Şagird nailiyyətlərinin qiymətləndirilməsi konsepsiyası barədə. Ümumi
təhsilin məzmununun yeniləşdirilməsi, şagird nailiyyətlərinin qiymətləndirilməsi
sahəsində də yeni mexanizmlərin tətbiqini zəruri etmişdir.
Azərbaycanda "qiymətləndirmə” dedikdə, bəziləri bunu təhsilalanın təlim
nəticələrinə aid olan məsələ kimi qəbul edirlər. Lakin dünya təcrübəsində
təhsilalanın biliyinə verilən qiymət həm də müəllimlərin və məktəbin fəaliyyətinə,
valideynin təhsilə münasibətinə, məktəb rəhbərlərinin peşəkarlıq səviyyəsinə
verilən qiymət kimi qəbul edilir. Belə düşüncə sovet dövründən qalmış
qiymətləndirmə qaydalarından və Azərbaycanda qiymətləndirmə üzrə yeni konsepsiyanın
olmamasından irəli gəlir. Ənənəvi qiymətləndirmə məzmunun tərkib hissəsi
sayılmadığından, həmişə müəllimin subyektiv mülahizələrinə əsaslanırdı,
şagirdlərdə təlimə marağı artırmaq əvəzinə, əksinə azaldır, onların inkişafını
sistemli şəkildə izləməyə imkan vermirdi və bu da, bir qayda olaraq, şagirdləri
qiymət almaq xatirinə oxumağa sövq edirdi.
Azərbaycanda 5 ballıq qiymətləndirmə şkalasından 9 ballıq şkalaya keçidlə
əlaqədar bəzi regionlarda eksperimentlər aparılmışdır. Nəticə göstərmişdir ki, bal
sistemindən asılı olmayaraq, tətbiq edilən qiymətləndirmə sistemi şagirdlərin
inkişafını sistemli şəkildə izləməyə imkan vermir, şagirdin nailiyyəti keyfiyyət baxı-
mından deyil, kəmiyyət baxımından qiymətləndirilir. Nəticədə şagirddə özünün
səviyyəsi barədə dolğun fikir formalaşmır. Eyni zamanda qiymətləndirmənin yalnız
məktəbdaxili formasının həyata keçirilməsi, milli və beynəlxalq qiymətləndirmənin
tətbiq edilməməsi, məktəblərarası müqayisəyə, milli səviyyədə təhlillərə imkan vermirdi
və respublikada təhsilin keyfiyyəti barədə etibarlı informasiyanın əldə
olunması mümkün olmurdu.
"Şagird nailiyyətlərinin qiymətləndirilməsi” pedaqoji anlayış kimi təhsil
leksikonuna yaxın illərdə daxil olmuşdur. Uzun müddət pedaqoji aləmdə
"şagirdlərin bilik, bacarıq və vərdişlərinin qiymətləndirilməsi” anlayışı
işlədilmişdir. Bununla belə, qiymətləndirmə dedikdə, bir qayda olaraq, şagirdlərin
gündəlik (cari) qiymətləndirilməsi başa düşülmüşdür. Belə qiymətləndirmə növü
isə mahiyyət etibarı ilə heç bir əhəmiyyət kəsb etmir. Şagird, məsələn, kimya fənnindən
dərs ilinin yarısında iki dəfə qiymət almış və onun yarımillik qiyməti həmin
iki qiymətin əsasında çıxarılmışdır. Halbuki yarım il ərzində kimyadan xeyli mövzu
keçilir. Belə çıxır ki, bütövlükdə yarımillik mövzuların şagird tərəfindən öyrənilib
mənimsənilməsi vəziyyəti müəyyən olunmamış qalır.
Şagird nailiyyətlərinin qiymətləndirilməsi çox geniş və əhatəli prosesdir. Bu
proses, sadəcə, şagirdin nail olduğu təlim nəticələrinin səviyyəsini
müəyyənləşdirməyə deyil, bütövlükdə təhsilin keyfiyyətinin yüksəldilməsinə xidmət
edir. Başqa sözlə, qiymətləndirmə keyfiyyəti idarə edən mühüm bir amil kimi
meydana çıxır.
Davamlı və dinamik xarakter daşıyan şagird nailiyyətlərinin qiymətləndirilməsi
prosesində şagirdlərin fəaliyyətlərinin daim nəzarətdə saxlanması,
onların irəliləyişlərinin, yaxud geriləmələrinin izlənilməsi və bu məqsədlə
monitorinqlərin aparılması ciddi tələb kimi qarşıya qoyulur. Məhz həmin
monitorinqlərin nəticələri təlim prosesinin optimal qurulması, müəllimlərin işinin
təkmilləşdirilməsi, habelə kurikulumlarda və dərsliklərdə zəruri dəyişikliklərin olması
haqqında müvafiq qərarlar qəbul etməyə imkan verir.
Yeni fənn kurikulumlarında məzmun standartları ilə yanaşı, qiymətləndirmə
standartları da öz əksini tapmışdır. Həmin standartlar məzmun standartlarında
ifadə edilmiş təlim nəticələrinə şagirdlərin hansı səviyyədə nail olmalarını
qiymətləndirməyə xidmət edir.
Bununla əlaqədar dünya təcrübəsinə uyğun surətdə
qiymət-ləndirmənin 4 səviyyədə aparılması təklif edilmişdir. 1 və 2-ci səviyyələr əksər
şagirdlər, 3 və 4-cü səviyyələr isə müvafiq olaraq istedadlı və daha istedadlı
şagirdlər üçün nəzərdə tutulur.
Bununla belə, etiraf etmək lazımdır ki, məzmun standartlarının reallaşdırılma
səviyyəsini əks etdirən bu cür qiymətləndirmə standartlarının hazırlanması və
tətbiqi sahəsində kifayət qədər səriştəyə malik olmaq üçün daha ciddi çalışmaq ,
toplanmış təcrübəni daha da artırmaq tələb olunur. Ona görə də ayrı-ayrı fənlər
üzrə bu gün üçün müəyyən edilmiş qiymətləndirmə standart-larının növbəti illərdə
qismən dəyişdirilməsi, onların üzərində dəqiqləşdirmələr aparılması təbii qəbul
olunmalıdır. Eyni zamanda standartlarda təsbit olunmuş biliklər daşıdıqları
mahiyyətə görə 3 kateqoriyaya (
deklorativ, prosedural, kontekstual)
bölündüyündən onların reallaşdırılması üzrə tələb edilən bacarıqlar da fərqli
müəyyən edilir. Məsələn, deklorativ biliklər bilavasitə yaddaşa əsaslanır, zəruri
informasiyaların, təriflərin, terminlərin mənimsənilməsini nəzərdə tutur. Ona görə
də bu proses "bilmə” və "anlama” fəaliyyətləri ilə əlaqədar olur. Prosedural
biliklər tətbiq, kontekstual biliklər isə tədqiqatçılıq, yaradıcılıq fəaliyyəti ilə
bağlıdır. Göründüyü kimi, biliklərə görə fəaliyyətin, necə deyərlər, xüsusi çəkisi
müxtəlif olduğundan onların hamısını 4 səviyyə ilə qiymətləndirməyə, bəlkə də
ehtiyac yoxdur. Bu mənada axtarışların və tədqiqatların genişləndirilməsi çox
vacibdir. Həm də fənlər üzrə məktəbdaxili qiymətləndirmə ilə standartların
mənimsənilməsi səviyyəsinin qiymətləndirilməsi arasında məntiqi əlaqəni ehtiva
edən sxem-cədvəlin müəyyən olunmasına, yəqin ki, ehtiyac vardır. Belə olan halda
şagirdlərin təlim nəticələrinin məzmun standartlarının tələblərinə cavab verməsi
vəziyyəti daha aydın görünər.
Qeyd edilən məqsədlərin mütəşəkkil həllinə başlamaq üçün Təhsil Nazirliyi
tərəfindən "Azərbaycan Respublikasının ümumi təhsil sistemində Qiymətləndirmə
Konsepsiyası” hazırlanmış və Nazirlər Kabinetinin 13 yanvar 2009-cu il tarixli, 9
nömrəli qərarı ilə təsdiq edilmişdir.
Konsepsiyada müasir dövrdə qiymətləndirmə fəaliyyətinə qoyulan tələblər,
şagird nailiyyətlərinin qiymətləndirilməsi sisteminin vəzifələri, əsas xüsusiyyətləri,
əsas qiymətləndirmə növləri, qiymətləndirmə standartlarının və qiymətləndirmə
vasitələrinin hazırlanması, məktəbdaxili qiymətləndirmənin mahiyyəti və məzmunu,
şagird nailiyyətlərinin və irəliləyişlərinin monitorinqi sistemi, kurikulum üzrə
qiymətləndirmə (şagird fəaliyyətinin təlim standartlarına uyğunluğunun
müəyyənləşdirilməsi), buraxılış imtahanları (ümumtəhsil pillələri üzrə yekun
qiymətləndirmə), milli qiymətləndirmənin məqsədləri, milli qiymətləndirmə üzrə
təlimatların məqsədi və strukturu, beynəlxalq qiymətləndirmə proqramı üzrə
həyata keçiriləcək əsas tədbirlər öz əksini tapmışdır.
Konsepsiyanın və bu sənəd əsasında hazırlanacaq mərhələli İnkişaf
Proqramının həyata keçirilməsi nəticəsində aşağıdakı nailiyyətlərin əldə edilməsi
gözlənilir:
təhsildə qiymətləndirmə, imtahanların keçirilməsi sistemində islahat
aparılması üçün uzunmüddətli strategiya işlənib hazırlanacaq, bu sahədə yeni
mexanizmlər yaradılacaq, fəaliyyət vahid mövqedən koordinasiya olunacaq;
təhsil sistemində məktəbdaxili və milli qiymətləndirmələrin keçirilməsi
metodologiyası, qiymətləndirmə standartları və vasitələrinin yaradılması və tətbiqi
üçün müvafiq təlimatlar hazırlanacaq , bu fəaliyyət kurikulum islahatı ilə
əlaqələndiriləcək.
şagird nailiyyətlərinin qiymətləndirilməsinin yeni sistemi yaradılacaq, təhsil
sistemində yeni monitorinq xidməti təşkil ediləcək, ümumtəhsil pilləsindən
professional pilləyə keçiddə mərkəzləşdirilmiş buraxılış imtahanının keçirilməsi
təmin olunacaq;
milli qiymətləndirmə üçün təhsil pillələrinə müvafiq vahid normativ
tələbləri, attestasiya proseduralarını nəzərdə tutan təlimatlar hazırlanacaq;
milli qiymətləndirmə vasitəsilə şagirdlərin nail olduğu təlim nəticələri dəyərləndir-məklə təhsilin dövlət standartlarının monitorinqi aparılacaq;
təhsilin məzmununun müəyyənləşdirilməsi və nəticəyönümlü yeni
kurikulumun hazırlanması üçün təlim nəticə-ləri təyin olunacaq, kompe-tensiyalara
əsaslanan yanaşmanın məqsədəuyğunluğu istiqamətində tədqiqatlar aparı-lacaq;
milli qiymətləndirmənin həyata keçirilməsi və idarə olunmasının monitorinqi
aparılacaq, nəticələr təhlil olunacaq və məntiqi əsaslandırılacaq, hesabatvermə
proseduraları əsasında nümunəvi hesabatlar, əks-əlaqə sistemləri hazırlanacaq;
qiymətləndirməni həyata keçirmək məqsədilə müəllimlərin ixtisasartırma və
maarifləndirilməsi işləri təşkil ediləcək və müvafiq hesabatlar hazırlanacaq;
beynəlxalq qiymətləndirmə üzrə normativ tələblər, attestasiya prosedurları,
təlimatlar əsasında ölkədə şagirdlərin beynəlxalq qiymətləndirilməsi proqramı və
digər proqramlar həyata keçiriləcək, qiymətləndirmə sahəsində fəaliyyət göstərən
ölkədaxili və beynəlxalq qurumlarla əlaqələr yaradılacaq və məlumat mübadiləsi
təmin ediləcəkdir.Konsepsiyaya əsasən dünyada qəbul olunmuş və tətbiq etdiyimiz
qiymətləndirmə sistemi indikindən fərqli olaraq 3 komponenti-məktəbdaxili, milli
və beynəlxalq qiymətləndirməni əhatə etməlidir. Yeni sistemdə şagird
nailiyyətlərinə kompleks şəkildə yanaşılır, şagirdin əvvəlki illərdə və buraxılış
sinfində nəticələri nəzərə alınır.İlk növbədə, məktəbdaxili qiymətləndirmənin mühüm tərkib hissəsi olan
buraxılış imtahanlarının forma və məzmunca təkmilləşdirilməsi, yenimexanizmlərin tətbiqi istiqamətində əhəmiyyətli addımlar atıldı. İnkişaf etmiş
ölkələrin təcrübəsi nəzərə alınaraq mərhələlərlə buraxılış imtahan-larının
mərkəzləşdirilmiş qaydada aparılmasına başlandı.
Təcrübə göstərmişdir ki, mərkəzləşdirilmiş imtahan formasının tətbiqi, ənənəvi
sistemdən fərqli olaraq bir sıra üstünlüklərə malikdir. Belə ki, imtahanlar, bir qayda
olaraq, bir gündə neytral mərkəz-lərdə keçirilir, nəticələr texniki vasitələrlə
yoxlanılır və qısa zamanda elan edilməklə subyektivlik minimuma endirilir, təhsil
orqan-larının, məktəb rəhbərlərinin, müəllimlərin, şagirdlərin və valideynlərin
məsuliyyətini artıran vacib amilə çevrilir, keyfiyyətin idarə olunması sahəsində
etibarlı mənbə kimi çıxış edir, təhsil orqanları, məktəbin və müəllimlərin
fəaliyyətinin qiymətləndirilməsinə, şagirdlərin ali məktəblərə daha sistemli
hazırlığına xidmət edir.