Müəllimin dəyişməsi şagirdlərə necə təsir edir?
Orta ümumtəhsil məktəblərində, xüsusən də ibtidai siniflərdə oxuyan şagirdlər üçün sinif müəllimləri çox vaxt kulta çevrilir. Uşaqlar müəllimə o qədər alışırlar ki, nəinki onun tədris metodunu sevir, hətta jestlərini, mimikasını, hərəkətlərini əzbərləyir, özlərini ona oxşatmağa çalışırlar.
İbtidai sinif pilləsində bəzən müəllimin məktəbdən ayrılıb sinfi yarıda buraxması, az hallarda olsa belə sinif müəlliminin dəyişdirilməsi və s. bu kimi hallar şagirdlər tərəfindən ruh düşkünlüyü ilə qarşılansa da, valideynlər bu məqama daha narazı yanaşırlar.
"Sinif müəllimlərinin yarı pillədə dəyişdirilməsi nə qədər doğrudur? Bu, uşaqların fənləri mənimsəməsinə mane olacaq”- deyə məktəb rəhbərliyinə, öz aralarında bir-birlərinə və ya digər şəxslərə sual ünvanlayırlar. Onlar övladlarının üz-gözünün öyrəşdiyi və dilini bildikləri müəllimlərinin dəyişməsinin, həmçinin onların tədris metodunun əvəzlənməsinin heç vəchlə tərəfdarı deyillər.
"İbtidai sinifdə sinif müəlliminin dəyişdirilməsi halı baş verərsə, bu, gerçəkdən tədris prosesinə necə təsir edir? Ən mühümü, prosesin uşağın psixologiyasında qoyacağı iz keçicidirmi? Yoxsa şagird ibtidai sinif pilləsində yalnız eyni müəlllimlərdən dərs almalıdırmı?”
Ekspertlər belə hesab edir ki, əgər ibtidai sinif müəllimi hər hansı bir sinfin rəhbərliyini götürübsə, o sinifdə 1-ci sinifdən 4-cü sinfə qədər tədrisi aparmalıdır. Belə ki, müəllim məktəbdən yalnız hansısa səbəblərdən ayrıla bilər:
"Əgər I-IV siniflərdə ciddi bir səbəb yoxdursa, müəllimin başqa bir müəllimlə əvəz olunması yolverilməzdir. İbtidai sinif müəllimi 1-ci sinifdən başlayaraq əlifbadan nisbətən çətin mətnlərə, rəqəmlərdən riyazi əməliyyatlara doğru – sadədən mürəkkəbə sinif-sinif hərəkət edir. Ola bilsin ki, yeni müəllim özü ilə yeni metod gətirsin. Bu, müəyyən dərəcədə inkişafa da səbəb olar, eyni zamanda, sinifdəki mühiti bir qədər poza da bilər”.
Məktəbdə vakant yer varsa belə, bu, ibtidai sinif müəlliminin dərsinin parçalanması ilə nəticələnməməlidir:
"Konkret olaraq ibtidai sinif müəllimi müəyyənləşdirilmiş tədris planına uyğun olaraq fənləri tədris edir. Ona görə də imtahan vermiş və qəbul olmuş istər ibtidai sinif, istərsə də digər fənn müəllimləri başqasını əvəz etməlidir. Çünki onlar hər hansı səbəbdən məktəbdə yaranmış vakant yerlər üçün imtahan verirlər. Ancaq hesab edirəm ki, bu cür nüanslar məktəblərdə çox azdır. Sadəcə, ibtidai sinif müəllimi hər 4 ildən bir yenilənməlidir. O, buraxılışı olan sinfin – ibtidai sinif pilləsini bitirmiş şagirdlərin orta təhsil pillələrində necə irəlilədiklərini, bu prosesdə boşluq və uğurların nədən ibarət olduğunu izləməlidir”.
Müəllim yalnız zəruri məqamda – əgər hansısa vacib bir səbəb üzündən məktəbdən ayrılıbsa, əvəzlənə bilər: "Kimsə tədris ilinin ortasında məktəbi tərk edəcəksə, onun yerinə müəllim cəlb edə bilərlər".
Müxtəlif müəllimlərdən dərs alma... - bu, tədris prosesinə heç bir mənfi təsir göstərə bilməz. Belə ki, nə qədər çox müəllim fərqliliyi olsa, bir o qədər də şagirdlərin müxtəlif xarakterə və öyrətmə metodikasına malik olan müəllimlərlə ünsiyyəti yaranar:
"Çox köhnə zamanlarda bir müəllim yalnız bir sinfə dərs deyərdi, bu da təbii ki, o dövrlərdə müəllim qıtlğı ilə əlaqədar idi. Artıq dövr dəyişib, bir–birindən savadına, bacarığına, metodiki fəaliyyətinə və mükəmməlliliyinə görə fərqlənən müəllim ordusu var. Bu müəllim ordusu, xüsusilə də ibtidai siniflərdə dərs deyənlərin uyğun fənlərə görə istisaslaşması, dərs deməsinin heç bir ziyanı yoxdur. Əksinə, şagirdlərin daha dərin bilgilərə yiyələnməsi məhz bilikləri müxtəlif müəllimlərdən almasından formalaşacaq”.