Təhsil Nazirliyinin "Təhsildə İnkişaf və İnnovasiyalar üzrə lV Qrant Müsabiqəsi" çərçivəsində " Milli həyatın kamilliyi" layihəsi fərdi kateqoriya üzrə qalib olmuşdur.
Respublikanın gələcək taleyi onun gənclərindən asılı olduğu üçün təhsildə aparılan islahatlar milli ənənələrimizə, milli dəyərlərimizə söykənərək soykökünə bağlı şəxsiyyətin formalaşdırılmasına xidmət etməlidir. Müasir tərbiyədə məktəbli-müəllim-valideyn münasibətlərinin yeni prizmada tənzimlənməsi, tərbiyə işində ideal məqsədin məzmununun müasir tələblər baxımından dəyişməsi, yeniləşməsi və təkmilləşməsi humanitar fənlərin məzmununda ifadə olunmuş milli-mənəvi dəyərlərə kompleks yanaşmağı tələb edir. Milli soykökə qayıdış, milli özünüdərk ailədə uşaqların tərbiyəsindən başlayaraq məktəbəqədər müəssisələrdə və orta məktəblərdə davam etdirilməlidir.Gənclər milli-mənəvi dəyərlərimiz əsasında tərbiyə olunmalıdır.
Ümummili lider bunu belə təsvir etmişdir: ”Gənclərin ləyaqətli vətəndaş kimi yetişməsi ucun onlar hərtərəfli biliyə, milli keyfiyyətlərə malik olmalıdrlar. Öz dili, mədəniyyəti, mənəvi dəyərləri ilə tərbiyə olunmuş gənclər heç vaxt vətəninə, xalqına yad munasibət bəsləməz. Gənclərimiz milli ruhda tərbiyə olunmalı, bizim milli mənəvi dəyərlərimizin əsasında tərbiyələnməlidirlər. Gənclərimiz bizim tariximizi yaxşı bilməlidir, keçmişimizi yaxşı bilməlidir, dilimizi yaxşı bilməlidir, milli dəyərlərimizi yaxşı bilməlidir”.
Şagirdlərin tərbiyəsində bədii ədəbiyyatın, mədəniyyətin, incəsənətin, folklor nümunələrinin, o cümlədən tanınmış yazıçı və şairlərin əsərlərinin mühüm rolu vardır. Eyni zamanda vətəndaşlarda dövlətçilik təfəkkürünün, millətə, Vətənə bağlılıq hisslərinin gücləndirilməsi baxımından dövlət atributlarına– Azərbaycanın bayrağına, himninə, gerbinə ehtiram və hörmətin vacibliyi təbliğ edilməlidir.
Şagirdlərin vətənpərvər ruhda böyüməsinə dərslər və dərsliklərdəki mövzuların təsiri danılmaz faktdır. Lakin bu tərbiyənin formalaşmasında müəllimlərdən də çox şey asılıdır. Müəllimlər tədris etdikləri həmin mövzularda vətənpərvərlik hisslərinə toxunmalıdırlar.
Layihənin obyekti şagirdlərin milli ruhda tərbiyə olunması, ümumi təhsil müəssisələrində fəal vətəndaşlıq mövqeyinin formalaşdırılmasıdır.
Layihənin predmetini şagirdlərin yerli səviyyədə problemlərin həllinə cəlb edilməsi, müvafiq metodiki vəsaitlərin hazırlanması, şagirdlərdə vətənpərvərlik hisslərinin yüksəldilməsinə, milli adət və ənənələrin təbliğinə yönələn məktəbdənkənar fəaliyyətlərin həyata keçirilməsi təşkil edir.
Layihənin məqsədi azərbaycançılıq ideyalarına sadiq olan, sərbəst qərarlar qəbul etməyi bacaran, müstəqil, yaradıcı düşünən, sağlam həyat tərzinə, müasir dünyagörüşünə, yüksək mədəniyyətə və intellektə malik vətəndaş və şəxsiyyət yetişdirmək istiqamətində pedaqoji heyətin bilik və bacarıqlarının inkişaf etdirilməsi yollarını müəyyənləşdirmək və faktlarla əsaslandırmaqdır.
"Milli həyatın kamilliyi” layihəsinin əsas vəzifələri aşağıdakılardır:
1. Şagirdlərin milli ruhda tərbiyə olunması;
2. Ümumi təhsil müəssisələrində fəal vətəndaşlıq mövqeyinin formalaşdırılması;
3. Şagirdlərdə vətənpərvərlik hisslərinin yüksəldilməsinə;
4. Milli adət və ənənələrin təbliğinə yönələn məktəbdənkənar fəaliyyətlərin həyata keçirilməsi;
5. Azərbaycançılıq ideyalarına sadiq olan, sərbəst qərarlar qəbul etməyi bacaran, müstəqil, yaradıcı düşünən, sağlam həyat tərzinə, müasir dünyagörüşünə, yüksək mədəniyyətə və intellektə malik vətəndaş və şəxsiyyət yetişdirməsi;
6. Müvafiq metodiki vəsaitlərin hazırlanması.
Şagirdlərin vətənpərvər ruhda böyüməsi birbaşa təhsilin üzərinə düşür. Bu məsələdə müəllimlərin rolu xüsusi əhəmiyyət kəsb edir. Ümumiyyətlə, şagirdlərin milli kimlik şüurunun formalaşması, mənəvi-siyasi cəhətdən yetişməsi həm də onların vətənpərvərlik səviyyəsi ilə müəyyən edilir. Milli təhsil ocaqlarının qarşısında duran ən aktual vəzifələrdən biri müasir şəraitdə böyüməkdə olan gənc nəslin düzgün tərbiyəsi edilməsidir.
Layihə rəhbəri Vəliyeva Gülüstan Eldar qızı