Xəbərlər, Ekspert
19 yanvar 2021

Distant təhsilə doğru ilk addımlar

Distant təhsilə doğru ilk addımlar

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Microsoft” şirkətinin rəhbərliyi və nömayəndələri ilə 16 iyun 2020 -ci il tarixdə keçirilən videokonfrans zamanı bildirmişdir:
 
"Bizim məktəb və universitetlərimiz mart ayından bəri bağlanıb. Biz sentyabrın 15-dən başlayacaq yeni tədris ilinə hazırlaşmalıyıq. Həmin zaman pandemiya ilə bağlı vəziyyətin necə olacağını bilmirik, məktəb və universitetləri aça biləcəyimizi bilmirik, ona görə də biz ən pis ssenariyə hazırlıqlı olmalıyıq. Əgər problem davam edirsə və getdikcə pisləşirsə, o zaman biz bu barədə düşünməli olacağıq. Lakin indi bu barədə düşünmək lazımdır. Həmçinin distant işlə bağlı məsələlər... Bu da ölkə üçün olduqca vacibdir. Təxminən bunlar bizim planlarımızda diqqətimizi cəmlədiyimiz sahələrdir. ... Pandemiya ilə əlaqədar bu vəziyyət bizi məcbur edir ki, təhsil, distant təhsil məsələlərinə yeni bucaqdan baxaq. Baxmayaraq ki, mövcud vəziyyətə özümüzü uyğunlaşdırmaq üzün bizim çox vaxtımız olmadı, lakin müəyyən addımlar atılmışdır”. Cənab Prezidentin bu sözləri deməyə əsas verir ki, qarşıdakı illərdə ölkəmizdə distant təhsil sisteminin yaradılması və inkişafı gündəmin əsas məsələlərindən olacaqdır.
 
Pandemiya dövründə distant təhsil aktuallaşdı
 
Məlum olduğu kimi, 2020-ci ilin əvvəlindən koronavirusun yayılması ilə əlaqədar bütün dünyada pandemiya vəziyyəti elan olundu. Bu səbəbdən təhsil sistemində müəyyən müddət fasilə yarandı. Bir çox ölkələrdə təhsili yeni formatda - distant təhsil formatında davam etmək barədə qərar qəbul edildi. 
Qlobal olaraq gedən proseslərin xronologiyasına nəzər salaq:
1. Yaranmış vəziyyətlə əlaqəli YUNESCO operativ olaraq müəyyən işlər planladı. Belə ki, YUNESKO koronavirus pandemiyası səbəbindən məktəblərin bağlanması şəraitində distant təhsilin inkişafı üzrə koalisiya yaratdı. Bu barədə təşkilatın rəsmi saytında məlumat verildi.
2. Təşkilatın verdiyi məlumata görə, məktəblərin qlobal bağlanması prosesi 165 ölkədə 2 milyarda yaxın şagird və tələbənin təhsilinə təsir göstərib. Bu, dünya üzrə bütün təhsilalanların 90 % - ni təşkil edir. "Biz əvvəllər heç vaxt tədris prosesinin bu miqyasda pozulmasının şahidi olmamışıq", -deyə təşkilatın baş direktoru Odri Azule bildirib. O, təhsil prosesinin dayanmaması üçün müxtəlif ölkələri öz səylərini birləşdirməyə çağırıb. Baş direktor, həmzinin distant təhsil formalarına keçid zamanı müxtəlif sosial təbəqələrdən olan şagirdləri üçün təhsilin əlçatanlığının qorunmasının vacibliyini qeyd edib.
3. Eyni zamanda YUNESKO Təhsil üzrə Qlobal Koalisiyanın yaradılması prosesinə start verdi. Koalisiyanın əsas məqsədi şa­girdlərin ən az müdafiə olunan hissəsi üçün distant təhsilin ən yaxşı variantlarını tətbiq etmək istəyən ölkələrə dəstək verməkdir. "Biz internetə çıxışın olmadığı yerlərdə ən həssas qruplara yardım etməli və bu sahədə təcrübənin ötürülməsini sürətləndirməliyik",-deyə BMT -nin Qaçqınların İşi üzrə Ali Komissarlığının xüsusi nümayəndəsi Angelina Jolinin müraciətində bildirilir.

Yaranan problemlər əsasən texniki yönümlüdür. Məsələn, RF-da orta təhsildə distant texnologiyalar geniş tətbiq edilməsə də, bunun üçün çoxdan lazım olan bütün resurslar hazırlanmışdır (həm özəl sektor, həm də dövlət sektoru tərəfindən). İndi də bu resurslara pulsuz giriş imkanı yaradılaraq şa­girdlərin distant təhsil alma imkanı təmin edilir.

Qazaxsıtan Respublikasında vəziyyətlə əlaqədar bütün müəllim, tələbə və şagirdlərə dövlət tərəfindən pulsuz İnternet imkanı yaradılmışdır. Az vaxtda operativ olaraq 80.000 məktəbliyə dövlət hesabına planşet paylanmışdır. Bu ölkədə distant təhsilin tətbiqi üzrə 20 illik təcrübə var. Ölkədə olan 150-dən artıq ali məktəbin və 800-dən artıq kollecin 80% distant təhsil sistemini illərcə əvvəl qurmuşlar. Bu səbəbdən distant təhsilə onlarda problemsiz keçid mümkün oldu. Digər ölkələrdə də eləcə, harada ki, vaxtında işlərini yüksək səviyyədə qura biliblər, distant təhsilə yumşaq keçid mümkün olmuşdur.
Avropa və Amerika universitetlərini demirik, Türkiyə Cümhuriyyəti,  Rusiya,   Qazaxıstan, Ukrayna, Belarus, Özbəkistan, Monqolustan və s.  kimi ölkələr 20 il əvvəl bu işə başlamışlar. Bizdə durum tam fərqlidir, hər şeyi "0”-dan başlayırıq.

Müqayisə üçün deyək ki, Rusiya 1995-ci ildə bu istiqamətdə ilk addımı atmaq üçün xüsusi komissiya yaratdı, komissiya sədri baş nazirin müavini, sədr müavini təhsil naziri, komissiya üzvləri digər 5 nazir və onların mütəxəssisləri və s. 5 il ərzində 300 təhsil müəssisəsində 300.000 tələbəni, 30.000 professor- müəllimi əhatə edən davamlı eksperiment aparılıb, bütün normativ-hüquqi baza, texniki, proqram, maliyyə və kadr təminatı məsələləri formalaşdırılıb.
Bütün bunlardan sonra rəsmi şəkildə distant təhsilə keçid edilidi. Bizdə isə  nə Təhsil Nazirliyi, nə universitetlər də bu işi bilən komanda, normativ və texniki baza olmadığı halda, İnternetin axsadığı şəraitdə belə prob­lemlər gözlənilən idi. Amma, TN gələcəkdə bu işdə yüksək peşəkarlıq və səriştə göstərə bilsə, biz də 5-10 ilə nələrsə edə bilərik. Beynəlxalq təcrübədə 10 fakültəsi və 10000 tələbəsi olan universitetin normal distant təhsil sistemi qurması üçün 10 il vaxt, 20-30 milyon dollar maliyyə lazımdır. Düşünməyək ki, "Microsoft"-un Teams proqramı ilə hər şey həll ediləcəkdir. Bu, müvəqqəti olaraq yaranmış çətin vəziyyətdən çıxış vasitəsi ola bilər. Bütün həmkarlarıma onlayn təhsilə keçid mərhələsində bu - asan olmayan yolda uğurlar arzu edirəm, ruhdan düşməyin, bu iş təhsilimizin gələcəyidir. Əgər indi də biz bunu edə bilməsək, deməli, təhsilimiz qlobal rəqabət nəticəsində yox olmaq təhlükəsi ilə üzbəüz qalacaqdır.

Bizim təhsil sistemimiz məlum olduğu kimi, pandemiya ilə əlaqədar distant təhsilə keçməli oldu.  Heç bir hazırlıq olmadan- maddi-texniki, kadr, proqram-metodiki və pedaqoji təminat məsələləri həll edilmədən onlayn təhsil prosesinə keçid, təbii ki, xeyli çətinliklər də yaratdı. Orta məktəblər teledərslər vasitəsi ilə dərsləri dinləyir, "Virtual məktəb” proqram kompleksi ilə özünənəzarət rejimində biliklərini yoxlaya bilirdilər. Amma sistemin çox yüklənməsi və internetin sürətinin zəif olması səbəbi ilə tez-tez problemlər də yaranırdı. Proseslərin əvvəlində TN universitetlərə Teams MS proqramından istifadə edərək tədrisi qurmağa dair tövsiyə məktubu yolladı. Universitetlər əsasən Teams MS proqramından, qismən də ZOOM, votsap və sosial şəbəkələr vasitəsi ilə tədrisi qurmağa çalışdılar. Universitetlər arasında ən yaxşı təcrübə UNEC-də özünü göstərdi. Çünki bu universitet digərlərindən fərqli olaraq artıq bir neçə ildir distant təhsilin yaradılması istiqamətində iş aparırdı. Əslində isə bizim təhsil sisteminin tətbiq etdiyi bu sistem - onlayn dərslər sistemi hələ distant təhsil deyildi. Praktik istifadə edilən distant texnologiyanın tətbiqi ilə tədris və imtahan prosesinin təşkili üzrə hüquqi normativ bazamız olmadığı halda bu prosesi aparmağa cəhd edirik.

 Universitetlərimizdə distant təhsilin tətbiqi cəhdi ilk günlərdən müəyyən çətinliklərlə, problemlərlə üzləşdi. İnternetin zəif sürəti əsas problemlərdən idi. Hal-hazırda bu və ya digər şəkildə, hez bir hazırlıq olmadan- texniki, metodiki, kadr hazırlığı, insan kapitalı, maliyyə və s. məsələlər həll edilmədən universitetlərin distant təhsili tətbiq etmək cəhdi, təbii ki, gözlənilən nəticəni verə bilməzdi.
 
Distant təhsil sistemi ölkə təhsilinin inkişaf səviyyəsini göstərir
 
Müasir dünyada ölkələrin rəqabətədavamlılığı artıq ciddi bir faktora çevrilmişdir. Qloballaşma hər bir ölkənin davamlı inkişafı üçün cəmiyyətin bütün sahələrində beynəlxalq rəqabət prinsiplərinə çevik yiyələnməyi tələb edir. Ölkələrin rəqabətqabiliyyətliliyi isə onun insanlarının rəbabətqabiliyyətliliyi ilə təyin edilir. Bu işdə təhsil sisteminin rolu aparıcıdır.
Qloballaşma prosesləri artıq 30 ilə yaxındır ki, təhsildə də özünü göstərir. Bu İKT-nin təhsil sisteminə nüfuzu hesabına mümkün olmuşdur. Təhsildə gedən qlobal proseslərin səciyyəvi xüsusiyyəti onun fasiləsiz modernləşməsidir. Müasir təhsildə modernləşmənin əsas məqsədi kütləvi və əlyetərli təhsil şəraitində yüksək keyfiyyətə nail olmaqdır. Bu məqsədə nail olmaq üçün İKT bazasında yaranan təhsil innovasiyalarından geniş istifadə edilir. Bunun bariz nümunəsi isə distant təhsildir. Ona görə mütəxəssislər distant təhsili 21-ci əsrin təhsil innovasiyası hesab edirlər.
Beynəlxalq əmək bazarı elə səviyyəyə gəlib ki, bir çox şirkətlər vakant yerə əməkdaş işə qəbul edərkən, heç diploma da baxmırlar, əsas namizədin real bilik, bacarıq və səriştəsidir. Buna da distant təhsil formatında nail olmaq daha asan və ucuzdur. Xaricdə bir çox şirkətlər distant oxuyan tələbəni və ya məzunu daha tez işə qəbul edir, çünki onlar artıq informasiya məkanında yüksək iş qabiliyyətinə malikdirlər, bu keyfiyyət informasiya cəmiyyətində, rəqəmsal iqtisadiyyat və 4-cü sənaye inqilabı dövründə çox mü­hümdür. Bir çox distant təhsil almış məzunlar məsafədən iş rejimində hətta xarici şirkətlərdə işləmək imkanına malikdirlər. Bu keyfiyyət distant təhsilin tələbəyə qazandırdığı əsas səriştələrdən biridir.

Ölkəmizdə distant təhsili yaratmaq üçün bu gün peşəkarlardan ibarət mütəşəkkil layihə qrupları lazımdır, belə komanda hər bir universitetdə olmalıdır. Təəssüf ki, distant təhsilin incəliklərini kifayət qədər bilən belə komanda universitetlərdə yoxdur. Bəs niyə biz illəri belə məsuliyyətsizliklə itirmişik? Niyə bu 20 il ərzində bu məsələləri bilən mütəxəssislər yetirməmişik? Bilənlərə niyə dəstək olmamışıq ki, tədricən işi irəli aparsınlar?

Təhsil Nazirliyi 2009-cu ilə qədər deyirdi ki, yeni "Təhsil Qanunu” qəbul ediləndən sonra biz də distant təhsili inkişaf etdirəcəyik. Təbii ki, bu bəhanə idi. Çünki distant təhsil texnologiyadır, artıq təhsil forması deyil, bundan əyani, qiyabi və ekstern təhsil alan bütün tələbələr faydalana bilər və bu müddəanın "Təhsil Qanun”unda olmasına ehtiyac yoxdur. Sonrakı dövrdə isə TN deyirdi ki, distant təhsilin tətbiqi mexanizmi və hüquqi-normativ bazası olmadığından biz bunu inkişaf etdirə bilmirik. Bəs distant təhsilin tətbiqi mexanizmini və normativ bazasını görəsən kim yaratmalı idi? Bu 10 il ərzində TN Distant təhsilin normativ bazasını niyə yaratmayıb?

2005-ci idə "Azərbaycan Respublikasında Distant Təhsilin yaradılması və inkişafı strategiyası" və müvafiq 5 illik icra planı tərəfimizdən hazırlanıb TN-ə təqdim edilmişdir. Daha sonra 2010-cu ildə "Universitetlərdə DT yaradılması strategiyası" və müvafiq 5 illik icra planı tərəfimizdən hazırlanıb TN-ə verilmişdi. Sonrakı illərdə də TN-nin səlahiyyətli məmurları ilə müxtəlif tədbirlərdə və fərdi söhbətlərdə bu məsələnin zəruriliyi dəfələrlə vurğulanmışdır. İnsafən orta pillə kadrları bunu etiraf edirdilər hər zaman, amma hiss edilirdi ki, rəhbərliyin fikri tam fərqlidir. Vəziyyət hələ də dəyişməmişdir. Rəsmilər əsas arqument kimi bu işdə maliyyə qıtlığını və normativ bazanın yoxluğunu göstərirlər.

TN universitetlərə karantin dövründə distant təhsildən istifadə etməyi tövsiyə edib, bu məqsədlə Microsoft TEAMS proqramından istifadəni məsləhət bildi. Ölkə üzrə bütün universitetlərin rəhbərliyi və professor-müəllim heyəti evdə oturduğu, tələbələrin pərakəndə halda rayonlarda olduğu fövqəladə şəraitdə  distant təhsil sistemi yaratmaq cəhdi real deyildi. Xüsusən də imtahan sessiyasının təşkili və onun hüquqi normativ təminatı məsələləri həll edilməliydi.
AzTV-nin və votsapın köməyi ilə distant təhsil elementlərinin tətbiqi cəhdi oldu. Universitetlərin və professor- müəllim heyətinin distant təhsil barədə təcrübəsi və bilgisi olmadığı halda, bu proqramla tanış olmadığı halda bunu necə operativ reallaşdırmaq çətinliklər yaratdı.

Əvvəlcə professor- müəllim heyəti üçün distant təhsilə dair xüsusi təlim təşkil edilməli idi, (hər halda beynəlxalq təcrübədə belə olmuşdur, bu məqsədlə müəllimlər 72 saatlıq və 144 saatlıq xüsusi kurslar keçməli idi). Belə ilkin hazırlıq olmadan az vaxtda universitetlərin plansız və strategiyasız distant təhsil qura bilməsi mümkün deyil.

Ölkədə ali təhsilin informatlaşması ilə də ciddi məşğul olan qurum yoxdur. Amma ölkə səviyyəsində təhsilin informatlaşması ilə məşğul olan elmi-metodik-texniki quruma (Mərkəz) ehtiyac vardı. RF nəinki ölkə səviyyəsində, hətta universitetlər səviy­yəsində 20 ildir ki, belə qurum- "Təhsilin İnformatlaşması” adlı institutlar fəaliyyət gös­tərir (hər biri 100-200 nəfər ştatla). Son­ralar həmən institutlar inkişaf edərək "Distant Təhsil” institutlarına çevrildi. Bu institutlar öz böyük potensialı ilə universitetlərdə distant təhsil sistemi yaratdılar. Bizim universitetlərdə bu işlə indi hansı infrastruktur məşğuldur görəsən?

20 il ərzində ölkədə təhsil islahatları getdiyi dönəmdə nazirliyin nəzdində və universitetlərin tərkibində təhsilin informatlaşması mərkəzlərinin yaradılması və onların layihələrinin maliyyələşdirilməsi çox vacib idi. Çünki indiki dönəmdə təhsil islahatlarının lokomotivi İKT olmalıdır.

Distant təhsil sistemi ölkə təhsilinin səviyyəsini göstərən mühüm indikatordur. Ölkədə təhsilin informatlaşması təbii olaraq distant təhsil sisteminin yaradılmasına gətirir. Eyni ilə də universitetdə təhsilin informatlaşması təbii olaraq distant təhsil sisteminin yaranması ilə nəticələnir.
Ali təhsil islahatlarının ikinci hərəkətverici qüvvəsi isə onun elmi təminatının yaradılması olmalı idi. Bu elmi təminat reallaşan ali təhsil islahatlarının beyin mərkəzi olmalı idi. Bu günə qədər bu mərkəzlər də yaradılmayıb. Ona görə də Boloniya prosesi 15 ildir ki, heç bir nəticə vermir. Heç universitetlərimizdə də belə mərkəzlər yoxdur. Biz dəfələrlə TN təklif vermişik, məqalələrdə qeyd etmişik ki, heç olmazsa 4-5 universitetin nəzdində istiqamətlər üzrə ali təhsilin problemləri adlı kiçik elmi-tədqiqat institut və ya böyük elmi tədqiqat laboratoriyası yaradılsın (məsələn, ali texniki təhsilin problemləri, ali iqtisadi təhsilin problemləri v.s.)
Bütün bunlara rəğmən 2012-ci ildə ali təhsilin problemlərinə dair maraqlı jurnal nəşr edilməyə başlandı ("Ali təhsil və cəmiyyət”). Lakin 2013-cü ildə ali məktəblərə çox lazımlı bu jurnal nədənsə bağlandı.

Distant Təhsilin ölkəmizdə vaxtında yaradılmaması TN tərəfindən reallaşan Dövlət Proqramlarının səmərəsini də azaldır. Məlum olduğu kimi, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” qəbul edilmişdi. Proqram çərçivəsində ümumilikdə 3600 nəfərə yaxın Azərbaycan vətəndaşı 350-dən çox nüfuzlu ali təhsil müəssisəsində təhsil almışdır. Lakin onların müəyyən hissəsi təhsilini tamamladıqdan sonra xaricdə qaldı və vətənə dönmədi, beləliklə də dövlətin onların hər birinə xərclədiyi yüz minlərlə dollar vəsait ölkə iqtisadiyyatına xeyir vermədi, real olaraq ölkəmizin insan kapitalına çevrilmədi. Amma ölkəmizdə distant təhsil sistemi olsaydı və ya bu gənclərin həmən ölkələrdə ali təhsilini distant almasına şərait yaradılsaydı, onlar Bakıda yaşayaraq həmən universitetlərdə təhsil alacaqdılar və təhsillərini də tamamladıqdan sonra da ölkəyə qayıtmaq kimi problem olmayacaqdı. Digər tərəfdən, bu Dövlət Proqramına ayrılan vəsaitə 3-4 min yox, 20-25 min gənc xarici universitetdən onlayn təhsil və diplom ala biləcəkdi. Çünki   yol pulu, sığorta, yaşayış və qidalanma və s. xərclərə, təhsil haqqına (distant təhsil dəfələrlə ucuzdur) qənaət ediləcəkdi. Biz vaxtı ilə bu Dövlət Proqramı hazırlanarkən TN-ə belə təklif vermişdik. Heç olmasa, bu tələbələrin 50% distant oxusaydı, Dövlət Proqramı daha səmərəli icra olunardı.

Məlum olduğu kimi,  hazırda "2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proq­ramı” icra edilir. Bu proqrama görə də müəyyən qism gənclər xaricdə doktorantura təhsili alacaqlar. Dövlət Proqramının əsas hissəsi isə 5 istiqamət üzrə ikili diplom verilməsinə həsr edilib. Proqramda qeyd edilir: "Beynəlxalq ikili diplom proqramları yolu ilə əcnəbi professor-müəllim heyətinin Azərbaycan Respublikasının ali təhsil müəssisələrində əmək fəaliyyətinə cəlb olunması müasir tədris texnologiyalarının daha sürətli yayılmasına şərait yaratmaqla yanaşı, təhsillərini Azərbaycan Respublikasında davam etdirən gənclərimizə də yeni imkanlar açmalıdır”. Bu məqsədlə hər hansı bir xarici universitetlə birgə konkret ixtisas üzrə tədris planı hazırlanacaq və həmən universitetin professorları gəlib Bakıda universitetlərdə dərs deyəcəklər. Bu layihəni də distant təhsil üzərindən daha tez, ucuz və daha əhatəli reallaşdırmaq mümkün idi. Bu halda tələbələrimiz müvafiq xarici dili öyrənib sertifikat aldıqdan və ilkin seçimdən keçdikdən sonra, ikili diplom proqramı kimi həmən universitetin hazırladığı təhsil proqramını onlayn formatda öyrənə bilərdi. Bu daha operativ, ucuz və davamlı ola bilərdi, layihəyə cəlb edilən universitetlərin sayı da çox ola bilərdi.

Göründüyü kimi, distant təhsilin uzun illər ərzində heç bir ciddi əsas olmadan inkar edilməsi təhsilimizin dünənini, bu gününü və sabahını xeyli geri salıbdır. Bu gün distant təhsili olmayan universitet beynəlxalq təhsil məkanında ciddiyə alınmır. Belə universitetlər tədricən tələbələrini itirəcək, qlobal rəqabətdə məğlub olaraq öz fəaliyyətini saxlamaq məcburiyyətində qalacaqlar. Bu təhsildə gedən qlobal trendlərin acı nəticəsidir. Pandemiya müddətində bütün dünya ictimaiyyəti distant təhsilin əhəmiyyətini gördü, bu sahənin daha da intensiv inkişaf etdirilməsinin zəruri olduğuna əmin oldu.

Bizim ölkəmizdə də distant təhsil sisteminin yaradılmasına və intensiv inkişaf etdirilməsinə ciddi ehtiyac var. Təəssüf ki, xeyli vaxt itkisinə yol verilmişdir, bu səbəbdən ölkəmizdə distant təhsilə dair nə kadrlar hazırlanmış, nə də təşkilati, hüquqi-normativ, texniki, pedaqoji, metodiki baza yaradılmışdır. Bizim reallıqda ən böyük problem məhz bu məsələ üzrə ekspert qıtlığı olacaqdır. Baxmayaraq ki, 2009-cu ildə qəbul edilən "Təhsil Qanunu"nunda distant təhsil forması barədə xüsusi qeyd vardı. Ölkə üzrə beynəlxalq standartlar səviyyəsində distant təhsilin yaradılmasına xeyli vaxt və maliyyə resursu lazım olacaq.

RF Baş nazirinin müavini Tatyana Qolikova universitetləri yeni dərs ilinin əvvəlində yenə distant təhsildən istifadəyə hazır olmağa çağırıb. T. Qolikova bildirıb ki, koronavirusun yayılması kontekstində ölkəni payızda nə gözlədiyi hələ məlum deyil, universitetlər distant təhsili davam etdirməyə hazır olmalıdırlar. T. Qolikova daha sonra bildirib: "Bu barədə danışmaq istəməzdim, amma vəziyyəti proqnozlaşdırmaq çətindir, payızda bizi nə gözlədiyini bilmirik, biz hər şeyə hazır olmalıyıq. Əlbəttə ki, yazda qazandığımız təcrübəni nəzərə almalıyıq. Payız-qış dövrünə daha hazırlıqlı şəkildə keçmək lazımdır". T.Qolikova bu fikri bu ilin iyun ayında Rusiya Federasiyası Rektorlar Şurası idarə heyətinin iclasında demişdir. O qeyd etmişdir ki, Rusiya universitetləri payızda distant təhsilə tam hazırlıqlı olmalıdırlar. Bizdən fərqli olaraq, RF universitetlərinin distant təhsilin tətbiqi üzrə 20 illik təcrübəsi var. Maddi-texniki, kadr, proqram- metodiki və pedaqoji təminat məsələlərini onlar çoxdan həll ediblər. Bununla belə,RF da universitetlərin distant təhsilin kütləvi istifadəsi zamanı çətinliklərlə rastlaşdı.

Ola bilsin ki, pandemiya şəraiti hələ davam etsin. Bu halda təhsil sistemində onlayn dərslərdən istifadə davam etdiriləcəkdir. Yaranmış vəziyyətdən az itki ilə çıxmaq üçün, yaranmış fövqəladə vəziyyətdən çıxış yolları axtarmalıyıq. Bu vəziyyət distant təhsil texnologiyasının ölkəmizdə inkişafına təlabat yaradır.
Azərbaycanda reallaşan iqtisadi islahatlar, qeyri- neft sektorunun inkişafı, rəqəmsal iqtisadiyyatın tədricən formalaşması müasir tələblərə uyğun kadr korpusunun formalaşması üçün müasir texnologiyalar əsasında fasiləsiz təhsil sistemini yaratmalıyıq. Beynəlxalq təcrübə göstərir ki, bu işdə distant təhsilin çox böyük potensialı var. Biz fasiləsiz təhsilin bütün pillələrində distant təhsildən geniş istifadə etməliyik. Ölkəmizdə aparılan təhsil islahatlarını da bu istiqamətə yönləndirməliyik.

Hesab edirik ki, təcili olaraq bu istiqamətdə işlərə başlanmalıdır:

1. Distant təhsil üzrə ölkədə ekspertlər çox azdır. TN bu faktı nəzərə alaraq diqqətli seçim etməli, əməli iş görə bilən ekspert komissiyası formalaşdırmalıdır.

2. "Yaranmış vəziyyətdən az itki ilə çıxmaq üçün, distant təhsilin nisbətən səmərəli tətbiqi üçün nələr etməliyik?” kimi suala cavab tapmaq (yaranmış fövqəladə vəziy­yətdən çıxış yollarının axtarışı). 

3. Ölkədə normal distant təhsil sisteminin yaradılması üçün uzunmüddətli  strategiya və icra planının yaradılması (beynəlxalq təcrübəyə görə bu işə 5-10 il vaxt və xeyli maliyyə tələb edilir) 

4. Distant təhsil sistemində istifadə ediləcək keyfiyyətli zəruri kontentin yaradılması, mövcud məzmunun tək­mil­ləşdirilməsi. Çünki, məzmun keyfiyyətsizdirsə, müasir deyilsə, bu halda distant təhsilin də nəticəsi keyfiyyətli olmayacaq. Kontentimiz isə çox zəifdir.
Təklif edirəm ki, Milli Məclisin Elm və Təhsil komitəsi nəzdində "Elektron təhsilin hüquqi-normativ təminatı üzrə ekspert komissiyası" yaradılsın. Belə bir komissiya 20 il əvvəl RF Dövlət Dumasının nəzdində də yaradılmışdı, bu günə qədər də fəaliyyət gös­tərir. RF-da distant təhsilin inkişafında bu komissiyanın böyük rolu oldu. Azərbay­canda reallaşan iqtisadi islahatların, qeyri- neft sektorunun inkişafına, rəqəmsal iqtisadiyyatın formalaşmasına paralel olaraq müvafiq kadr hazırlığının da təşkili lazımdır. Bu işdə distant təhsilin çox böyük potensialı var. Biz fasiləsiz təhsilin bütün pillələrində distant təhsildən geniş istifadə etməliyik. Ölkəmizdə aparılan təhsil islahatları  bu istiqamətə yönləndirmək zəruridir.
 
İlham ƏHMƏDOV, 
təhsil eksperti, dosent




Загрузка...
loading...

Həmçinin oxuyun:
Distant dərslərin müşahidəsi davam edir

Distant dərslərin müşahidəsi davam edir

Ali məktəblərdə dərslərin keçirilməsi qaydası təsdiqləndi

Ali məktəblərdə dərslərin keçirilməsi qaydası təsdiqləndi

Niyə bizim distant  təhsil  keyfiyyətsizdir?- dosent İlham Əhmədov, təhsil eksperti

Niyə bizim distant təhsil keyfiyyətsizdir?- dosent İlham Əhmədov, təhsil eksperti

Ədalət Muradov: Növbəti tədris ilindən dərslərin hansı formada təşkil ediləcəyi məsələsinə aydınlıq gətirilməlidir

Ədalət Muradov: Növbəti tədris ilindən dərslərin hansı formada təşkil ediləcəyi məsələsinə aydınlıq gətirilməlidir

İlham Əhmədov:

İlham Əhmədov: "Hər bir ölkənin gələcəyi o ölkə insanlarının alacağı təhsilə bağlıdır"

Pandemiya göstərdi ki, ali təhsil müəssisələrimiz distant təhsil istiqamətində nə qədər geri qalırlar- İlqar Orucov

Pandemiya göstərdi ki, ali təhsil müəssisələrimiz distant təhsil istiqamətində nə qədər geri qalırlar- İlqar Orucov

Universitetlər  yeni dərs ilinin əvvəlindən  yenə distant təhsildən istifadə  edəcəklərmi?-Dosent  İlham Əhmədov

Universitetlər yeni dərs ilinin əvvəlindən yenə distant təhsildən istifadə edəcəklərmi?-Dosent İlham Əhmədov

Məsud Əfəndiyev: “Distant təhsil forması əyani və qiyabi təhsil hesab edilə bilər”

Məsud Əfəndiyev: “Distant təhsil forması əyani və qiyabi təhsil hesab edilə bilər”

“Azərbaycan distan təhsil ixrac edən mərkəzə çevrilə bilər”- Rektor Ədalət Muradov

“Azərbaycan distan təhsil ixrac edən mərkəzə çevrilə bilər”- Rektor Ədalət Muradov

UNEC Distant Ali Təhsil Beynəlxalq Forumu 2020: “Yeni imkanlar və müasir çağırışlar”

UNEC Distant Ali Təhsil Beynəlxalq Forumu 2020: “Yeni imkanlar və müasir çağırışlar”

Distant təhsilalma forması və Azərbaycan təhsili

Distant təhsilalma forması və Azərbaycan təhsili

UFAZ-da 538 bakalavr distant tədris prosesinə qatılıb

UFAZ-da 538 bakalavr distant tədris prosesinə qatılıb

Azərbaycan-Fransız Universitetində dərslərin distant şəkildə tədrisi davam etdirilir

Azərbaycan-Fransız Universitetində dərslərin distant şəkildə tədrisi davam etdirilir

Şamaxı rəsədxanasının magistrantları distant yolla elmi-pedaqoji təcrübə keçirlər

Şamaxı rəsədxanasının magistrantları distant yolla elmi-pedaqoji təcrübə keçirlər

İlk distant təhsil məktəbi

İlk distant təhsil məktəbi

Distant  təhsilə  doğru ilk  kövrək  addımlar.

Distant təhsilə doğru ilk kövrək addımlar.

YUNESKO distant təhsil üzrə beynəlxalq koalisiya yaradır

YUNESKO distant təhsil üzrə beynəlxalq koalisiya yaradır

"Distant təhsili olmayan universitetin beynəlxalq nüfuzu ola bilməz"-Dosent İlham Əhmədov

"Distant təhsili olmayan universitetin beynəlxalq nüfuzu ola bilməz"-İlham Əhmədov

Göydə peykimiz də var... Amma təhsilimiz yerdə sürünür

Göydə peykimiz də var... Amma təhsilimiz yerdə sürünür

İmtahanların da distant keçirilməsi mümkündür

İmtahanların da distant keçirilməsi mümkündür

Distant  təhsil  bizdən niyə  distant düşüb ?

Distant təhsil bizdən niyə distant düşüb ?

UNEC-də dərslər distant formada təşkil ediləcək

UNEC-də dərslər distant formada təşkil ediləcək

Distant təhsil  və xüsusiyyətləri

Distant təhsil və xüsusiyyətləri