AzTehsil.com
RU


Kurikulum
03 iyul 2016
27 271


Fasilitasiya qaydaları



Fasilitasiya qaydaları

Fəal(interaktiv) dərsin aparılması üçün ən mühüm amillərdən biri müəllimin bələdçi rolunu həyata keçirməsi bacarığıdır. Fasilitasiya fəal(interaktiv) təlim prosesində müəllimin mövqeyini əks etdirir. Fasilitasiya özü çoxşaxəli bir fəaliyyətdir və özündə bir sıra bilik, bacarıq,vərdiş və şəxsi keyfiyyətləri birləşdirir. Bu prosesdə müəllim şagirdlərin fikrini təhrik etməli, onlara psixoloji, informasiya və təşkilati dəstək verməlidir. 
Fikrin təhrik edilməsi qaydaları: Motivasiya mərhələsində şagirdləri dərsin mövzusunun müəyyənləşdirilməsinə cəlb edin. Dərsə şagirdlərin məntiqi, tənqidi, yaradıcı təfəkkürü və elmi-tədqiqat vərdişlərini inkişaf etdirən tapşırıqları daxil edin. Qapalı suallardansa, açıq suallardan daha çox istifadə edin. Qapalı suallar – «Siz bunu bilirsinizmi?» «Nə?», «Harada?», «Nə vaxt?». Bu cur suallara yalnız bir konkret cavab almaq olar: «Hə» və ya «Yox». Açıq suallar bir yox, bir neçə mümkün cavabı nəzərdə tutur. Çalışın sualları «Nə üçün?», «Nəyə görə?», «Hansı yolla?», «Necə?» və s. sözlərlə başlayın. Açıq sualların nümunəsi: «…haqqında nə bilirsiniz?», «Nə üçün bu haqda daha çox bilmək istərdiniz?», «Bu necə baş verir?» İştirakçılar tərəfindən ifadə olunan fikirləri anlamağa çalışın və öyrəndiyiniz, oxuduğunuz, yaratdığınız fikirləri zorla qəbul etdirməyin. Fasilitasiya zamanı konkret misallardan, müqayisə və tutuşdurma üsulundan, analogiyalardan istifadə edin, konkret yönü və məqsədi olmayan sualları az verin. Mənaca yaxın olan yönəldici suallardan istifadə edin, lakin bilavasitə yönəldici suallardan istifadə etməyin. Həmçinin, əvvəlcədən şübhəli fikirdən ibarət olan çaşdırıcı suallardan istifadə edə bilərsiniz. Bu suallar şagirdləri sizin fikirlərinizi təkzib etməyə təhrik edəcək və onu lazım olan istiqamətə yönəldəcək. İştirakçının deyə biləcəyi sözü və ya fikri onun əvəzinə ifadə etməyin. Mətndə əsas fikri müəyyən etmək və onu öz sözləri ilə ifadə, ümumiləşdirmə, öz fikrini ifadə və yenidən ifadə etmə bacarığı üzərində işləyin. Şagirdləri öz fikirlərini daha dəqiq ifadə etməyə təhrik edin və onlara köməklik göstərin. Bunun üçün sərf etdiyiniz vaxta təəssüflənməyin! Bu prosesi nümayiş etdirin və şagirdlərin diqqətini buna cəlb edin! Şagirdlərin əvəzinə onların məhsulunu izah etməyin, hər bir iştirakçıya digər şagirdlərin işinə öz fikir və münasibətlərini ifadə etməyə imkan yaradın. Uşaqların cavablarını formal ("quş qoymaq” üçün) dinləməkdən çəkinin. Onların başlıca fikirləri xülasə edilməli və bütün uşaqların nəzərinə çatdırılmalıdır. Fasilitasiya prosesində uşaqların cavablarını dəqiqləşdirin və şərh edin (qiymətləndirmədən, məzmuna əsasən), problemli situasiyalarda uşaqları bu sualların həlli işinə cəlb edin. 
Psixoloji dəstəkləmənin qaydaları: Müsbət dil ifadələrindən istifadə edin, müzakirədə və qrup işində iştirak etmələrinə görə şagirdlərə öz minnətdarlığınızı bildirin (pozitiv münasibət və hörmət). Danışanlara diqqətlə qulaq asın. Hər bir iştirakçıya öz fikrini söyləməyə imkan yaradın. Qrupun yalnız yüksəkdən danışan şagirdlərinı dinləməyinizi yox, bütün qrupun şagirdlərinı diqqətlə dinləməyə hazır olduğunuzu nümayiş etdirin («fəal dinləmə» vərdişi). İştirakçılarla birlikdə işləyib hazırladığınız qaydalara riayət edin. Unutmayın ki, dərs zamanı Siz davranış nümunəsi kimi çıxış edirsiniz (müəllim davranış modeli kimi). Şagirdlərə adları ilə müraciət edin və onların gözlərinə baxın (fərdi yönəlmə). Konstruktivliyi dəstəkləyin, qarşıdurmaya şərait yaratmayın. Şagirdlərin fikirləri ilə səmimi maraqlanın. Yalnız liderlərin və ən fəalların deyil, bütün şagirdlərin nöqteyi-nəzərinə eyni dərəcədə diqqətlə yanaşın. Hər hansı bir fikrin qiymətləndirilməsinə, məzəmmət və lovğalığa imkan verməyin. Lazımsız olaraq qrupun işini qiymətləndirməyin. Müəllimin qiyməti onun şəxsi fikrini əks etdirməməlidir və qiymətləndirmə üçün yox, fasilitasiya üçün bir vasitə olmalıdır! O, şagirdlərin fikirləri ilə razı olmadıqda, bunu onlarla müzakirə etməyi təklif etməlidir. Lakin müəllim işi mütləq qiymətləndirməli olduqda, o, bunu meyarlar əsasında həyata keçirməlidir. 
Məlumatla təmin etmə qaydaları: Fasilitasiyaya başlamazdan öncə özünüzdə zəruri informasiya mənbələrinin və şagirdlərdə lazımi biliklərin olub-olmadığını yoxlayın. Şagirdlərin şüurunda dərsin dəqiq «şəklini» formalaşdırın. Dərsdə təkcə dərslikdə olan materialdan yox, həm də müxtəlif sənədlər, məlumat ədəbiyyatı, şagirdlərin öz təcrübə və müşahidələrindən istifadə edin. Materialın qavranılmasının müxtəlif üsullarını (görmə, eşitmə, toxunma, duyma və s) tətbiq edin. Sual və cavabları mümkün qədər qısa, lakonik və şagirdlərin səviyyəsinə uyğun söyləyin. Başqa şagirdlərin söylədikləri yeni anlayışları, habelə sualın və ya mülahizənin yanlış anlamını vaxtında izah və təhlil etməyə çalışın. Şagirdlərə bütün dərs ərzində problemin həlli yolunda əldə etdikləri nailiyyətləri haqqında məlumatı və əks əlaqəni verməyi unutmayın. 
Təşkilatı dəstək qaydaları .Diskussiyanın təşkili üçün hər bir şagirdə hiss etdirin ki, onun fikir və rəyi yeni biliyin, həqiqətin aşkara çıxarılması üçün vacibdir. Bunun üçün iştirakçıları bu cür suallarla işə qoşun: "Bu ideya haqqında nə düşünürsünüz?”, "Bu fikirlə kim razıdır, kim yox?”, "Bunu başqa şəkildə necə söyləmək olar?” və s. Şagirdlərdə öz fəaliyyətlərini planlaşdırmaq və təşkil etmək bacarığını formalaşdırın. Lövhədə və ya kağız üzərində qrup işi zamanı müəyyən edilən əsas halları qeyd etmək məqsədəuyğundur. Unutmayın ki, qrup işinin nəticələri sonrakı mərhələdə məlumatın müzakirəsi və təşkili üçün lazımdır («körpülərin» quraşdırılması). Öz razılığını və ya narazılığını ifadə etmək üçün şagirdlərə xüsusi işarələr təklif edin (məsələn, baş barmağın yuxarı və ya aşağı vəziyyəti) və onlarla müzakirə zamanı əks əlaqəni verməyə təhrik edin. Destruksiya cəhdlərinin, artıq danışmağın, qeyri-adekvat və ya məqsədəuyğun olmayan söhbətlərin qarşısını alın. Bunun üçün iştirakçını mədəni surətdə dayandıraraq, ona öz fikirlərini qısa və məzmuna uyğun çatdırmaq qaydasını xatırladın. Diskussiyanın lideri olun! 
biaz.ucoz.net




Загрузка...