Müəllim dərsə necə hazırlaşmalıdır? -3 istiqamət
Dərs mühüm pedaqoji anlayış olub, ümumi və xüsusi məqsədi ilə səciyyələnir. Ümumi tələblər təlim prinsiplərində (elmilik, sistemlilik, şüurluluq, fəallıq, əyanilik, fərdi yanaşma və s.) öz əksini tapmışdır. Məqsəd isə:
• Dərsdə yüksək təhsil, inkişaf və tərbiyə səmərəsinin əldə edilməsi;
• dərsdə təlim materialının optimal məzmununun müəyyən olunması;
• dərsdə səmərəli metodiki variantın tətbiq edilməsi;
• dərsin təşkilatı cəhətdən mütəşəkkil və çevik olması;
• dərsdə əlverişli psixoloji mühitin, müsbət emosional vəziyyətin yaradılmasıdır.
Aparılan müşahidələr göstərir ki, ixtisasını mükəmməl bilən müəllim didiatik tələblərin tətbiqində çətinliklərlə üzləşir. Tədris olunan mövzunun məzmunundan asılı olmayaraq fəal təlim metodlarından bacarıqla istifadə olunmalıdır. Müəllimin dərsə necə hazırlaşması onun tərtib etdiyi gündəlikdən asılıdır.
Məlum həqiqətdir ki, kurikulumun tətbiqi fəal təlimə əsaslanır. Təhsil proqramı olan kurikulum təlimin məzmunu, forma və üsulları, qiymətləndirmə ilə bağlı olan bütün məsələləri özündə əks etdirir. Latın sözü olub mənası «kurs», «yol» deməkdir. Kurikulum təlim prosesi ilə bağlı bütün fəaliyyətlərin səmərəli təşkilinə, məqsədyönlü və ardıcıl həyata keçirilməsinə imkan yaradan konseptual sənəd kimi şərh edilir. Cəmiyyətin tələbatına uyğunluq baxımından təklifyönümlü və tələbyönümlü olan kurikulum təhsil sahəsində müəllim-şagird fəaliyyətlərini əhatə edir. dərsə hazırlaşan hər bir müəllim konseptual xarakter daşıyan kurikulumun tətbiqi bacarığına malik olmalıdır.
Müəllimin dərsə hazırlaşması ilk növbədə metodik ədəbiyyatın öyrənilməsindən başlayır. Bu zaman müəllim müvafiq mövzu ilə əlaqədar məzmunla tanış olur, müvafiq jurnallarda çap olunan məqalələri nəzərdən keçirir. Sonra mövzunun öyrənilməsinin ümumi planı üçün material toplanılır. Dərslikdəki mövzu üzrə materialla müəllim tanış olarkən, şagirdlərin hazırlıq və inkişafının səviyyəsini fikrən əlaqələndirməyi diqqət mərkəzində saxlamalıdır. Dərsin planında tədris mövzusu, məqsəd və vəzifələr, dərsin quruluşu, hər bir mərhələyə ayrılan vaxt, dərsin keçirilməsi üçün lazım olan resurslar tədris nümayişlərin siyahısı və s. əksini tapmalıdır. Müəllim dərsin planını hazırlayarkən bəzən diqqətsizliyə yol verir. Müəllimlərimiz dərsə hazırlaşarkən nəzərdə tutulmuş məzmunun şagirdlər tərəfindən necə mənimsəniləcəyini planlaşdırmağa çalışır.
Müəllim dərsə hazırlaşarkən proqram materialını perspektiv və cari planlaşdırır.
Perspektiv (illik) planlaşdırma tədris ili boyu keçiriləcək dərslərii hər birinin yerini müəyyən etməyə xidmət göstərir. Bu məqsədlə mövzular saatlara bölünür, istifadə ediləcək metodlar, forma və vasitələr əks olunur. İllik plana əsasən tematik plan tərtib olunur. Tematik plan hər hansı fənn üzrə təlimin təşkilinin bütün formalarının valideyni və qarşılıqlı əlaqəsinin təmin olunmasına xidmət edir.
Həmin anlayışların mənimsənilməsi ardıcıllığı təmin olunur. Didaktik məqsədləri yerinə yetirmək üçün metodları, dərsin ümumi strukturunu, təxmini vaxtı müəyyənləşdirirəm. Dərsdə sorğunun səmərəli təşkil etmək üçün suallar üzərində qabaqcadan düşünürəm. Dərs iki tərəfin fəaliyyəti ilə müşahiyyət olunduğu üçün burada müəllim və şagirdin hazırlığı bir-birini tamamlayır. Şagirdlərin dərsə hazırlığı bütövlükdə dərsdə müsbət psixoloji hal yaradır.
Müəllimin dərsə hazırlaşması haqqında xüsusi bir qayda müəyyən olunmamışdır. Buna baxmayaraq pedaqoji ədəbiyyatda üç istiqamət irəli sürülür.
• Ümumi hazırlıq: Müəllimin ümumi hazırlığı üçün o, elmi-metodiki, pedaqoji, psixoloji, ixtisası ilə əlaqədar mənbələrin mütaliəsi ilə müntəzəm məşğul olmalıdır.
• Müəllim yay aylarında tədris etdiyi fənnin proqramını və dərsliyini mükəmməl öyrənməli, dəyişiklikləri və yenlikləri bilməlidir.
• Müəllim hər gün mövzular üzrə dərsə hazırlaşmalıdır.
Hər bir dərsin planını tərtib etmək müəllimin mühüm vəzifələrdir.
Akademik M.Mehdizadə qeyd edirdi ki, dərsdə təlim-tərbiyə işinin səviyyəsinin yüksəldilməsi müəllim tərəfindən dərsin planlaşdırılması və aparılması keyfiyyətindən asılıdır.
Müəllim dərsə hazırlaşarkən müasir tələblərə əsaslanmalıdır. Postsovet məkanında o müəllimin fəaliyyəti bəyənilirdi ki, şagirdlərinə daha çox məlumat aşılasın. Müəllim dərsə hazırlaşarkən məhz daha çox informasiya ötürmək, funksiyasını həyata keçirməyə önəm verirdi. Müasir dərsə hazırlaşan müəllim bələdçi rolunu oynayır. Öyrənənləri müxtəlif mənbələrdən müstəqil olaraq biliklər əldə etməyə istiqamətləndirir! Yəni onlara öyrənməyin yolunu öyrədir. Müəllim dərsə hazırlaşarkən ilk növbədə şagird şəxsiyyətinin inkişafı, onun baş verən dəyişikliklərə müstəqil yanaşması, qərar vermə qabiliyyətinin formalaşamsı kimi mənəvi keyfiyyətlərin aşılanması yollarını düşünməlidir.
Müasir səciyyə daşıyan fəal dərs motivasiya ilə başlanır. Bu zaman şagirddə maraq yaranır və aktiv təlim fəaliyyətinə yönəldilir. Çox vaxt motivasiya müvafiq düşündürücü suallarla, şəkillərlə, inteqrasiya ilə yaradılır. Tədqiqatın təşkili mərhələsində müəllim sinfə problemin həlli istiqamətində iş tapşırır. Verilən tapşırığa uyğun iş forması (fərdi, cütlərlə, qruplarla, siniflə) seçir.
Məlumatın mübadiləsi mərhələsində şagirdlər tapşırıqla əlaqədar fikir mübadiləsi edirlər. Məlumatın təşkili zamanı qrupun ümumi fikrini seçilən lider tərəfindən iştirakçılara çatdırılır. Nəticələrin çıxarılması üçün müəllim qruplar üzrə dinlənilən fiikrləri təhlil edir və ümumiləşdirir. Ənənəvi dərsdən fərqli olaraq fəal dərsdə şagirdlər tədris olunan mövzunu sinifdə mənimsəyirlər, evə tapşırıq verməyə ehtiyac qalmır. İKT-nin tətbiqi ilə bacarıqlara malik olan müəllim fəal təlim texnologiyalarından səmərəli istifadə etməklə dərsə hazırlaşmalıdır.