FƏAL- INTERAKTIV DƏRSLƏRDƏ KOLB MODELİNİN TƏTBİQİ
Müasir təhsil sistemi dəyişən ictimai münasibətlər, qlobal dəyişikliklər, innovativ texnologiyalar dövrünün astanasında formalaşdı. Hər kəs istəyir ki, yaxşı yaşaya bilsin, uğur qazansın. İnnovativ təlimin nə olduğunu bilməyən adam da rəqabətin nə olduğunu anlayır, həm yerli, həm də xarici iş bazarına inteqrasiyasını təmin etmək istəyir. Hər kəs başa düşür ki, indi ona yenilənmiş, müasir dünya ilə ayaqlaşacaq təhsil lazımdır. Bu səbəblər yeni fənn kurikulumlarının tətbiqini zəruri etdi. Yeni fənn kurikulumlarının tətbiqi təhsil sistemimizə fəal dərs, interaktiv dərs kimi yeni dərs formalarını gətirdi.Öncə, ənənəvi təlim və müasir təlim anlayışlarına aydınlıq gətirək.
Ənənəvi təlim dedikdə, kompüterləşməyə qədərki dövr nəzərdə tutulur. Müasir təlim isə aktiv və çağdaş texnologiyaların tətbiqinə əsaslanır.
"Fəal təlim təhsilalanlara təlim materialının məzmunu, ideyası, sualları və problemləri barədə dərkedərək danışma və dinləmə, yazma, oxuma imkanlarının təmin edilməsini özündə ehtiva edir." (5, 6)Tədqiqatlar göstərib ki, şagirdlər təlim materiallarının tətbiqində yaxından etdikdə, mövzu haqqın-da araşdırma apardıqda fənni daha yaxşı mənimsəyirlər. Ənənəvi təlimdə isə şagirdlər müəllimlərin mövcud qavramları və bilgiləri verdikləri passiv tərəflərdir . Ənənəvi təlimdə fənnə aid materialın tam çatdırılması və şagirdlərin fənnə aid materialı mənimsəməsi yalnız formativ qiymətləndirmədə öz əksini tapır. Bu qiymətləndirmə növü isə şagirdə kömək, onun ehtiyacının öyrənilməsi kimi məziyyətlərindən uzaqlaşır, təhsilalanın uzunmüddətli yaddaş və oxu bacarıqlarına meyillənməsinə əngəl yaradır. Formativ qiymətləndirmənin il boyu hegemon olduğu mühitdə isə şagird öz imkanlarından istifadə edə bilmir, müəllimdən hazır cavab gözləyir.
Müəllim də ənənəvi təlimdə bir növ, "danışan kitab” funksiyaını yerinə yetirir. Halbuki müəllim yalnız şagirdin tələbatını ödəyəcək qədər məlumatı verməli, ehtiyac yaranan məlumatı toplamaqda isə "mayak” funksiyasını yerinə yetirməli, onu sonrakı araşdırmalara sövq etməlidir. Təbii ki, bəziləri fəal təlimi "yeni təlim yaramazlıqlarının uzun siyahısında daha biri” (4,2) adlandırsa da, dünya təhsil ictimaiyyətinin fikirləri ilə tanış olan dil və ədəbiyyat müəllimləri innovativ təlim üsulunu qəbul edir, dərslərini hansı modellə qura biləcəklərini araşdırırlar.Dünya təcrübəsində dil və ədəbiyyat üzrə fəal-interaktiv dərsləri qurmaq üçün Şexter, Kolb kimi modellərdən istifadə edirlər. Bunlardan ən geniş yayılmışı Kolb modelidir.Devid Kolb (David Kolb) 1939-cu ildə anadan olmuş amerikalı təhsil nəzəriyyəçisidir. O diqqətini daha çox təcrübi təlimə,şəxsi və sosial dəyişmələrə, icraedici və professional təhsil və karyera inkişafına yönəltmişdir.”Təcrübəyə Əsaslanan Öyrənmə Sistemləri” MMC-nin( Experience Based Learning Systems, Inc.) əsasını qoymuşdur. 1970-ci illərin əvvəllərində Kolb və Ron Fray (Ron Fry) 4 ünsürə əsaslanan təcrübi təlim modelini ikişaf etdirmişlər.
Kolbun bu nəzəriyyəsi zehni fəaliyyətin mərhələli formalaşmasına xidmət edir, müxtəlif variantlarda interaktiv dərslərin gedişində geniş tətbiq edilir. Kolbun təlim nəzəriyyəsi dördmərhələli təhsil siklinə dayanan 4 əsas təlim stilini ehtiva edir. Bunu çox sadə olaraq "təhsil sikli” də adlandırmaq olar. Bu mənada Kolb modeli daha mükəmməldir, çünki o təlimin muxtəlif stillərini anlama bacarığını təklif edir və məhz müəyyən adamlar üçün uyğun olan empirik təlim siklinin izahını verir. Kolb bu təlim siklini oz nəzəriyyəsinin bilvasitə və konkret təcrübə” "müşahidə və yansımalar” üçün bazis rolunu oynayan mərkəzi prinsipinə daxil edir. Bu müşahidə və yansımalar fəaliyyətə yeni məna qazandıran "mücərrəd konsepsiyalar”la assosiasiya olunur və onlara çevrilir. Nəticədə, insan özü bu konsepsiyaları özü yoxlaya bilir, yeni təcrübə əldə edir.
Beləliklə, Kolb modeli iki səviyyədən - dördmərhələli sikldən ibarətdir:
- Müəyyən təcrübə ("Et”)
- Bu təcrübəyə əsaslanan müşahidə və refleksiya ("Müşahidə et”)
- Bu refleksiyaya əsaslanan mücərrəd anlayışların formalaşması ("Düşün”)
- Yeni anlayışların, konsepsiyaların sınanması ("Layihələşdir”)
Yuxarıdakı 4 element təlim spiralının əsas məğzidir.
Təlim prosesi bu elementlərdən biri ilə başlaya bilər. Kolbun prinsipinə uyğun olaraq isə interaktiv dərsin ən geniş yayılmış strukturu şağıdakı kimidir:
1. Motivasiya və yeni dərsin elan edilməsi- ümumi dərsin vaxtından 10%
2. Keçilmişlərin möhkəmlədilməsi (təkrarı)- ümumi dərsin vaxtından 20%
3. Yeni materialın öyrənilməsi - ümumi dərsin vaxtından 50%
4. Qiymətləndirmə - - ümumi dərsin vaxtından 10%
5. Dərsin yekunlaşdırılması (debrifinq, refleksiya) – 10 %
Yuxarıdakı bölgü şərti səciyyə daşıyır, müəllimin istəyi dərsin hansısa mərhələsi qısaldıla və ya vaxtı uzadıla bilər.Milli kurikulum üzrə tərtib olunmuş dərslik komplektinlərində həm yuxarıda göstərilən strukturdan, həm də aşağıdakı strukturdan istifadə edilir:
- Motivasiya (problemin qoyulması, tədqiqat sualı)
- Tədqiqatın aparılması
- Kolb modelində keçmiş biliklərdən istifadə
- Məlumat (İnformasiya) mübadiləsi
- Məlumatın müzakirəsi və təşkili
- Nəticələrin çıxarılması
- Yaradıcı tətbiqetmə
- Qiymətləndirmə
- Refleksiya
Göründüyü kimi, "tədqiqatın aparılması” mərhələsi Kolb modeli ilə qurulan dərsin keçmiş biliklərdən istifadə, məlumat mübadiləsi, müzakirə, nəticələrin çıxarılması, yaradıcı tətbiqetmə isə yeni materialın öyrədilməsi mərhələsinə uyğun gəlir.
Kolb modelində istifadə olunan mərhələlər haqqında bunları deyə bilərik:
Motivasiya - dərsin öyrənənlərin diqqətini öyrəniləcək materiala cəmləşdirməyi, maraqlandırmağı, keçiləcək dərsin vacibliyini və faydasını göstərməyi hədəfləmiş ilk mərhələsidir. Azərbaycan dili dərslərində əgər mübtəda ilə xəbərin kəmiyyətət görə uzlaşması tədris olunursa, o zaman şagirdlər şifahi, vizual və ya audiomateriallar istifadə edilməklə kəmiyyət və uzlaşma anlayışlarının mənası haqqında düşünməyə vadar edilir. Sonra dərsin adı elan edili
Möhkəmləndirmə - nəinki bütövlükdə materialın mənimsəmə , öyrənənlərin maraq effektini artıran hissəsidir, həm öyrənənlərin şüurunda metod və biliklərin məntiqi ardıcıllığını formalaşdıran hissəsidir. Bu mərhələdə keçmiş Azərbaycan dili dərslərində verilmiş ev tapşırıqları yoxlanılır, tədqiqatın aparılması yolu ilə yeni dərslə əlaqələndirilir, sistemləşdirilir.
Əsas materialın öyrədilməsi – dərsin hədəf mərhələsi də adlandırmaq olar.Bu mərhələdə şagirdlər bilavasitə yeni biliklər alırlar. Bu mərhələdə elə tapşırıqlar seçmək lazımdır ki, yerinə yetirərkən ən vacib vərdiş və bacarıqları qazansınlar. Müəllim şagirdlərlə informasiya mübadiləsi aparır, yeni məlumat müzakirə edilir, nəticələr çıxarılır. Azərbaycan dili dərslərində bu mərhələ üçün nəzərdə tutulan tapşırıqlar mətn üzərində qurulur. Məsələn, uzlaşma əlaqəsinin pozulduğu cümlələr şagirdlər tərəfindən müstəqil müəyyən edilir.
Qiymətləndirmə- dərsin stimullaşdıran komponentidir. Qiymətləndirmə aydın, qərəzsiz, ədalətli olmalıdır. Əks halda, fəndən uzaqlaşmaya, maraqğın azalmasına xidmət edəcək. Buna görə də ehtiyatlı olaraq kollektiv qiymətləndirmə, özünüqiymətləndirmə, komanda şəklində qiymətləndirmədən istifadə edilməlidir. Dünya praktikasında ən geniş yayılmış balların toplanması və komanda qiymətləndirilməsidir. Fəal\interaktiv üsullarla təşkil olunan Azərbaycan dili və ədəbiyyatı dərslərində isə hal-hazırda tövsiyə olunan qiymətləndirmə üsulu rubiklərdən istifadədir.
Debrifinq mərhəsində müəllim dərsə yekun vurur. Müəlim, adətən, dərsdə nəyin effektli olub,olmamasını soruşur, təklifləri, tənqidləri toplayır, keçilənləri ümumiləşdirib material müstəqil və daha dərindən öyrənilməsi üçün həvəsləndirir.Beləliklə, Kolb modelinin milli kurikulumda tətbiq olunan dərs prinsiplərinə uyğun gəldiyinə əsaslanaraq Azərbaycan dili və ədəbiyyatı dərslərində daha geniş tətbiq olunacağına inanırıq. Bu modelin fəal-interaktiv metodla təşkil olunan Azərbaycan dili və ədəbiyyatı dərslərində təlimin effektliyini təmin etməsini nəzərə alaraq biz bu gün hərtərəfli təhlil edilmiş və təhsil araşdırma birliklərində sınanaraq yüksək inkişaf yolu keçən təlimin empirik nəzəriyyəsini yüksək qiymətləndiririk.
ƏDƏBİYYAT:
1. Z. Veysova. "Fəal-interaktiv təlim: Müəllimlər üçün metodik vəsait.” Unicef, 2007, 156 səh
2. Alice Y. Kolb and David A.Kolb. "Experiential Learning Theory: A Dynamic, Holistic Approach to Management Learning, Education and Development” London, Sage Publications 2008, 159 pages
3. John Dewey . "Democracy and Education” Courier Corporation, 2004, 194 pages
4. Michael Prince. "Does active learning work? A review of the research” Journal of Engineering Education, July 2004, 10 pages
5. C Meyers and T B Jones. "Promoting Active Learning: Strategies for the College Classroom” Jossey-Bass, San Francisco. 1993, 192 pages
Açar sözlər: innovativ təlim, fəal dərs, interaktiv dərs, Kolb modeli, ənənəvi təlim, Şexter modeli, təlim sikli, təlimin mərhələləri
Lalə İsmayılzadə BDU magistranti