SİNİF RƏHBƏRİNİN VALİDEYNLƏRLƏ APARDIĞI İŞİN MƏZMUNU VƏ FORMALARI Sinif rəhbərinin fəaliyyətində valideynlərlə aparılan pedaqoji iş mühüm yer tutur. Bu istiqamətdə onun işinin əsas mərkəzini valideynlər – ata-analar arasında pedaqoji bilikləri müntəzəm təbliğ etmək və ailə tərbiyəsi məsələləri, ailədə uşaqları düzgün tərbiyə etmək üsulları ilə onları silahlandırmaq təşkil edir.
Belə ki, valideynlərin heç bir hamısı xüsusi pedaqoji təhsilli deyildirlər, onlar müxtəlif peşələrin sahibləri olduqlarından xüsusi pedaqoji təhsil almamışlar.
Buna görə də valideynlərə ailədə uşağı düzgün tərbiyə etmək üsulları barədə müntəzəm elmi məlumatların və nəzəri-pedaqoji biliklərin verilməsi zəruruidir.
Məktəbin işini daha da yaxşılaşdırmaq tədbirləri haqqındakı bəzi qərarlar valideynlər arasında pedaqoji biliklərin hər vasitə ilə, xüsusən də mətbuat vasitəsilə və şifahi yolla təbliğinin yaxşılaşdırılmasını tələb edir və bu istiqamətdə müəyyən faydalı tədbirlərin görülməsini qarşıya əməli vəzifə qoymuşdur.
Bu sahədə sinif rəhbəri bir sıra mühüm işlər görür və həyata keçirir. O, ilk növbədə, öz sinfinin valideynlərini məktəbə dəvət edib, sinif valideyn yığıncağı keçirir və orada şagirdlərin təlim- tərbiyəsi işləri sahəsində valideynlərin vəzifələrini, onların məktəblə, müəllimlərlə müntəzəm əlaqə saxlamasının, vaxtaşırı məktəbə gəlib öz uşaqlarının təlim müvəffəqiyyəti, dərslərə davamiyyəti, tərbiyə işləri ilə yaxından maraqlanmasının və tanış olmasının əhəmiyyətini onlara izah edib başa salır, bu istiqamətdə valideynlərə müəyyən tapşırıqlar, məsləhətlər və tələblər verir.
Sinif rəhbəri hər dəfə valideynlərlə fərdi halda görüşəndə uşağın təlim-tərbiyəsi işinin vəziyyəti haqqında, dərslərə davamiyyəti, ayrı-ayrı fənlər üzrə təlim müvəffəqiyyəti və məsuliyyəti, şagirdlərin qaydalara necə əməl etməsi, intizamı, əxlaqı və mədəni davranışı, sağlamlığı, müəllim və sinif yoldaşları ilə münasibəti və s. barədə valideynlərə real, konkret məlumat verir, bu istiqamətlərdə onların uşaqlara qayğısını, tələbkarlığını və nəzarətini təşkil edir, habelə təlim-tərbiyə vəzifələri sahəsində məktəblə ailə arasında vahid tələblərin, fəaliyyət keçirilməsinə müvəffəq olur.
Sinif rəhbəri fərdi pedaqoji müsahibə zamanı valideynləri müasir pedaqoji biliklərlə aydın təlimatlandırıb istiqamətləndirməli, ailədə uşaqları düzgün tərbiyə etmək yollarını, şərt və qaydalarını onlara öyrətməyə nail olmalıdır. Valideynlərlə aparılan belə fərdi söhbətlərlə bərabər, sinif rəhbəri vaxtaşırı şagirdlərin valideynlərini məktəbə dəvət edib, "sinif valideyn yığıncağı” təşkil edir.
Belə yığıncaqlarda şagirdlərin təlim-tərbiyəsinin səmərəli təşkilinin bəzi konkret məsələlərinə dair sinif rəhbəri (məsələn, "Şagirdlərintəlim-tərbiyəsi sahəsində valideynlərin vəzifələri”, "Uşaqların fiziki tərbiyəsi və sağlamlığı sahəsində valideyn qayğısı” və s.) qısa müddətli məruzələr edir, mühazirələr söyləyir.
Beləliklə, sinif rəhbəri valideynlərə müəyyən sistem ilə müntəzəm pedaqoji təhsil verir, onların ailədə uşaqların təlim-tərbiyəsi işlərini məktəbin vəzifələri və tələbləri istiqamətində daha düzgün və səmərəli qurmaq, təşkil etmək və həyata keçirmək ideyaları, üsulları və vasitələri haqqında pedaqoji biliklərlə məlumatlandırır, təlimatlandırır və istiqamətləndirir.
Bu yollarla pedaqoji bilikləri öyrənmək, aydın və şüurlu mənimsəmək nəticəsində valideynlər, gənc ata-analar ailə tərbiyəsi sahəsində öz vəzifələrini, rolunu və məsuliyyətini düzgün dərk edir, öz ailəsində övladının təlim-tərbiyəsi işlərini, mütaliəsini, dərslərə hazırlaşması işini, gündəlik rejimini , əxlaqi və mədəni davranışını və s. kimi məsələləri dövlət müəssisəsi olan məktəbin vəzifələri və tələbləri əsasında təşkil edir və müvəffəqiyyətlə həyata keçirməyə səy edir və çalışırlar.
Məktəb ailə tərbiyəsi sahəsində, ailədə uşaqları müvəffəqiyyətlə tərbiyə etmək işində həmişə valideynlərə qayğı, kömək və rəhbərlik göstərməli, onların ailə tərbiyəsinə dair zəruri elmi-pedaqoji bilklərlə silahlanmasını təmin etməlidir.
Ailə tərbiyəsi sahəsində valideynlər arasında müvəffəqiyyətli pedaqoji maarif təbliğatını başlıca olaraq sinif rəhbəri "sinif valideyn yığıncaqları” vasitəsilə həyata keçirir və keçirməlidir. Sinif valideyn yığıncaqlarına bütün və əksəriyyət valideynlər böyük maraq göstərir və belə yığıncaqlara müntəzəm gəlirlər.
Ailə tərbiyəsi mövzularında aparılan pedaqoji söhbətlər, məruzə və mühazirələr ayrı-ayrı sinif şagirdlərinin yaş səviyyəsinə uyğun şəkildə təşkil edilir. Sinif valideyn yığıncaqları müasir pedaqoji ədəbiyyatın düzgün tövsiyə etdiyi kimi, hər rübün əvvəlində olmaqla, tədris ili ərzində cəmi dəfə dəfə deyil, hər bir sinif valideynləri ilə ayda bir dəfə müntəzəm təşkil etməlidir.
Orada sinif rəhbəri müəyyən dəqiq plan üzrə ailə tərbiyəsinin ayrı – ayrı konkret məsələlərinə dair zəruri və çox vacib mövzularda maraqlı, müxtəlif tanış ailələrin həyatından, təcrübəsindən alınmış faktlar, hadisələrə dair məzmunlu söhbətlər və mühazirələr aparmalıdır.
Bu tədbirlər valideynlərin tərbiyə prosesinin mahiyyəti, məqsəd və vəzifələri, tərbiyə işlərinin xüsusiyyətləri, səmərəli təşkili yolları, vasitə və üsulları, habelə ailədə övlad tərbiyəsində valideynlərin vəzifələri, məsuliyyəti, valideyn nüfuzunun əhəmiyyəti və onun təsiri, ev tapşırıqları üzərində valideyn nəzarəti və s. kimi mənimsəməsinə çox kömək edir.
Valideynlər üçün nəzərdə tutulan belə söhbətlərə sinif rəhbəri ciddi yanaşmalı və yaxşı hazırlaşmalıdır. O, ailədə şagirdlərin tərbiyəsinə aid mövcud pedaqoji ədəbiyyatı müntəzəm oxuyub öyrənmək yolu ilə bu sahədə tərbiyə nəzəriyyəsini yaxşı və əhatəli mənimsəyə bilir və valideynlər qarşısında istənilən mövzularda 30-35 dəqiqəlik vaxt ərzində müvəffəqiyyətlə çıxış edərək lazımi pedaqoji bilikləri onlara aydın çatdırmağı və öyrətməyi bacarar.
Bütün bu işlərlə yanaşı, sinif rəhbərləri şagirdlərin təlim- tərbiyəsi işlərinin səmərəli təşkili və həyata keçirilməsi məsələləri barədə il ərzində vaxtaşırı tək-tək valideynlərlə, ata-analarla zəruri pedaqoji müsahibələr, fərdi söhbətlər aparırlar.
Sinfin təlim-tərbiyəsi işlərinin təşkili və həyata keçirilməsində pedaqoji təhsilli, təşkilatçı valideynlərin əməli qayğısını, köməyini və fəal iştirakını təşkil edir, şagirdlərin gəzinti və ekskursiyalara, kino və teatra, sərgilərə kollektiv gedişi zamanı, eləcə də sinif şagirdlərini milli bayram günlərini, tarixi günləri, görkəmli şəxsiyyətlərin yubiley günlərini, adlı-sanlı adamlarla görüş gecələrini təntənəli şəkildə qeyd edilməsinə hazırlıq tədbirlərində valideyn fəallarının yardım və köməyini təmin edirlər.
Bu işlərdə valideynlərin iştirakına müəyyən lazımi imkan yaradır və onlara rəhbərlik göstərir. Bütün bu işlər ayrı-ayrı siniflərdə tərbiyə prosesinin keyfiyyətinin yüksədilməsinə müsbət təsir göstərir, şagirdlərin tərbiyəsini yaxşılaşdırır və təkmilləşdirir.