Dərs quruluşuna görə hər bir müəllimin öz metodu, öz yanaşma tərzi var. Təbiidir, hər bir fənnin də dərsə yanaşma forması ayrı olur. Bütün müəllimlərin işi çətin və şərəflidir. Müəllimlik xeyirxah missiyadır. İbtidai sinif müəllimi olmaq hər hansı bir fənn müəllimi olmaqdan daha çətindir. Çünki uşaqların ilkin bilik və bacarıqlarının təməli İbtidai sinifdən başlayır. Bir şagirdin təlim-tərbiyəsi ibtidai sinifdən düzgün qurulmayıbsa həmin şagird ömür boyu bu səhvin cəzasını çəkir. Kiçik yaşlı məktəblilərlə davranmaq daha çətindir. İnsan həyatı boyunca qazandığı informasiyanın, 80 faizini ibtidai sinifdə oxuduğu vaxtlara əldə edir. Elə ibtidai sinif müəllimlərinin məsuliyyətini artıran əsas prinsip də budur. Həmin yaşda uşaqlarla davranışda həssas yanaşılmalıdır. Onlara qazandırdığın vərdiş və bacarıqlardan zamanında doğru-düzgün yararlana bilsin. Məsələdə müəllimin psixoloji vəziyyəti də önəmli rol oynayır. İnsan öncə həyatla tanış olmalı, daha sonra həyatda baş verən prosesləri öyrənməlidir. Məktəbə ilk qədəmlərini qoyan şagird onu məktəbdə qarşılayan müəlliminə əvəzsiz doğmalıqla, böyük ümidlərlə yanaşır. Əksər kənd yerlərində bağçaların olmadığını nəzərə alsaq evindən başqa heç bir yerdə olmayan uşaqların ilk qədəm qoyduğu məkan məhz məktəbdir. Onların kövrək addımlarını müəllim öz səmimiyyəti ilə bərkitməlidir. Müəllim üçün ən böyük xoşbəxtlik şagirdlərin məhəbbət və etimadını qazanmaqdır. Hamımızın ürəyində heç zaman unutmadığı "ilk müəllimim" guşəsi var.
Müəllim öz işinin keyfiyyətli alınmasını arzu edirsə, öz üzərində çalışmalı, müasir cəmiyyətin real psixoloji vəziyyətinə hesablanmış interaktiv təlimə tam hazırlıqlı olmalıdır. İnteraktiv təlimə hazırlığın əsası hər gün yeni informasiyalardan istifadə etməkdən, zəngin araşdırmalardan və məhsuldar yaradıcılıqdan başlanır. Müəllim yaradıcı olmalıdır. Pedaqoji sahədə yaradıcı baxış, estetik yanaşma vacibdir. Müəllim şagirdlərə təqdim edəcəyi informasiyanı ətraflı şəkildə mənimsəməli, məsələni problem şəkilində qabartmalı və problemin həlli yollarını tapmaqda şagirdlərə yol göstərməlidir. Dərs müddətində bütün şagirdlərin hüquqlarına hörmətlə yanaşmalıyıq və bununla bərabər hər birinə fərdi yanaşmaq da vacibdir. Dərs prosesini maraqlı şəkildə qurmaq üçün dərsin mərhələlərindən lazım olduğu şəkildə istifadə olunmalıdır.
Əsasən dərsi bir Çin məsəlinə uyğun qurmaq münasib olardı. "Mənə de- yaddan çıxarım, Mənə göstər-yadda saxlayım, Məni cəlb et-öyrənim!" Şagirdin axtarışa cəlb olunduğu əsas mərhələ tədqiqat mərhələsidir. Onları cəlb etməliyik. Ümumiyyətcə insan öz bacarığı sayəsində əldə etdiyi nə olursa olsun digər əldə olunmuş bilgilərdən daha maraqlı, daha dəyərli hiss edir. Çünki onu öz zəhməti ilə əldə edib.
Dərs zamanı fasilitasiya qaydalarına uyğun olaraq zəruri istiqamətləri şagirdlərə yönəltdikdən sonra onların hər birini tədqiqatçı kimi dəyərləndirməliyik. Şagirdlərlə dialoqdan aldığımız yeni fikirləri də lazımı istiqamətə yönəltməliyik. Motivasiya – hər hansı bir fəaliyyətə təhrik edən vasitədir. Şagirdlərin idrakı fəallaşır. Dərsi sistemə salan mexanizmdir. Motivasiya qismində istifadə olunan material cəlbedici olmalıdır. Bu mərhələdə şagirdlərin yaradıcılığı və təfəkkürü yoxlanılır. Misal üçün ikinci sinif Həyat bilgisi dərsindən "Təbiətdə suyun dövranı” mövzusu. Mövzuya giriş etmək üçün M.Ə.Sabirin Yağış şeirindən kiçik bir parça səsləndirməklə Ana dili fənninə də inteqrasiya etmiş olarıq. Motivasiya mərhələsində suyun maye, buxar və buz halında olduğunu vurğulamaq və suyun buxarlanmasına aid bir təcrübə keçməklə gələcəkdə Kimya dərsində "Təbii suyun əhəmiyyəti” mövzusunda keçiləcəklərin başalnğıc mərhələsini qoymuş olarıq.
Tədqiqat mərhələsi dərsin ən məhsuldar mərhələsidir. Belə ki, şagirdlər həmin mərhələdə öz bilik və bacarıqlarını ortaya qoyub problemin həllinə səy göstərirlər. Tədqiqatın aparılması zamanı müəllim dərsin nəticəsinə saslanan suallar qurmaq üçün müxtəlif metodlardan istifadə etməlidir. Söz Assosasiyası üsulu ilə dərsin tədqiqat mərhələsində coğrafiyada "Suyun böyük və kiçik dövranı” mövzusu və və biologiyadan "Qan dövranı” mövzusunun ilkin tanışlığını etmiş oluruq. Tədqiqat mərhələsi bir neçə fənnlə inteqrasiya üçün səmərəlidir.
Məlumat mübadiləsi və Məlumatın müzakirəsi mərhələlərində şagirdlər tədqiqatın gedişində əldə etdikləri tapıntıların, mübadiləsini aparırlar. Təbiətdə suyun əhəmiyyətindən, suyun həyat üçün vacibliyindən söz açmaqla yanaşı dərs müddətində şagirdlər bir neçə fənnlə əlaqələndirilmiş geniş informasiyalar əldə etmiş olurlar. Dərsin quruluşu nəticə etibarı ilə məktəblilərə həyatda müxtəlif hadisələrlə qarşılaşdığı zaman vəziyyətə görə davranmaq bacarığı bəxş edir. Fəal təlimin əsas məqsədi də məhz həyata hazırlıqlı şagirdlər yetişdirməkdir. Əldə etdikləri bilik, bacarıq və vərdişlərin möhkəmləndirilməsi məqsədi ilə şagirdlərə ev tapşırıqlarının verilməsi də vacibdir. Şagirdlərin göstərdiyi səyləri nəzərə almaqla dərsin bir neçə mərhələsində Qiymətləndirmənin aparılması münasib olardı.
Sinifdə xüsusi qaydalar tərtib edilməlidir ki, bu da qarşılıqlı hörmətin, nizam-intizamın zəmanətidir. Şagirdlər çox kiçik yaşlı olsalar belə dərsə olduqca anlayışla yanaşır, qaydalara uyğun davranarlar.
Şagirdləri kollektiv şəkildə tədqiqata cəlb etməklə onlarda paylaşmaq, əməkdaşlıq, birgə əmək, qarşılıqlı hörmət və bununla yanaşı özgüvən formalaşdırmaq vacibdir.
Dövlətimiz bütün sahələrə diqqətlə yanaşır. Təhsil sahəsinə göstərilən xüsusi dövlət qayğısı göz önündədir. Dövlətimiz insan kapitalına keçidin əsasını təhsilin inkişafından başlayır. Təhsil sisteminin inkişafına hər il böyük məbləğdə vəsait ayrılır. Müəllimlərimizin peşəkarlıq səviyyəsinin artırılması baxımından dünya səviyyəsində təlimlər keçirilir dünyanın ən qabaqcıl dövlətləri ilə elm-bilik mübadiləsi aparılır. Biz gənc müəllimlər də təhsil sahəsində bizim üçün yaradılmış geniş imkanlardan yararlanaraq peşəkarlıq səviyyəmizi artırmağa çalışacağıq.
Elnarə Günəş,
İsmayıllı rayon Mücühəftəran kənd tam orta məktəbinin müəllimi