Ümumtəhsil məktəblərində qiymətləndirmə
Hazırda təhsil müəssisələrində birinci yarımil üzrə şagirdlərin bilik göstəriciləri dəyərləndirilir.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumtəhsil məktəblərində 2017-2018-ci tədris ilinin birinci yarımili üzrə böyük summativ qiymətləndirməyə başlanılıb. BŞTİ-dən bildiriblər ki, böyük summativ qiymətləndirmə müvafiq məzmun və dəyərləndirmə standartları əsasında hazırlanmış vasitələrlə şagirdlərin nailiyyətlərini üzə çıxarmaq, bilik və bacarıqlarını yoxlamaq məqsədi daşıyır.
Böyük summativ qiymətləndirmə vasitələri ümumtəhsil müəssisəsi rəhbərliyinin təşkil etdiyi komissiya tərəfindən hazırlanır və müvafiq komissiyanın nəzarəti ilə fənni tədris edən müəllimlər tərəfindən aparılır.
Qeyd edək ki, böyük summativ qiymətləndirmənin nəticələri keçirildiyi tarixdə sinif jurnalında qeyd olunur və şagirdin illik qiymətlərinin hesablanması zamanı nəzərə alınır. Bu barədə ümumtəhsil məktəblərində Məktəbdaxili Qiymətləndirmənin Aparılması haqqında təlimat mövcuddur. Bu təlimat Nazirlər Kabinetinin 103 nömrəli qərarı ilə təsdiq olunmuş "Ümumi təhsilin dövlət standartları və proqramları kurikulumları" və 09 nömrəli qərarı ilə təsdiq olunmuş "Azərbaycan Respublikasının ümumi təhsil sistemində Qiymətləndirmə Konsepsiyası" əsasında fənn kurikulumları tətbiq olunan siniflərdə məktəbdaxili qiymətləndirmənin aparılmasını müəyyən edir.
Həmin sənəddə göstərilib ki, məktəbdaxili qiymətləndirmə diaqnostik-ilkin səviyyənin qiymətləndirilməsi, formativ-fəaliyyətin qiymətləndirilməsi, summativ-kiçik, böyük və yekun qiymətləndirmələrdən ibarətdir. Diaqnostik qiymətləndirmə şagirdin bilik və bacarıqlarının ilkin səviyyəsini müəyyənləşdirməklə müəllim üçün şagirdlərin potensial imkanlarını nəzərə alan təlim strategiyalarının seçilməsinə xidmət edir. Formativ qiymətləndirmə şagirdin məzmun standartlarından irəli gələn bilik və bacarıqların mənimsənilməsinə yönəlmiş fəaliyyətini izləmək, bu zaman qarşıya çıxan problemləri aradan qaldırmaq və təhsilalanı istiqamətləndirmək məqsədilə aparılır.
Formativ qiymətləndirmə həm də dərsi müşayiət edən prosesdir. Fənn üzrə aparılan formativ qiymətləndirmə şagirdin ehtiyaclarını öyrənmək, uğur qazana bilməməsinin səbəblərini araşdırmaq və onun inkişafını təmin etmək məqsədilə müntəzəm olaraq həyata keçirilir.
Fənni tədris edən müəllim formativ qiymətləndirmə aparmaq üçün məzmun standartları əsasında qiymətləndirmə meyarlarını müəyyənləşdirməlidir. Qiymətləndirmə meyarları birbaşa məzmun standartlarından çıxarılarkən məzmun kənarda qalmamalıdır, çünki məzmun standartlarındakı fəaliyyət konkret dərs mövzusu üzərində icra olunur.
Digər tərəfdən, formativ qiymətləndirmə zamanı müşahidə üsulu və müşahidə vərəqləri vasitəsindən, müsahibə üsulu və şifahi nitq bacarıqları üzrə qeydiyyat vərəqi vasitəsindən, yazı üsulu və yazı işləri, imla, inşa, esse, ifadə, məsələ, misal həlli vasitəsindən, oxu üsulu və mətnlər vasitəsindən, layihə üsulu, ayrı-ayrı şagirdlərin və ya qrupların hazırladığı təqdimat vasitəsindən istifadə olunur. Bununla yanaşı, formativ qiymətləndirmə rəsmi qiymətləndirmə deyil, nəticələr formativ qiymətləndirmə jurnalı və məktəbli kitabçasında şagirdin idraki və hərəki fəaliyyətinin səviyyələrinə uyğun sözlərlə ifadə olunur. Heç bir rəqəm və simvollardan, "mənimsəyir”, "mənimsəmir”, "bilir”, "bilmir”, "yaxşı”, "orta”, "zəif” və digər bu kimi ifadələrdən istifadə olunmur. Müəllim formativ qiymətləndirmədə şagirdin fəaliyyətini bütün dərs boyu izləyir, nəticələri yazmaq üçün dərsin sonunda 6 dəqiqəyədək vaxt ayırır. Eyni bir standart bir neçə dərsdə reallaşdığına görə formativ qiymətləndirmə zamanı jurnalda şagirdin adının qarşısında hər dərsdə qeydlərin olması mütləq deyil.
Summativ qiymətləndirmə isə təlim prosesində müəyyən mərhələlərə tədris vahidinin, yarımilin sonunda yekun vurmaqla, müvafiq məzmun standartlarına uyğun qiymətləndirmə standartları əsasında hazırlanmış vasitələrlə şagirdin nailiyyətini qiymətləndirmək məqsədilə aparılır. Diaqnostik, formativ və summativ qiymətləndirmələr sistemli şəkildə yeni fənn kurikulumları tətbiq olunan siniflərdə həyata keçirilir. Summativ qiymətləndirmə kiçik, böyük və yekun olmaqla üç yerə ayrılır. Kiçik summativ qiymətləndirmə bəhs və ya bölmələrin sonunda müəllim tərəfindən, böyük summativ qiymətləndirmə isə yarımillərin sonunda ümumi təhsil müəssisəsinin rəhbərliyinin və ya orada yaradılan müvafiq komissiyanın nəzarəti ilə fənni tədris edən müəllim tərəfindən aparılır.
Yeri gəlmişkən, Azərbaycan məktəblərində şagirdlərin biliyinin qiymətləndirilməsinin yeni formasına keçidlə bağlı müəyyən işlər aparılır. Təhsil Nazirliyinin Təhsilin inkişafı proqramları şöbəsinin müdiri Emin Əmrullayev bir müddət əvvəl mətbuata açıqlamasında deyib ki, Təhsil Nazirliyi şagirdlərin qiymətləndirilməsi prosesini icra edən dövlət qurumudur:
"Hazırda bununla bağlı müəyyən təkliflər hazırlanıb. Yeni təkliflərə əsasən, dərs prosesində formativ qiymətləndirməyə daha çox yer veriləcək. Çünki formativ qiymətləndirmə şagirdlə müəllim, eyni zamanda valideyn arasında əsas informasiya mənbəyidir”.
Nazirlik rəsmisi xatırladıb ki, summativ qiymətləndirmədə şagirdə sadəcə qiymət yazılırsa, formativ qiymətləndirmədə şagirdin müxtəlif mövzular üzrə irəliləyiş və geriləmələri izahlı olaraq qeyd olunur:
"Bu gün də məktəblərdə formativ qiymətləndirilmə prosesinin həyata keçirildiyinə baxmayaraq, bu istiqamətdə müvafiq təkmilləşmələrin aparılması ehtiyac var. Eyni zamanda düşünürük ki, aşağı siniflərdə summativ qiymətləndirmələrin həcmi azalmalı, forması dəyişməlidir”.
Mövzu ilə bağlı fikirlərini bildirən təhsil eksperti hesab edir ki, ümumi təhsil müddətində şagirdlərin bilik və bacarıqlarının səviyyəsi təhsil illərinin sayından daha çox, öyrənmə prosesinin keyfiyyəti ilə müəyyən olunur:
"Bu səbəbdən də dünyanın inkişaf etmiş ölkələrində təhsilin keyfiyyətinin təminatı dövlət siyasətinin əsas istiqamətlərindən biri hesab edilir. Beynəlxalq təcrübədə təhsilin keyfiyyətini ölçmək məqsədilə müxtəlif məzmunlu qiymətləndirmə proqramlarının nəticələrindən istifadə aktuallaşıb. Müasir dövrdə 15 yaşlı şagirdlərin həyati bacarıqlarını qiymətləndirən PISA (Beynəlxalq Şagird Qiymətləndirilməsi Proqramı), şagird nailiyyətlərini kurikulum üzrə ölçən TIMSS (Riyaziyyat və Təbiət Elmləri üzrə Beynəlxalq Qiymətləndirmə Proqramı) və PIRLS (Oxu Bacarıqlarının keyfiyyətini tədqiq edən Beynəlxalq Qiymətləndirmə Proqramı) proqramlarının nəticələri təhsildə beynəlxalq keyfiyyət indikatorları kimi qəbul olunur. Beynəlxalq qiymətləndirmənin nəticələri əsasında aparılan təhlillər göstərir ki, hər bir ölkənin iqtisadi artımı ilə həmin ölkədə təhsilin keyfiyyəti arasında sıx bağlılıq mövcuddur.
Son illər ölkəmizdə şagirdlərin nailiyyətləri yalnız beynəlxalq qiymətləndirmə proqramları çərçivəsində öyrənilmir, həm də məktəbdaxili və milli qiymətləndirmələr aparılır və onların nəticələri etibarlı mənbə hesab olunur. Bu qiymətləndirmələrin aparılmasında Azərbaycan Respublikası Prezidentinin 5 sentyabr 2009-cu il tarixli, 156 №-li Fərmanı ilə təsdiq olunmuş "Təhsil haqqında Azərbaycan Respublikası Qanunu” (19.20-ci bəndi), Azərbaycan Respublikası Prezidentinin 01 mart 2005-ci il tarixli Fərmanı ilə təsdiq olunmuş "Təhsil Nazirliyinin Əsasnaməsi” (9.13-cü bəndi), Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 yanvar 2009-cu il tarixli, 9 nömrəli qərarı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ümumi təhsil sistemində Qiymətləndirmə Konsepsiyası", Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 iyun 2010-cu il tarixli, 103 nömrəli qərarı ilə təsdiq olunmuş "Ümumi təhsilin dövlət standartı və proqramları (kurikulumları) sənədləri hüquqi, elmi və nəzəri baza rolunu oynayır.
Qiymətləndirmə sahəsində atılan hər bir addım ölkədə təhsilin keyfiyyətinin yaxşılaşdırılmasına xidmət etməlidir. Həm beynəlxalq, həm də milli qiymətləndirmə tədqiqatlarının nəticələrindən təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində daha səmərəli istifadə olunmalıdır”.