Qazax-Tovuz RTİ-nin müdiri...
Son illərdə ölkənin təhsil sistemində aparılan islahatlar bölgələrdə idarəetmənin gücləndirilməsini də zəruri edib. Bu baxımdan regional təhsil idarələrinin müdirləri önəmli fiqurlar sayılır.
Onların təhsili, ixtisası və peşəkar bacarıqları isə təhsilin keyfiyyətinə birbaşa təsir göstərir. Məhz bu səbəbdən idarəçilərin kimliyi və hazırlıq səviyyəsi ictimai maraq doğurur.
Bəs, təhsil idarələrinə rəhbərlik edən şəxslər kimlərdir və onlar bu vəzifəyə hansı təhsil və ixtisasla gəliblər? AzTehsil.com- azEdu.az bu suallara cavab tapmaq üçün təhsil idarəçiləri haqqında məlumatlar paylaşacaq.
Qazax-Tovuz Regional Təhsil İdarəsinin rəhbəri kimdir?
Bu təhsil idarəsinə hazırda Vüqar Dadaşov rəhbərlik edir.
Vüqar Dadaşov 2001-2005-ci illərdə Bakı Dövlət Universitetində "Tarix" ixtisası üzrə bakalavr təhsili alıb. O, 2006-2016-cu illərdə Humanitar təmayüllü "Muğan" liseyində tarix müəllimi, 2016-2020-ci illərdə Neftçala rayonu 3 nömrəli tam orta məktəbin direktoru, 2020–2022-ci illərdə Neftçala Rayon Təhsil Şöbəsinin müdiri vəzifəsində çalışıb.
Vüqar Dadaşov 2022-2023-cü illərdə Şirvan-Salyan Regional Təhsil İdarəsinin Neftçala rayonu üzrə Təhsil sektorunun müdiri, 2023-2024-cü illərdə Şirvan-Salyan Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun müdiri işləyib.
Elm və təhsil naziri Emin Əmrullayevin əmri ilə Vüqar Dadaşov 2025-ci il 21 apreldə Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri təyin edilib.
Bu təyinatadək o, Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri vəzifəsini icra edib.