Repetitorlar nazirlik tərəfindən rəsmi sertifikasiyadan keçməlidir
Repetitorlar nazirlik tərəfindən rəsmi sertifikasiyadan keçməlidir - MÜSAHİBƏ
“Əgər universitetlər elmi tədqiqat aparmır, elmi fəaliyyət göstərmir və cəmiyyətə təsir gücünə malik deyilsə, onlar artıq sadəcə texniki peşə məktəbinə çevrilir”.
“Təklif edirəm ki, repetitorlar rəsmi olaraq Elm və Təhsil Nazirliyi tərəfindən sertifikasiyadan keçsin”.
AzTehsil.com xəbər verir ki, bu fikirləri AzEdu.az-a müsahibəsində Azərbaycan, Rusiya və Türkiyənin iqtisad elmləri doktoru, professor Zahid Məmmədov qeyd edib.
Müsahibəni təqdim edirik.
- Ötən günlərdə Elm və Təhsil naziri bir tədbirdə çıxışı zamanı bildirib ki, Azərbaycan və Qazaxıstan təhsil sahəsində oxşar hərəkət modelindən istifadə etməyə qərar verib. Sizcə, bu əməkdaşlıq təhsil sahəsində hansı təsirləri göstərəcək?
- Ümumiyyətlə, universitetlərin əməkdaşlığı çoxşaxəlidir. Fərqli ölkələrdə baş verən yeniliklər, əlbəttə ki, universitetlər tərəfindən kadr potensialına və infrastruktur səviyyəsinə uyğun şəkildə tətbiq olunmalıdır. Məsələn, mənim yadımdadır ki, qonşu ölkə Rusiyada müəyyən universitetlər sırf Qərbə fokuslanmışdı. Yəni onların bütün tədbirləri demək olar ki, Qərbə bağlı idi. Sanksiyalardan sonra isə bu ali məktəblər böhran vəziyyətinə düşdü. Hətta onların keçirdiyi çox nüfuzlu konfranslar fəaliyyətini dayandırdı. Çünki bu universitetlər yalnız Qərb universitetləri ilə əməkdaşlıq edirdi. Buna görə də əməkdaşlıq əvvəlcədən çoxşaxəli olmalıdır.
157383Bəzən elə düşünürük ki, yalnız Qərb universitetləri güclü və keçərlidir. Halbuki, Qərbdə elə universitetlər var ki, onları hətta universitet adlandırmaq belə çətindir. Əgər universitetlər elmi tədqiqat aparmır, elmi fəaliyyət göstərmir və cəmiyyətə təsir gücünə malik deyilsə, onlar artıq sadəcə texniki peşə məktəbinə çevrilir. Çünki bu gün universitetlər media kimi "dördüncü hakimiyyət" olaraq qəbul edilir. Niyə? Çünki media vasitələrinin dəstəyi ilə ictimaiyyətə ciddi açıqlamalar verilir. Universitet professor-müəllim heyətinin apardığı tədqiqat işlərinin cəmiyyətə təsiri çox yüksəkdir.
Düşünürəm ki, zamanla Qazaxıstan təhsil modelindən istifadə öz müsbət töhfəsini verəcək. Son illərdə Qazaxıstan universitetləri müəyyən elmi tədqiqat işlərində və beynəlxalq reytinq sıralamalarında ön cərgələrdə yer almağa başlayıb. Lakin burada əsas məsələ həmin reytinqlərə təsir edən amillərin nədən ibarət olmasıdır. Hər şey analitik təhlilə bağlıdır. Buna görə də düşünürəm ki, aparılan təhlillərin nəticələrinə əsasən münasibət bildirmək daha məqsədəuyğun olar.
-Zahid müəllim, sizcə, özəl və dövlət universitetlərinin maliyyələşmə modelləri necə olmalıdır ki, daha keyfiyyətli təhsil təklif edə bilsin?
-Təəssüflər olsun ki, bu gün ali təhsil müəssisələrinin büdcəsinə baxdıqda görürük ki, onun 90%-dən çoxu təhsil haqlarından əldə edilən gəlirlərdən ibarətdir. Halbuki, nüfuzlu universitetlərin təcrübəsinə nəzər salsaq, sənaye ilə aparılan əməkdaşlığın onların maliyyələşməsində mühüm rol oynadığını aydın şəkildə görərik. Biz çalışmalıyıq ki, universitetlərin əsas gəlir mənbəyi yalnız təhsil haqları deyil, sənaye, real sektor və bizneslə əməkdaşlıq nəticəsində əldə edilən gəlirlər olsun.
Əvvəllər, Sovet dövründə professor-müəllim heyətinin apardığı elmi tədqiqat işlərinin əhəmiyyətli hissəsi dövlət tərəfindən yüksək qiymətləndirilirdi və bu tədqiqatlar Lenin, dövlət mükafatları kimi nüfuzlu mükafatlara layiq görülürdü. Üstəlik, aparılan tədqiqatlar real sektorda geniş şəkildə tətbiq olunurdu.Bu gün isə hesab edirəm ki, çayın iki sahilində duran iki ayrı sahə mövcuddur: bir tərəfdə elmi tədqiqat işləri aparılır, digər tərəfdə isə biznes fəaliyyəti həyata keçirilir. Bu iki sahə arasında səmərəli əməkdaşlığın qurulması üçün bir körpüyə ehtiyac var.Bu yaxınlarda Elm və Təhsil Nazirliyinin tərkibində Yüksək Texnologiyalar Parkı təsis edildi. Düşünürəm ki, bu park universitetlərlə sənaye arasında əməkdaşlığın güclənməsinə dəstək olacaq və elmi tədqiqatların real sektorda tətbiqinə imkan yaradacaq.
-Təəssüflər olsun ki, son dönəmlərdə orta məktəb təhsilini repetitorlar ələ alıb. Sanki təhsil artıq məktəbdən kənarlaşmağa başlayıb. Sizə görə bunun səbəbi nədədir?
-Pedaqoq və təlimçi anlayışları bir-birindən fərqlənir. Məktəblərdə pedaqoqlar fəaliyyət göstərir, repetitor isə müəllim deyil, təlimçidir. Son vaxtlar hətta bəzi məsul dövlət qurumlarının belə biznes fəaliyyəti ilə məşğul olduğunu müşahidə edirəm. Belə ki, həmin qurumlar əldə etdikləri bilgiləri pulla satırlar. Mən sual verirəm ki, bu qeyri-qanuni fəaliyyət deyilmi? Cavab olaraq bildirirlər ki, “qanunda elmi-pedaqoji fəaliyyətə icazə verilir”. Lakin mən qeyd edirəm ki, onlar pedaqoq deyil, təlimçidirlər. Buna görə də bu fəaliyyət qanunsuz sahibkarlıq sayılır.
157382Burada söhbət akkreditasiya olunmuş universitetlərdən gedir. Məsələ ondadır ki, bu təlim kursları Elm və Təhsil Nazirliyi (ETN) tərəfindən akkreditasiyadan keçməyib. Bu səbəbdən təklif edirəm ki, repetitorlar rəsmi olaraq ETN tərəfindən sertifikasiyadan keçsinlər. Necə ki, bütün həkimlər fəaliyyət göstərmək üçün Səhiyyə Nazirliyindən akkreditasiya almalıdır, eləcə də bütün repetitorlar mütləq sertifikatlaşdırılmalıdır. Biz bilməliyik ki, bu şəxslər kimdir və hansı səviyyədə təhsil xidməti göstərirlər. Ona görə də repetitor ETN tərəfindən sertifikat aldığını təsdiq etməli və təlimçi kimi fəaliyyət göstərə bilməlidir.Bundan əlavə, bu sahədə əldə edilən gəlirlər də rəsmi şəkildə vergiyə cəlb olunmalıdır. Son vaxtlar ictimaiyyətdə elə hallar müşahidə edirik ki, bir nəfər 200 nəfərlik auditoriya qarşısında təlimçilik fəaliyyəti ilə məşğuldur. Mən hesab edirəm ki, hər şey qanun çərçivəsində tənzimlənməlidir. Kölgə iqtisadiyyatına son qoyulmalıdır.
-Bəzən bir şagirdin uğurlu nəticə göstərməsini repetitorluğun fəaliyyəti kimi qələmə verirlər. Halbuki həmin şagird 11 il məktəbdə təhsil alıb. Məsələyə münasibətinizi bilmək istərdim. Bu nə dərəcə doğrudur?
-Bəli, təəssüf ki, bəziləri bundan sui-istifadə edir. Halbuki məktəblər vergi ödəyicilərinin vəsaiti hesabına fəaliyyət göstərir. Məktəb, öz şagirdlərinin əldə etdiyi uğurlarla gündəmə gəlmək əvəzinə, bəzən repetitorlar bu nailiyyətləri öz hesablarına çıxarırlar. Əgər məktəb həqiqətən şagirdin inkişafında lazımi şəkildə iştirak etməyibsə və şagird repetitorun dəstəyi ilə uğur qazanıbsa, biz buna diqqət yetirməliyik.
Şagirdin universitetə qəbulunda kimin nə qədər payı olduğuna baxmaq lazımdır. Bu səbəbdən repetitorluq fəaliyyəti rəsmi qaydada tənzimlənsə, daha yaxşı olar. Yəni məlum olmalıdır ki, bu repetitor hansı şagirdləri hazırlayıb, onların nəticələri nə olub.
Gələcəkdə repetitorların qazandığı uğurlar nəzərə alınaraq, onların təcrübəsindən məktəb idarəçiliyində də istifadə oluna bilər. Məsələn, uğurlu repetitorları məktəb direktoru vəzifəsinə təyin etmək mümkün olar. Belə bir seçim zamanı deyilə bilər ki, buyurun, siz bu sahədə təcrübəlisiniz və şagirdlərin hazırlanmasında ciddi uğurlar qazanmısınız.
-Zahid müəllim, sizcə, orta məktəblərdə iqtisadiyyat və biznes bilikləri daha erkən yaşlarda tədris edilməlidirmi?
-Bir qayda olaraq, bu gün kimya, fizika, riyaziyyat fənləri necə tədris edilirsə, iqtisadi biliklər də eyni qaydada tədris olunmalıdır. Çünki insanın gündəlik həyatında iqtisadi problemlər mühüm yer tutur. Sovet dönəmində buna ehtiyac yox idi, çünki hər şey pulsuz idi. Lakin bu gün uşaqlar maliyyə savadına malik olmalıdırlar.
Uşaq bilməlidir ki, atasının gəliri nə qədərdir və xərcləri hansı səviyyədədir. Hər bir uşaq anlamalıdır ki, ailənin maddi vəsaitinə uyğun olaraq necə hərəkət etməlidir. Təəssüf ki, biz ailə münaqişələrinin əsas səbəblərindən birinin də məhz maliyyə savadsızlığı olduğunu görürük. Uşaqlar iqtisadi biliklərə malik olmadıqları üçün gələcəkdə bu sahədə çətinliklərlə üzləşirlər.
Mən 132-134 nömrəli məktəblə danışdım və indi orada 9-cu və 11-ci siniflər üçün qarşılıqsız, ödənişsiz maliyyə vəsaiti yardımı edəcəyəm. Məqsəd, bu şagirdlərin iqtisadi biliklərə yiyələnməsinə dəstək olmaqdır.
Baxın, Avropada 18 yaşına çatmış bir şəxs, məsələn, Polşadan Çinə gedəndə ona sual verirlər ki, “Sən orada necə yaşayacaqsan?” O isə cavabında bildirir ki, "Mən uşaqlıqdan öz büdcəmi müəyyənləşdirməyi bacarıram." Bu nümunə göstərir ki, erkən yaşlardan maliyyə savadı formalaşmalıdır. Ona görə də hesab edirəm ki, məktəblərdə iqtisadiyyat fənninin tədrisi vacib və mütləqdir.
-Günümüzdə aktual məsələlərdən biri də ali təhsil müəssisələrində elmi tədqiqatların artırılmasıdır. Sizcə, bu gün elmi tədqiqatların artırılması üçün hansı addımlar zəruridir?
-Vallah, elə danışırlar ki, guya elmi tədqiqatları artırmaq əsas məqsəddir. Bəs bu elmi tədqiqatların nəticəsi harada istifadə olunacaq? Tədqiqatın aparılması vacibdir, amma ondan əldə edilən nəticələrin praktik tətbiqi daha önəmlidir.
Tədqiqatdan sonra nəşr olunan kitabların alıcısı olacaqmı? Bəzən deyirlər ki, “100 elmi iş yazmışam”, “50 kitab çıxarmışıq”. Bəs çıxarılan bu kitabların istifadəsi nə qədərdir? Amerikada yazılan bir elmi kitabın oxucu sayı 2 milyonu keçir. Yəni bir kitab universitetə ciddi gəlir gətirir. Biz bu gün elmi tədqiqatların nəticələrini müzakirə etməliyik.
Hər zaman deyirik ki, ən güclü təhsil sistemi Amerikadadır. Lakin təsəvvür edin ki, Donald Trump prezident olduğu dövrdə ilk iddialarından biri Təhsil Nazirliyini ləğv etmək oldu. Bu, artıq ciddi müzakirə tələb edən bir məsələdir. Axı niyə? Təhsil Amerika dövlətinin çağırışlarına cavab vermir? Problem nədədir? Bu onu göstərir ki, təhsil ümumbəşəri bir problemdir və daim təkmilləşdirilməlidir.
Universitetlərdə aparılan elmi tədqiqat işlərinin əsas missiyası insanların sosial rifah səviyyəsini yüksəltmək olmalıdır. Yalnız bu halda elmi tədqiqatların real dəyəri olacaq.
-Bir neçə müddət əvvəl 300-dək ümumi orta təhsil müəssisələrində telefon qadağasına başlanıldı. Sizcə, qoyulan qadağalar nə kimi müsbət rol oynayacaq?
-Mənə elə gəlir ki, qadağalardan daha çox, insanın özü hər şeyi başa düşüb dərk etməsi vacibdir. Bir şəxs məktəbə niyə gəlir? Öyrənməyə. Ümumiyyətlə, uşaqlara bu anlayışı izah etmək lazımdır. Əlbəttə, bəzi valideynlər övladları üçün narahat olduqlarına görə telefon vasitəsilə onlarla əlaqə saxlayırlar.
Hesab edirəm ki, məktəblər servislə, yəni nəqliyyatla təmin olunmalıdır. Bu halda artıq telefonun zərurəti azalacaq. Düşünürəm ki, hər hansı bir qadağa tətbiq etməzdən əvvəl alternativ yollar təqdim edilməlidir. Çünki uşaqları qorumaq, gələcəyi qorumaq deməkdir.
-Zahid müəllim, sizcə, bəzi universitetlərimiz niyə xarici tələbələrin cəlbinə yetərincə maraq göstərmirlər?
-Məsələn, polyaklar Polşa dilini bilən tələbələri ödənişsiz qəbul edir. Bu səbəbdən Polşaya böyük axın var. Mən təklif edirəm ki, Azərbaycan dilini bilən xarici tələbələr də ödənişsiz təhsil alsınlar. Düşünürəm ki, bu, onların cəlb olunması üçün ilk stimul ola bilər.
157385Bundan başqa, xaricdə çoxsaylı Azərbaycan diasporları var və biz onları da bu prosesə cəlb edə bilərik. Eyni zamanda, güclü və rəqabətqabiliyyətli təhsil proqramları təklif edərək xarici tələbələrin ölkəmizə marağını artırmaq mümkündür.
Biz elə etməliyik ki, Azərbaycan dili iqtisadiyyatda qəbul edilsin. İş dünyasında “Azərbaycan dilini bilməyən işə götürülmür” prinsipi formalaşarsa, bu, dilimizin statusunu daha da möhkəmləndirər.
Bundan əlavə, universitetlər müasir tələblərə cavab verən, keyfiyyətli və rahat yataqxanalarla təmin olunmalıdır. Düşünürəm ki, bütün bu addımlar atılarsa, xarici tələbələrin ölkəmizə axını baş tuta bilər.