Xəbərlər / Valideyn / Müəllim
01 yanvar 2022
1 031


Məktəblər şəxsiyyəti necə yetişdirməlidir?


İnsan dünyaya gələndən sonra yaşadığı cəmiyyətdə müəyyən sosial keyfiyyətlərə yiyələnir və şəxsiyyətə çevrilir. O, ünsiyyət və fəaliyyət prosesində ictimai münasibətləri mənimsədikcə şəxsiyyət pilləsinə çatır.


Şəxsiyyət anlamı altında insanın elə inkişaf səviyyəsi nəzərdə tutulur ki, bu zaman o, müstəqil qərar vermək və həm özü-özünü, həm də öz şəxsi həyatını idarə etmək iqtidarında olur.


Bəzən elə hallar olur ki, kiminsə haqqında “şəxsiyyəti yoxdur”, “şəxsiyyətinə hörmət etmir” deyə düşünürük. Bu tip insanlar, şəxsiyyətini formalaşdıra bilməyən insanlardır.


Təbii ki, insan şəxsiyyətinin formalaşmasında böyüdüyü ailənin, çevrəsinin, təhsil aldığı məktəbin də xüsusi rolu var. Bu da bir həqiqətdir ki, bu gün təhsil müəssisələrinin əksəriyyəti şagirdləri şəxsiyyət kimi formalaşdıra bilmir. Bunun da obyektiv və subyektiv səbəbləri var. Uşaqlar məktəbdə çox vaxt, sadəcə, yaxşı qiymət almaq üçün oxuyurlar. Dünyagörüşlərini formalaşdırmaq, daha çox öyrənmək, idmanla, musiqi ilə maraqlanmaq yoxdur.


Təbii ki, məktəbdə oxuyan hər bir uşağa kimsə istiqamət verməlidir. Lakin bu diktə halına keçdikdə, heç bir səmərəsi olmur.


Şəxsiyyət yetişdirmək üçün əvvəlcə uşağın ətrafında olan insanların, mühitin  təfəkkürü dəyişməlidir. Hazırda bizim əsas problemimiz həm müəllimin, həm də valideynin uşağa şəxsiyyət kimi yanaşmamasıdır.


Sosioloq Əhməd Qəşəmoğlu bildirib ki, uşaqların şəxsiyyət kimi formalaşmasına aşağı siniflərdən, hətta bağçadan diqqət göstərmək lazımdır:


“Bu yoxlama bütün uşaq bağçaları və məktəblərdə dəfələrlə sınanan, adaptasiya edilən metodlarla, nəzərə çarpmayacaq dərəcədə həyata keçirilməlidir. Bağça vaxtından və orta məktəbin ilk siniflərindən uşaqda qətiyyən kompleksin yaranmasına imkan verilməməlidir.


Bu iş çox həssaslıqla yerinə yetirilməlidir. Bunun üçün həm valideynlərin, həm də müəllimlərin uşaqlarla səmimi və əhatəli söhbətləri çox lazımdır. Bu proses 14 yaşa qədər axtarış xarakterli olmalıdır. Müəyyən sahəyə qabiliyyəti olan uşaqları  daha çox həmin sahədə sınamalıyıq.


Başqa sahələrə maraq göstərənlərdə bu marağın hansı zəmindən yaranmasını isə mütləq yoxlamalıyıq. Ümumiyyətlə, müəllimlərin üzərinə şagirdi formalaşdırmaq istiqamətində çox yük düşür. Hər bir uşağa öz qabiliyyəti, təyinatı istiqamətində inkişaf etməsi üçün müxtəlif uyğun qruplarda və fərdi olaraq şərait yaradılmalıdır”


Təhsil üzrə ekspert, fizika professoru Şahlar Əsgərov da bu problemin həllində müəllimin şagirdə münasibətindən çox şeyin asılı olduğunu qeyd edir:


“Müəllim elə uşağı sevsə, onu şəxsiyyət kimi yetişdirə bilər. Əgər dərs deməyi öz boynunun yükü sayırsa, maaş aldığına görə dərs deyirsə, bunun heç bir səmərəsi olmayacaq. O, şagirdi nə zamansa aşağılayacaq. Bu da şagirdi sındıracaq. Sınan uşaqdan da şəxsiyyət yetişməz.


Bunun üçün uşağın üstünə qışqırmamalıdır, ona qarşı ədavətli hərəkət etmək lazımdır. Şagirdlərin qiymətində ədalətli olmaq onun psixologiyasının pozulmamısına şərait yaradar. Ona biliyindən yüksək qiymət yazmaq da olmaz. Bunlara diqqət yetirilərsə, çox uşaq şəxsiyyət kimi yetişər. Amma bunlar hələ ki bizdə alınmır. Əgər marketin müdirinin oğlu ilə adi vətəndaşın uşağı bir məktəbdə oxuyursa, deməli, onlara münasibət də müxtəlif olacaq”.


Modern.az


Məqalə Göndər








Загрузка...