Xəbərlər, Ziyalılar
23 iyul 2020

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

 

COVİD-19 dünya ölkələrində olduğu kimi Azərbaycanda da bir çox sahələrdə, o cümlədən təhsil sistemində mövcud olan problemləri, çatışmazlıqları sərt şəkildə ortaya çıxardı. Bəlli oldu ki, xüsusilə təhsil sahəsi yeni çağırışlara adekvat cavab verəcək səviyyədə deyil. Bu sahədə mövcud olan problemlər, ondan çıxış yolları və digər aktual məsələlərlə bağlı suallarla təhsil eksperti, dosent İlham Əhmədova müraciət etdik.

İlham müəllim, COVİD-19 pandemiyasının hökm sürdüyü indiki zamanda ölkənin orta və ali təhsil sistemi hansı problemləri yaşayır?

- Bildiyiniz kimi dünyada yaranmış Pandemiya vəziyyəti bir çox sahələrin işində, ümumən dünya iqtisadiyyatında ciddi problemlər yaratdı. Qlobal təhsil məkanında da problemlər yaşandı. Bu yaranmış vəziyyətlə əlaqədar dünyanın əksər ölkələrinin təhsil sistemi operativ olaraq çətinlik çəkmədən distant təhsilə keçid etdilər, çünki, bu ölkələrdə artıq keyfiyyətli distant təhsil sistemi qurulmuşdu - ABŞ-dan Monqolustanadək.

Bizim ölkəmiz də təbii ki, tədrisi davam etdirmək üçün distant təhsil texnologiyalarına müraciət etməli oldu. Amma digər ölkələrdən fərqli olaraq, ölkəmizdə distant təhsil sistemi vaxtında yaradılmadığına görə xeyli çətinliklər yaşandı. Çətinliklər yüngül formada digər ölkələrdə də hiss edilirdi. Bu ölkələrdə distant təhsil sistemi yaradılsa da, ölkə üzrə tələbə kontingentinin təxminən 20% distant təhsil alırdı. Yaranmış vəziyyətdə isə bütün universitetlərin, bütün ixtisasların, bütün tələbələrin kütləvi şəkildə distant təhsilə keçidi tələb edilirdi. Bu mənada həmən ölkələrdə bəzi çətinliklər olmuşdu. Amma həmən universitetlərin artıq distant təhsil sahəsində zəngin təcrübəsi, zəruri resursları- kadr təminatı ( bu sistemdə tədrisi apara bilən professor-müəllim və texniki heyəti), hüquqi-normativ bazası, proqram- texniki təminatı, pedaqoji-metodiki təminatı olduğundan bu universitetlər az vaxtda problemləri həll edə bildilər. Bizim ölkədə isə vəziyyət xeyli fərqli oldu. 

Məlum olduğu kimi, 2009-cu ildə qəbul edilən "Təhsil Qanunu”nda təhsil formalarından biri kimi distant təhsil qeyd edilmişdi. Təəssüf ki, bu təhsil formasının ölkəmizdə yaradılması və inkişafı üçün müvafiq icra hakimiyyəti orqanı olan Təhsil Nazirliyi (TN) lazımi tədbirləri planlamadı və icra etmədi. Əslində 2009- cu il də distant təhsilin yaradılması üçün artıq gec idi, belə ki, bir çox ölkələr bu işə artıq 90-cı illərdən başlamışdılar. Təxminən 1995-96- cı illərdən İnternetin təhsildə tətbiqi prosesləri gedirdi. Bunun təbii nəticəsi kimi də İnternet üzərindən distant təhsil formalaşmağa başladı. 

Artıq 2000- ci illərdə dünyada xeyli sayda universitetlər İnternetin zəif sürətli olmasına baxmayaraq İnternet üzərindən sistemli ali təhsil verməyə başlamışdılar. Nəhayət ki, gec də olsa ölkəmizdə 2009- cu ildə distant təhsilin yaradılması üçün ilkin zəmin yaradıldı ("Təhsil Qanunu”nun qəbulu), hərçənd həmən dövrdə artıq distant təhsil beynəlxalq təcrübədə təhsil forması kimi yox, təhsil texnologiyası kimi istifadə edilirdi. Təhsil texnologiyasından istifadə üçün isə hər hansı maddənin qanunda qeyd olmasına ehtiyac yox idi. Amma 2009-dan sonra distant təhsil sisteminin ölkəmizdə yaranmasına artıq heç bir maneə yox idi, amma nə səbəbdənsə təhsil məmurlarının belə bir istəyi yox idi. 2009-dan sonra da distant təhsilin yaradılması istiqamətində heç bir addım atılmadı. Mən çox istərdim ki, TN nümayəndəsi rəsmi açıqlaqma versin ki,

"Təhsil Qanunu”nun bu maddəsinin icrasını 11 il ərzində niyə təmin etməyib?

Hansı mühüm səbəb olub ki, bütün dünyadan fərqli olaraq ölkəmizdə distant təhsilin tətbiqi qadağan edilib?

Ümumən pandemiyanın başlamasından sonra təhsil sistemində yaranan problemlərin səbəbi nədir, bu problemləri necə həll etməyi düşünürlər?

Distant təhsillə bağlı gələcək planları nədir?

Kimlərsə əgər düşünürsə ki distant təhsili bir neçə aya yarada biləcəklər, yanılırlar. Bu məsələlərin həllinə illərlə vaxt və on milyonlarla pul lazımdır. Distant təhsilin yaradılması İKT məsələsi, İKT layihəsi deyil, təhsil məsələsidir, təhsil layihəsidir. Distant təhsili İKT mütəxəssisləri deyil, təhsil mütəxəssisləri kompleks qaydada həll edə bilərlər. 

Distant təhsil təhsilin informatlaşmasını zirvəsidir. Təhsilin informatlaşması isə pedaqoji elmin yeni bir istiqamətidir. Elektron pedaqogika bu məsələlərlə məşğuldur (elektron pedaqogika - pedaqogikanın yeni sahəsi olub, İKT-nin tətbiqi ilə tədris proseslərini öyrənir). Bu məsələlərdə delitantlıq təhsil sistemimizə çox baha başa gələ bilər . Daha bir səvh etməyə şansımız yoxdur, çünki geriliyimiz 20 ildir.

Təhsilə dair, İnformasiya cəmiyyətinə dair, İKT-nin inkişafına dair, məşğulluğa dair və.s. istiqamətlərdə qəbul edilən xeyli sayda dövlət proqramlarında distant təhsilin yaradılması məsələlərinə toxunulurdu, amma real olaraq heç bir nazirlikdə konkret bir iş görülmədi. 

Qeyd etdiyimiz kimi, distant təhsil İKT-nin təhsildə tətbiqinin zirvəsidir. Bu təhsilin informatlaşmasının təbii nəticəsi kimi yaranmalı idi. Amma ölkəmizdə təhsilin informatlaşması səviyyəsi o dövrdə beynəlxalq təcrübədən təxminən 10-15 il geridə idi. Sonralar bu istiqaqmətdə iki dövlət proqramı icra edildi, amma bu gerilik yenə aradan qalxmadı. Daha sonra (2014-cü ildə) təhsilin inkişafı strategiyası hazırlandı və icra edildi. Amma bu strategiyada da distant təhsilin yaradılması nəzərdə tutulmurdu. 2014-cü ildə, bütün dünyada distant təhsil geniş yayıldığı dövrdə, bizim təhsil strategiyasında bu məsələ niyə "unudulmuşdu”? Təhsil strategiyasına bu məsələni daxil etməklə, gec də olsa bu işi ayağa qaldırmaq mümkün idi, hər halda pandemiyanı belə hazırlıqsız qarşılamaz idik. 

Beləliklə illər keçdi, amma distant təhsil sistemi ölkədə yaradılmadı. Bu səbəblərdən də pandemiya dövründə təhsilimizdə ciddi problemlər yarandı. Vəziyyətdən çıxmaq üçün orta məktəblərdə teledərslərdən istifadə edildi. Buna əlavə olaraq "Virtual məktəb” proqramı hazırlandı. Ali məktəblərdə isə müxtəlif proqram vasitələrindən ( ZOOM, MS TEAMS, Votsap, Feysbuk v.s.) istifadə edilərək canlı məşğələlər təşkil edildi. Ölkə üzrə İnternetin sürəti və əhatə dairəsi qənaətbəxş olmadığı üçün dərslərə qoşulan tələbələr çox deyildi, həm də bu işlərə hazırlıqsız, plansız başlanıldı. Ümumən bu təcrübəni distant təhsil adlandırmaq düz olmazdı.

Universitetlərimizdən UNEC bu proseslərdə öndə oldu. Bu universitet son illər distant təhsil sahəsində konkret addımlar atmışdı. UNEC ölkəmizdə yeganə universitetdir ki, pandemiya dövründə mindən artıq tələbəsi tanınmış xarici universitetlərdə pulsuz olaraq onlayn kurslar keçdilər, sertifikatlar aldılar. Digər universitetlərimiz də bu təcrübədən hökmən faydalanmalıdırlar. İnternetdə pulsuz, açıq, kütləvi onlayn kurslar çoxdur. Necə deyərlər oxuyana minnət. Təki istək, həvəs olsun. Sadəcə xarici dillərdən birini (ingilis və ya rus dilini) bilmək və tələbənin və ya universitetin istəyinin olması kifayətdir ki, bu unikal imkanlardan faydalanaq. Pandemiya bitəndən sonra da universitetlərimiz xarici onlayn kurslardan bəhrələnməlidir. Dünya gör-götür dünyasıdır, yaxşı nə varsa hamısını öyrənməli, tətbiq etməliyik.

Bu müddətdə UNEC həm də maariflənmə məqsədi ilə distant təhsilə dair bir neçə maraqlı beynəlxalq onlayn konfrans təşkil edə bildi. ADPU-nun Quba filial da distant təhsilə dair belə bir onlayn konfrans təşkil etdi. Düzü belə onlayn elmi konfransları da hələ 5-10 il əvvəldən təşkil etməli idik, nəzərə alsaq ki, bizim universitetlər maddi sıxıntı səbəbi ilə nə xaricdən alim dəvət edə bilir, nə də öz alimlərini xaricə ezam edə bilir

- Postpandemiya dövrünə hazırlıqla bağlı orta və ali təhsil sahəsində hansı işləri görmək lazımdır?

Pandemiyanın ziyanla bərabər o faydası oldu ki, distant təhsilin aktuallığı dünyada daha da artdı. Hətta distant təhsil sözünü eşitmək istəməyənlər də bu sözü işlətməyə başladı. Proseslər göstərir ki, gələcəkdə onlayn təhsil sistemi bütün dünyada daha sürətlə inkişaf edəcəkdir. Qlobal onlayn təhsil bazarı da sürətlə artır. 2025-ci idə qlobal onlayn təhsil bazarının həcmi 320 milyard dollar olacağı gözlənilir. Bu gün RF onlayn təhsil bazarının həcmi 1 milyard dollardır. Bizim ölkəmizdə distant təhsilin yaradılmasına son 20 ildə maneələr yaradılmasaydı, hesab edirəm ki, bizim onlayn təhsil bazarının həcmi ən azı 50-100 milyon dollar intervalında ola bilərdi. Bu təhsil texnologiyası reallaşsaydı ölkəmizdə həm insan kapitalının inkişafı, həm təhsilin inkişafı, həm də qeyri neft sektorunun yeni bir seqmenti yaranardı. Bildiyiniz kimi, bu yaxınlarda (16.06.2020) Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə "Microsoft” şirkətinin rəhbərliyi və nümayəndələri arasında videokonfrans rejimində müzakirələr oldu. Bu görüş zamanı cənab Prezident bildirmişdir: " Bizim məktəb və universitetlərimiz mart ayından bəri bağlanıb. Biz sentyabrın 15-dən başlayacaq yeni tədris ilinə hazırlaşmalıyıq. Həmin zaman pandemiya ilə bağlı vəziyyətin necə olacağını bilmirik, məktəb və universitetləri aça biləcəyimizi bilmirik, ona görə də biz ən pis ssenariyə hazırlıqlı olmalıyıq. Əgər problem davam edərsə və getdikcə pisləşərsə, o zaman biz bu barədə düşünməli olacağıq. Lakin indi bu barədə düşünmək lazımdır. Həmçinin distant işlə bağlı məsələlər... Bu da ölkə üçün olduqca vacibdir. Təxminən bunlar bizim planlarımızda diqqətimizi cəmlədiyimiz sahələrdir. ... Pandemiya ilə əlaqədar bu vəziyyət bizi məcbur edir ki, təhsil, distant təhsil məsələlərinə yeni bucaqdan baxaq. Baxmayaraq ki, mövcud vəziyyətə özümüzü uyğunlaşdırmaq üçün bizim çox vaxtımız olmadı, lakin müəyyən addımlar atılmışdır”.

Bu görüşdən bir müddət əvvəl cənab Prezidentin CİSCO şirkəti rəhbərləri ilə də belə görüşü olmuşdu. Həmən görüşdə də distant təhsil məsələləri müzakirə edilmişdi. Bütün bu amillər ümid yaradır ki, ölkəmizdə gələcəkdə beynəlxalq standartlar səviyyəsində distant təhsil sistemi yaradılacaq, çünki məsələ artıq Prezidentin diqqət mərkəzindədir.

Distant təhsilin ölkəmizdə vaxtında hüquqi normativ bazasının yaradılmaması, xarici ölkələrdə distant təhsil formatında alınan ali təhsil diplomlarının tanınmaması ilə əlaqəli problemlər yaratmışdır. Amma bu gün sivil ölkələrdə, iri şirkətlərdə işə qəbul zamanı diploma əhəmiyyət verilmir. Özü də işə qəbul edilərkən distant və ya onlayn təhsil alanlar işəgötürənlər tərəfindən yüksək qiymətləndirilir. Bizdə isə hələ də distant təhsil alanların diplomunu tanımırlar.

Məlum olduğu kimi "2007-2015-ci illərdə Xaricdə təhsil üzrə dövlət proqramı" qəbul edilmişdi. Bu proqramın xətti ilə 4000 nəfərə yaxın gənc xarici universitetlərdə təhsil almışdır. Amma bu tələbələrdən xeyli hissəsi geriyə, ölkəmizə dönmədi. Amma bu gənclər həmən proqram çərçivəsində xarici universitetlərdə distant oxusaydılar, həmən məbləğə 4000 yox, 15000-20000 nəfər tələbə xaricdə təhsil ala bilərdi və gənclərin xaricdə qalıb vətənə dönməmək problemi də olmayacaqdı. Biz bu təklifi vaxtı ilə TN bildirmişdik, təəssüf ki, nəzərə alınmadı.

Qeyd etdiyimiz kimi, ola bilər pandemiya hələ bir müddət davam etsin, yeni dərs ilində onlayn dərslər davam etsin. Təcili olaraq bu proseslərə hazırlaşmaq lazımdır. TN və universitetlər bu istiqamətdə nə düşünür, nə planlayır məlum deyil, rəsmi məlumatlar hələlik yoxdur. Bu məsələyə Milli Məclisin iclasında bu yaxınlarda toxunulmuşdu. Millət vəkili Ceyhun Məmmədov öz çıxışında qeyd etmişdir ki, ölkədə distant təhsillə əlaqədar yeni dərs ilinin başlamasına qədər bu işlərin edilməsi məqsədəuyğundur:

1. Distant təhsil üzrə mütəxəssislərin müəyyən edilməsi, onların köməyi ilə yenilərinin hazırlanması.

2. Distant təhsil mütəxəssislərindən ibarət işçi qrupun yaradılması.

3. Normal distant təhsil sisteminin qurulması üçün uzun müddətli strategiyanın.

4. Gələcəkdə distant təhsil sistemində istifadə üçün keyfiyyətli kontentin hazırlanması.

Hörmətli millət vəkilinin təkliflərini dəstəkləyirəm. Düşünürəm ki, yeni dərs ilinə qədər olan dövrdə intensiv işlər görülməli, yaxın aylar üçün taktiki və uzun müddət üçün strateji məsələləri müəyyən etmək, onların icrasına başlamalıyıq. Yoxsa yeni dərs ilində təhsil sistemi iflic vəziyyətə düşə bilər.

- Ümumiyyətlə, ölkənin təhsil sistemində ən ciddi uğurlar və qüsurlar hansıdır?

- Təhsil ölkəmizdə prioritet sahə hesab edilir. Bu sektorun inkişafına dair bir sıra dövlət proqramları icra edilmişdir. Xeyli məktəb binaları inşa edilmişdir. Son 20 ildə beynəlxalq fənn olimpiadalarında xeyli sayda şagirdlərimiz nailiyyətlər qazanıblar ( bu, daha çox müəllim, valideyn və şagirdlərin fədakarlığı hesabına mümkün olmuşdur.) Amma hər bir sahədə olduğu kimi, təhsildə də ciddi uğurların olması üçün mövcud problemləri görməli və onların həllinə cəhd etməliyik. Cənab Prezident hər dəfə çıxışlarında ictimai nəzarətin əhəmiyyətini xüsusi qeyd edir. Məncə illər ərzində ölkəmizdə ictimai nəzarətin zəif olması bir çox sahələrdə, o cümlədən təhsildəki problemlərin vaxtında həll edilməsinə imkan verməyib.

İctimai nəzarət tərifə yox, daha çox tənqidə yönlənməlidir. Onsuz da tərif söyləyən xeyli sayda KİV və jurnalistlər var (problemlərin ört- basdır edilməsi ilə məşğuldurlar çoxusu). Bizdə məmurlar tənqidi çox vaxt təhqir kimi qəbul edirlər. Tənqid lazımdır, çünki, nöqsanları, çatışmazlıqları təftiş edir, onları ictimai nəzarətə götürür. Tənqid səhvləri üzə çıxardır ki, nəticə çıxarılsın, səhvlər təkrarlanmasın. Tənqid tərəqqinin, inkişafın əsas səbəbkarıdır. O cəmiyyəti silkələyir, ona düz yol göstərir. Sağlam tənqid - xoş niyyətin, ağıllı düşüncənin məhsuludur. Bir şərq məsəlində deyildiyi kimi, ... sənin nöqsanını üzünə deyən sənin dostun, nöqsanlarını səndən gizlədən isə sənin düşmənindir. Dünya tarix boyu məhz bu zəmində inkişaf etmişdir. «Təhsil elə bir sahədir ki, burada ictimai nəzarət daha çox olmalı, nöqsanlara göz yumulmamalıdır, çünki, hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır” (A.Eynşteyn). 

İctimai nəzarət baxımından hər bir mütəxəssis, ekspert öz fikrini sərbəst deyə bilər. Bu xidmət sanki pulsuz audit fəaliyyətidir. Bizdə bəzən digər ölkələrdən olan ekspertlərə, konsaltinq şirkətlərinə xeyli pul verib onların audit, monitorinq xidmətindən istifadə edirlər. Çox vaxt da səmərəsiz olur bu xidmətlər, amma yerli mütəxəssisi, hansı ki, lokal problemləri yaxşı bilir, bu problemlər onun gözü önündə yaranıb, hətta həlli yollarini da təklif edə bilər, onu dinləmək istəmirlər. TN digər dövlət qurumları kimi ekspertlərdən yalnız "öz mövqe”lərinə uyğun fikir gözləyir, alternativ rəy isə pis qarşılanır. Bunun nəyi ictimai nəzarət oldu? Belə yanaşma artıq 20 ildir davam edir, parallel olaraq problemlər də 20 ildir davam edir. Təhsildə bu qədər problemlərin içində olaraq, onları "görməmək” mümkün deyil, bu halda problemləri yaradanları və ya görmək istəməyənləri necə müdafiə etmək olar? Vətəndaş mövqeyi olan ekspert vəziyyəti təhrif etməli deyil, mövcud real problemlərdən danışmalıdır. 

Tərifi isə təhsilin keyfiyyətinə dair beynəlxalq qiymətləndirmələr əsasında, universitetlərin qlobal reytinqləri əsasında, universitetlərimizin yerli və beynəlxalq qrantlar alması əsasında, ölkəmizin universitetlərində yaranan qlobal əhəmiyyətli startap, innovasiyalar, İnformasiya Texnologiyaları (İT) əsasında, universitetlərimizdə təhsil alan əcnəbi tələbələrin sayının ilbəil artması demək olar. 

Təhsildə olan problemlərdən biri də təhsil siyasətində prioritetlərin düz müəyyən edilməməsi, bu səbəbdən illər ərzində investisiyaların səmərəsiz olmasıdır. Təhsil islahatlarının əsas məqsədi kefiyyətin yüksəldilməsi, rəqabət qabiliyyətinin təmin edilməsi, innovasiyaların yaradılması və transfer edilməsidir. Aparılan təhsil islahatları təəssüf ki, bu məsələləri həll edə bilmədi.  

Bu gün təhsilin əsas problemi keyfiyyətin aşağı olmasıdır. PİSA (2018 ) və dünya universitetlərinin reytinq cədvəlləri ölkə təhsilinin qlobal inkişaf rakursunda vəziyyətini aydın göstərir. Hələ də heç bir universitetimiz beynəlxalq keyfiyyət sertifikatı ala bilməyib.   

Təhsildəki problemlərin bir səbəbi də təhsilin zəruri ehtiyaclardan dəfələrlə az maliyyələşməsidir. Son 20 ildə ayrılan investisiyalar təhsilin keyfiyyətinin yüksəldilməsinə yox, daha çox tikinti-təmir işlərinə yönəldilmişdir. Xatırlayırsınızsa, 10 il əvvəl, neft pullarının ölkəyə intensiv axını zamanı belə bir fikir var idi ki, ali məktəblər şəhərdən kənara köçürülsün, hər bir universitetə ayrıca bir kampus tikilsin. O vaxt bir kampusun tikilməsinə 150-200 milyon dollar nəzərdə tutulurdu. Həmən dövrdə mən məqalələrimin birində yazmışdım ki, gəlin əvvəlcə "universitetlərimizi universitet edək, sonra hara istəsəniz köçürdərik”. O vaxtlar (elə indi də) universitetlərimizdə informatlaşma səviyyəsi aşağı, tədris metodik təminat zəif, kadrların təkmilləşdirmə sistemi yox, elmi tədqiqatlara maliyyə yox v.s. kimi problemlər var idi. Göründüyü kimi problemlərin kökü maliyyələşmənin az olmasıdır. Bu problemlərin həllinə maliyyə tapılmadığı halda kampusların tikilməsinə yüz milyonların səpələnməsi planları təbii ki, səhv addım idi.

Keyfiyyətsiz təhsil verən universitet ən elementar problemlərini həll etmədən yeni kampusa köçməklə keyfiyyətli təhsili verə bilərdimi?

Yoxsa, dünya universitetlərinin reytinq cədvəli universitetlərin fasadları və parketlərinin gözəlliyi ilə müəyyən edilir?

Yoxsa şagirdlərin beynəlxalq PİSA qiymətləndirilməsi yeni tikilən məktəblərin sayı və ya onların dizaynı ilə müəyyən edilir?

Ölkədə son 15 ildə 3500 yeni məktəb binası tikildiyi halda (buna bir neçə milyard dollar sərf edilıb) şagirdlərin biliyinin qiymətləndirilməsi üzrə beynəlxalq PİSA qiymətləndirilməsində ən aşağı yerlərdən birini tuturuq. Bu pulun yarısı təhsilin məzmununa və keyfiyyətinə , müəllim hazırlığına, əmək haqqının artmasına sərf edilsəydi, PİSA qiymətləndirilməsində ilk 10-da ola bilərdik. Məktəb binaları köhnə olsa da, təhsilimiz müasir olardı. Ölkəyə nəticə etibarı ilə savadlı gənclər lazımdır, yoxsa savadsız nəsl yetişdirən yeni məktəb binaları? 

Bütün dünya artıq çoxdan onlayn təhsilə keçib, heç bir kampusu olmayan virtual universitetlər var ki, müxtəlif ölkələrdən milyonlarla tələbələrə onlayn təhsil verir, biz isə yenə də 50 il əvvəlki kimi univeritetlər üçün möhtəşəm binaların tikintisinə yüz milyonlar sərf edirik, amma eyni zamanda həmən bu universitetlər onlayn təhsilin yaradılmasına 2-3 milyon investisiya qoymağa pul tapmır. Bu gün bütün dünyada onlayn təhsil platformaları kampusları, mühazirə auditoriyalarını, elmi-tədqiqat və tədris laboratoriyalarını əvəz etdiyi bir dönəmdə, biz universitetlərə yeni tədris binaları tikməklə fəxr edirik, eyni zamanda pul yoxdur bəhanəsi ilə onlayn təhsilin inkişafını, müasir təhsil innovasiyalarının transfer edilməsini ləngidirik. Bilməliyik ki, gələcək rəqəmsal iqtisadiyyatın, elektron təhsilindir, təhsil siyasətimizi də məhz buna uyğun qurmalıyıq. 

Müasir universitet qurmaq çox çətin və bahalı layihədir, informasiya cəmiyyəti şəraitində bütün investisiyanı universitetin maddiyyatına sərf edib, amma normal məzmun, informasiya təhsil məkanı qurmadan, müəllimlərin fasiləsiz inkişafını təmin etmədən, İKT problemlərini həll etmədən, alimlərə normal əmək haqqı vermədən universitet qurmaq mümkün deyil. Universiteti ayaqda saxlayan oradakı alimləridir. Müstəqillik illərində minlərlə universitet müəllimləri maaşlarının azlığı səbəbi ilə xarici universitetlərə üz tutdular, orada həm özləri inkişaf etdi, həm də işlədikləri universitetləri inkişaf etdirə bildilər, geri qayıtmaq haqqında düşünənlər də çox azdır.

Ölkənin bir sıra strateji sənədlərində təhsilin inkişafı prioritet sahə kimi qeyd edilir. "Azərbaycan Respublikası Milli təhlükəsizlik Konsepsiyası” (2007-ci il) sənədində qeyd edilir: " Peşəkar insan ehtiyatlarının azlığı milli təhdiddir... Bütün səviyyələrdə təlim və tədrisin təmin edilməsinə qadir olan mütərəqqi təhsil sisteminin inkişafında və idarə edilməsində uğursuzluq inkişafımıza uzaq perspektivdə mənfi təsir göstərə bilər.... ". Təəssüf ki, illər ərzində biz büdcəni elm və təhsilin inkişafına, elm adamlarının sosial təminatına yönəltmək əvəzinə, bu sahədən kəsib idmanın inkişafına, beynəlxalq şou festivalların təşkilinə və binaların fasadlarına yönəltdik. Ona görə də təhsildə qlobal inkişafdan xeyli geridəyik, yaxın 10 illiklərdə bu geriliyi ləğv etmək mümkün deyil. Biz yalnız pandemiya gələndən sonra distant təhsil haqda düşünməyə başladıq, pandemiya olmasa idi, hələ 20 il də distant təhsilin qarşısındakı şlaqbaum yəqin ki, götürülməyəcəkdi.   

Sovet vaxtı 3 nazirlik kimi fəaliyyət edən təhsil sistemi, müstəqillik illərində bir nazirlik kimi fəaliyyətini davam etdirdi. Faktiki olaraq, Təhsil Nazirliyi Maarif Nazirliyi statusunda (yəni yalnız orta təhsilin idarə edilməsi) işləyir. Sovet vaxtı bizdə ali təhsil nazirliyi kimi müstəqil fəaliyyət göstərən bir qurum da var idi (həmən vaxt ölkədə 17 ali məktəb var idi, uyğun nazirlikdə isə 100 nəfər ali təhsil mütəxəssisi işləyirdi, bütün tədris-metodik baza da Moskvadan gəlirdi). Bu gün TN-də bir sektor formatında bu iş davam edir (baxmayaraq ki, ölkədə 50 ali məktəb var, TN-nin müvafiq sektorunda cəmi 6-7 nəfər işləyir, zəruri tədris metodik bazanı yaradan heç bir qurum da yoxdur).

TN-nin nəznində Rektorlar Şurasının fəaliyyəti də son illər hiss edilmir. Ali təhsil pedaqogikası, ali təhsilin təşkili və idarə edilməsi üzrə TN-də səriştəli mütəxəssislər azdır. Belə potensial, belə maliyyələşmə, belə idarəetmə ilə təbii ki, tənəzzül qaçılmazdır. Bu səbəbdən ali təhsil sistemimiz 2005-ci ildə Boloniya prosesinə qoşulub və 2010-cu ildə bu proses tamamlanmalı idi, amma indi 2020-ci ildir, real nəticə hələ də əldə edilməyib. 2009-cu ildə "Təhsil Qanunu" qəbul edilib və distant təhsil yeni təhsil forması kimi xüsusi qeyd edilib, amma TN 11 il ərzində distant təhsil sahəsində heç nə edə bilməyib, universitetlərə də distant təhsil sisteminin yaradılmasına imkan verilməyib. Bu sahədə heç normativ baza da yaratmayıblar, pandemiya dövründə təhsil sistemində "distant təhsil” adı ilə aparılan məşğələlərin, imtahanların, qiymətləndirmə sisteminin heç bir hüquqi bazası yox idi.

Bu gün ali təhsilin əsas məqsədi - dünyanı dəyişdirmək üçün tələbələrə öz istedadlarını üzə çıxarmağa, araşdırmağa, inkişaf etdirməyə, onu real işlərdə tətbiq etməyə imkan yaratmaqdır. Tezliklə texnologiyaların inkişafı hesabına klassik universitetlər sözün həqiqi mənasında tənəzzülə uğrayacaqlar, "qırmızı kitaba” düşəcəklər (dinozavlar kimi), necə ki, vaxtı ilə kino və televiziyanın yaranması və inkişafı ilə teatrlar mövqelərini itirdilər. Tezliklə texnologiyaların sürətli inkişafı hesabına universitet təhsili tam dəyişəcək. Bizim universitetlər də bu dəyişiklikləri vaxtında qiymətləndirməli, zamanın tələblərinə uyğulaşmalı, onlayn təhsilə doğru real addımlar atmalıdırlar, əks halda universitetlərimiz dünya təhsil məkanından təcrid olacaq, müflis olacaq, bağlanacaqlar. Bu gün dünyanın TOP-50 universitetinin hər birinin büdcəsi bir neçə milyard dollardır. Bu universitetlərin hər birinin büdcəsi bizim bütün universitetlərin toplam büdcəsindən dəfələrlə çoxdur.                                                                                         

- Təhsil sistemində hansı yenilikləri görmək istəyirsiniz?

- İlk növbədə təbii ki, qeyd etdiyim problemlərin yaxın 10 -15 ildə həll edilməsini istərdim . Bu gün dünya təhsil sistemi çox sürətlə inkişaf edir, yeniləşir. Təhsildə hər gün yeni innovasiyalar yaradılır. Bunların çoxu bizim təhsildən yan keçir. Heç xəbərimiz də olmur. Bildiklərimizi tətbiq etməyə imkan da verilmir, çünki bunlara maliyyə lazımdır. İstərdim ki, gələcəkdə bizim ölkəmizdə də təhsil yüksək səviyyədə inkişaf etsin. Ölkəmiz dünyada təhsil innovasiyalarının yaradılması mərkəzlərindən biri olsun, ölkəmizdə yüksək səviyyəli distant təhsil bərqərar olsun.

2000-ci ildə Bakıda keçirilən bir konfransda demişdim ki, distant təhsilin çox böyük gələcəyi var, biz bu proseslərə təcili qoşulmalıyıq. Türkdilli ölkələrin gənclərinin ali təhsil alması üçün "TURAN” adlı türkdilli virtual universitet yaratmalıyıq, çünki bizim xalqın buna potensialı çatar ( o vaxt belə idi) və azərbaycan türkcəsi ortaq türk dili kimi bu işə daha uyğundur. O vaxtlar TN-də müasir anlamda distant təhsil sistemi hələ yox idi. Təəssüf ki, nə o təklifim, nə də sonrakı 20 il ərzində verdiyim digər onlarca təkliflərimin heç biri aidiyyatı qurumlar tərəfindən qəbul edilmədi, hər dəfə də eyni səbəblə. Bütün bunlarla belə ümid edirəm ki, ölkəmizdə də beynəlxalq standartlar səviyyəsində distant təhsil sistemi yaradılacaq, çünki bu məsələ artıq ölkə Prezidentinin diqqət mərkəzindədir.

Ölkə olaraq belə bir hədəf müəyyənləşdirməliyik: 2030-cu ildə TOP-1000 universitet sırasında azı 3 universitetlə təmsil edilək. Hesab edirəm ki, bu məqsədlə ali təhsilin problemlərini təhlil edib, inkişaf yönümlü fəaliyyət proqramı hazırlamalıyıq. Qeyd edilən hədəfə yaxınlaşmaq üçün Nazirlər Kabineti nəznində yüksək səviyyəli sahələrarası hökumət komissiyası yaradılmalı, ali məktəblərin problemləri kompleks tədqiq edilməli, bu sahənin inkişafına ciddi maliyyə ayrılmalıdır.Təsadüfi deyil ki, Heydər Əliyev təhsili millətin gələcəyi adlandırırdı.




Загрузка...
loading...

Həmçinin oxuyun:
“Pandemiya şəraitində distant təhsil: təcrübə və perspektivlər

“Pandemiya şəraitində distant təhsil: təcrübə və perspektivlər"

Pandemiya göstərdi ki, ali təhsil müəssisələrimiz distant təhsil istiqamətində nə qədər geri qalırlar- İlqar Orucov

Pandemiya göstərdi ki, ali təhsil müəssisələrimiz distant təhsil istiqamətində nə qədər geri qalırlar- İlqar Orucov

İlqar Orucov: Azərbaycan təhsili təkcə pandemiya dövründə deyil, post pandemiya dövründə də çağırışlara açıq olmalıdır

İlqar Orucov: Azərbaycan təhsili təkcə pandemiya dövründə deyil, post pandemiya dövründə də çağırışlara açıq olmalıdır

Universitetlər  yeni dərs ilinin əvvəlindən  yenə distant təhsildən istifadə  edəcəklərmi?-Dosent  İlham Əhmədov

Universitetlər yeni dərs ilinin əvvəlindən yenə distant təhsildən istifadə edəcəklərmi?-Dosent İlham Əhmədov

Etibar Əliyev: Tələbələr təhsil haqlarını ödəməlidirlərmi?

Etibar Əliyev: Tələbələr təhsil haqlarını ödəməlidirlərmi?

Məsud Əfəndiyev: “Distant təhsil forması əyani və qiyabi təhsil hesab edilə bilər”

Məsud Əfəndiyev: “Distant təhsil forması əyani və qiyabi təhsil hesab edilə bilər”

“Azərbaycan distan təhsil ixrac edən mərkəzə çevrilə bilər”- Rektor Ədalət Muradov

“Azərbaycan distan təhsil ixrac edən mərkəzə çevrilə bilər”- Rektor Ədalət Muradov

UNEC Distant Ali Təhsil Beynəlxalq Forumu 2020: “Yeni imkanlar və müasir çağırışlar”

UNEC Distant Ali Təhsil Beynəlxalq Forumu 2020: “Yeni imkanlar və müasir çağırışlar”

Distant təhsilalma forması və Azərbaycan təhsili

Distant təhsilalma forması və Azərbaycan təhsili

“Koronavirusa qədər artıq UNEC-də distant təhsil infrastrukturu tamamlanmış vəziyyətdə idi”

“Koronavirusa qədər artıq UNEC-də distant təhsil infrastrukturu tamamlanmış vəziyyətdə idi”

Ucqarlara çatmayan DİSTANT TƏHSİL

Ucqarlara çatmayan DİSTANT TƏHSİL

Azərbaycan-Fransız Universitetində dərslərin distant şəkildə tədrisi davam etdirilir

Azərbaycan-Fransız Universitetində dərslərin distant şəkildə tədrisi davam etdirilir

Distant  təhsilə  doğru ilk  kövrək  addımlar.

Distant təhsilə doğru ilk kövrək addımlar.

Peşəyönümlü Təhsilin İnkişafına Yardım İctimai Birliyi

Peşəyönümlü Təhsilin İnkişafına Yardım İctimai Birliyi "Evdə qal, cəmiyyəti qoru!" kampaniyasına qoşularaq Distant Təhsil ideyalarını təbliğ edir.

YUNESKO distant təhsil üzrə beynəlxalq koalisiya yaradır

YUNESKO distant təhsil üzrə beynəlxalq koalisiya yaradır

"Distant təhsili olmayan universitetin beynəlxalq nüfuzu ola bilməz"-Dosent İlham Əhmədov

"Distant təhsili olmayan universitetin beynəlxalq nüfuzu ola bilməz"-İlham Əhmədov

Pandemiya universitetlərin rəqəmsallaşdırma perspektivlərini açmağa kömək etdi

Pandemiya universitetlərin rəqəmsallaşdırma perspektivlərini açmağa kömək etdi

Göydə peykimiz də var... Amma təhsilimiz yerdə sürünür

Göydə peykimiz də var... Amma təhsilimiz yerdə sürünür

Distant  təhsil  bizdən niyə  distant düşüb ?

Distant təhsil bizdən niyə distant düşüb ?

UNEC-də dərslər distant formada təşkil ediləcək

UNEC-də dərslər distant formada təşkil ediləcək

Təhsildə keyfiyyət və inkişaf problemləri İlham Əhmədov

Təhsildə keyfiyyət və inkişaf problemləri İlham Əhmədov

Distant təhsil  və xüsusiyyətləri

Distant təhsil və xüsusiyyətləri

Təhsil mürəkkəb dinamik sistemdir

Təhsil mürəkkəb dinamik sistemdir