AzTehsil.com


Kurikulum
03 iyul 2016
28 033


Fəal/interaktiv təlimin 4 mexanizmi



Fəal/interaktiv təlimin 4 mexanizmi

 


Aşağıda göstərilən prinsipləri diqqətlə oxusanız görəcəksiniz ki, idrak fəallığının həm yaradılması, həm də saxlanılması üçün xüsusi psixoloji mexanizmlər mövcuddur.

Mexanizm №1. Problemli vəziyyətin yaradılması Yuxarıda qeyd etdiyimiz şəxsiyyətə yönəlmiş təlim prinsipinə uyğun olaraq təlim prosesi yalnız şagirdin tədqiqatçı mövqeyinə, onun idraki maraqlarına əsaslananda səmərəli olur. Bu mövqeyi yaratmaq üçün mərkəzi təlim prosesi – tədqiqat olmalıdır. Hər tədqiqat isə ilk növbədə problemin qoyulmasından başlanır. 
Fəal(interaktiv) təlim metodu təqdim edilən informasiyanın ziddiyyətli və yarımçıq olması səbəbindən əqli cəhətdən gərgin (problemli) vəziyyətin yaradılmasına əsaslanır. Bu cür vəziyyətin yaradılması şagirdləri qarşıya qoyulmuş məqsədə nail olmaq yollarını axtarmağa sövq edir və bununla da onların təfəkkürünü fəallaşdırır. Bu da öz növbəsində şagirdlərdə idrak fəallığı yaradır, onların tədqiqat fəaliyyətini artırır. 
Problemli vəziyyət – məsələnin həllində ziddiyyətlərin, müxtəlif nöqteyi-nəzərlərin və variantların mövcudluğunu ehtiva edən vəziyyətdir. 

Mexanizm №2. Dialoqun və əməkdaşlığın zəruriliyi Problemin həlli zərurəti müxtəlif fərziyyə və baxışların nəzərdən keçirilməsini və ən optimal metodun tapılmasını tələb edir. Bu isə məhz təlim prosesinin digər iştirakçıları ilə fəal əməkdaşlıq prosesində ən effektiv şəkildə əldə oluna bilər. Buna görə mövcud təlim metodunu ifadə etmək üçün "problem” və ya "problem – dialoji” təlim kimi anlayışlardan istifadə olunur. 

Mexanizm 3. Şagird - tədqiqatçı, müəllim - fasilitator.İdrak fəaliyyətinin fəallaşdırılmasının ən başlıca mexanizmlərindən biri – ənənəvi təlim sxeminin dəyişdirilməsidir, yəni: 
ona tədqiqat xarakteri verilməsi; şagirdin biliklərin mənimsənilməsi prosesinin başlıca simasına, bərabər hüquqlu subyektinə çevrilməsidir. 
Bu da təlim prosesində şagirdlərin və müəllimin mövqelərinin və onların funksiyalarının dəyişdirilməsi hesabına əldə oluna bilər. 
Şagirdin mövqeyi – "kəşf edən”, "tədqiqatçı” mövqeyidir; o, gücü çatdığı məsələlər və problemlərlə üzləşərkən, bunları müstəqil tədqiqat prosesində həll edir. Bu zaman təlimin mühüm şərti qismində uşağın təlimin məqsədlərini şüurlu surətdə tərkib hissələrinə bölə bilməsi zərurəti çıxış edir: nəyi dərk etməli, nə üçün dərk etməli, nəyi öyrənməli, nə üçün öyrənməli, necə öyrənməli və bu hansı nəticələrə gətirib çıxara bilər (təlimin bəhrəsi necə olmalıdır). 
Müəllimin mövqeyi – ”bələdçi” (fasilitator) , "aparıcı” (istiqamət verən) mövqeyidir. Fəal təlim prosesində müəllimin biliklərə aparan yolda bir bələdçi kimi əsas funksiyası, təyinedici rolu fasilitasiya (ingilis dilində facilitation –əlverişli şərait yaratma) adlanır. Bu müəllim liderliyinin yeni tipidir və o, müəllimlə şagirdin təhsil məqsədinə nail olmağa yönəldilmiş birgə fəaliyyətinə əsaslanır. Bu zaman müəllim şəksiz nüfuz sahibi kimi sinif üzərində "ağalıq” etmir və özünü ondan yüksəkdə tutmur. Əksinə o, sistemli, ardıcıl və məqsədyönlü şəkildə şagirdlərlə əməkdaşlıq edir: problem-vəziyyəti təşkil edir, tədqiqat məqsədlərinin qoyuluşunda şagirdlərə istiqamət verir, bunların həllində metodik köməklik göstərir, biliklərin əldə edilməsi və mənimsənilməsi yollarını öyrədir. Müəllimin vəzifəsi – öyrənməyi öyrətməkdir, yəni: təlim fəaliyyətinin əsas tərkib hissələrini mənimsəməkdə uşağa kömək edir, eyni zamanda özü biliklərin əldə edilməsinə və tətbiqinə dair zəruri əqli üsul və vasitələrə praktik cəhətdən yiyələnir. 

Təlim prosesinin mövcud sxemi fəallıq keyfiyyətinə malikdir və hər bir şagirdin ona lazım olan bilikləri müstəqil əldə etməsinə və bütün həyatı boyu öyrənməyə qadir olan bacarıqlı, müstəqil tədqiqatçı kimi yetişməsinə kömək etmək üçün nəzərdə tutulub. 
Lakin bu cür təlim sxemini həyata keçirmək üçün müəllim biliklərin qazanılması yolunda öz bələdçi roluna yiyələnməklə kifayətlənməməli, həm də öz konkret funksiyalarını bilməli və bunları həyata keçirməyi bacarmalıdır. Bunun üçün o, ilk növbədə fasilitasiya prosesinin mahiyyətini aydın başa düşüb dərk etməlidir. 
Fasilitasiya bir proses kimi yönəldici, köməkçi sualların effektli tətbiqinin köməyi ilə diskussiyaların təşkili və şagirdlərin fəallaşdırılması prosesindən ibarətdir. Fasilitasiyanın əsas xüsusiyyəti ondan ibarətdir ki, yeni bilgi müəllim tərəfindən deyil, şagirdlər tərəfindən aşkara çıxarılır. Fasilitatorun mövqeyi, onun əsas funksiyası düşüncəni inkişaf etdirmək və onu lazımı məcraya yönəltməkdən ibarətdir. Fasilitasiya yanaşmasının əsas məqsədi şagirdlərin öyrənmək və yaratmaq tələbatlarını tam ödəmək, onların öz potensialını həyata keçirə bilməsi üçün şərait yaratmaqdır. 
Mexanizm 4. Psixoloji dəstək: hörmət və etibar. Şagirdlərin fəal idrak mövqeyinin lazımi səviyyədə qalmasının zəruri şərti: müəllimin hər bir şagirdə mərhəmətli, hörmətcil, fərdi münasibətindən, sinifdəki mühiti xüsusi həssaslıqla duymasından ibarətdir. 
Müəllimin xeyirxah münasibəti, hörməti, şagirdləri olduğu kimi qəbul edilməsi, onları daim dəstəkləmək meyli, onların bacarıqlarına inam – bunların hamısı şagirdlərdə belə bir inamı möhkəmləndirə bilər ki, qarşıya qoyulmuş problemin həllində onun istənilən cəhdi yaradıcı fikir kimi qiymətləndiriləcək, ona ciddi və hörmətlə yanaşılacaqdır. Təlimin psixoloji mühitinin məhz bu şəkildə dəyişdirilməsi halında uğursuzluq qorxusu, inamsızlıq hissi aradan götürülə bilər və şagirdlərin idrak fəallığı dərs boyu lazımi səviyyədə qoruna bilər. 
Şagirdə hörmətlə yanaşma, ona etibar etməsi, cavabların yaxşı və ya pis qiymətləndirilməsindən imtina edilməsi onda həm özünə inam hissini, həm də müəllimə hörmət və etibarı daha da artırır.
biaz.ucoz.net



Загрузка...