Məktəblərdə summativ qiymətləndirmələr ləğv olunur - Təhsil Nazirliyində müzakirələr başlayıb
"Summativ qiymətləndirmə ilə bağlı sənəd təhsil mütəxəssisləri ilə birgə müzakirə olunur. Hazırda layihə sənədi müzakirə mərhələsindədir”.
Aztəhsil.com xəbər verir ki, bu barədə Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, birinci siniflərdə summativ qiymətləndirmənin, 2-ci və 4-cü siniflərdə isə böyük summativ qiymətləndirmənin ləğv olunması, yalnız kiçik summativlərin saxlanılması təklif olunur.
5-9-cu siniflərdə bütün fənlər üzrə kiçik summativlərin, yalnız buraxılış imtahanlarına daxil olan fənlər üzrə böyük summativlərin aparılması təklif edilir.
Lisey, gimnaziya, məktəb-liseylərdə Pedaqoji Şuranın qərarına əsasən müxtəlif siniflərdə ayrı-ayrı fənlər üzə böyük summativlər keçirilə bilər. 10-11-ci təmayül siniflərdə təmayül fənlər üzrə böyük summativ qiymətləndirmənin keçirilməsi təklif olunur.
Hələlik bunlar təklif şəklində müzakirədədir. Təsdiq olunacağı halda 2018-2019-cu tədris ilində tətbiq ediləcək.
Qeyd edək ki, kurikulumun tətbiqi ilə əlaqədar orta məktəblərdə şagird nailiyyətləri 3 formada - diaqnostik, formativ və summativ qiymətləndirmə formasında qiymətləndirilir.
Summativ qiymətləndirmə təhsilin hər hansı mərhələsində (tədris vahidinin, yarımilin və ilin sonunda) şagirdlərin əldə etdikləri nailiyyətlərin qiymətləndirilməsidir. Summativ qiymətləndirmə əsasında şagirdlərin illik qiymətləri formalaşır.