AzTehsil.com


Xəbərlər / İlk peşə təhsili
04 iyun 2021
1 709


Peşə məktəbindən universitetə açılan qapı



Peşə məktəbindən universitetə açılan qapı

 

Yüksək texniki peşə təhsili - yeni və fərqli imkan

Peşə təhsili səviyyəsi əmək bazarına gedən ən kəsə, qısa yol sayılır. 6 aya, bir ilə hər hansı yeni peşə ilə bağlı ilkin biliyə sahib olub həmin peşə üzrə əmək bazarına daxil olmaq mümkündür. Əlbəttə ki, bu təhsil səviyyəsini seçənlər üçün daha qısamüddətli təlimlərlə müəyyən bacarıqlar əldə etmək imkanı da var. Peşə təhsil səviyyəsində tədrisin əsas hissəsinin təcrübədən ibarət olması, tələbələrə pedaqoqlarla yanaşı, peşəkar mütəxəssislərin bələdçilik etməsi və istehsalat təcrübəsinin işəgötürən müəssisələrdə təşkili, qısa müddətdə iş tapmaq imkanı da təhsilalanların peşə təhsilinə üstünlük verməsi üçün yetərli səbəblərdir. 2020-2021-ci tədris ilindən təhsilalanlara peşə təhsilini seçmək üçün daha bir keçərli səbəb verilib. Artıq orta ixtisas təhsili müəssisələrindən olduğu kimi, peşə təhsili müəssisələrindən də ali məktəblərə müsabiqədənkənar keçid imkanı yaradılıb. Hazırda hüquqi bazası və şərtləri üzərində işin davam etdiyi bu fürsəti dəyərləndirmək istəyənlər kifayət qədərdir. Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin Kompüter sistemlərində proqram təminatı  ixtisası üzrə tələbəsi Sevin Abdullayeva belə tələbələrdən sadəcə biridir.

Yüksək texniki peşə təhsilinə üz tutanlar çoxdur

Peşə təhsili müəssisəsinin 24 yaşlı tələbəsi aldığı təhsildən razıdır: "Orta məktəbi yaxşı qiymətlərlə oxumuşdum. Ancaq ali təhsil almaq imkanım olmadı. Məktəbi bitirdikdən sonra işə başladım. Uşaqlarla, xüsusən fərqlilikləri olan uşaqlarla işləməyi sevirəm. Ancaq dizayna hər zaman marağım olub. Xaraktercə geniş maraq sahəsi olan biriyəm. Yeniliklərə açığam. Bir dostum yayda peşə təhsili müəssisələrində pilot olaraq həyata keçirilən bu imkan barədə mənə xəbər verəndə diqqətimi çəkdi. Yüksək texniki peşə təhsili almaq üçün müsahibələrə qatıldım. Kompüter biliyim çox az olsa da, attestat qiymətlərimin yuxarı olmağı mənə Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində ödənişsiz təhsil almaq imkanı yaratdı”.

Özünü hər cəhətdən şanslı sayan S.Abdullayeva peşə təhsili müəssisəsində çox yaxşı öyrənmək imkanlarının olduğunu deyir.

Sevin Abdullayevanın kompüter biliyinin heç olmaması ona peşə təhsil müəssisəsində problem yaratmayıb. Kompüteri ən sadə əməliyyatdan öyrətməyə başlayıblar. Bu gedişlə təhsil aldığı 3 ilin tamamında ixtisası üzrə yüksək biliyə sahib olacağına inanan tələbə arzusunda olduğu dizaynla yanaşı, proqramlaşdırmanı da öyrənir və sevir.

Subbakalavr diplomu almaq imkanı verən ixtisasa üstünlük verməsinə gəlincə, S.Abdullayeva qrup yoldaşları arasında, sadəcə bu səbəbdən ikinci dəfə peşə təhsili almaq istəyənlərin olduğunu deyir: "3 il yüksək texniki peşə təhsili almaq mənə mane olmur, əksinə avantajdır. Bu, bizə daha yaxşı öyrənmək, maraqlandığımız sahə üzrə dərin biliyə sahib olmaq imkanı verir.  Tələbə yoldaşlarım arasında əvvəlki illərdə peşə təhsili alan, ancaq universitetə müsabiqədənkənar qəbul imkanı verən yüksək texniki peşə təhsilinə yenidən üz tutanlar da çoxdur”.

Yiyələndiyin peşəyə uyğun universitetdə də oxumaq istəyirsən?
Belə görünür ki, son illərdə peşə təhsilinə artan marağı yüksək texniki peşə təhsilinin təmin edəcəyi yeni fürsət daha da möhkəmləndirəcək. Peşə təhsili müəssisələrində qısa müddətdə kadr hazırlığını nəzərdə tutan ixtisaslarla yanaşı, yüksək texniki peşə təhsili verən ixtisaslar üzrə də hazırlıq aparılacaq. Artıq elan edildiyi kimi, ali məktəbə müsabiqədənkənar qəbul olunmaq imkanı bəzi şərtlər daxilində mümkün olacaq.  Həmin şərtlər daxilində peşə təhsili almağın üstünlüklərindən danışan Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini Ceyhun Kərəmov hesab edir ki, peşə təhsili ilk növbədə əmək bazarının tələblərini ödəməyə çalışır. Digər təhsil səviyyələri ilə müqayisədə daha tez qiymətləndirmə imkanı peşə təhsilinin üstünlüyü olaraq qalır. Təhsilalanlar həyatını və karyerasını planlaşdırarkən nə istədiyini düzgün müəyyənləşdirməlidir. Hansı peşə təhsili müəssisəsində hansı ixtisas üzrə təhsil alacağına, gələcəkdə təhsilini universitetdə davam etdirmək istəyindən asılı olaraq qərar verəcək.

Subbakalavr olmaq üçün tələblər var

İstənilən peşə məktəbini bitirib sonra universitetdə oxumaq olarmı?

İndi bu sualın cavabı ilə maraqlananlar çoxdur. Cavab qətidir. Universitetə müsabiqədənkənar qəbul yalnız və yalnız yüksək texniki peşə təhsilindən mümkündür.Yüksək texniki peşə təhsili isə bütün peşə məktəblərindən və istənilən ixtisas üzrə aparılmır. Yəni, ixtisası düzgün seçmək lazımdır. Direktor müavinin sözlərinə görə, peşə təhsili müəssisələrinin çoxsaylı ixtisasları var. Burada müxtəlif proqramlar üzrə kadr hazırlığı həyata keçirilir. Ancaq həmin proqramların hamısı subbakalavr üçün qoyulan tələbləri ödəmir: "Ali təhsilin tələbləri, ali təhsil üçün kriteriyalar fərqlidir. Bir il ərzində bu tələbləri ödəmək mümkün deyil. Yüksək texniki peşə təhsili səviyyəsi yeni tətbiq edildiyindən bütün proqramlar əmək bazarının tələbləri əsasında yenidən hazırlanır.Həmin proqramlar özündə ixtisas üzrə bilik və bacarıqlar ilə yanaşı, təşkilati və idarəçilik bacarıqlarını da əhatə edir.Yüksək texniki peşə təhsili akademik təhsildən fərqli olaraq daha çox tətbiqi öyrənməyə fokuslandığından tələbələrə ixtisas bacarıqlarını praktiki vərdişlər və şəriştələr ilə aşılamağa imkan verir. Bu proqramları uğurla bitirən tələbələr müvafiq ixtisas üzrə subbakalavr diplomu ala biləcək və müvafiq ixtisas üzrə tədrisini ali təhsil pilləsində davam etdirəcək. Yüksək texniki peşə təhsili proqramlarında kredit sisteminin tətbiqi və proqramların ali təhsil proqramları ilə uyğunlaşdırılması məzunlarımıza ali təhsil müəsssisələrinə qəbul olduqda topladıqları kreditləri tanıtmağa və ali təhsili daha qısa müddətdə tamamlamağa da imkan yaradacaq”.

Beləliklə, qısa zamanda bir peşə öyrənib işləmək və əmək bazarına daxil olmaq istəyənlər peşə təhsili müəssisələrində ilk və texniki peşə təhsili səviyyəsi üzrə təhsil proqramlarını seçəcək. Maraqlandığı peşə üzrə daha dərin bilik əldə etmək və sonradan ali təhsil almaq arzusundan olanlar yüksək texniki peşə təhsilini nəzərdə tutan ixtisas proqramlarını seçə biləcəklər. Yüksək texniki peşə təhsili proqramları əvvəllər ilk və ya texniki peşə təhsili almış məzunlar və artıq işləyən peşəkarlar üçün də ali təhsil almaq imkanları yaradır. Belə ki, peşə təhsili səviyyələri arasında keçid imkanlarının təmini bu şəxslər üçün də yüksək texniki peşə təhsilinə qəbul olmaq, əvvəl aldığı ixtisas təhsili zamanı əldə etdiyi bilik və bacarıqları tanıtmaq və yüksək texniki peşə təhsili vasitəsi ilə ali təhsilə keçmək perspektivləri açır.

Təhsil müddətinin artması peşə təhsilinə marağa necə təsir edəcək?

Deməli, peşə təhsili səviyyəsində ali məktəblərə keçid imkanı verən ixtisaslar üzrə hazırlıq təhsil müddətinin artması ilə nəticələnəcək. Bu amil peşə təhsili müəssisələrinə olan marağı azalda bilərmi?

C.Kərəmov bu fikirlə razılaşmır. Onun qənaətinə görə, sonradan bakalavr təhsili almaq istəyənlər üçün peşə təhsili  müəssisələrində təhsil müddətinin artması narahatlıq yaratmayacaq: "Ümumi orta təhsil bazasından peşə təhsili müəssisələrinə daxil olanlar burada əvvəlcə tam orta təhsil bazasının proqramını tamamlayır, sonra peşə ixtisasına yiyələnirlər. Yəni, bu qrup onsuz da tam orta təhsil bazasında 2 il təhsil almalıydı. Yüksək texniki peşə təhsilini seçənlərin oxuduğu müddətdə 2 ixtisasa yiyələndiyini nəzərə alsaq, onların il baxımından hər hansı itkisindən söhbət gedə bilməz. Yüksək texniki peşə təhsili orta idarəetmə heyəti üçün peşəkar hazırladığından təhsil müəddətinin nisbətən uzun olması təbiidir; tələbə ixtisas bilikləri ilə yanaşı idarəetmə üzrə də biliklərə yiyələnəcək. Əlavə olaraq onu da qeyd edim ki, proqramların ali təhsil proqramları ilə uzlaşdırılması tələbəyə ali təhsil pilləsində kreditlərini tanıtmaqla proqramı normal təhsil müddətindən qısa dövrdə tamamlamasına imkan verəcək”.

Təcrübə peşə təhsilinin ən böyük üstünlüyüdür

Peşə ixtisasına sırf təcrübə sahəsində yiyələnilməsi üçün peşə təhsili müəssisələrində tədbirlər görülür.Bu məqsədlə peşə təhsili müəssisələri Azərbaycandakı dövlət və özəl müəssisələrlə əməkdaşlıq edir. Peşə təhsili müəssisələrinin tələbələri ya iş üçün şirkətlərə gedir, ya da təhsil müəssisəsinin emalatxanasında hər hansı sifarişin yerinə yetirilməsində iştirak edərək öyrənir. Qabaqcıl təhsil müəssisələri isə sifariş qəbul edərək həm gəlir əldə edir, həm də tələbələrini öyrədir. Bu baxımdan tədrisin 60 faizi təcrübədən ibarət olan bəzi peşə təhsili müəssisələrinin məzunlarının  universitet məzunlarından üstünlüyü daha çoxdur: "Tutaq ki, mühasibatlıq üzrə yüksək texniki peşə təhsilinə yiyələnən kadr eyni ixtisas üzrə universitet məzunundan daha təcrübəli ola bilər. Çünki o, əmək bazarının tələbinə uyğun daha tətbiqi (real iş şəraitinin tələblərinə uyğun tətbiq edərək) tədris alır və ixtisas üzrə iş yerində birbaşa tətbiq edilən bacarıqlara yiyələnir. Verdiyi bu üstünlük sayəsində qərbdə peşə təhsilinə yönələnlərin sayı 40-60 faiz arasında dəyişir. Azərbaycanda bu göstərici 10-11 faizdir”.

Peşə təhsili universitetdə hansı üstünlüyü qazandıracaq?

Daha bir məqam, yüksək texniki peşə təhsili məzunlarına, sadəcə universitetdən sonra əmək bazarında deyil, elə bakalavr təhsilində də bir sıra üstünlüklər verəcək. Məlum olduğu kimi, Azərbaycanda artıq orta ixtisas təhsili müəssisələrindən universitetə keçid təcrübəsi var. Subbakalavrların orta ixtisas təhsili müəssisələrində qazandığı kredit ali təhsil müəssisələrində nəzərə alınır. Bu təcrübə peşə təhsili müəssisələrindən gələnlərə də tətbiq ediləcək, yüksək texniki peşə təhsilini yüksək səviyyədə tamamlayanların bakalavr təhsili xeyli yüngülləşəcək.  Məsələn, peşə təhsili müəssisələrinin məzunları universitetdə hansısa fənni yenidən oxuya, ya da hər hansı fəndən azad ediləcək: "Bu istiqamətdə iş gedir. Hazırda qanunvericilik bazasında yüksək texniki peşə təhsilində kredit sisteminin tətbiqi ilə bağlı təkmilləşmə aparılır. Peşə təhsilində kredit sistemi tətbiq edilməsi, proqramların ali təhsil proqramları ilə  uzlaşdırılması yüksək texniki peşə təhsili üzrə təhsili tamamladıqdan sonra universitetdə təhsil aldıqda müəyyən fənlər üzrə kreditləri tam tanıtmağa və həmin fənlərin tədrisindən azad olunmağa imkan verəcək. Bu, yekunda ali təhsil proqramını da daha qısa zamanda tamamlamağa zəmin yaradacaq”.

Subbakalavr diplomu verəcək müəssisələr

Beləliklə, geriyə qaldı bir sual. Hansı peşə təhsili müəssisəsində olan ixtisası seçək ki, oradan universitetə qapı olsun?

Ötən ildən Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi 2 ixtisas üzrə hazırlıqlara başlayıb. Bu il bir neçə peşə təhsil müəssisəsi də yüksək texniki peşə ixtisaslarına qəbul həyata keçirəcək.
C.Kərəmovun sözlərinə görə, həmin ixtisaslar üzrə hazırlıq fərqli peşə təhsili müəssisələrində həyata keçiriləcək. Məsələn, turizm və otelçilik üzrə kadr hazırlığını nəzərdə tutan yeni yüksək texniki peşə təhsili üzrə tədris Qəbələ Dövlət Peşə Təhsil Mərkəzində təşkil ediləcək. Yüksək texniki peşə üzrə ixtisaslara həm ümumi, həm də tam orta təhsil bazasından qəbul həyata keçiriləcək: "Ümumi təhsil bazasından 4 il, tam orta təhsil bazasından isə 3 il təhsil nəzərdə tutulub. Bu da o deməkdir ki, 3-4 il müddətində bir kadr həm ixtisaslı, hətta bir neçə ixtisas üzrə tam hazırlıqlı kadr olaraq əmək bazarına daxil olacaq, həm də istədiyi vaxt işləyə-işləyə bakalavr pilləsində təhsilini davam etdirə biləcək”.

Plan yerləri ilk dolan yüksək texniki peşə təhsili ixtisasları olacaq?

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin Nəqliyyat vasitələrinin texniki istismarı ixtisası üzrə tələbəsi Abış Abışovu bu təhsil müəssisəsinə avtomobilə olan marağı və universitetə çıxış imkanı gətirib: "İstəyirdim əlimdə bir peşəm olsun. Avtomobillərə xüsusi marağım olduğunu nəzərə alaraq bu ixtisaslarla maraqlandım. Təhsil aldığım müəssisənin bu arzumu gerçəkləşdirmək üçün ən yaxşısı olduğunu öyrəndim.Burda təhsilimizin 70 faizi təcrübədir.Mənim üçün çox maraqlı olan bir işi öyrənirəm. Üstəlik, buradakı təhsilimi tamamladıqdan sonra texniki universitetlərin birində təhsil almaq imkanım var. Bu da o deməkdir ki, burdakı təhsilimi tamamladıqdan sonra rahatca iş də tapa bilərəm, universitetdə təhsilimi davam etdirə də”.  

C.Kərəmov da deyir ki, yüksək texniki peşə təhsili tamamilə yeni və fərqli imkandır. Onun fikrincə, bu ixtisaslar üzrə kadr hazırlığı getdikcə genişlənəcək. Çünki böyük tələbat  artıq hiss olunur: "Bunun üçün artıq nümunəmiz var. İlk qəbul göstərdi bunu. İki ixtisas üzrə yerlər digər ixtisaslardan daha tez doldu”.

 
Bu il ikinci dəfə yüksək texniki peşə təhsili üzrə peşə təhsili müəssisələrinə qəbul həyata keçiriləcək. Bu dəfə təhsil müəssisələrinin də, ixtisasların da sayı artacaq: "800-ə yaxın tələbəni qəbul edəcəyik. Bu da daha çox yeniyetmə və gəncə tələbə olmaq imkanı qazandıracaq. Özü də, sadəcə peşə təhsili müəssisəsi yox, həm də universitet tələbəsi olmaq imkanı”.

Yenə plan yerləri ilk dolan məhz yüksək texniki peşə təhsili üzrə ixtisaslar olacaqmı,  bunu deyə bilmərik. Əsas odur ki, hər birimiz bizə verilən imkanlardan xəbərdar olaq. Xəbərdar olaq ki, əlimizdə olanları düzgün və vaxtında dəyərləndirək.

Ruhiyyə DAŞSALAHLI



Загрузка...
Həmçinin oxuyun:
Azərbaycanda peşə təhsilinin üç pilləli olması təklif edilir

Azərbaycanda peşə təhsilinin üç pilləli olması təklif edilir

Baş Nazirdən təhsillə bağlı QƏRAR

Baş Nazirdən təhsillə bağlı QƏRAR

Azərbaycanda peşə təhsili müəssisələrində təhsil müddəti qruplara görə yenidən müəyyənləşdirilib.

Azərbaycanda peşə təhsili müəssisələrində təhsil müddəti qruplara görə yenidən müəyyənləşdirilib.

Kimlər ali məktəblərə imtahansız qəbul ola biləcəklər?

Kimlər ali məktəblərə imtahansız qəbul ola biləcəklər?

Sənaye ixtisasları üzrə pilot peşə təhsili proqramlarına qəbul davam edir

Sənaye ixtisasları üzrə pilot peşə təhsili proqramlarına qəbul davam edir

Bu il yüksək texniki peşə pilləsi üzrə yeni ixtisaslara qəbul aparılacaq

Bu il yüksək texniki peşə pilləsi üzrə yeni ixtisaslara qəbul aparılacaq

Azərbaycanda 10 pilot peşə təhsili müəssisəsi yaradılacaq

Azərbaycanda 10 pilot peşə təhsili müəssisəsi yaradılacaq

Azərbaycanda özəl peşə təhsili müəssisələri yaradılacaq

Azərbaycanda özəl peşə təhsili müəssisələri yaradılacaq

Peşə təmayüllü siniflərin məzunları peşə təhsili müəssisələrinə müsabiqədənkənar qəbul ediləcək

Peşə təmayüllü siniflərin məzunları peşə təhsili müəssisələrinə müsabiqədənkənar qəbul ediləcək

Pilot peşə proqramlarına tələbə qəbulunun müddəti uzadılır

Pilot peşə proqramlarına tələbə qəbulunun müddəti uzadılır

Cəzaçəkmə müəssisələrində peşə təhsili

Cəzaçəkmə müəssisələrində peşə təhsili

Peşə təhsili almaq istəyənlərin sayında artım olub

Peşə təhsili almaq istəyənlərin sayında artım olub

Azərbaycanda özəl və bələdiyyə peşə təhsili müəssisələri yaradılacaq

Azərbaycanda özəl və bələdiyyə peşə təhsili müəssisələri yaradılacaq

"ASAN peşə” layihəsi üzrə əlavə ixtisas seçiminin vaxtı uzadılıb

"ASAN peşə” layihəsi üzrə əlavə ixtisas seçiminin vaxtı uzadılıb

Təhsil Nazirliyindən peşə məktəbləri ilə bağlı YENİLİK

Təhsil Nazirliyindən peşə məktəbləri ilə bağlı YENİLİK

Yüksək texniki peşə təhsili olan şəxslərə ali təhsil müəssisələrinə qəbul olmaq hüququ verilib

Yüksək texniki peşə təhsili olan şəxslərə ali təhsil müəssisələrinə qəbul olmaq hüququ verilib

Təhsil Nazirliyi: 8651 nəfər ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul olub

Təhsil Nazirliyi: 8651 nəfər ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul olub

Turizm ixtisasları üzrə pilot peşə təhsili proqramlarına qəbul davam edir

Turizm ixtisasları üzrə pilot peşə təhsili proqramlarına qəbul davam edir

Peşə təhsili müəssisələrinin mühəndis-pedaqoji heyəti İzmirdə

Peşə təhsili müəssisələrinin mühəndis-pedaqoji heyəti İzmirdə

Pilot peşə təhsil proqramları üzrə tələbə qəbuluna başlanılır

Pilot peşə təhsil proqramları üzrə tələbə qəbuluna başlanılır

Yeni tədris ilindən veb-dizayner ixtisası üzrə kadr hazırlığına başlanılır

Yeni tədris ilindən veb-dizayner ixtisası üzrə kadr hazırlığına başlanılır

Peşə məktəblərinin boş qalan yerlərinə əlavə ixtisas seçimi avqustun 28-də başlayacaq

Peşə məktəblərinin boş qalan yerlərinə əlavə ixtisas seçimi avqustun 28-də başlayacaq

"Peşə təhsil müəssisələrinin optimallaşdırılması bir çox imkanlara yol açır"

"Peşə təhsil müəssisələrinin optimallaşdırılması bir çox imkanlara yol açır"

İlk peşə-ixtisas təhsili müəssisələrinə sənəd qəbulu başlayıb

İlk peşə-ixtisas təhsili müəssisələrinə sənəd qəbulu başlayıb