Şagirdləri necə qiymətləndirməli?
Bu gün dünya təhsil sistemində danışılan ən önəmli amillərdən biri də şagirdin biliyinə verilən qiymətdir. Yəni qiymətləndirmə sistemi. Düzü, araşdırsaq da, hələ elə bir qaynaq tapa bilmədik ki, ilk dəfə şagird biliyinə qiyməti hansı ölkədə, harada veriblər. Bəli, verilən tapşırığı yerinə yetirməyənə cəzalar çox olub, lakin onu yaxşı yerinə yetirənə nəsə bir qiymət verilməsinin tarixini biz bilə bilmədik. Ancaq onu bilirik ki, bu qiymət məsələsi bizim ölkədə də çox problemli mövzulardan biri olmaqda qalır.
Valideynlər uşaqlarının inkişafını görmək üçün müəllimdən şagirdə hər gün qiymət verməyi tələb edirlər. Müəllimlər də sinifdə olan 25-30 uşağın hamısını hər gün qiymətləndirmənin mümkün olmadığını sübut etməyə çalışırlar. Hələ Milli Kurikulum yeni təsdiqlənəndə, məhz ənənəvi üsulla qiymətin yazılmayacağı söhbəti bütün aləmi qatmışdı bir-birinə. Bu proses bir neçə il gizlin şəkildə aparıldı. Belə ki, Təhsil Nazirliyinin tələblərini yerinə yetirməklə yanaşı, bir çox müəllim gizlicə uşaqlara gündəlik aldırıb, ənənəvi 5 ballıq sistemlə qiymətləri yazdılar və bu gün bütün məktəblərdə şagirdlərimiz həmin 5 ballıq sistemlə qiymətləndirilir.
Təəssüflər olsun ki, bu gün də ölkəmizdə valideynlərin əksəriyyəti şagirdin öyrənib-öyrənməməsinə, mənimsəyib-mənimsəməməsinə fikir vermir, qiymət onun üçün daha vacibdir. Düşünün ki, bir müəllimi valideyn 11 il müddətində ona hər gün yazılan yalançı 5-ə görə sevə və alqışlaya, yaxud əksinə – yazılmış aşağı qiymətə görə düşmən kəsilə bilər.
Başqa bir əsas problem: valideynlərimizin əksəriyyətinin düşüncəsi belədir ki, əgər müəllim şagirdə aşağı qiymət yazırsa, ya prinsip aparır, ya da qərəzi, nəsə gözləntisi, umacağı var. Bir az da açıq və konkret desək, rüşvət istəyir. Bu, nə qədər acınacaqlı vəziyyətdir, təsəvvür edin. Müəllim, – ağzında müəllim deyirsən, – necə olur ki, şagirdlə prinsip aparır? Axı müəllim sözünün altında o qədər mənalar yatıb ki, heç bir halda bu hərəkət ona yaraşmır.
Digər tərəfdən, bu qiymət anlayışı subyektivdir və adətən, ayrıseçkilik yaradır. Belə ki, istənilən müəllimin qiyməti subyektivdir. Bu subyektivliyin obyektivliyə yaxınlığı nə qədərdir, ona da müəllimin vicdanı qərar verir.
Amma hamı onu yaxşı bilir və deyir ki, qiymət yox, bilik əsasdır. Əgər dediyimiz "bilik əsasdır” prinsipinə əməl etsək, işlərimiz mükəmməl olar. Təəssüflər olsun ki, etmirik, edə bilmirik…
Şagird biliyinin ölçülməsi üçün yazılan qiymətlə bağlı bütün müəllimlər əziyyət çəkir. Zənn edirəm ki, ölkəmizdə əksər müəllim qiymət yazmadan dərs keçməyi daha üstün tutar. Çünki qiymətləndirmə prosesi bu gün məktəblərimizdə ən çox problem yaradan məsələdir.
Bir neçə ölkədə qiymətləndirmənin necə keçirildiyi ilə bağlı məlumatlara diqqət edək:
Uruqvay – köhnə sistem və ədalətli sifariş
Bu inkişaf sistemi 1879-cu ildən bəri istifadə olunub və az dəyişib. Şagirdlər may ayının birinci mərhələsindən keçərək qiymətləndirilirlər. Amma bu proses Latın Amerikasının cənub yarımkürəsində mart ayında başlanır.
Proses, qısaca, belədir: tələbələr ibtidai məktəbdən 11-ci sinfə qədər 2 ayda bir dəfə imtahan olunurlar. Qiymət "S” və "R” hərfləri ilə göstərilir. Həmçinin 1-dən 12-yə qədər rəqəmlər istifadə olunur.
Bu sistem tələbələrin dərsə daha çox önəm verməsinə gətirib çıxarır. Ancaq bəzən vəziyyət monoton halına gəlir. Tələbələr bəzən qiymət xətrinə oxumağa başlayırlar.
Uruqvay universitetlərində 1-dən 12-yə qədər olan bu qiymətləndirmə üsulu hələ də istifadə olunur. Kredit sistemi də var. 10 il bundan əvvəl Avropa Kredit Transfer Sistemi istifadə olunmağa başlanıb.
Danimarka – imtahanın sonu əhəmiyyətsizdir, yalnız öyrən!
Danimarka təhsil sistemində təxminən 40 ildir ki, 13 yaşından aşağı şagirdlər qiymətləndirilmir. Ən başından riyaziyyat və ingilis dilindən başqa, uşaqlara özünəinam aşılayan davranış nümunələri və cəmiyyətdə düzgün qərar qəbul edilməsi vərdişləri öyrədilir. Bu dəyərlər Danimarka icması üçün çox vacibdir və bu davranışları qiymətləndirmək çətindir.
Bu üsulla tələbələr məzmuna daha çox diqqət göstərə bilirlər. Beləliklə, onlar gördüklərini daha yaxşı qavrayırlar. Danimarkanın Folkeskole sistemi imtahan mərkəzli deyil. Bu səbəbdən, tələbələr dərslərin nəticələrindən asılı olmayaraq, birbaşa yuxarı sinfə keçirlər.
Bu üsul yaxşı görünür. Ancaq bu sistemin də mənfi cəhətləri var. Çünki şagird işləsə də, işləməsə də sinifdən-sinfə keçir. Beləliklə, bu, tənbəlliyə yol aça bilər.
Fransa – qiymətləndirmək və ya qiymətləndirməmək
Lion Universitetinin professoru Filip Meiriyu və OECD-nin İdarə Heyətinin üzvü Andreas Şleyxer həm qiymət vermək, həm də qiymət verməmək metodlarını araşdırıblar və ən yaxşı üsulun hər ikisini bir arada tətbiq etməyin olduğu qənaətinə gəliblər. Andreas Şleyxer deyir: "Müəllimin şagirdləri üçün ətraflı bir izahat verməsinin lazım gəldiyini düşünürəm. Bu, xüsusilə vacibdir. Şagirdlər yaxşı nəticələr əldə etmirsə belə, onlara çox gözəl olacağını söyləmək doğru deyil”.
Lion Universitetinin müəllimi Meiriyu: "Təəssüf ki, valideynlər, müəllimlər və şagirdlər hələ də imtahan səviyyəsinə üstünlük verirlər. Şagirdləri bu şəkildə təsnifləşdirməməlisiniz. Eyni şəkildə bütün müsabiqələrdə bunlar statistik rəqəmlərdə tətbiq olunur. Niyə biz hələ də ucuz bir şəkildə insanları qiymətləndirməyə çalışırıq?”
Finlandiya – 6 il qiymətsiz, 16 yaşadək imtahansız…
Son dövrlər bütün dünya təhsil ictimaiyyəti tərəfindən diqqətlə izlənilən, bir çox beynəlxalq qiymətləndirmələrdə ön sırada olan Finlandiyada şagirdə ilk 6 ildə heç bir qiymət, qeyd şəkilli qiymətləndirmə yazılmır. Yəni 8-ci sinfin sonuna qədər qiymət yazılma məcburiyyəti yoxdur və dövlət tərəfindən heç bir məcburi imtahan keçirilmir. Sadəcə 16 yaşlarında vahid imtahana girirlər.
Hədəf Liseyinin təklif etdiyi model
Bir çox ölkənin qiymətləndirmə sistemini araşdırandan sonra yeni bir qiymətləndirmə modeli təklif edir və həyata keçməsi üçün bütün dəstəyi verməyə hazır olduğumuzu bildiririk. Bu üsulun da bizim model olaraq dünya təhsil sisteminə girəcəyinə əminik.
Şagirdin inkişafının müşahidəsi adlı qiymətləndirmə modelini ilk dəfə Hədəf Liseyində istifadə etməyi planlaşdırırıq.
Hədəf Liseyi öz yeni konseptinə sadiq qalaraq, qiymətləndirmədə yeni model tətbiq edir. HK (Hədəf konsepti) beynəlxalq təhsildə qiymətləndirmə kimi tanınan ifadədən yox, ŞİM (Şagirdin İnkişafının Müşahidəsi) terminindən istifadə edəcəkdir.
Bir çox dünya ölkələri şagirdləri imtahanlarla yükləməkdən vaz keçmiş, öyrənməyin sadəcə insanın özü üçün faydalı olduğunu dərk etdirirlər. Lakin dünyanın bir çox ölkəsində hələ də uşaqlar imtahan yarışına sürüklənir, aldığı qiymətlərlə birinin digərindən ağıllı və bacarıqlı olması psixologiyası ilə yaşayırlar ki, bu da insanlar arasında yersiz rəqabətə meyl yaradır. Təhsil mütəxəssisləri müəyyənləşdiriblər ki, hər insan bacarıqlıdır və ya hər bir insanın müəyyən bacarığı var. Onun üçün də "məndə olan səndə yoxdursa, sən zəif, səndə olan məndə yoxdursa, mən zəifəm” prinsipindən uzaq durub, "hər kəsdə özünəməxsus nəsə var və o kəs onunla öyünməli, inkişaf etdirməlidir” prinsipinin üzərində durmalıyıq.
Onun üçün də biz liseyimizdə şagirdlərimizin öyrənmə prosesindəki inkişafını izləmə ilə yetinəcəyik ki, valideynlərimizə də bu izləmə prosesinin məhz qiymətlərlə olmadığını inandıracağımıza iddialıyıq.
"Qiymət olmazsa olmaz” deyən insanlarımız bir anlıq özünə sual versin: ilk dəfə yeriməyi bacaranda, ilk kitabı oxuyub bitirəndə, yeni smart telefonu əlimizə alıb bilmədiklərimizi öyrəndikcə, kim bizə hansı qiyməti vermişdi? Əlbəttə ki, qiymət yox idi, amma ətrafımızdakılar bu sadaladıqlarımı öyrənəndə bizə sevgi vermişdilər, özümüz isə özümüzlə fəxr etmişdik.
Bax biz də məhz şagirdimizin öyrəndiyini görəndə ona sevgi verib özü ilə fəxr etmək hissini yaşadacağıq.
HK-da ŞİM 3 formada aparılacaqdır:
1. Məktəbəqədər və ibtidai siniflərdə, ümumiyyətlə, heç bir yazılı imtahan olmayacaq. Sadəcə müəllimlər şagirdlərinin inkişaf prosesini izləyəcək – kimsəyə hesabat vermədən. Çünki biz müəllimlərimizin müəllimliyinə özümüz qədər inanırıq. Əylənərək öyrədiləcək bilgilər əyani formalarda valideynlərimizə göstəriləcəkdir. Valideynlər şagirdlərin hazırladığı elmi və bədii əl işləri, debatlardakı fəaliyyəti, özünə və ətrafa dəyər verməsini görərək övladlarının inkişafına şahid olacaqlar.
2. 5-8-ci siniflərdə təhsil ilində sadəcə 2 dəfə KİQ (Kiçik İnteqrativ Qiymətləndirmə), 2 dəfə də BİQ (Böyük İnteqrativ Qiymətləndirmə) keçiriləcəkdir. Bu qiymətləndirmə növü isə məhz Hədəf Konseptinə məxsusdur. Belə ki, şagirdlər iki aydan bir 50 suala cavab verəcəkdir ki, bu da bir sualda bir neçə fənnin inteqrasiyası əsasında hazırlanacaq. Bir suala cavab yazan şagirdin biliyi bir neçə fənn tərəfindən müəyyənləşdiriləcəkdir. Sonda aldığı maksimum bal 50 olacaqdır. Bu 50 bal üzərindən müəyyənləşdirilən ŞİM bütün bilik və bacarıqlara şamil ediləcəkdir. Bizim İnteqrativ Qiymətləndirmə nəzəriyyəmizə əsaslanan ŞİM hazırlanarkən, şagirdə dərs tədris edən bütün müəllimlər birgə fəaliyyət göstərəcəklər ki, bu da həm müəllimlərin bir-biri ilə əlaqəsini möhkəmləndirəcək, həm də həmin müəllimlərin birgə olaraq şagirdlərin inkişafını, psixoloji durumunu nəzərə almalı olacağına zəmin yaradacaqdır.
3. 9-11-ci sinif şagirdləri üçün keçirilən ŞİM isə ənənəvi üsullara söykənərək 700 ballıq sistem üzərindən aparılacaq. 9-cu siniflərdə 2 MQT, 2 ÜQT, 10-cu siniflərdə 4 MQT, 2 ÜQT, 11-ci siniflərdə 6 MQT, 2 ÜQT keçiriləcəkdir. Bu mərhələnin şagirdlərin inteqrasiyanı mənimsədikləri və şəxsiyyətlərinin formalaşdığı mərhələsi olduğu üçün differensiasiya prosesini izləyəcəyik. Hər fəndən ayrıca keçiriləcək ŞİM Buraxılış və qəbul imtahanını izləyəcəkdir.
QEYD: Sual oluna bilər ki, niyə sona qədər qiymətləndirmə olmadan getmirik? Düşünürük ki, 10 yaşa qədər uşaqlarda inkişaf prosesi sürətlə getdiyi, təməlin qoyulduğu dövrlər olduğu üçün onların həm fiziki, həm də ruhi sağlamlığını qorumaq daha vacibdir. Sağlam bədən, sağlam düşüncənin bünövrəsi düzgün və möhkəm qoyulduqda isə sonrakı mərhələlərdə keçiriləcək ŞİM-lər şagirdlərdə yarış duyğusu yaratmayacaq, psixoloji gərginliklər gətirməyəcəkdir.