Motivasiya insanın iş görməsini dəstəkləyən təhrikedici psixoloji qüvvədir. O, insan davranışlarını istiqamətləndirməklə onların fəaliyyətsizliyini aradan qaldırır, fəaliyyətin davamlılığını təmin edir. Təlim üçün nəzərdə tutulan müəyyən tapşırıqları yerinə yetirmək və ya xüsusi davranışlara təhrik etmək məqsədilə yaradılan motivasiya situativ motivasiya adlanır. Bəzən fəal təlimin təşkilində bunu təlimin başlanğıcındakı "problemin qoyuluşu” da adlandırırlar. Təlimdə motivasiya təhsilalanlarla əlaqəli olub, onları təlim prosesində iştirak etmək arzuları ilə təmin edir. Fəaliyyətsizlik, zəif motivasiya ilə müşayiət olunan təlimdə təhsilalanlar özləri özlərini ruhlandırmaqda çətinlik çəkirlər.
Yüksək motivasiya olunmuş öyrənənlərlə qoyulmuş məqsədlərə, təlimin nəticələrinə yiyələnmək mümkün və asan olduğu halda, zəif motivasiya edilmiş öyrənənlərlə təlimin məqsədlərinə nail olmaq çətinləşir. Fəal təlim prosesində motivasiya açar rolunu oynayır və ən güclü təhrikedici, təsiredici bir faktordur. Məqalədə müəyyən bir təlim üçün nəzərdə tutulan situativ motivasiyadan, hər hansı konkret bir təlimin strukturundan deyil, daha çox motivasiyanın psixoloji amil kimi əhəmiyyəti, onun növləri və öyrənənlərdə yaranma səbəbləri, təlimdə təzahür formaları, təlim prosesinə təsiri, davamlılığı, nəticələri haqqında bəhs edilir.
Bütün öyrənənlər motivasiyalı ola bilər, lakin onların motivasiya mənbələrinin fərqli olması gözləniləndir. Bu fərqləri bilən müəllim öyrənənlərin öyrənmə həvəsini tənzimləmə bacarığına malik olmuş olur. Təhsilalanlarla motivasiyanı yaradan səbəbləri bilmək pedaqoji prosesin təşkilatçıları üçün vacibdir.
Motivasiya haqqında nəzəriyyələr onun iki növünü qeyd edir: daxili (təbii) motivasiya və xarici motivasiya.
Daxili motivasiya özündə daxili motivasiya faktorlarını, xarici motivasiya isə xarici motivasiya faktorlarını cəmləşdirir. Daxili faktorlara öyrənənlərin özlərinin daxili ehtiyaclarını, maraqlarını aid etmək olar. Xarici dil fənlərinin öyrənilməsi zamanı mövcud olan daxili motivasiyaya xarici vətəndaşlarla ünsiyyət qurmaq üçün yaranmış dil problemini daxili ehtiyac kimi, öyrənmək istədiyi dilin ölkəsinə, tarixinə, mədəniyyətinə, əhalisinə və s. olan həvəsi öyrənənin marağı kimi nəzərdən keçirmək olar. Daxili tələbatlar və maraqlar təhsilalanların motivasiyasının davamlılığını, uzun müddətliyini, dayanıqlığını təmin edir.
Təlimdə öyrənənlərin verdiyi sualların keyfiyyəti və kəmiyyəti onların daxili motivasiyası, maraqları kimi dəyərləndirilməlidir.
Daxili motivasiyanın əksi olaraq xarici motivasiya xaricdən təsir edən faktorların nəticəsində yaranır. Xarici təsiredici qüvvələrə təhsilalanların yaşadıqları sosial həyatı, müəllimləri, təlim metodlarını və təlim mühitini aid etmək olar. Məsələn, cəmiyyətdə dilə olan münasibət tələbələrin öyrənilən dilə münasibətinə təsir edir. Cəmiyyətin beynəlmiləlləşməsi, ölkənin dünya kontingentlərinə inteqrasiyası, inkişaf etmiş əlaqələri, əmək bazarının tələbləri bu münasibəti formalaşdıran amillərdəndir.
Güclü xarici motivasiya faktoru olan müəllim həm də ruhlandırıcıdır. Şagird və tələbənin yüksək və zəif motivasiyası müəllimdən çox asılıdır. O, təlim prosesini təşkil, tədris materiallarının rəngarəngliyini, maraqlı olmasını, sərbəst seçim şəraitinin yaradılmasını təmin edir.
Bir çox hallarda şagird və tələbələr müəllimləri onlara inandıqları, onlardan öyrənməyi gözlədikləri üçün öyrənməyə çalışırlar.
Uyğun təlim metodlarının seçilməsi həm təlim prosesinin gedişinə, təlim nəticələrinin əldə olunmasına, həm də təhsilalanların motivasiyasına təsir edən xarici motivasiya faktorudur. Fəal təlimin təşkili prosesində təlim mühitinin təlimin metodlarına, nail olunacaq məqsədlərə görə yaradılması öyrənənlərin motivasiyasını nəzarətdə saxlayan təlimin təşkili mütəxəssislərinin diqqətindən yayınmamalıdır.
Daha bir xarici faktor-valideyn də nəzərdən qaçmamalıdır. Bu faktoru bünövrə\özəy də adlandırmaq olar. Uşaqların ailə (ev) şəraiti öyrənmə həvəsinin ilkin bazasını formalaşdırır. Bu, ailələrdə uşaqlarla ünsiyyətin kifayət qədər məhsuldar olması nəticəsində yaranır. Ətraf aləmi öyrənməyə başladıqları andan onlar üçün yaradılan şərait, təşkil olunan materillar olduqca böyük əhəmiyyətə malikdir. Danışmağa başladıqdan sonra ətraf aləmi dərk etmək üçün uşaqlarda saysız-hesabsız suallar yaranmağa başlayır və çox şey məhz bu sualların necə qarşılanacağından asılıdır. Özünə dəyər, öz bacarıqlarına inam, bacarıq, müstəqillik hissləri ilə ailələrdə böyüyən uşaqlar təhsilləri müddətində öyrənmə prosesindəki riskləri qarşılamağa hazır olurlar. Sadalanan hisslərin çatışmazlığı uğursuzluqlara dözüm və onların aradan qaldırılması üçün lazım olan gücü kəskin şəkildə azaltmış olur.
Uşaqların məktəb illəri başladıqda, onlarda artıq məktəblə əlaqəli uğurlar və uğursuzluqlar haqqında fikir formalaşmış olur. Uğurlar və uğursuzluqlarının səbəblərinə, onlara səbəb olan mənbələrə münasibət şagirdlərin təlimdə müxtəlif situasiyalara yanaşmalarına, bu situasiyaların öhdəsindən gəlmələrinə və təhsillərinin sonrakı pillələrindəki fəaliyyətlərinə təsir edir.
İnkişaf\yaş da şagirdlərin motivasiyasına təsir edən amil kimi diqqəti cəlb edir. Bu faktor da valideyn faktoru kimi təhsilin aşağı (məktəbəqədər) və orta (orta ümumtəhsil) mərhələlərində özünü daha qabarıq göstərir. Aşağı sinif şagirdləri uğur qazanmaq üçün sərf etdikləri səylərin pozitiv nəticəsinə inandıqları halda, yuxarı sinif şagirdləri sanki neqativ nəticə gözləyirlər və bu zaman onlar artıq əvvəlcədən uğursuzluğu qəbul edir, heç bir səy sərf etmədən və ya minimal səylərlə kifayətlənməyə üstünlük verirlər. Belə halların aradan qaldırılması və ya olmaması üçün valideyn faktoru, davamlı valideyn-müəllim əməkdaşlığı mütləq diqqət mərkəzində saxlanılmalıdır.
Öyrənmə həvəsini valideyn və müəllimin birgə fəaliyyəti nəticəsində əldə edilmiş ümumi "bacarıq” da adlandırmaq olar.
Motivasiya ilə bağlı araşdırmalarda xarici motivasiya ilə müqayisədə daxili (təbbi) motivasiya daha təhrikedici, güclü və önəmli hesab edilir. Bəzi müəlliflər hətta motivasiyaya insanı müəyyən nailiyyətlər əldə etməyə sövq edən daxili təhrikedici qüvvə kimi tərif verirlər. Daxili motivasiyası yüksək olan öyrənənlər ötürülən informasiyaya olan maraq sayəsində məlumatın daha da dərinliyinə gedərək geniş biliyə yiyələnməklə uğurlu nəticələr əldə etdikləri halda, daxili motivasiyası olmayan və xarici motivasiyası zəif olan tələbələr tələb olunan ən az səylərlə çətinlik dərəcəsi daha az olan tapşırıqlara meyilli olaraq, lazım olanları yerinə yetirməklə kifayətlənirlər. Daxili motivasiyalı öyrənənlərin fəallıq dərəcəsi yüksək olur, xüsusi səylərlə qarşıya çıxan çoxsaylı maneələri dəf etməyə israrlı olurlar, tapşırıqlara daha çox vaxt sərf edir, onları həvəslə yerinə yetirirlər, nəticədə isə təlim prosesinin gedişi asanlaşır.
Lakin xarici faktorların əhəmiyyətini də kifayət qədər yüksək dəyərləndirmək lazımdır. Hətta, bəzi müəlliflərin fikrinə görə, motivasiya akademik tapşırıqların əhəmiyyəti, miqdarı və təsir gücündən asılıdır. Daxili faktorların təsiri nəticəsində yaranan göstəricilər xarici faktorların təsiri ilə də yarana bilər. Fərq ondan ibarətdir ki, xarici motivasiya zamanı xüsusi səylər, işlər, strategiya tələb olunur.
Xarici motivasiyası zəif olan təhsilalanlar hər hansı bir mükafatı əldə etmək, müəyyən cəzalardan yayınmaq, müəllimdən təşəkkür, qiymət almaq naminə fəallıq göstərmək, təhsil pilləsini "birtəhər” başa vurmaq, yoldaşları ilə rəqabət aparmaq və s. kimi göstəricilərə\qısamüddətli motivasiyaya malik olurlar. Qısamüddətli motivasiyanı uzunmüddətli motivasiya ilə əvəz etmək, tələbələrin təhsilə, öyrənməyə yanaşma tərzini dəyişmək üçün müəllimlər, təhsil ocaqları onların xarici motivasiyasını diqqət mərkəzində saxlamalıdırlar.
Təlimçi\müəllim tələbə\şagird motivasiyasının inkişafı üçün xüsusi strategiyaya malik olmalıdır. Müəllimin xüsusi strategiyası dedikdə, öyrənənlərin maraqlarının davamlılığını təmin etmək üçün onların sosial həyatı ilə (reallıqla) uyğunluq təşkil edən təlim materiallarının maraqlı, müxtəlif olmasını təmin etmək, tələbələrin şəxsi məqsədləri ilə üst-üstə düşən xüsusi məqsədlərin qoyuluşunu, ötürücü təlim mühitinin yaradılmasını, uyğun, rəngarəng təlim üsullarının seçilməsini və s. aid etmək olar.
İnteraktiv təlim prosesində motivasiya nə qədər yüksək olarsa təlimin nəticələrinə bir o qədər asan yiyələnmək olar. Hər bir müəllimin, təhsil strukturunun qarşısında duran əsas vəzifələrdən biri motivasiyanı və onun təlimdəki rolunu düzgün dəyərləndirmək, onu təhsilalanlarda yaratmaq və inkişaf etdirməkdən ibarətdir.
Aytən MİRZƏYEVA, Azərbaycan Dillər Universitetinin Keyfiyyətin Təminatı Bölməsinin baş mütəxəssisi