"Müasir dövrdə elmin inkişafı qlobal səviyyədə gedir"
Elmi fəaliyyətin qiymətləndirilməsində vahid standart çatışmır.
"Müasir dövrdə elmin inkişafı qlobal səviyyədə gedir. Tədqiqatlar və nəşrlər beynəlxalq xarakter daşıyır, alimlər müxtəlif ölkələrin layihələrində birlikdə çalışırlar. Lakin elmi fəaliyyətin qiymətləndirilməsi məsələsində hələ də vahid yanaşma yoxdur".
AzTehsil.com xəbər verir ki bu fikri açıqlamasında Azərbaycan, Rusiya və Türkiyənin iqtisad elmləri doktoru, professor Zahid Məmmədov bildirib.
Professorun sözlərinə görə, bu, yalnız elm adamlarının fərdi nəticələrinə deyil, həm də bütövlükdə dövlətlərin elmi siyasətinə təsir göstərir:
"Hazırkı sistemlərdə əsas problem ondan ibarətdir ki, hər bir ölkə və universitet elmi fəaliyyəti öz meyarlarına əsasən qiymətləndirir. Bu isə beynəlxalq müqayisəni çətinləşdirir. Məsələn, beynəlxalq reytinqlərdə sosial və milli prioritetlərə xidmət edən tədqiqatlar çox zaman nəzərə alınmır. Nəticədə elmi nailiyyətlərin real dəyəri itir və elmi əmək bazarında balans pozulur.
Müasir elmi təcrübədə üç əsas yanaşma üstünlük təşkil edir: Biblometrik göstəricilər: Hirsch indeksi (h-index), nəşr və istinad sayı, jurnalların impakt-faktoru. Bu göstəricilər müqayisəni asanlaşdırsa da, tədqiqatın keyfiyyətini və sosial əhəmiyyətini hər zaman əks etdirmir.İqtisadi və tətbiqi göstəricilər: Qrantların həcmi, patentlər, kommersiyalaşmış layihələr. Bu yanaşma tətbiqi elmin önəmini göstərir, lakin fundamental elmi araşdırmalar kölgədə qalır.Keyfiyyət və sosial təsir göstəriciləri: Elmin təhsilə, kadr hazırlığına, sosial və texnoloji problemlərin həllinə təsiri. Lakin bu sahədə ölçmə metodları mürəkkəbdir.
Beləliklə, elmi fəaliyyətin ədalətli qiymətləndirilməsi üçün həm say, həm də məzmun baxımından balanslaşdırılmış göstəricilər sistemi tələb olunur.Bu gün tətbiq olunan metodikalar çox zaman fragmentar xarakter daşıyır, say göstəricilərinə üstünlük verilir və milli xüsusiyyətlər nəzərə alınmır. Bundan əlavə, bəzi hallarda “öz-özünü sitat gətirmə” və “məqalələrin bölünməsi” kimi manipulyativ təcrübələr etimadı sarsıdır.Elmi fəaliyyətin vahid göstəricilərlə ölçülməsi bir sıra üstünlüklər yaradır. Beynəlxalq müqayisə imkanlarını artırır.
Elmi resursların bölüşdürülməsində şəffaflığı təmin edir. Elmi nəticələrin həm keyfiyyət, həm də kəmiyyət baxımından dəyərləndirilməsinə şərait yaradır. Cəmiyyətin elmə inamını möhkəmləndirir.Vahid göstəricilər sistemi universallıq, komplekslik, şəffaflıq, dinamiklik və etik məsuliyyət prinsipləri üzərində qurulmalıdır. Bu sistem həm qlobal elmi mühitin tələblərinə cavab verməli, həm də hər bir ölkənin elmi prioritetlərini nəzərə almalıdır.
Elm yalnız fərdi nailiyyətlərin deyil, həm də ümumi inkişaf strategiyasının məhsuludur. Elmi fəaliyyətin qiymətləndirilməsi üçün vahid göstəricilərin tətbiqi bu prosesi şəffaf, obyektiv və beynəlxalq səviyyədə müqayisəolunan edəcək. Beləliklə, vahid göstəricilər sistemi müasir elmi siyasətin əsas alətlərindən birinə çevriləcək".