AzTehsil.com


Xəbərlər / Müəllim
01 yanvar 2022
8 791


Tərbiyənin növləri




Hamımızın içində tərbiyə olunmamış uşaq var və o uşaq şüuraltımıza hakim kəsildikcə bir şəxsiyyət kimi bütünlüşmək, cəmiyyətin norma və qəliblərinə sığmaq heç bir zaman mümkün olmayacaqdır. Çünki insanın təbiəti budur. İnsan azadlıq istəyi ilə yanıb-tutuşan bir varlıqdır. Maraqlısı odur ki, bu azadlıqdan heç pay almayan insanların taleyi necə olur? Və ya “sən azadsan” düşüncəsi diqtə edilmiş, lakin “azadlıq” anlayışının dərkinə belə məhrum buraxılmış insanların taleyi? Şəxsiyyətin tərbiyəsi üsullarını və mövcud ənənələri nəzərdən keçirək.


Tərbiyə nədir?


Tərbiyə insan şəxsiyyətinin inkişafına, onda dünyagörüşün formalaşmasına xidmət edən bir fəaliyyətdir (mövcud ədəbiyyatda mənəvi, cinsi, hüquqi, siyasi, ekoloji, bədii, əmək tərbiyəsi və s. növləri fərqləndirilir). Qeyd etdiyimiz kimi, öncəliklə, müəyyən qədər şəxsiyyət formalaşmalıdır ki, onun inkişafına xidmət edən tərbiyə prosesi uğurlu həyata keçirilsin. Şəxsiyyət harada formalaşacaq? Təbii ki, hər bir insanın ilk düşdüyü və yaşadığı mühit əhatəsində. (Adətən, bu, ailə olur.) Digər maraqlı sual da odur ki, bəs şəxsiyyət necə formalaşacaq? Bu da artıq biz uşaqkən digər şəxsiyyətlərin davranış və bizə aşıladığı duyğulardan asılıdır.


Necə bir tərbiyə?


Əfsuslar olsun ki, əksər cəmiyyətlərdə yeni doğulmuş, həyatı öyrənməyə çalışan uşaqlar üçün tərbiyə anlayışı yalnız cəza vermək və məhdudiyyətlər tətbiq etmək kimi başa düşülür. Uşaq müəyyən hərəkətlər edir, nəticədə cəzalandırılır və ya qiymətləndirilir. Uşağın beynində formalaşan gözlənti budur: ya mənim üçün hər şey tam yaxşı olacaq, ya da tam pis. Ya valideyn məhəbbəti, ya da nifrəti. Axı biz başa düşməliyik ki, uşağı tərbiyə edən şəxslər məhdud dəyərləndirməyə əsaslanaraq bunu həyata keçirərsə, uşaqda da məhdud dərketmə və qiymətləndirmə formalaşacaq. Beləliklə, uşağın dünyasında valideyn ya sevgi verən olur, ya da nifrət bəsləyən. Uşağın şəxsiyyəti nə zaman formalaşmağa başlayır və nə vaxta qədər? – bu suala verilən cavablar elmdə müxtəlidir, bu problemə yanaşmalar çox və fərqlidir. Yenə də dəyişməz olan şey şəxsiyyətimizin daim inkişafa möhtac və daim dəyişilməyə məcbur olduğu həqiqətidir. Uğurlu şəxsiyyətlər formalaşmasına kömək etmək gələcəkdə özünü davamlı tərbiyə etməyi bacaran insan yetişdirmək deməkdir.


Tərbiyə xarakter formalaşdırmır, ancaq xarakteri məhv edə bilər. Xarakter sahibi insanlar qınanmaqdan yox, öz dəyərlərini itirməkdən qorxur. Belə insanları “ayıb” anlayışı yox, vicdanları və dəyərləri idarə edir. (Dr. Özgür Bolat)


Öyrənmə dəryasına ilk addım atanda niyə tez-tez həm öyrənmədiklərimizə görə, həm də öyrənmə cəsarətini göstərdiyimiz üçün qınanırıq?


Uşaq (yəni, gələcəyin şəxsiyyəti) ilk öncə, sevgini öyrənməlidir. Sevgi ona elə bir şəkildə aşılanmalıdır ki, o, sevilmə prosesində sevməyi öyrənməyi özü istəsin və zamanla sevə bilməyi bacarsın. Erich Fromm’un da bildirdiyi kimi, bizim əsas səhvimiz oradadır ki, sevginin də öyrənilməli olduğunu, onun bir sənət olduğunu başa düşmürük. Qeyd-şərtsiz ana sevgisiylə sarmalanan uşağın bir müddət sonra qarşısına hədəflər qoyulan bir robota çevrilməsi, cəmiyyətin tələb etdiyi çərçivələrə məhdudlaşan insan halına gəlməsi (daha doğrusu, gəlmək məcburiyyəti) şübhəsiz ki, çox çətin prosesdir. Qarşılıqsız sevginin röyasından ayılan insan yerinə gətirilməli olan şərtlərə rəğmən sevilən insana çevrilir. Bu elə həyatımızın ilk əvəzolunmaz travmasıdır: həlli çox vacib, amma bir o qədər mümkünsüz. Birdən-birə tələblərin dəyişməsi, nəyi necə edəcəyini bilməmək, dəyişən situasiyaların böhranı və hələ formalaşmaqda olan şəxsiyyətin öz daxili böhranları.


Cəmiyyətlər necə şəxsiyyətlər yaradır?


Cəmiyyətlər həyatda uğurlu insan olmağın yolunun yalnız müvəffəqiyyətdən keçdiyini düşünən, empatiya bacarığı aşılanmamış, yalnız öz ailəsini və yaxınlarını sevən, yüksək status üçün hər şeyini qurban verən, öz ruhundan bixəbər, özünü anlamamış başqalarını anlamağa çalışan və bunu heç bir zaman bacara bilməyən təlatümlü şəxsiyyətlər yaradır. Çünki insan düşdüyü ilk mühitdə (hələ uşaq ikən) bunu görür, ona bunlar şüurlu şəkildə yeridilir. Necə olur ki, uşaq bir şeylər öyrənmək üçün kiçik səhv hərəkətlər edəndə valideyn tərəfindən qəddarcasına cəzalandırılır, eyni zamanda da bir başqa uşaqla mühabisə yarandığı zaman o, öz övladının günahkar olduğunu bildiyi halda yenə də müdafiə edir. Biz nə öyrəndik? Yaxınlarımızı sırf doğmamız, öz qanımızdan olduğu üçün müdafiə etməyi. Başqalarının ədalət görməyə haqqı yoxdur və mənimki (mənim olan) mütləq qazanmalıdır. Biz günahsız olduğumuz halda cəzalandırılmağı, başqaları günahsız olduğu halda cəzalandırmağı elə burada öyrəndik. Biz ədalətsizliklə belə tanış olduq. Çoxumuz uşaq olanda oyuncaqlarımızı qırıb-sökmək, heyvanları incitmək həvəsində olmuşuq. Sırf öyrənmək, bilmək, dünyanı tanımaq üçün. Zülmün özü də daha dərinlərdən gələn istəyə bağlıdır: əşyaların və yaşamın sirrini bilmək. (E.Fromm) İnsan anlamalıdır, anlamaq istəyi bizim təməl özümüzdür, lakin buna imkan verilmədiyi üçün biz daim anlaşılmaq üçün çabalayan, səhv istiqamətlərdə itib-batan şəxsiyyətlərə çevrilirik: Anlaya bilmirəmsə, onlar məni anlamalıdır. Hərçənd ki, insan hər ikisindən də məhrum olmuş durumdadır indi…


Uşaqkən nələr etmirik ki!? Cəzalandırıldıqda günahımız bədəli olaraq kitab oxumağa, dərs oxumağa zorlayırlar. Şəkil çəkəndə boya yerə töküldü; çəkdiyimiz şəklin gözəlliyinə yox, xalçadakı çirkə baxırlar. Öyrənmək üçün sual veririk, sual vermək ən böyük qəbahətmiş kimi qınanırıq, amma bir düşünün, həmin sualın cavabın almamağımız səbəbindən yanlışlar etdikdə yenə də qınanan bizik. Biz öyrənməyə nifrəti, gözəlliyi görə bilməməyi də burda öyrəndik. Təəssüf ki, bunun kimi bir çox misallar, problemli vəziyyətlər var.


Cəmiyyət hələ özünü tanımadan (daha doğrusu, özünü tanımağına imkan verilməmiş) başqalarını tanımağa çalışan şəxsiyyət yetişdirir. Biz həyatda yalnız müvəffəqiyyət, uğur, status ardınca arxaya baxmadan, bu yolda nə itirəcəyimizi düşünmədən sürətlə qaçan, təməl insan dəyərlərindən və humanizmdən yoxsul qalan robotlara çevrildik. Ömrümüzün qalan hissəsində də mənliyimizdə sıxışıb qalan ruhumuzu azad etməkçün nələr-nələr edirik, nə faydası! Tanımadığımız mənliyin, tanımadığımız ruhun nəyə ehtiyacı olduğunu bilirikmi ki ona kömək də edək…


Fərqlilikləri olan, fərqlilikləri ilə qınanan şəxslər o qədər öz yalnızlığında boğulur ki, sürüdən ayrı qalmaq qorxusu ilə ruhi və əqli bacarıqlarını həbs etmək məcburiyyətində qalır. Beləliklə, özünü kəşf edərkən qınanılan insan zamanla başqalarında kəşf edə bilmədiklərinə görə təqibə məruz qalacaqdır. Nə öyrənə, nə də öyrədə biləcəkdir. Necə deyək, sanki, azadlığın nə olduğunu heç bilməyən bir insanı həbsə qatıb, “get azadlığı axtar, bul” – deyirik. E. Fromm’un “Sevmək sənəti” kitabında qeyd etdiyi kimi: “ Əgər məndə hər kəsə bənzər, fərqli bir düşüncə və ya duyğu olmazsa, toplumun fikirlərinə, ənənələrinə uyğunluq göstərərsəm,  o zaman qorunub ürkütücü yalnızlıqdan qurtularam. “


(Aşağıda qeyd olunan təsnifat fikirlərimi çatdırmağım üçün özümə məxsusdur). Tərbiyə mürəkkəb, çoxşaxəli bir prosesdir:


Mənəvi tərbiyə – məqsəd insanda ali dəyərləri formalaşdırmaq, düzgün şəxsiyyət keyfiyyətləri aşılamaq, insanın humanist münasibətlər daxilində yaşamasını mümkün edən birinə çevrilməsini, başqa insanlara dəyər verməyi, onları sevməyi hədəfləyir. Təbii ki, bu, əxlaq tərbiyəsi ilə sıx əlaqədardır.


Cinsi tərbiyəni iki yöndə həyata keçirə bilərik. Birincisi, insanın öz cinsi şüurunu dərk etməsi, bioloji çərçivədə özünü tanıması. Digəri isə cinslərə fərq qoymadan, insanı ən ali dəyər kimi qəbul etmək, kişi-qadın fərqi insan sevmək və onu qorumaq. Bu isə daha çox hüquq tərbiyəsi ilə sıx bağlılıq təşkil edir.


Ekoloji tərbiyə – təbiəti sevmək, özünü təbiətin bir parçası kimi qəbul edib onu qorumaq, heyvanlara sevgi. Təbiətin bütün insanlara faydasını, eləcə də bütün insanların təbiətə olan onu mühafizə etmək borcunun dərki.


Din tərbiyəsi – əxlaq tərbiyəsinin başqa adıdır. Təəssüf ki, millətlər dini azad şəkildə seçmir. Uşaq artıq hər hansı bir dinə mənsub biri kimi doğulur – ailəsinin seçimi olan dinə. Maraqlısı odur ki, çoxumuz mənsub olduğumuz dinin məqsəd və tələblərindən bixəbərik və çoxumuz öz dinimizdən fərqli dinlərə mənsub şəxsləri qəbul etmirik. İrqi ayrı-seçkiliyin də təməli burdan meydana çıxır. Mənim fikrimcə, yaxşı olardı ki, 18 yaşına qədər insan heç bir dini seçməsin. Bu azadlıq ona verilsin və o, böyüyüb bütün dinləri tanıyıb özü seçim etsin. Bu azadlıq beynəlxalq insan hüquqları sistemində, həmçinin Azərbaycan Respublikası Konstitusiyasında “Vicdan azadlığı” adı altında qeyd olunur. (Azərbaycan Respublikasının Konstitusiyası, Maddə 48.) Lakin danılmaz faktdır ki, doğulduğumuz andan etibarən valideynlərimizin qəbul etdiyi dinə sitayiş edən varlıqlarıq.


Vicdan tərbiyəsi – din tərbiyəsindən danışdıqda bunu da qeyd etmək vacibdir. Tolstoyun dediyi kimi, vicdan Tanrı işiğının içimizdəki yansımasıdır. Biz insanlığı, Tanrını nə qədər seviriksə, mövcudluğu və yaşam məsuliyyətini içimizdə nə qədər hiss ediriksə, bir o qədər vicdanlı oluruq. Məsuliyyətli və ədalətli şəxsiyyətin təməl dəyərlərindən biri vicdandır. Bütün bunlar humanizm sahibi insanlığa gedən cığırdır. Əsas diqqət edilməli məqam ədalət və vicdan məfhumlarını yanlış anlamamaq və yanlış anladılmamasıdır.


Estetik  tərbiyə – gözəlliyi görə bilmək. Həyatdakı və incəsənətdəki gözəllikləri dərk edib qiymətləndirə bilmək. Buradakı maraqlı məqam odur ki, gözəllik məfhumu hansı insanlar tərəfindən və necə bir şəkildə uşağa aşılanır. Gözəllik məfhumunun mənası onu görəndən-görənə dəyişdiyi üçün bu məsələ azacıq ziddiyyət doğura bilər. Əsas diqqət olunmalı məqam insanda gözəlliyi sezmək, hiss etmək, onu görə bilmək bacarığının formalaşmasına yardım etməkdir.


Ünsiyyət tərbiyəsi (etik tərbiyə) – aydın məsələdir ki, ünsiyyət həyatımızın ayrılmaz bir parçasıdır. Digər şəxslərlə düzgün ünsiyyət mədəniyyətinin formalaşması, insanların başqalarına qarşı davranışını idarə etmək məsuliyyəti, birgə fəaliyyətə təşəbbüs bu məsələdə öncəlik təşkil edir.


Bədii tərbiyə – insanda hiss etmək, anlamaq, incəsənəti duymaq, ondan zövq almaq, yaradıcılığı kəşf etmək və s. (Bu haqda sənət tərbiyəsi adı altında daha geniş bəhs edəcəm.)


Təlim tərbiyəsi (bir başqa adla əqli tərbiyə) – intellektual mədəniyyətin, düşüncə, dünyagörüş, şəxsiyyətin intellektual azadlığının formalaşdırılması. Öyrənmə mədəniyyəti və öyrətmə mədəniyyəti qarşılıqlı əlaqədə inkişaf edərsə, bu, mükəmməl bir zəkanın yaradıcılığa dönüşməsi deməkdir. Biz təlim tərbiyəsindən danışdıqda, öyrədici ilə öyrənən (müəllim-şagird və s.) arasındakı münasibətləri xüsusi təhlil etməliyik. Təlim tərbiyəsi adından göründüyü kimi, təlim etmək bacarığının, öyrənmə bacarığının formalaşmasını tərbiyə etməkdir, yəni öyrənməyi öyrətmək. Dünyanın əksər təhsil sistemlərində uşaq fərdi bacarıqları, şəxsiyyət özəllikləri dəyərləndirilərək təhsilə cəlb edilmir. Konkret bir sistem var: müəyyən yaşa çatıb, təhsilə cəlb olunmaq və qiymət almaq. Bundan sonrakı mərhələ qiymət, bal və s. maddi müvəffəqiyyətlər üçün çalışan uşaqların gələcəkdə uğur, status aclığına düçar olan insan robotlarına çevrilməsi mərhələsidir. Çünki ondan tələb olunan budur. Uşaq elə bir varlıqdır ki, öyrənmə dəryasında itib-batmaq istəyən, suya möhtac balıqtək çırpınan bir varlıq. Bütün insanlar belədir, əslində, sadəcə olaraq, bəzilərinin öyrənmə susuzluğu yanlış öyrətmə üsulu ilə əbədi olaraq dindirilir. Biz unuduruq ki, müəllimin vəzifəsi yalnızca şagirdi öyrənmədiklərinə və ya öyrənə bilmədiklərinə görə təqsirləndirmək deyil. O, həmçinin şagirdi nələrisə öyrənməyə motivasiya etməlidir, uşağa öyrənə bilmədiklərinin günahını yox, öyrənmək istəyəcəklərinin həvəsini hədiyyə verməlidir. E.Eriksonun Psixososial inkişaf nəzəriyyəsində də bu, qeyd olunur. Orta uşaqlıq (6-12 yaş) dövründə himayəçi və müəllimlər uşağın cəhdlərini dəstəkləmədikdə natamamlıq inkişaf edir ki, bu da daim uğursuzluğa səbəb olur. Halbuki müəllimlər və valideynlər uşağı motivasiya etməlidir. (Erikson’s theory of personality. Erikson’s stages of psychosocial development.) Təbii ki, hər şagirdin öyrənmə qabiliyyəti, hər uşağın əqli bacarıqları eyni səviyyədə deyil. Bəs təhsil niyə hər kəsə eyni səviyyədə tərtib olunur?  Təhsil ki şəxsiyyətin inkişafında ən mühüm rolu oynayır. Bəlkə də, biz elə zənn edirik. Ən bacarıqlı dünyaya səs salmış insanların, yaradıcı şəxslərin çoxu erkən yaşda məktəbi atmışdır. İş orasıdır ki, hər bir kəs də özünütərbiyədə, özünütəhsildə o qədər bacarıqlı və uğurlu olmur. Təhsili bir imkan, vasitə halına gətirməliyik. Həyatımızın mərkəzinə kor-koranə qoyduğumuz şeylərdən, sizcə, yetərincə bəhrələnə bilirikmi? Yuxarıda qeyd etmişdim, hələ valideynləri tərəfindən təzə-təzə üzə çıxmağa başlayan bacarıqları sıxışdırılmış uşağın, təbii ki, məktəb əhatəsində müəllimlər tərəfindən zəkası da boğulacaqdır. Bu, danılmaz bir faktdır. Diqqət yetirilməli başqa məqamlar da var. Məktəbə həyatı öyrənməyə gedirlər, axı dediyim kimi, təhsil bir vasitədir. Bu, o deməkdir ki, dünyaya münasibəti təkcə təhsil vasitəsilə öyrənmirik. Məktəbdə insanlararası münasibətin qurulması etikasının öyrədilməsi ürəkaçan səviyyədə deyil (ölkəmizdə belə olduğunu düşünürəm).  Məsələn, Yaponiyada uşaqlara 4-cü sinifə keçənə qədər digər insanlara və heyvanlara hörmət edən fərd olmağı öyrədirlər. Bundan başqa, comərd, mərhəmətli və empatiya qura bilən insan olmağı, cəsarət və ədalət hissini də mənimsədirlər. Təlim tərbiyəsinə müfaviq olaraq əmək və peşə tərbiyəsi də insanların bilik-bacarıqları, şəxsi potensialı nəzərə alınmaqla uyğun yaş mərhələlərində həyata keçirilməlidir.


Hüquq tərbiyəsi – insanlarda hüquq mədəniyyətinin, hüquqi davranışın formalaşdırılması, qanunpozmalarına qarşı dözümsüzlük, yaşayan hər bir insanın haqlarına və vəzifələrinə hörmət, qanuna hörmət, öz öhdəliklərini dərk etmək. Məncə, əxlaq tərbiyəsi ilə hüquq tərbiyəsinin ayrılmaz bir şəkildə insana uşaq ikən aşılanmaması nəticəsində müasir dövrümüzün cinayət potensialı xeyli artır. Öz hüququnu dərk edən başqalarınınkını da qorumağa meyilli olur. Ola bilər ki, əxlaq normalarının icazə verdiyi ziyanverici bir hərəkət hüquqaziddir və ya əksinə. Bu iki tərbiyə vəhdətinin nəzərə alınması insanın humanist şəxsiyyət kimi yetişməsində mühüm ola bilir.


Vətəndaşlıq tərbiyəsi – insanın mənsub olduğu millət, vətəndaşı olduğu ölkə qarşısında vəzifə və öhdəliklərini dərk etməsinə, bunu şüurlu şəkildə yerinə yetirməsinə istiqamətlənmiş fəaliyyətin öyrədilməsi. Vətəni sevmək və qorumaq, yalnız özü üçün deyil, həm də xalqı üçün yaşamaq və yaratmaq arzusunun meydana çıxması.


Ruh tərbiyəsi – insana ən çox lazım olandır. Özünüdinləmə bacarığının formalaşdırılması gələcəkdə davamlı özünütərbiyəyə təkan verir. Mən nə üçün yaşayıram?, Nələr edirəm?, Etdiklərimin və etmədiklərimin nə kimi nəticələri doğur? və s. kimi. İnsanlığı uğur dolu bir yalnızlığa məhkum edərkən onda özü ilə tək qalma bacarığını zəiflik kimi qiymətləndiririk. Niyə?


Sənət tərbiyəsi – yaradıcılığa həvəsin, yaratmaq bacarığının kəşf olunması və onun inkişafı üçün dəstək. Yaradıcılığı düzgün dəyərləndirə bilmək. Sənətin konkret bir başlama nöqtəsi yoxdur, o, hər zaman mövcuddur. Belə ki, insanda bu bacarığın üzə çıxması müəyyən vaxt ala bilər və ya özünü göstərməsi üçün labüd olan situasiyalar, vəziyyətlər vardır. Məsələn, dünyaca məşhur yazıçı F.Kafka pis uşaqlıq dönəmi keçirdiyi üçün atasıyla heç cür anlaşa bilməmiş, ona qarşı nifrət duymuşdur. Kafkanın “Çevrilmə” əsərində təsvir etdiyi həşərat onun özüdür. Çünki atasının gözündə həmişə o qədər dəyəri olduğunu düşündü. Unutmayaq ki, hər uşaq Kafka deyil. Hər yaşanılan acı insanı sənətə bağlamır, acıyla üz-üzə gəlib cinayətkarlara çevrilən insanlar da var. Sənətə aparacaq gözəl yollar açmaq lazımdı uşaqların önünə.


Aristotel insanı ağıllı düşünə bilən heyvan kimi təsvir etdiyi üçün göstərirdi ki, onun işi ruhun ağla uyğun fəaliyyətidir və bu, ömür boyu davam etməlidir. Ruhun yaratmaq arzusuna şərait yaradılmalıdır. Sənət yalnızca fərdin həyəcan və arzularını dindirmir, onun duyğularını tərbiyə edir, həm də cəmiyyətin ortaq, bir olan zövqünün formalaşmasına xidmət edir. Axı mədəniyyət insanları ayırmamalıdır, nə olursa olsun. Ola bilər ki, toplum sənəti anlamasın, ancaq bu, o demək deyil ki, sənət və sənətçilər yox olmalıdır. Topluma və insanlara sənəti sevdirməyin, onu var etməyin yolları aranmalıdır. Şübhəsiz ki, həqiqi sənət əxlaqla sıx bağlılıq təşkil edir.


Tərbiyə üsulları çoxdur, diqqət edilməli olan biz tərbiyəni hansı əsaslarla həyata keçiririk və keçirməliyik. Aydın məsələdir ki, tərbiyə təkistiqamətli olmamalıdır, yuxarıda qeyd etdiklərim əlaqəli şəkildə həyata keçirilməlidir. Başlıca səhv formalaşmamış şəxsiyyəti tərbiyə etmək çabasıdır. Axı tərbiyə insanın şüurlu şəkildə etdikləri və ya etmədiklərinin nəticəsi olan səbəblərin həllinə istiqamətlənməlidir. Sırf buna görə də insana (uşağa) özünü və dünyanı tanıması üçün şərait yaradılmalıdır. İnsan nələr edə biləcəyinin fərqində olmalıdır ki, edə bilmədiklərinə görə özünütənqidi bacara bilsin. Öncə şəxsiyyət doğmalı, daha sonra tərbiyə ona yoldaş olmalıdır. Hələ formalaşmağa yenicə başlamış bir şəxsiyyəti tərbiyə etməyə çalışarkən gələcəkdə yetişə biləcək faydalı bir şəxsiyyətin köklərini məhv etmiş oluruq. Tamamlanmamış şəxsiyyətlərin böhranları cəmiyyəti parçalayır. Daxili çəkişmələrdən əziyyət çəkən insanlar xarici mühitdə bir bütov olmağa çalışarkən özləri istəmədən belə ziyanverici varlıqlara çevrilir.




Загрузка...
Həmçinin oxuyun:
Tərbiyə prosesinin tərkib hissələri

Tərbiyə prosesinin tərkib hissələri

Estetik tərbiyə

Estetik tərbiyə

Şagird şəxsiyyətinin formalaşmasına təsir edən amillər    Emin Məmmədxanlı

Şagird şəxsiyyətinin formalaşmasına təsir edən amillər Emin Məmmədxanlı

Ənənəvi məktəbdən müasir məktəbə keçidin fəlsəfəsi

Ənənəvi məktəbdən müasir məktəbə keçidin fəlsəfəsi

Tərbiyənin mahiyyəti

Tərbiyənin mahiyyəti

Tərbiyənin mahiyyəti və məzmunu

Tərbiyənin mahiyyəti və məzmunu

Ailə tərbiyəsində əsas vəzifələr  -

Ailə tərbiyəsində əsas vəzifələr -

Əxlaq tərbiyəsi

Əxlaq tərbiyəsi

Fiziki tərbiyə

Fiziki tərbiyə

“Əfsus ki, biz həyat üçün yox, məktəb üçün oxuyuruq”

“Əfsus ki, biz həyat üçün yox, məktəb üçün oxuyuruq”

Şəxsiyyət nədir ? Şəxsiyyəti yetişdirəcək müəllim necə olmalıdır ?

Şəxsiyyət nədir ? Şəxsiyyəti yetişdirəcək müəllim necə olmalıdır ?

Uşağın şəxsiyyətinin formalaşmasına atanın təsiri.

Uşağın şəxsiyyətinin formalaşmasına atanın təsiri.

Öz-özünə təhsil nədir? Öz-özünə təhsil və özünü inkişaf problemləri

Öz-özünə təhsil nədir? Öz-özünə təhsil və özünü inkişaf problemləri

Tərbiyə prosesinin səciyyəvi xüsusiyyətləri

Tərbiyə prosesinin səciyyəvi xüsusiyyətləri

Valideyn öhdəliklərinin yerinə yetirilməsi uşaqların normal inkişafı üçün mühüm amildir

Valideyn öhdəliklərinin yerinə yetirilməsi uşaqların normal inkişafı üçün mühüm amildir

Uşağa şiddət göstərən valideynləri bu cəza gözləyir

Uşağa şiddət göstərən valideynləri bu cəza gözləyir

Məktəblər şəxsiyyəti necə yetişdirməlidir?

Məktəblər şəxsiyyəti necə yetişdirməlidir?

UŞAQLAR VƏ AZADLIQ - “Bunu et” və “Bunu etmə”

UŞAQLAR VƏ AZADLIQ - “Bunu et” və “Bunu etmə”

"Uşaq bağçaları məktəbəqədər yaşlı uşaqların harmonik inkişafını və tərbiyəsini lazımı səviyyədə təmin etmir"

"Uşaq bağçaları məktəbəqədər yaşlı uşaqların harmonik inkişafını və tərbiyəsini lazımı səviyyədə təmin etmir"

Nadir İsrafilov-Tərbiyə və təlimin daha da təkmilləşdirilməsi üçün məktəb, ailə və cəmiyyət əməkdaşlığının inkişafı önəmlidir.

Nadir İsrafilov-Tərbiyə və təlimin daha da təkmilləşdirilməsi üçün məktəb, ailə və cəmiyyət əməkdaşlığının inkişafı önəmlidir.

Məktəbdə psixoloji xidmətin vəzifələri.

Məktəbdə psixoloji xidmətin vəzifələri.

Klassik pedaqoji irsə və müasir tendensiyalara nə dərəcədə yiyələnmişik?

Klassik pedaqoji irsə və müasir tendensiyalara nə dərəcədə yiyələnmişik?

Nadir İsrafilov: “Məktəbin günahı böyükdür, lakin güahkar təkcə məktəb deyil…”

Nadir İsrafilov: “Məktəbin günahı böyükdür, lakin güahkar təkcə məktəb deyil…”

" Milli həyatın kamilliyi" layihəsi fərdi kateqoriya üzrə qalib olmuşdur.

" Milli həyatın kamilliyi" layihəsi fərdi kateqoriya üzrə qalib olmuşdur.