Yeniyetməlik dövrü valideynlər üçün ən narahat dövrlərdən biridir. Bəzi yeniyetmələrin valideynləri uşaqlarının aqressiv, kobud, bədbin, yalançı olmasından şikayətlənirlər.
Uşağın yeniyetməlik dövrü ailənin ona yanaşma tərzindən çox asılıdır, bu mənada valideynlərin maariflənməsi vacib və aktual məsələdir. Yeniyetməlik dövründə yaranmış bir sıra psixi problemlər, o cümlədən özünəinamsızlıq, özünəqapanma halları, sosial fobia gələcək illərdə geri dönüşü olmayan böyük psixoloji travmalara aparıb çıxarır.
Bu barədə AZƏRTAC-a Azərbaycan Dövlət Pedaqoji Universitetinin müəllimi, psixologiya üzrə fəlsəfə doktoru Yeganə Əsgərova məlumat verib. Onun dediyinə görə, yeniyetməlik dövrü bioloji, fizioloji və psixoloji inkişafın ən aktual dövrüdür və müxtəlif yaşlara təsadüf edə bilər: "Başlanğıc yaş həddi 9-12, sonrakı dövr 13-15 yaş müəyyən edilib. Əvvəlki dövrlərə nisbətən yeniyetmə ətraf mühitə yönəlmiş olur və yaşıdları ilə ünsiyyətə üstünlük verir. Bu, öz "mən"ini sübut etmək tələbatını ortaya çıxarır. Onun eqoları yüksəlir və yaşıdlarıyla özünü müqayisə edərək diqqət çəkməyə və seçilməyə çalışır. Həmin yaşda uşaqlar yaşlılar tərəfindən bəyənilməkdən çox, həmyaşıdları arasında nüfuz qazanmağa üstünlük verirlər. Onun enerjisinin həddi-hüdudu olmur, lakin həmin enerjinin sosial fəallığa ötürülməsi, gələcək perspektivlərə xərclənməsi daha məqsədəuyğun olar.
Həmin dövrdə psixoloji baxımdan bir sıra yeni maraqlar formalaşır. Böyümək, yetkin və sərbəst olmaq, bacarıq və etibar qazanmaq şəxsiyyətin formalaşması üçün əsas psixoloji amillərdir. Bəyənilmək, təqdir edilmək, sosial fəallıq gələcəkdə yeniyetmənin şəxsiyyət və mənlik anlayışlarının təşəkkülündə müəyyən rol oynayır, öz maraqlarını həmyaşıdları arasında təmin etmək istəyən yeniyetmə bəzən yanlış mühitə düşür. Həmin prosesdə ana-balanın rolunu unutmaq olmaz. Yeniyetməni duyğu və davranışları enişli-yoxuşludur, çox vaxt onun nə vaxt nə edəcəyi bəlli olmur. Bəzən böyüklər tərəfindən anlaşılmazlıq və təzyiqlər, özünəinamsızlıq və özünəqapanma halları yeniyetmələri intihara məruz qoyur. Zərərli maddələrə aludəçilik və zəruri vərdişlər qazanmaq əsasən həmin dövrə təsadüf edir. Belə hallar xoşagəlməz nəticəyə və ya ağır patoloji problemlərə aparıb çıxara bilər. Ailədə hər iki valideynin və ya birinin öz vəzifəsini yerinə yetirməməsi yeniyetmənin xarakter xüsusiyyətlərinin korlanmasına və onun mənfi istiqamətlərə yönəlməsinə səbəb olur”.
Psixoloq daha sonra deyib: "Ailə genoqramından qızların həssas və mənəvi cəhətdən zəngin şəxsiyyət kimi formalaşmasında atanın mühüm rolu var. Eyni zamanda oğlanlar da şəxsiyyət özəllikləri baxımından anaya ehtiyac duyur və bu mənada ailə bir tamlıq və bütövlük təşkil edir. Ailədə yeniyetmə gəncə səbirlə yanaşılmalı, övladla valideyn arasında ortaq nöqtələr tapılmalıdır.
Yeniyetməlik dövrü öz həssaslığı və çılğınlığı ilə seçilir. Ona görə də həmin dövrdə övladı çox danlamaq, hər xırda məsələyə görə onu qıcıqlandırmaq olmaz. Həmçinin yeniyetmənin şəxsiyyətinə istiqamətlənən təhqir və onu idarə etməyə çalışmaq valideynlərin ən böyük səhvidir. Ona uzun-uzadı öyüd-nəsihət verməkdənsə sadəcə məlumatlandırmaq lazımdır. Bununla yanaşı qətiyyən laqeydlik göstərmək olmaz. Onların gələcəyi necə tərbiyə etdilməkdən çox asılıdır. İlk növbədə valideyn onun böyüdüyünü dərk etməli, uşağa qarşı əvvəlki münasibət və davranışı dəyişməlidir. Təbii ki, ən böyük iş ata və ananın həmin dövr üçün yaranmış bəzi problemlərin həllinə sevgi və duyğu ilə, ünsiyyət və səbirlə yanaşılmalıdır. Yeniyetmələri dinləmək, onları anlamağa çalışmaq, özlərini tanımaları üçün fürsət vermək lazımdır”.