Region məktəblərində abituriyentlərlə görüşlər keçirilib
Region məktəblərində abituriyentlər üçün növbəti təbliğat görüşləri keçirilib.
AzTehsil.com xəbər verir ki, görüşlər Şirvan-Salyan Regional Təhsil İdarəsinin tabeliyindəki Şirvan, Hacıqabul, Neftçala, Biləsuvar və Salyan rayonlarında yerləşən məktəblərdə baş tutub.
Görüşlərdə Qarabağ Universitetinin Humanitar və sosial elmlər fakültəsinin dekanı Elmar Mustafayev, Mühəndislik fakültəsinin tyutoru Fuad Həsənov, İncəsənət fakültəsinin assistenti Gültən Hüseynli və abituriyentlər iştirak ediblər.
Nümayəndələr abituriyentlərə Qarabağ Universitetinin tarixi, mövcud fakültələri və ixtisasları haqqında ətraflı məlumat veriblər. Eyni zamanda, yenidən qurulan ali təhsil ocağında tələbələr üçün yaradılmış müasir tədris şəraitindən, təhsil imkanlarından, sosial və mədəni həyatdan bəhs ediblər.
Çıxışlarda universitetə qəbul qaydaları, tələb olunan keçid balları və gələcək karyera perspektivləri barədə də məlumatlar şagirdlərin diqqətinə çatdırılıb. Bildirilib ki, Qarabağ Universitetində təhsil almaq tələbələrə işğaldan azad edilmiş ərazilərin bərpasında və inkişafında yaxından iştirak etmək üçün unikal imkan yaradacaq.
Sonda abituriyentləri maraqlandıran suallar cavablandırılıb və onlara universitetin tanıtım materialları paylanılıb.