AzTehsil.com
RU


Xəbərlər / Direktor
23 oktyabr 2023
2 464


Məktəb direktoru necə olmalıdır?




Avstraliyada məktəb direktorunun peşə standartı 


Müasir məktəb direktoru necə olmalıdır?  Dünyanın ən yaxşı təhsil sistemlərindən olan  Avstraliyada hazırlanmış məktəb direktorunun peşə standartı bu suala cavab tapmağa kömək edərdi. Oxuculara da maraqlı olacağını düşünərək məktəb direktorunun peşə standartının Avstraliya təcrübəsini onların diqqətinə çatdırırıq. 


Avstraliyada məktəb direktorunun  peşə standartı onun  fəaliyyətinə dair 5 sahə və  3 əsas istiqaməti özündə cəmləşdirən inteqrasiya olunmuş modeli  əks etdirir. Oxuculara çatdırmaq maraqlı olardı ki,  məktəb direktorunun  fəaliyyəti 2 böyük sahəyə  ayrılır, buraya özündə müəyyən missiyaları, məqsədləri,  məktəbin dəyərlərini təcəssüm etdirən məktəbə rəhbərlik (liderlik)  və  məktəbin cari fəaliyyətinin təşkilini nəzərdə tutan menecment (müəllimlər arasında  dərs yükünün  bölüşdürülməsi, müxtəlif resurslardan istifadə, valideynlər və ictimaiyyətlə iş) daxildir.


Giriş. Avstraliyada məktəb direktorunun  peşə standartı  bu ölkənin təhsil sistemi işçiləri və mütəxəssisləri ilə  məsləhətləşmələrdən sonra Təhsilin İdarə Olunması İnstitutu tərəfindən təhsil müəssisələrində tədrisin  keyfiyyətinin yüksəldilməsi və idarəetmənin yaxşılaşdırılması məqsədi ilə işlənib hazırlanıb. Bu institut Avstraliya hökuməti tərəfindən maliyyələşdirilir. Standart müəyyən edir ki, direktorlar öz işlərində uğur əldə etməyin vacibliyini  başa düşməli və buna nail olmağı bacarmalıdırlar.  Standart  2011-ci ilin fevral-may aylarında ölkənin ümumtəhsil müəssisələrində sınaqdan keçirilib. Sınaq gedişində  standartın səmərəliliyi,  faydası,  dəyəri  yoxlanılıb və əldə olunan nəticələr son variantda nəzərə alınıb. Bu ümummilli standartın məzmunu regionlarda mövcud olmuş  əvvəlki  50 standartın modelini  nəzərə alır.  Yeni standart ölkənin bütün regionlarında və məktəblərində istifadə üçün əsas hesab olunur. 


Standartın məqsədi. Standart məktəb direktorunun  rolunun müəyyən olunması, ölkədə vahid yanaşmanın tətbiqi,  məktəbdə direktorun işinin əks etdirilməsi və şagirdlərin  uğur səviyyəsinin  yüksəldilməsi məqsədilə məktəbin keyfiyyətli idarə olunması funksiyasının müəyyən edilməsi üçün hazırlanıb.  Sənəd peşəkar direktorların məktəb həyatına cəlb olunmasının dəstəklənməsi və  onların peşəkarlığının artırılması aləti  kimi çıxış edir.  Bu dərin  məzmunlu standartdır, o, özündə tədris prosesinin  idarə olunmasında istifadə  oluna biləcək aşağıdakı informasiyaları cəmləşdirir:


- peşəkarlığın artırılmasının əsası kimi;


- öz işinin nəticələrinin təhlili, korrektə olunması və peşəkar inkişafa rəhbərlik  üzrə;


- özünün və digər insanların idarə olunmasına rəhbərlik.


Standartın gücü onun peşəkar cəmiyyət tərəfindən tanınması ilə bağlıdır.   Standart direktora öz işinin və peşəkar inkişafının  təhlilini  aparmağa imkan verir. 


Məktəb direktorunun aparıcı rolu. XXI əsrdə məktəb direktorunun rolu cəmiyyətimizdə ən vacib rollardan biridir.  Direktor gələcəyin yaradılmasında iştirak edir.  Uşaq və yeniyetmələrin inkişafı, onların uğurlu şagird,  özünəinamlı yaradıcı şəxsiyyət və fəal məlumatlı  vətəndaş kimi formalaşmasında məsuliyyət onun üzərinə düşür.


Direktorlar  inanmalıdırlar ki,  təhsil bu gün və gələcəkdə cəmiyyətin və insanların həyatını dəyişə bilər.


Direktorlar məktəblərdə tədris prosesində aparıcı mövqelərdə durur. Onlar təhsil ideyasını inkişaf etdirmək üçün şagirdləri, müəllim və valideynləri  öz arxasınca aparırlar.


Direktorlar bütün şagirdlərin yaxşı təhsil nəticələri almasını təmin etmək üçün vətəndaşların  geniş əhatə dairəsi ilə əməkdaşlıq edirlər. Onlar məharətlə  müəllimlər arasında  əməkdaşlıq mühiti yaradır və dəstəkləyirlər.


Direktorlar  yaradıcı və innovativ  həllərin  axtarışında həmkarları ilə əməkdaşlıq etməyi, bütün şagirdlərin  keyfiyyətli nəticələr əldə etməsi üçün  mürəkkəb, qeyri-müəyyən, problemli situasiyalarda işləməyi bacarmalıdırlar.


Standart həm də  direktorların  öz işlərində səmərəli nəticələrə nail olmaları üçün nələri bilməli, dərk etməli  və yerinə yetirməli olması kimi tələbləri  müəyyənləşdirir.  Bu isə  direktorlardan aşağıdakı sahələrdə  böyük  fədakarlıq tələb edir:


 - Bütün səviyyələrdə müxtəlif  yaşlı  şagirdlərin təlim nailiyyətlərinin yüksəldilməsi;


- Hamı üçün  bərabər  və  yüksək keyfiyyətli təhsil şəraitinin təmin edilməsi;


-  Keyfiyyətli tədrisə imkan yaradan şəraitin yaradılması;


- Təhsil sahəsində dövlət siyasətinin və cəmiyyətin gözləntilərinin  həyata keçirilməsi;


- Yerli, ümummilli və beynəlxalq səviyyədə XXI əsrin təhsil sisteminin təkmilləşdirilməsində iştirak etmək.


Standartın özəyi olan direktor üçün tələblər  aşağıdakı prinsiplərə    əsaslanır:


 -Direktor öz işində  təhsil prosesinə yanaşmaların və Avstraliya məktəblərinin  müxtəlifliyini  nəzərə almalıdır.


- Liderlərin  qabiliyyət və bacarıqları  ixtisaslar üzrə iş təcrübəsinin toplanması ilə inkişaf edir.


- Direktorun məktəbə rəhbərlik üzrə  öz missiyasını həyata keçirmək sahəsində   funksiyaları bütün əməkdaşlar arasında bölünməlidir. Məktəb qarşısında duran məqsədlərə nail olmaq üçün bütün işlər  təhsil ocağının kollektivinin iştirakı ilə direktorun  rəhbərliyi altında görülməlidir.


- Demək olar ki, bütün uğurlu liderlər  eyni  idarəetmə  sxemindən istifadə  edirlər. Məktəbə rəhbərlik işində effektivliyə nail olunmasının müxtəlif yolları təhsil dərəcələri və şəxsi keyfiyyətlərin müxtəlifliyi ilə izah olunur.


Direktorın iş şəraiti. Məktəb direktoru mürəkkəb, dəyişkən, tam problemli şəraitdə müasir məktəbə rəhbərlik etməklə və daima gələcəkdə təhsil sahəsinə irəli sürüləcək tələbləri diqqətdə saxlamaqla   işləyir.


Yerli ictimaiyyətin və hər bir məktəbin iş şəraitinin unikallığı.  Bütün məktəblər  konkret sosial və coğrafi şəraitdə,  yerli əhalinin mədəniyyəti, tarixi, mentaliteti, dəyərləri   nəzərə alınmaqla,  bütün şagirdlər üçün uğurlu bərabər  təhsil imkanlarının təmin olunması ilə işləyir.


Avstraliya: hamı üçün təhsil. Direktorlar  yerli əhalinin ənənəvi hüquqlarının, inanc  və  mədəniyyətinin  öyrənilməsi və öyrədilməsi məqsədilə məktəbin təhsil birliyinin üzvləri ilə birgə işləməyə borcludur. Avstraliyada istər yerli əhalinin, istərsə də multikonfessiyalar və polimədəniyyətlərin yaşadığı regionlarda, iri şəhərlərdə, kənd yerlərində, uzaq rayonlarda bütün şagirdlər  yaradıcı,  təhsilli,  fəal və özünəinamlı vətəndaşlar kimi yetişmək üçün təhsil almaq hüququna malikdirlər. Bu hüquqlara, eləcə də sağlamlıq imkanları məhdud olan şagirdlər  və risk qrupuna aid uşaqlar da  malikdir.


Qloballaşma: İqtisadiyyat və cəmiyyət. Müasir,  sürətlə dəyişən dünyada  bütün insanlar daha çox  bir-biri ilə bağlı  və bir-birindən asılı vəziyyətdə olurlar.  Təhsil  XXI əsrdə uğurlu vətəndaş olmaq üçün  bütün insanlarda  bilik, anlama, bacarıq və dəyərlərin formalaşmasında əsas və vacib yer tutur.   Bir-biri ilə əlaqəli yerli, ümummilli və beynəlxalq şərait - bu, məktəb direktorlarının işlədiyi  kontekstdir.


Avstraliyada məktəb direktorunun  peşə standartı. Standartda direktorun gündəlik işinin (menecment) təşkili və məktəbə rəhbərliyi (liderliyi) üzrə verilən tələblər təsbit edilib.   Standart  bütün liderlərin ümumi keyfiyyətlərə malik olduğunu  əks etdirən,  özünü məktəb direktorunun  fəaliyyətinə verilən 3 tələb kimi formulə olunmuş inteqrasiya modelidir. 


Məktəb direktorları öz peşəkar fəaliyyətinin 5 sahəsində bu tələblərə istinad etməlidir.


Standartda məktəb direktorunun  işləməli olduğu mürəkkəb, dəyişkən şərait, eləcə də onun gündəlik praktik fəaliyyətdə üzləşdiyi müxtəlif situasiyalar nəzərə alınıb. Məktəb direktorları standartda əks olunmuş modelə əsasən zəif və güclü tərəflərini  müəyyən etmək üçün   öz bilik, bacarıq, idarəetmə keyfiyyətləri və təcrübələrini müqayisə edə bilərlər.   Bu hamı üçün məhz vahid sənəd, ümumu standartdır,  çünki o, əslində direktorun qarşısında duran  məqsəd və vəzifələri  bütün mürəkkəbliyi ilə  ümumiləşdirir.  Standartın tələbləri iş şəraiti və təcrübəsindən asılı olmayaraq bütün  direktorlara tətbiq oluna bilər.


Məktəb direktorlarını standartın konkret aspektləri, onların iş şəraiti, ixtisas və iş təcrübəsi üzrə fərqləndirmək mümkün olacaq.


Standart  liderə (direktor)  qarşı üç tələb irəli sürür:


* Onların təhsilin dəyər və məqsədlərini dərk etmələri;


* Peşəkar biliklərinin yüksək səviyyəsi;


* Şəxsi keyfiyyətlər, sosial bacarıq və şəxsiyyətlərarası ünsiyyət vərdişləri.


Bu tələblər beş əsas peşəkar sahədə həyata keçirilir:


* Tədris prosesinə rəhbərlik;


* Özünün və tabeliyində olanların  peşəkar inkişafı;


* İnnovasiyaların tətbiqi və liderlik məktəbinin təkmilləşdirilməsi;


* Məktəbin idarə olunmasında liderlik;


* Məktəbin idarə olunması işinə ictimaiyyətin cəlb olunması.


Məktəb direktorunun peşə standartı - inteqrasiya olunmuş model. Məktəb idarəçiliyinin yüksək səviyyəsi. Standartda məktəb rəhbərliyinə olan tələblərin ayrıca  yazılmasına baxmayaraq, onların qarşılıqlı surətdə bir-biri ilə  bağlı olduğunu, bir-birindən asılı olduğunu  və eyni dərəcədə vacib olduğunu qeyd etmək lazımdır.  Onların necə tətbiq olunması isə məktəb direktorunun  konkret  iş şəraitindən asılıdır.   Rəhbərlərə qarşı tələblər bütün peşəkar sahələrdə mövcuddur. Onlar arasında fərq iş şəraiti və kontekstdən asılıdır. Məktəb direktoru vəzifəsini  tutmaq istəyən,  eləcə də fəaliyyət göstərən direktorlar üçün vahid standartda əksini tapmış  tələblərin praktikada necə tətbiq olunmasını özləri üçün müəyyən etmək zərurəti mövcuddur.  


Məktəb direktoruna qarşı   3 başlıca tələb. Direktor məktəbə rəhbərliyi (lider olmaq) və  menecmenti (məktəbin gündəlik həyatı  ilə məşğul olmaq) həyata keçirməlidir. Rəhbərliyin (liderlik) həyata keçirilməsi  məktəb qarşısında duran bütün hədəflərin direktor tərəfindən aydın başa düşülməsi,  problemlərin aşkarlanması və onların həlli, innovasiyaların tətbiqi və məsuliyyəti öz üzərinə götürmək deməkdir. Menecment  ortaya çıxan problemlərin sayını azaltmağa imkan verən sistemli yanaşmanı,  təhsil xidmətlərinin göstərilməsində proqnozlaşdırmanı və davamlılığı   nəzərdə tutur.


Direktor aşağıdakılar  əsasında məktəbə rəhbərliyi və menecmenti həyata keçirir:


- Dəyər  və məqsədlərin anlaşılması;


- Tədris proseslərini   dərindən anlaması və bilməsi;


- Şəxsi keyfiyyətlər, sosial bacarıqlar və şəxsiyyətlərarası ünsiyyət vərdişləri.


 Bütün bunlar məktəb rəhbərinə qarşı üç əsas tələbi  təşkil edir.


1. Dəyər və məqsədləri anlama. Direktor öz məktəbində tədris proseslərinin məqsədli inkişafına rəhbərlik edir. O, demokratik dəyərləri, ədalət prinsipini, etik davranış normalarını, fasiləsiz təhsilin vəzifələrini əldə əsas tutaraq  özünü  böyüməkdə olan nəslin təlim-tərbiyəsinə həsr edir.  Məktəb direktoru təhsil prosesinin müxtəlif iştirakçıları arasında lider, vasitəçidir və yerli ictimaiyyətin maraqlarına xidmət edir.  Bu özünü direktorun məktəbdə həyata keçirdiyi  strateji məqsədlərdə, məktəb  mədəniyyəti, ənənələri və müsbət ab-havada  göstərir.  Direktor məktəbdə  tədrisin yüksək səviyyədə dəstəklənməsinə nəzarət edir  və  məktəb həyatında qarşılıqlı hörmət mühitinin yaradılmasına xidmət edir.


-  Məktəb  direktoru özünün peşəkar fəaliyyətində   ömürboyu təhsil  prinsipini dəstəkləyir,  şagirdlər, müəllimlər, valideynlər  və ictimaiyyət ilə birlikdə qarşılıqlı olaraq onun həyata keçməsinə çalışır.


- Məktəb direktoru təhsil prosesinin bütün iştirakçılarının  təhsilin yüksək keyfiyyətinə can atması üçün  şagirdlər, müəllimlər, valideynlər və ictimaiyyət arasında motivasiyanın yüksəlməsinə çalışır.


-  Məktəb direktoru yüksək mənəvi, əxlaqi  davranış nümayiş etdirməlidir. O, məktəb həyatının təşkilində yüksək etik dəyərləri rəhbər tutur. O, özündə fəal vətəndaş mövqeyini əks etdirən demokratik dəyərlərə əsaslanır.


2. Tədris proseslərini  dərindən anlamaq  və bilmək. Məktəb direktorları müasir idarəetmə nəzəriyyəsi və praktikası ilə yaxşı tanışdır və rəhbərlik etdikləri məktəblərin işinin yaxşılaşdırılması üçün öz biliklərini tətbiq edirlər.


Məktəb direktorları müasir elmi-pedaqoji tədqiqatlar,  o cümlədən təhsilin məzmunu və metodları,  şagird nailiyyətlərinin qiymətləndirilməsi və hesabatlılıq sahəsində sərbəst surətdə baş çıxarırlar.


Onlar təhsil sahəsində dövlət siyasətinin  əsas istiqamətləri,  istər federal, istərsə də ştatlar üzrə qanunvericiliyin əsas müddəaları barədə yaxşı  məlumatlıdırlar.  Onlar uşaqların sağlamlığı və təhlükəsizliyi, insan resurslarının idarə edilməsi, maliyyə və hesabatlılıq, ümumiyyətlə, yerli əhalinin və cəmiyyətin tələbatına dair   qanunvericiliyin və dövlət siyasətinin tələbləri  kimi problemlərin əhəmiyyətini başa düşürlər.


- Direktorlar  uşaqların inkişafi və tədrisi üzrə  pedaqoji elmin müasir nailiyyətlərindən xəbərdar olmalı  və məktəbin  şagirdlərinin tələbatına uyğun olaraq  tədqiqatların nəticələrini necə tətbiq etməyi bilməlidirlər. Buradan da   məktəbin  nailiyyətlərinin artırılması üçün təhsil ocağının idarəçiliyində dəyişikliklər edilməsi zərurəti ortaya çıxır. 


- Məktəb direktorları  öz məktəblərində tədrisin keyfiyyətinin yaxşılaşdırılması üçün təhsil siyasətində baş verən dəyişikliklər, həmçinin  ətraf mühitin mühafizəsi və sosial siyasətdəki tendensiyalarla bağlı bilikləri öz məktəblərində tətbiq edirlər.   Öz işlərində direktorlar  məktəb şuraları, idarəedici şuralar və başqa qurumlara istinad edirlər.


- Direktorlar təhsil ocağının gündəlik işinin və strateji idarəetmənin təmin olunması üçün məktəbin təşkili və rəhbərliyi prinsipi üzrə  öz biliklərini tətbiq edir.


3.  Şəxsi keyfiyyətlər, sosial bacarıqlar və şəxsiyyətlərarası ünsiyyət vərdişləri. Bu tələb özündə emosional keyfiyyətləri, məktəb həyatının təşkili və kollektivə rəhbərlikdə özünə əminliyi əks etdirir.  Direktorlar  mütəmadi olaraq  öz kollektivinin  fəaliyyətini  yoxlayır,  situasiyadan asılı olaraq məktəbin idarəetmə üslubunda lazımi dəyişikliklər edirlər.  Öz nüfuzundan, sosial bacarıqlarından   istifadə etməklə onlar  münaqişələri  daha səmərəli həll etməyə çalışırlar. Onlar məktəb kollektivində    etimad  mühiti, tədris prosesində müəllimlər və şagirdlər arasında  müsbət ab-hava yaratmağa qabildirlər.


- Direktor həm şəxsən, həm də həmkarlarının iştirakı ilə yaranmış problemi dəqiq müəyyən edə  və onun müsbət həlli yollarını tapa bilər.  Direktorlar onların müdaxiləsinin  nə zaman tələb olunduğunu başa düşür və mümkün  informasiyaların köməyi ilə öz qərarlarını qəbul etməyi  və  əməkdaşlarının nəzərinə çatdırmağı  bacarırlar.


- Direktorlar  səmərəli ünsiyyət qurmağı,  təhsil birliyinin üzvlərini  də  əməkdaşlığa inandırmağı və buna cəlb etməyi bacarır.  Onlar həmkarlarının fikirlərini dinləməyi, onları istiqamətləndirməyi, mübahisəli vəziyyətə birmənalı qiymət verməyi, əks-əlaqəni təmin etməyi bacarırlar.


- Direktorlar işləməli olduqları sosial,  siyasi və yerli şəraiti nəzərə alırlar. Onlar daim öz kommunikativ vərdiş və inandırmaq bacarıqlarını təkmilləşdirirlər.


 Məktəb direktorunun 5 fəaliyyət sahəsi. Məktəbə rəhbərliklə bağlı  tələblərlə yanaşı,  bütün liderlər üçün ümumi olan, məktəb direktorlarının spesifik işilə əlaqəli   5 peşəkar fəaliyyət  sahəsi mövcuddur:


1. Tədris prosesinə rəhbərlik.


2. Peşəkar inkişaf (kollektiv üzvlərinin və özünün).


3. Məktəbin təkmilləşdirilməsində liderlik və innovasiyaların tətbiqi.


4. Məktəbin işinin təşkilində liderlik.


5. Öz işinə ictimaiyyətin cəlb olunması.


Fəaliyyətin bu növləri planlaşdırma və onun yerinə yetirilməsi,  iş gedişində vəziyyətin təhlili və zərurət yarandığı təqdirdə planın korrektə edilməsi yolu ilə həyata keçirilir. Peşəkar fəaliyyətin idarəetmə modeli dövri xarakter daşıyır. Əgər bir mərhələ başa çatırsa, o yenidən (planlaşdırma, vəziyyətin təhlili və dəyişikliklər planının korrektəsi) təkrarlanır.


Planın tərtibi və  onun reallaşdırılması. Konkret vəziyyətin qiymətləndirilməsi, planın işlənib hazırlanması, ehtiyatların bölüşdürülməsi,  məktəbin dəyər və məqsədlərinə uyğun olaraq planın həyata keçirilməsi.


Nəticələrin təhlili. Məlumatların toplanması və təhlili, qərarların qəbul edilməsi.


Planın korrektə edilməsi. Planın  necə həyata keçirilməsinin qiymətləndirilməsi,  qərarların qəbulu  prosedurunda  və ya planda  lazımi dəyişikliklərin  edilməsi.


Məktəb direktoru planlaşdırma, planın  həyata keçirilməsi, nəticələrin  təhlili və planda düzəlişlərin aparılmasında kollektivin üzvləri ilə sıx əməkdaşlıq edir.


1. Tədris prosesinə rəhbərlik. Direktor öz məktəbində müsbət ab-hava yaradır və tədrisin effektiv üsullarının axtarışında məktəb kollektivinə kömək edir ki,  bu da məktəbdən sonra təhsillərini davam etdirməyi planlaşdıran şagirdlərin həvəsini artırır.   Direktorun  vəzifəsi - effektiv tədris  mədəniyyətini inkişaf etdirmək,  tədrisin keyfiyyətinə rəhbərlik etmək,  həmçinin şagirdlərin  inkişafını və yüksək müvəffəqiyyət səviyyəsini  təmin etməkdir.  O,  birgə planlaşdırma,  eləcə də tədris nəticələrinin təhlili və onlara nəzarət  yolu ilə  təhsil prosesinin bütün iştirakçıları üçün ən yüksək gözləntilər həddi müəyyən edir.


Direktor  məktəbin özünüidarəçiliyində  şagirdlərin fəal iştirakını təşviq edərək onların davranışları və davamiyyəti üçün yüksək tələblər müəyyən edir.


Planın tərtib edilməsi və onun reallaşdırılması. Strateji planlaşdırmada  tədris prosesini birinci yerdə qoymaq; əmin olmaq ki,  çeşidli və çevik təlim proqramları  tədrisə yaradıcı yanaşmalar və səmərəli təlim mühiti ilə dəstəklənir. Təlim prosesində strateji planlaşdırmanı  həyata keçirmək.  Məktəbi təkcə şagirdlər üçün deyil, eləcə də onların ailələri və yerli icma üçün təhsil mərkəzinə çevirmək üçün təhsilə bərabər çıxış imkanlarını  təmin edən təhsil strategiyalarının işlənib hazırlanması. 


Nəticələrin təhlili. Hər bir uşağın inkişafını təmin etmək üçün məlumatlar, normativ baza və müşahidənin istifadə  olunduğu  effektiv  tədris metodları və qiymətləndirməni tətbiq etmək. Bütün məktəb çərçivəsində hər bir şagirdin müvəffəqiyyət dərəcəsinə görə ardıcıl və fasiləsiz nəzarəti təmin etmək.


Planın korrektə edilməsi. Təhsilin bütün səviyyələrində vicdanlı münasibəti  qeyd etmək və bütün  vicdansız yanaşma ilə mübarizə aparmaq. Tədris prosesinə düzəlişlər gətirən və uşaqların müvəffəqiyyət səviyyəsinə reaksiya bildirən müəllimlərin səmərəli işini dəstəkləmək.  Direktor məsuliyyətin bölüşdürülməsi strategiyasının tətbiqinə imkan yaradır ki,  bu da bütün şagirdlərə fəal olmağa və təhsildə öz imkanlarını maksimum açmağa imkan verir.


2. Peşəkar inkişaf (kollektiv üzvlərinin və özünün). Direktor tədris prosesinin yaxşılaşdırılmasını hədəf götürən peşəkar  birliyin yaradılması üzrə həmkarları ilə birgə işləyir. Kollektivə rəhbərlik etməklə daim  ixtisasın artırılması və əks -əlaqənin qurulmasına xidmət göstərir,  yüksək peşəkarlıq  standartları əldə etmələri  və liderlik keyfiyyətlərinin inkişafında bütün müəllimlərə dəstək göstərir.  Direktor  öz qabiliyyətlərini  maksimum inkişaf etdirmələrində  müəllimlərə dəstək göstərir, onların hər birinə qarşı eyni dərəcədə ədalətlidir  və onlara hörmətlə yanaşır.  O, səmərəli liderlik keyfiyyətləri nümayiş etdirir, daim özünütəhsillə məşğul olur, bütün çətinlikləri ilə  şəxsi və rəhbərlik keyfiyyətlərinə olan tələblərə  uyğun olmaq üçün  öz  sağlamlığının  qeydinə qalır.


Planın tərtibi və onun reallaşdırılması. Kollektiv üzvlərinin fəaliyyətini səmərəli planlaşdırmaq, bölmək və qiymətləndirmək, öz funksiya və vəzifələrinin yerinə yetirilməsini dəqiq ifadə etmək  və yoxlamaq. Effektiv strategiya və pedaqoji kollektivin ixtisasartırma və peşəkar inkişafı prosedurunu tətbiq  və  nəzarət etmək.  Öz qarşısında şəxsi  vəzifələr qoymaq və onların həyata keçirilməsinə görə məsuliyyət daşımaq.


İşin gedişi və nəticələrin təhlili. Müəllimlərin fəaliyyətini təhlil etmək və  qiymətləndirmək, işdə daha yüksək nəticələr qazanmaq məqsədilə rəhbərlik sistemi  yaratmaq.  Öz işlərinin nəticələrini mütəmadi təhlil etmək. Kollektiv üzvlərinin fərdi fəaliyyətinə qoyulan tələblərin  aydın şəkildə ifadə edilməsinə, başa düşülən olmasına  və qəbuluna nail olmaq.


Planın korrektə edilməsi. Bütün kollektivin və ayrı-ayrı müəllimlərin nailiyyətlərini qeyd etmək.


Kollektiv üzvlərinin liderlik keyfiyyətlərini  inkişaf etdirməklə kreativlik  təzahürlərinin və etimad mühitinin yaradılmasına xidmət göstərmək,  məqsədli qruplar və əməkdaşlıq mühiti  formalaşdırmaqla məktəbin qarşısına qoyduğu məqsədlərə çatmaq və pedaqoqların peşə inkişafına nail olmaq. İstedadları aşkara çıxarmaq, qarşıya qoyulmuş vəzifələrin  və problemlərin həllində müxtəlif yanaşmaları dəstəkləmək.   Məktəb kollektivi üzvlərinin fəaliyyətinin qənaətbəxş olduğu halda müvafiq tədbirlər görmək. 


3. Məktəbin təkmilləşdirilməsində liderlik və innovasiyaların tətbiqi. Direktor məktəbdə tədris prosesinin inkişafı və yaxşılaşdırılması üzrə  aydın planların yaradılması zamanı həmkarları ilə vəziyyətin təhlilinə əsaslanan sıx əməkdaşlıq edir. O dərk edir ki, onun işinin ən vacib hissəsi - məqsədlərə nail olmaq  və məktəbin strateji planının həyata keçirilməsi üçün  innovasiyaların tətbiqi  və dəyişikliklər etməkdir.


Planın tərtib olunması və reallaşdırılması. Müxtəlif  tədqiqatların nəticələrinə əsaslanaraq məktəb kollektivi ilə birlikdə  təhsil ocağının  işini təkmilləşdirmək.  Həmkarlarının köməyinə arxalanaraq, dəyişən tələbləri və məktəbin gözləntilərini  nəzərə almaqla innovasiyaların tətbiqini və vaxtı çatmış dəyişikliklərin aparılmasını  təmin etmək; məqsədlərə nail olunmasının səmərəliliyinin yüksəldilməsi üçün layihələrdən istifadə etmək.   Yeni texnologiyaların tədris prosesinə tətbiqində strateji rolu öz üzərinə götürmək.


Nəticələrin təhlili. İnnovasiyaların effektivliyini və edilən dəyişikliklərin səmərəliliyini aşkara çıxarmaq üçün tətbiq olunan strategiyaların təhlilinin yüksək səviyyəsini təmin etmək. Məktəbin gələcəyi ilə bağlı bütün gözləntilərin  bütün kollektiv  tərəfindən eyni  şəkildə anlaşılması, dəstəklənməsi  və həyata keçirilməsinə nail olmaq.


Planın korrektə edilməsi. Həmkarlarını öz planlarına cəlb etmək, onların yaradıcı yanaşmasını, innovasiyalara can atmasını,  tədris prosesinin keyfiyyətinin yüksəldilməsi üçün  yeni texnologiyalar və innovasiyaların  tətbiqini  dəstəkləmək. Strateji planlaşdırma, yaradıcı yanaşma və problemlərin həlli prinsiplərindən yararlanmaqla məktəb həyatının daim yaxşılaşdırılmasında şəxsən maraqlı olduğunu nümayiş etdirmək. Öz fəaliyyətində  başçılıq etdiyi məktəbin  vəziyyəti və inkişaf perspektivlərini nəzərə alan rəhbərlik üslubuna düzgün riayət olunması.


4. Məktəbin işinin təşkilində liderlik. Məktəbin resurslarının  səmərəli istifadə olunması, müəllim heyətinin isə öz işində çətinlik hiss etməməsi,  effektiv  və təhlükəsiz iş şəraitinin,   həmçinin maliyyə vəsaitlərindən  səmərəli istifadənin təmin olunması üçün direktor  məktəbin  qiymətləndirilməsinin bir sıra metod  və texnologiyalarından istifadə edir. Bu isə özündə məktəb kollektivinin üzvlərinə bir sıra səlahiyyətlərin verilməsi və onların fəaliyyəti üzərində ciddi nəzarətin həyata keçirilməsini cəmləşdirir.


Direktor  əməkdaşlarının fəaliyyətinin şəffaflığına olan tələblərin onlar tərəfindən anlayışla qarşılanmasına nail olmalıdır.    O,  məktəb şurası, idarəedici şura, valideynlər və ictimaiyyətlə effektiv əməkdaşlığa əsaslanaraq  məktəb həyatını daha uğurlu etməyə  çalışır.   Direktor məktəb işinin təşkilində səmərəli peşəkar yanaşmalardan istifadə edir. Bu isə özündə məktəb kollektivinin üzvlərinə bir sıra səlahiyyətlərin verilməsi və onların fəaliyyəti üzərində ciddi nəzarətin həyata keçirilməsini cəmləşdirir.


Planın  tərtib edilməsi və  onun reallaşdırılması. Məktəb şurası və idarəetmə orqanları  tərəfindən təsdiq edilmiş proqram çərçivəsində tədris prosesinin səmərəliliyini dəstəkləmək üçün zəruri olan maliyyə vəsaitlərini xərcləmək. Ayrılmış büdcənin məktəbin prioritetlərinin dəstəklənməsi üçün istifadə olunmasına nail olmaq.  Məktəbin dəyərlərini əks etdirən və qanunvericiliyin tələblərinə müvafiq olaraq sistemin və idarəetmə prosesinin  effektivliyinə  uyğun olaraq təşkilati struktur yaratmaq.


Nəticələrin təhlili. Məktəb siyasətinin və strateji planların büdcə çərçivəsində reallaşdırılması üçün resurslardan isifadə işinin və əməkdaşların fəaliyyətinin  effektivliyini qiymətləndirmək və nəzarət etmək. Bütün mövcud resursların keyfiyyətini daim nəzarətdə saxlamaq. Şagird nailiyyətlərinin və tədris prosesinin keyfiyyətinin artırılması üçün resurslardan istifadənin səmərəliliyini qiymətləndirmək.


 Planın korrektə edilməsi. Məktəbin qarşısında qoyduğu prioritetlərə və təhsil hədəflərinə nail olmaq üçün təhsil ocağının  insani, maddi və tədris resurslarını  səmərəli idarə etmək. 


Müəllimləri məktəbə cəlb etmək və onları dəstəkləmək, təhsil ocağı qarşısında  duran məqsədlərə çatmaq üçün müəllimlərin dərs  yükünü  onlar arasında bölmək.


5. Öz işinə ictimaiyyətin cəlb olunması. Direktor inklüzivlik prinsiplərinə əsaslanır, yerli ictimaiyyətin və təhsil sisteminin imkanlarının müxtəlifliyi və zənginliyini nəzərə alan  yüksək gözləntilər mədəniyyətini yaradır.  O, şagirdlərlə, onların ailələri və yerli ictimaiyyətlə müsbət əməkdaşlığı inkişaf etdirir.


Direktor  şagirdlərin  sağlamlığı və onların intellektual,  mədəni, mənəvi, sosial inkişafı üçün diqqət və qarşılıqlı hörmət mühiti yaradır, uşaqların məktəbəqədər yaş dövründən başlayaraq yetkinlik dövrünə qədər fasiləsiz təhsil prinsipini dəstəkləyir.  Direktor Avstraliya xalqının polimədəni təbiətini nəzərə alır. Direktor  yerli əhalinin nümayəndələrinin başa düşülməsinə kömək edir. O, məktəbin şagirdlərinin bütün dil və mədəni resurslarının zənginliyi və  rəngarəngliyini tanıyır və istifadə edir.  O öz həyatında mürəkkəb problemlərlə üzləşən şagirdlərin və onların ailələrinin tələbatlarını bilir və  onları dəstəkləyir.


Planın tərtibi və reallaşdırılması. Təhsil imkanlarının təmin olunması (aztəminatlı ailələrdən olan uşaqlar da daxil)  üçün təhsil strategiyaları hazırlamaq.   Valideynlər, ictimaiyyət və  biznes nümayəndələri, dövlət orqanları ilə əməkdaşlıq etməklə tədris prosesini təkmilləşdirmək. Bu əlaqələrin reallaşdırılması üçün müvafiq strukturlar yaratmaq.


Nəticələrin təhlili. Təlim  prosesinin ictimaiyyətlə bağlı olduğunu  inandırmaq, yerli cəmiyyət üzvlərinin məktəblilərin təhsilində iştirakını  təmin etmək.  Tədrisin keyfiyyətinin yüksəldilməsi məsələləri ilə əlaqədar ictimaiyyət nümayəndələri və şagirdlərin ailələri ilə fəal əlaqə qurmaq.


Planın korrektə olunması. Məktəblilərin şəxsi inkişafı və müvəffəqiyyət səviyyəsinin yüksəldilməsi məqsədilə şagirdlərin ailələri ilə effektiv əməkdaşlıq mühitini yaratmaq və dəstəkləmək. Digər məktəblərlə əməkdaşlıq etmək  və onların direktorları ilə təcrübə mübadiləsi aparmaqla  təhsil sisteminin inkişafına xidmət göstərmək. Uşaq və gəncliyin müdafiəsi ilə məşğul olan müvafiq dövlət orqanları ilə fəal əməkdaşlıq etmək.   


"Uçitelskaya qazeta"dan




Загрузка...
Həmçinin oxuyun:
Məktəb direktoru necə olmalıdır? - Beynəlxalq təcrübə...

Məktəb direktoru necə olmalıdır? - Beynəlxalq təcrübə...

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə  təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün İnformatika və Həyat bilgisi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər)(STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün Fiziki tərbiyə və Musiqi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün Fiziki tərbiyə və Musiqi fənni üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün Riyaziyyat fənni üzrə   üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün Riyaziyyat fənni üzrə üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

İdarəçilik səviyyələri və rəhbərlik üslubu, liderlik nadir idarə etmək keyfiyyətidir

İdarəçilik səviyyələri və rəhbərlik üslubu, liderlik nadir idarə etmək keyfiyyətidir

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

AZƏRBAYCAN RESPUBLİKASININ ÜMUMTƏHSİL SİSTEMİNDƏ QİYMƏTLƏNDİRMƏ KONSEPSİYASI

Direktor və rəhbər olmaq istəyənlər üçün LİDERLİK qabilliyəti

Direktor və rəhbər olmaq istəyənlər üçün LİDERLİK qabilliyəti

Direktor və rəhbər olmaq istəyənlər üçün....Liderlik qabilliyəti...

Direktor və rəhbər olmaq istəyənlər üçün....Liderlik qabilliyəti...

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Ənənəvi və interaktiv təlim metodlarının müqayisəli təhlili

Ümumtəhsil məktəbləri üçün Təsviri incəsənət və Texnologiya fənni üzrə  üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

Ümumtəhsil məktəbləri üçün Təsviri incəsənət və Texnologiya fənni üzrə üzrə təhsil proqramı (kurikulumu) (I-IV siniflər) (STANDARTLAR)

QƏRAR   № 103  "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında

QƏRAR № 103 "Ümumi təhsil pilləsinin dövlət standartı və proqramları (kurikulumları)"nın təsdiq edilməsi haqqında

SUAL - Müəllim həftədə neçə saat dərs deyə bilər?

SUAL - Müəllim həftədə neçə saat dərs deyə bilər?

Müəllim həftədə neçə saat dərs deyə bilər?

Müəllim həftədə neçə saat dərs deyə bilər?

Metodbirləşmələr

Metodbirləşmələr

Pedaqoji Lüğət

Pedaqoji Lüğət

Ümumtəhsil məktəbinin direktorunun   əmək funksiyaları, hüquq və vəzifələri

Ümumtəhsil məktəbinin direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Məktəb  həkiminin  işi haqqında  təlimat

Məktəb həkiminin işi haqqında təlimat

Ümumtəhsil  müəssisələrində  işəgötürənlə  pedaqoji işçilər arasında əmək  müqaviləsinin bağlanmasına dair  T Ö V S İ Y Ə L Ə R

Ümumtəhsil müəssisələrində işəgötürənlə pedaqoji işçilər arasında əmək müqaviləsinin bağlanmasına dair T Ö V S İ Y Ə L Ə R

Məktəb direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Məktəb direktorunun əmək funksiyaları, hüquq və vəzifələri

Məktəbşünaslıq - məktəbi idarəetmə elmidir

Məktəbşünaslıq - məktəbi idarəetmə elmidir

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı beynəlxalq konfransda iştirak edib

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi

Azərbaycan Respublikası ümumtəhsil məktəbinin nümunəvi əsasnaməsi

Azərbaycan Respublikası ümumtəhsil məktəbinin nümunəvi əsasnaməsi

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri

Mehriban Əliyeva – birinci xanımın PORTRET cizgiləri