bəs müəllimə çətin deyil?"- Qənirə Paşayeva

Uşağa "mən" olmağa icazə verin - MƏSLƏHƏT

Uşağa "mən" olmağa icazə verin - MƏSLƏHƏT

Emin Əmrullayev bir sıra mühüm məqamlara aydınlıq gətirib

Emin Əmrullayev bir sıra mühüm məqamlara aydınlıq gətirib

"Dərsliklərdə tarixi yanlışlıqlar Ermənistanın xeyrinə işləyə bilər"- Partiya sədrindən sərt AÇIQLAMA

"Dərsliklərdə tarixi yanlışlıqlar Ermənistanın xeyrinə işləyə bilər"- Partiya sədrindən sərt AÇIQLAMA

"Dərslik kimi vacib bir işi uşaq-muşağın öhdəsinə buraxmaq olmaz" - Ermənişünas alim

"Dərslik kimi vacib bir işi uşaq-muşağın öhdəsinə buraxmaq olmaz" - Ermənişünas alim

"Bizim büdcəmizdə iki əsas xərc maddəsi var - müdafiə və təhsil" - İlham Əliyev

"Bizim büdcəmizdə iki əsas xərc maddəsi var - müdafiə və təhsil" - İlham Əliyev

Ordumuz cəmi bir neçə gün ərzində Ermənistanın 30 ilə yaxındır havadarlarının köməyi ilə qurduğu ordusunu məhv etdi.

Ordumuz cəmi bir neçə gün ərzində Ermənistanın 30 ilə yaxındır havadarlarının köməyi ilə qurduğu ordusunu məhv etdi.

Prezidentə yazırlar:"Biz məktəblilər daha yaxşı oxumağa çalışacağıq"- MƏKTUBLAR

Prezidentə yazırlar:"Biz məktəblilər daha yaxşı oxumağa çalışacağıq"- MƏKTUBLAR

Emin Əmrullayev: “Qazilərlə bağlı məsələyə güzəşt kimi yox, status kimi baxmalıyıq”

Emin Əmrullayev: “Qazilərlə bağlı məsələyə güzəşt kimi yox, status kimi baxmalıyıq”

Beynəlxalq aləmdə Azərbaycanı çox böyük nüfuza və hörmətə layiq olan ölkəyə çevirdi, ərazi bütövlüyü bərpa olundu.

Beynəlxalq aləmdə Azərbaycanı çox böyük nüfuza və hörmətə layiq olan ölkəyə çevirdi, ərazi bütövlüyü bərpa olundu.

Xaricdən həkim gətirilməyə nə lüzum var? - ETİRAZ

Xaricdən həkim gətirilməyə nə lüzum var? - ETİRAZ