AzTehsil.com


Qabaqcıl təcrübə / Müəllim
15 noyabr 2016
23 015


Müəllim peşəsi ən şərəfli və ən çətin peşədir.Bu peşəni seçərkən.....



 

Müəllim peşəsi ən şərəfli və ən çətin peşədir.Bu peşəni seçərkən.....

 

Müəllim peşəsi ən şərəfli və ən çətin peşədir.Bu peşəni seçərkən onun ağırlığını, məsuliyyətini və peşə xüsusiyyətlərinin çətinliyini nəzərə almaq lazımdır. Pedaqoji sahədə çalışan hər bir müəllim xüsusi peşə qabiliyyətlərinə malik olmalıdır ki, bunların da sırasında didaktik qabiliyyət, ünsiyyət, təşkilatçılıq, yaradıcılıq və emosianal qabiliyyətlər mühim yer tutur.Müəllim ilk öncə akademik savada malik olmalıdır. Hərtərəfli və geniş biliyi, dövrünün nailiyyətləri barədə informasiyası, təlimə tətbiq olunan texnikalarla işləmək qabiliyyətləri, kompüter biılikləri və bu bilikləri öyrətmək ustalığı olmalıdır.Onun şəxsi həyatı, insanlarla rəftarı və ünsiyyəti şagirdləri üçün nümunə olmalıdır. Öz həmkarları və şagirdlərinin valideynləri ilə düzgün və hörmətli münasibətləri olmalıdır. Təlim prosesi zamanı yaradıcı olmalı, qarşıya çıxacaq çətinlikləri öncədən görməli və təlim fəaliyyətnin istiqamətləndirməyi bacarmalıdır.Səbirli olmalı, hislərini cilovlamağı bacarmalı, ciddilik ilə mərhəməti, mülayimliyi düzgün shəkildə uzlaşdırmalıdır. Bütün bu xüsusiyyətlərə sahib olmaq üçün müəllim daim öz üzərində çalışmalı, özünümarifləndirmə ilə məşğul olmalıdır.
Bəli müəllimlik şərəfli işdir. Çünki, biz vətən üçün övlad, cəmiyyət üçün şəxsiyyət yetişdiririk. Dövlətin ən qiymətli kapitalı olan insan resusrsu ilə işləyirik. Bu işin çətinliyi də məhz bundadır. Çünki, insan emosional, dinamik, dəyişkən varlıqdır. Onlarla işləyərkən biz yalnız hazır təlimatlara uyğun şəkildə davrana bilmərik. Özümüz öz işimizdə yaradıcı olmalıyıq ki, istənilən bir çətin situatsiya yarandığı halda çıxış yolu tapıb, istər təlim prosesini, istərsə də tərbiyə prosesini düzgün məcraya yönəldək.
Müəllim fəaliyyətinin məqsədi və nəticəsi öyrətməkdir. Bunun üçün ilk növbədə nəyi , nə zaman və necə öyrətməyi bilmək lazımdır. Dərsin məqsədini düzgün müəyyən edərək real nəticə ilə ona çatmağı hədəfləmək lazımdır. Hər bir mövzu özlüyündə gözəl və maraqlıdır. Şagirdləri təlim prosesinə cəlb etmək üçün mövzunun vacibliyini , əhəmiyyətini və həyatla əlaqəsini onların nəzərinə çatdırmaq lazımdır.Həyata keçirəcəyimiz təlim prosesində iş formasını və iş üsullarını tədris edəcəyimiz mövzuya uyğun seçmək lazımdır. Dərsin planlaşdırılması aparılarkən müəllim bütün yaradıcı və pedaqoji qabiliyyətlərini işə salmalıdır. Məqsəd , iş forması, iş üsulları, resurslar seçildikdən sonra inteqrasiya imkanları müəyyən edilməlidir. İnteqrasiyanın fənlərarası omağı zərurət deyil. Fənndaxili-bir standartdan digərinə, bir mövzudan başqa bir mövzuya da ustalıqla inteqrasiya etmək olar.Daha sonra seçdiyimiz təlim forması və üsullarına uyğun iş vərəqləri hazırlanmalıdır. İş vərəqlərində tapşırıq qısa və aydın şəkildə öz əksini tapmalıdır. Mənbə və tapşırıq üçün ayrılmış vaxt qeyd olunmalıdır. İş vərəqləri cəbedici və stimullaşdırıcı olmalıdır. Tərtib edilmiş suallar və ya tapşırıqlar tədqiqat sualını açmağa xidmət göstərməlidir. Müəllim qabaqcadan dərsin bütün mərhələlərini planlaşdırmalı, vaxt bölgüsü aparmalı, fasilitasiya üçün suallar müəyyənləşdirməli, qiymətləndirmənin üsul və vasitələrini seçməlidir.
Dərsə başlamamışdan öncə sinfi təşkil etmək lazımdır.Öyrədici və tədqiqat prosesini dəstəkləyici mühit yaradılmalıdır.Dərs prosesində lazım olacaq bütün əyanı vəsaitlər və texniki alətlər münasib yerlərə qoyulmalıdır ki, dərs zamanı vaxt itkisinə yol verilməsin. Əgər cütlüklərlə və ya kiçik qruplarla iş aparılacaqsa , üzvlər qabaqcadan muvafiq bir şəkildə (rəqəmləri deməklə, püşk atmaqla və s.) seçilməlidir ki, ədalətlilik prinsipi pozulmasın. Fəal dərsin 7 mərhələsinin ( motivasiya, tədqiqatın aparılması, informasiya mübadiləsi, informasiyanın müzakirəsi və təşkili, nəticələr və ümumiləşdirmə, yaradıcı tətbiqetmə, özünüqiymətləndirmə və refleksiya) ardıcıllığı dərs prosesi zamanı gözlənilməlidir. Fəal dərs problemin qoyuluşu ilə başlayır. Dərsin sonrakı mərhələləri problemin qoyuluşundan çox asılıdır. Problem elə qoyulmalıdır ki o şagirdlərin yaş və bilik səviyyələrinə uyğun olsun. Cəlbedici , düşündürücü və təfəkkür fəaliyyətini oyadıcı olsun. Bəli, motivasiya interaktiv dərsin gedişi üçün həlledici məqamdır. Yaxşı motivasiya bütün təfəkkür formalarını-tənqidi , yaradıcı və məntiqi təfəkkürü işə salır. Daha sonra tədqiqat sualı şagirdlərə təqdim edilir və şagirdin tədqiqatçı, müəllimin isə fasilitator fəaliyyəti başlayır. Müəllm bu prosesi idarə edir.Şagirdləri düzgün istiqamətləndirərək, mövzudan uzaqlaşmağa imkan vermir. Onları əməkdaşlığa, mənbələrdən düzgün istifadə etməyə və vaxta qənaət etməyə yönəldir. Daha sonra şagirdlərin əldə etdikləri faktların, informasiya və biliklərin mübadiləsi başlayır.Bütün iştirakçilar bir birinin təqdimatını fəal dinləməyə sövq edilir. Növbəti mərhələdə isə müəllim fasilitasiya əsasında əldə edilmiş faktların məqsədyönlü müzakirəsinə və onların təşkilinə kömək edir.Nəticədə mövcud tədqiqat sualının cavab cizgiləri aydın seçilməyə başlayır.Sonra şagirdlər əldə olunmuş bilikləri ümumiləşdirməli və həm də gəldiyi nəticənin tədqiqat sualının cavabı olub olmadığını müstəqil şəkildə tutuşdurmalıdırlar. Biliklərin mənimsənilməsinin başlıca meyarı onun yaradıcı şəkildə tətbiq edilməsidir.Yaradıcı tətbiqetmə üçün tapşırıq elə seçilməlidir ki, şagird əldə etdiyi bilgilərin əhəmiyyətini dərk edə bilsin və onları çalışmanın və ya tapşırığın həllində tətbiq edə bilsin. Dərs başa çatdıqdan sonra qiymətləndirmə və refleksiyanı həyata keçirərkən özünü qiymətləndirmə vərəqlərindən və ya şagirdlərin bir birini qarşılıqlı qiymətləndirməsi üsulundan istifadə etmək olar. Qiymətləndirmə meyarlar üzrə aparılmalıdır. Müəllim şagirdi öncədən bu meyarlarla tanış etməlidir. Refleksiyanı həyata keçirmək üçün şagirdlərə yeni biliyi əldə edənə qədərki təlim prosesini izləməyə kömək edəcək bir neçə sual vermək kifayətdir.Nəticədə şagird öz tədqiqat prosesinin əsas addımlarını və amillərini dərk etmiş olur.Dərsin kuliminasiyasını isə yeni biliyi məhz özləri kəşf etdiyi üçün şagirdlərin duyduğu sevinc və məmnuniyyət hissi təşkil edir.
Bakı şəhəri 309 nömrəli məktəbin tərbiyə işləri üzrə direktor müavini, ingilis dili müəllimi Mehriban Məmmədova.



Загрузка...