Təlimdə müvəffəqiyyətin hesaba alınması
və qiymətləndirilməsi.Şagirdlərin tədris fəaliyyətinə nəzarət təlimin hansı didaktik sistemdə
qurulmasından asılı olmayaraq onun vacib komponentlərindən biridir. Təlim
zamanı şagirdlərin mənimsəmə fəaliyyətinə nəzarət imkan verir ki, müəllim
onların bilik və bacarıqlarının mövcud vəziyyətindən hali olsun, ehtiyac duyan,
çətinlik çəkən şagirdlərə lazımi köməklik göstərsin, müvafiq istiqamət versin;
yaxud dərsdən sonra belə şagirdlərlə fərdi şəkildə əlavə iş aparsın. Şagirdlərin
tədris fəaliyyətinə lazımınca nəzarət etməyən, onların mənimsəmə səviyyəsini üzə
çıxarmayan və həmin səviyyənin necəliyini sonrakı işində nəzərə almayan müəllim
təlimdə tam müvəffəqiyyət qazana bilmir.
Ənənəvi didaktik sistemdə nəzarətin müxtəlif növlərindən istifadə
olunmuşdur : gündəlik nəzarət, tematik nəzarət, dövrü nəzarət, yekun nəzarət.
Şagirdlərin tədris fəaliyyətinə nəzarət onun xüsusiyyətlərini qiymətləndirmək və
hesaba almaqla üzv şəkildə əlaqədardır.
Məlum olduğu kimi, ənənəvi və fəal (interaktiv) təlim modelləri bir-birindən
qiymətləndirmənin məqsədlərinə , üsul və vasitələrinə, növlərinə, meyarlarına və s.
cəhətlərinə görə əsaslı surətdə fərqlənir.
Yeni pedaqoji təfəkkürə uyğun qurulan didaktik sisemdə qiymətləndirmə
aşağıdakı istiqamətlərdə aparılır: beynəlxalq qiymətləndirmə; milli
qiymətləndirmə; məktəbdaxili qiymətləndirmə.Məktəbdaxili qiymətləndirmə
aşağıdakı növlər üzrə aparılır: diaqnostik qiymətləndirmə (ilkin səviyyənin
qiymətləndirilməsi); formativ qiymətləndirmə (inkişafın izlənməsi); summativ
(yekun) qiymətləndirmə. Oxucunun məlumatı uçün qeyd edək ki, müasir
qiymətləndirmə növlərin interpretasiyası dərsliyin XV fəslinin məzmununa daxil
edilmişdir.Yeri gəlmişkən vurğulayaq ki, müasir qiymətləndirmə:
-təhsilin keyfiyyətinin yüksəldilməsinə yönəldilir və onu idarə edən vacib
amil kimi meydana çıxır;
-cari qiymətləndirmənin aradan qaldırılması məzmun standartlarının
bütövlükdə mənimsənilməsini və qiymətləndirmənin obyektivliyini təmin edir;
- tədris prosesinin bütün mərhələlərində tətbiq edilir;
- şagirdin nailiyyəti (qazanılan dəyərlər) qiymətləndirilir, inkişafı sistemli
şəkildə izlənilir;
- məzmun standartlarının mənimsənilməsi səviyyəsini ölçmək üçün
qiymətləndirmə standartları müəyyənləşdirilmişdir.
Nəzərə alınmalıdır ki, bu başlıqda şərh olunan mərhələlər(bunları komponent
kimi də başa düşmək olar) təlim prosesində bir-birindən tam ayrılıqda cərəyan
etmir, onlar bir-biri ilə qarşılıqlı əlaqədə olur, hətta bir-birinə çevrilə bilir, biri
digərində iştirak edir.
Təlim mərhələlərinin ardıcıllığına müəllim yaradıcılıqla yanaşır. Çünki fənnin
və mövzunun, habelə qarşıya qoyulmuş didaktik vəzifənin xarakterindən asılı
olaraq mənimsəməni cisim və hadisələrin qavranılmasından deyil, anlayışların dərk
olunmasından başlamaq, təlimin hansısa mərhələsini adlamaq mümkün olur. Təlimdə
bu cəhət də nəzərə alınmalıdır.