AzTehsil.com


Xəbərlər / Müəllim
25 noyabr 2017
5 981


Müəllimin tədrisdən ayrılmadan peşəkarlıq səviyyəsinin artırılması aktual problem kimi



Ölkəmizin sosial-iqtisadi inkişafı gələcəyə istiqamətlənmiş təhsil sahəsinin möhkəm dayaqlar üzərində qurulmasına zəmin yaradır. Keçən əsrin sonlarından başlayaraq təhsildə aparılan məqsədyönlü islahatlar onun maddi-texniki bazasının güclənməsinə, məzmununun milli və bəşəri dəyərlər əsasında zənginləşməsinə, təşkili forma və üsullarının müasir pedaqoji-psixoloji tələblərə uyğun yeniləşməsinə təkan vermişdir ki, bu da yetişməkdə olan nəslin hərətərəfli hazırlığına xidmət edir. 
 
Azərbaycan Respublikası Prezidentinin 24 oktyabr 2013-cü il tarixli sərəncamı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda bu genişmiqyaslı inkişafın  dinamikası, məqsəd və hədəfləri 5 strateji xətt üzrə açıqlanmışdır. "Təhsilalanların fərdi xüsusiyyətlərini nəzərə alan innovativ təlim metodları və texnologiyaları vasitəsilə təhsilin məzmununun səmərəli mənimsənilməsini təmin edən yüksək nüfuzlu təhsilverənin formalaşdırılması" kimi ifadə olunan ikinci strateji istiqamət təhsilin aparıcı qüvvəsi sayılan müəllim kadrların peşəkarlıq səviyyəsinin yüksəldilməsi ilə bağlı tədbirləri əhatə edir.
 
Göstərilən tədbirlər sırasında maraq doğuran alt komponentlərdən biri "2.1.3. müəllimlərin təhsil müəssisəsi səviyyəsində, tədrisdən ayrılmadan peşəkarlıq səviyyəsinin artırılması üzrə özünü doğrultmuş innovativ modellərin tətbiqi" adlanır ki, dövrümüz üçün olduqca aktual olan bu məsələ üzərində ayrıca dayanmaq istərdik.

Pedaqoji fikir tarixində təhsilalanların cəmiyyət üçün yararlı vətəndaş hazırlanmasında, hərtərəfli şəxsiyyət kimi formalaşmasında müəllimin müstəsna rolu yüksək dəyərləndirilmiş və bu peşə yer üzündə mövcud olanların ən alisi sayılmışdır. Çətin və mürəkkəb, şərəfli və məsuliyyətli olmaqla yanaşı, müəllimlik, hər şeydən öncə, yaradıcı bir peşə kimi səciyyələndirilir. Müəllim elə bir yaradıcıdır ki, o, hər bir şəxsi bilik və bacarıqlarla silahlandırmaqla intellektual düşüncə sahibi kimi,  ən ülvi duyğuları aşılamaqla insan kimi yetişdirir.  Bu məqamda ulu öndər Heydər Əliyevin müəllim haqqında söylədiyi belə bir aforistik fikri xatırlamaq yerinə düşərdi:
 
"Mən dünyada müəllimdən yüksək ad tanımıram". Təbii ki, bu ucalığı qorumaq hər bir müəllimdən böyük fədakarlıq, gərgin əmək, öz peşəsinə böyük sevgi və qırılmaz bağlılıq tələb edir. Zamanın sürətlə dəyişən dəyərlər müstəvisində müəllimlik peşəsinin müasir pedaqoji meyarlara uyğunlaşması qaçılmazdır. Fəal, yaradıcı müəllim həyata keçirilməkdə olan təhsil konsepsiyasının mahiyyətini anlamalı, müasir dərsə verilən tələbləri, onun strukturunu dərindən mənimsəməli və təlim texnologiyalarına yüksək səviyyədə yiyələnməlidir. Bunun üçün isə o, daim öz üzərində işləməli, nəzəri-metodik hazırlığını təkmilləşdirməli və beləliklə, səriştəli mütəxəssis kimi fəaliyyət göstərməlidir. Mövcud təcrübənin təhlili belə bir nəticəyə gəlməyə imkan yaradır ki, müəllimin peşəkarlıq səviyyəsinin artırılması iki formada: tədrisdən ayrılmaqla ixtisasartırma kursları vasitəsilə və tədrisdən ayrılmadan öz üzərində müstəqil işləməklə həyata keçirilə bilir.
 
Əgər birinci forma planauyğun qaydada əsasən məcburi şəkildə tətbiq edilirsə, ikinci forma müəllimin mənəvi tələbat və  ehtiyacına uyğun olaraq könüllü şəkildə yerinə yetirilir. Müəllimin tədrisdən ayrılmadan öz peşə ustalığını artırması müxtəlif yollarla həyata keçirilə bilər ki, bunlardan aşağıdakılar daha səmərəli hesab olunur:

1. Müstəqil mütaliə yolu ilə

Təhsilin yeni prinsiplər (nəticəyönümlü, şagirdyönümlü, tələbyönümlü, inteqrativ) əsasında qurulması təlimin məzmununda və təşkili formalarında köklü dəyişikliklər edilməsinə gətirib çıxardı. Məlum oldu ki, ümumtəhsil məktəblərində aparılan kurikulum islahatı daha çox akademik biliklərin aşılanmasına istiqamətlənmiş ənənəvi təlim modelinin həyati bacarıqların formalaşmasını bir məqsəd kimi önə çəkən yeni təlim modeli ilə əvəzlənməsinə xidmət edir. Əgər ənənəvi təlimdə müəlllim biliklərin bir mənbədən (dərslikdən) digər mənbəyə (şagird yaddaşına) ötürülməsini bir məqsəd kimi qarşıya qoyurdusa, hazırda müvafiq bilik və bacarıqların təlim materialları üzərində fikir mübadiləsi yolu ilə əldə olunması yollarını tətbiq etməyə çalışır.
 
Odur ki, şagird təfəkkürünü daha intensiv işlətməyə hesablanmış yeni təlim modeli müəllimi daim öz üzərində çalışmağa, axtarıcılığa sövq edir. Müəllim gözlənilən təlim nəticələrini qabaqcadan müəyyənləşdirməklə ən optimal təlim üsullarını tətbiq etmək bacarığına yiyələnməlidir. Bu isə müəllimdən müasir elmi-metodik ədəbiyyatı gündəlik izləməyi, yeni ideyalarla potensial imkanlarını artırmağı tələb edir. Müəllim şagirdlərini fəallaşdırmaq, təlim prosesinə yaradıcı qoşmaq istəyirsə, ilk növbədə, özü yaradıcı olmalıdır. Yaradıcılıq isə daimi mütaliə, düşünmə üzərində qurulur.
 
Müasir müəllim həm məktəb pedaqogikası və psixologiyası, həm də tədris etdiyi fənnin nəzəri və metodik əsasları ilə bağlı son dövrlərdə nəşr edilən elmi məqalələrlə, monoqrafiyalarla  tanış olmalıdır ki, yeni söz deməyə, yeni iş üsulları tətbiq etməyə qadir olsun. Təəssüf ki, bu mənbələr kənara qalsın, hətta ixtisas fənlərinin tədrisi jurnalları ilə maraqlanmayan müəllimlərimiz də az deyil. Sözsüz ki, bu da müəllimlərin peşə hazırlığına mənfi təsir göstərməklə təlimin keyfiyyətini aşağı salır.

Müəllimin özünə qarşı tələbkarlığı olmadan peşəsinin incəliklərinə lazımi səviyyədə yiyələnə bilməz. Nəzəri və praktik baxımdan hazırlıqlı olan müəllimin nüfuzu öz işinə məsuliyyətsiz yanaşan müəllimlərdən qat-qat yüksək olur. Peşəkarlıq istər müəllim, istərsə də şagird kollektivi arasında qazanılan hörmətin başlıca qaynağıdır ki, onun müəyyən hissəsi insaniyyətdən,  səmimi ünsiyyətdən, müəyyən hissəsi isə elmi-metodik fəallıqdan, çalışqanlıq və fədakarlıqdan irəli gəlir. İnteraktiv təlim metodları ilə aparılan yeni təlim şagirdlərin tədqiqatçılığa cəlb olunması və bununla da sinifdə idraki fəallıq atmosferi yaradılması yolu ilə mümkündür. Həmçinin dərsin mərhələləri arasında məntiqi bağlılığı təmin etmək üçün müəllim özü tədqiqatçı olmalıdır.
 
Deməli, özünütəkrardan qaçmaq, hər dəfə şagirdləri maraqlandıran yeni təlim üsulları tətbiq etmək müəllimin bir  tədqiqatçı kimi yetişməsini tələb edir.

Müasir müəllim təkcə şagirdlərinin bilik və bacarıqlarını deyil, həm də öz fəaliyyətini obyektiv  qiymətləndirmək qabiliyyəti nümayiş etdirməlidir. O, uğurları kimi, nöqsanlarını da vaxtında görüb üzərində korreksiya aparmaq gücündə olmalıdır. Əsl yaradıcı müəllim qazandığı nailiyyətlərlə kifayətlənməməli, təlim prosesinə yeniliklər gətirmək həvəsi ilə çalışmalıdır. Buna görə də gündəlik mütaliə müəllim peşəkarlığının enerji mənbəyi kimi dəyərləndirilə bilər.

2. Qabaqcıl iş təcrübəsinin öyrənilməsi yolu ilə

Müəllimin peşə hazırlığının yüksəldilməsində nəzəri-metodik biliklərin artırılması ilə yanaşı, qabaqcıl təcrübənin öyrənilməsi də mühüm əhəmiyyət kəsb edir. Danılmaz həqiqətdir ki, Azərbaycan təhsilində aparılan islahatlar inkişaf etmiş dünya ölkələrinin və respublikamızın qabaqcıl məktəblərinın iş təcrübəsinə əsaslanmaqla, təlimin təşkili, idarə olunması, məzmununun müəyyənləşdirilməsi və digər mühüm  məsələlərlə yanaşı, müəllim hazırlığı problemini də özündə əks etdirir.
 
Müəllimin səriştəli bir mütəxəssis kimi yetişməsində ixtisasartırma kurslarının, treninqlərin, elmi-praktik konfrans və seminarların müstəsna rol oynadığı aydın məsələdir. Bununla yanaşı, müəllimin tədris prosesindən ayrılmadan qabaqcıl iş təcrübələri ilə tanışlığında digər iş formalarından da geniş istifadə olunur ki, onlardan aşağıdakıları qeyd etmək mümkündür:

1) Müəllimlərin məktəbdaxili fənn birləşmələrində iştirakını təmin etməklə

Müəllimlik elə bir peşədir ki, daim yeni keyfiyyətlərlə dolğunlaşır. Son dövrlər təlim strategiyalarının elmi-texniki tərəqqinin və müasir pedaqoji-psixoloji  tələblərin təsiri ilə tamamilə dəyişməsi müəllimin fəaliyyət imkanlarının genişlənməsinə meydan açdı. Artıq informasiya-kommunikasiya vasitələrinə, kompüter texnologiyasına dərindən yiyələnmədən şagird maraqlarına cavab verən müasir məşğələ formalarını təşkil etmək çətin bir prosesə çevrilməkdədir.
 
Məhz buna görə də məktəbdaxili fənn birləşmələrinin imkanlarından səmərəli istifadə olunmalıdır. Müəllim qabaqcıl həmkar yoldaşlarından iş təcrübəsini öyrənmək üçün onların dərslərində mütəmadi iştirak etməlidir ki,  aydın olmayan məqamların müzakirə yolu ilə dərkinə nail olsun. Belə birləşmələrdə problem xarakterli məsələlər ətrafında fikir mübadiləsinin aparılması xüsusilə önəmlidir.

Müşahidələr göstərir ki, qabaqcıl müəllimin "açıq dərs"ləri yalnız eyni fənni tədris edən müəllimlərin iştirakı ilə keçirilir. Bu onunla bağlıdır ki, çox zaman belə dərslərin təhlilində məzmun məsələləri qabardılır. Fikrimizcə, belə dərslərə ixtisasından asılı olmayaraq bütün müəllimlər, xüsusilə gənclər cəlb olunmalıdırlar. Təşkil olunan müzakirələrdə isə müəllimin şagirdlərlə ünsiyyət qurmaq, sinfi təşkil edib araşdırılacaq problemi təqdim etmək, dərsin mərhələləri arasında məntiqi əlaqə yaratmaq, təlim üsullarından məqsədyönlü istifadə etmək, bilik və bacarıqları düzgün qiymətləndirmək və s. məsələlər qabardılmalıdır.

2) Müəllimlərin rayon metodbirləşmələrinə daha fəal cəlb olunmasını təmin etməklə

Müəllimin qabaqcıl həmkarlarının iş təcrübəsindən bəhrələnərək peşəkarlıq səviyyəsini yüksəltməsi üçün rayon təhsil şöbələrində fəaliyyət göstərən metodbirləşmələrdə iştirakı olduqca vacibdir. Bu yolla müəllim daha geniş bir müstəvidə iş təcrübəsini müşahidə edib öyrənmək imkanı qazanmış olur. Həftənin müəyyən günlərində rayon müəllimlərinin bir auditoriyaya yığışıb  həm təhsilin ümumi, həm tədris etdikləri fənnin konkret məsələləri ətrafında fikir mübadiləsi aparmaları onların peşə fəaliyyətinə müsbət təsir göstərir.

Etiraf edək ki, 2007/2008-ci tədris ilindən başlayaraq tətbiq edilən kurikulum islahatı təlim prosesinin daha optimal qurulmasına təkan verdiyi kimi, bəzi problemlər də yaratmışdır. Belə ki, hələ də bəzi müəllimlər dərsin məqsədini müəyyənləşdirməkdə alt-standartlara istinad etmək, motivasiya mərhələsində yardımçı suallar əsasında keçilən mövzu ilə bağlı araşdırılacaq problemin mahiyyətini anlamağa yönəlmiş tədqiqat sualını və şagirdlərin təlim fəaliyyəti ilə bağlı qiymətləndirmə meyarlarını müəyyənləşdirmək məsələlərində çətinlik çəkirlər. Ona görə də bu vərdişlərə yiyələnmiş qabaqcıl müəllimlərin iş təcrübəsi ilə tanış olmaq üçün onların çıxışlarını dinləmək, yaxud  keçdikləri dərslərin videosuna baxıb fikir mübadiləsi aparmaq səmərəli nəticələr verə bilir.
 
Bundan əlavə, rayon səviyyəsində müəllimlərin peşə hazırlığını artırmaq məqsədilə mütəmadi qaydada praktik konfranslar, seminarlar təşkil olunmalı və qabaqcıl iş təcrübəsi müəyyənləşdirilərək təbliğ edilməlidir.

Beləliklə, tədrisdən ayrılmadan müəllimlərin peşə hazırlığının yüksəldilməsinin üstün cəhəti ondadır ki, bu həm əlavə xərc tələb etmir, həm də məktəbin işinə maneçilik yaratmır. 



Загрузка...